Məhkəmə qərarları › İş №2-1(105)-919/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-919/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-919/2025 07.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5007/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Məhəmmədi kənd XDS İcraiyyə Komitəsinin 28 fevral 1991-ci il tarixli, 6/2 nömrəli qərarından çıxarışdan görünür ki, İddiaçı Məhəmmədi kəndində sovxoz tərəfindən verilmiş 0,12 ha torpaq sahəsində ümumi sahəsi 101,5 kv.m, yaşayış sahəsi isə 75,5 kv.m olan 4 otaqlı yaşayış evi tikdirməsinə icazə verilməsi qərara alınmışdır. Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müayinə olunan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Müayinə olunan torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu səbəbindən, müayinə olunan torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilməmişdir. Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi yol ilə sərhəddir. 3-4 tikili var. Torpaq sahəsi bir tərəfində daş hasarı var, digər tərəflər şərtidir. Torpaq sahəsinin faktiki koordinatları bələdiyyə sxemindəki koordinatlarla uyğun gəlir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 3-21-3-60/2-3187/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, müraciətdə qeyd edilən koordinatlarda göstərilən torpaq sahəsi “Abşeron rayonu Məmmədli Südçülük-Tərəvəzçilik sovxozunun dövlət torpaq uçotuna aid yerquruluşu planı”na əsasən (1993-cü il) Məmmədli Südçülük-Tərəvəzçilik sovxozunun sərhədləri daxilində yerləşir. Abşeron Rayon Dövlət Arxivinin 30 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Məhəmmədi kənd XDS İcraiyyə Komitəsinin 28 fevral 1991-ci il tarixli, 6/2 nömrəli qərarının tərkibində qeyd edilmiş Məmmədli Südçülük sovxozunun xx.xx.1989-cu il tarixli, 30 nömrəli qərarı arxivdə aşkar edilməmişdir. Abşeron Rayon Dövlət Arxivinin 06 oktyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayonu Məmmədli Südçülük-Tərəvəzçilik sovxozunun 1989-1990-cı illərə dair əmrlərində vətəndaş İddiaçı adı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məhəmmədi kəndi XDS İK-nin 6/2 saylı, 28 fevral 1991-ci il tarixli qərarı ilə ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində ayrılmış faktiki sahəsi 0,12 ha torpaq sahəsi üzərində onun hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məhəmmədi kənd XDS İK-nın 6/2 saylı, 28 fevral 1991-ci il tarixli qərarı ilə ona Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışının surəti mövcuddur. O bir aydan artıq müddətdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Məhəmmədi kənd XDS İK-nın 6/2 saylı, 28 fevral 1991-cı il tarixli qərarı ilə onun istifadəsində və sahibliyinə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət huququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən hələ də onun müraciətinə cavab verilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı İddiaçı 4 saylı Abşeron Ərazi İdarəsinə torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi və müraciətin hal hazırda araşdırma mərhələsində olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5007/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Məhəmmədi kənd XDS İK-nin 28 fevral 1991-ci il tarixli, 6/2 nömrəli qərarı ilə Abşeron rayonu, Məmmədli kəndi ərazisində İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhəmmədi kənd XDS İcraiyyə Komitəsinin 28 fevral 1991-ci il tarixli, 6/2 nömrəli qərarına əsasən, İddiaçı Məhəmmədi kəndində sovxoz tərəfindən verilmiş 0,12 ha torpaq sahəsində ümumi sahəsi 101,5, yaşayış sahəsi isə 75,5 kv.m olan 4 otaqlı yaşayış evi tikdirmələrinə icazə verilməsi qərara alınmışdır. Torpaq sahəsinə dair yerquruluşu planından çıxarış Abşeron rayonu Məmmədli bələdiyyəsi təsdiq edilmişdir. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, torpaq sahəsinin faktiki koordinatları bələdiyyə sxemindəki koordinatlarla uyğun gəlir. Torpaq sahəsinin ayrılmasına dair qərar qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, müayinə olunan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Abşeron rayon şəhər XDS İK-nin 28 fevral 1991-ci il tarixli 6/2 nömrəli qərarının əsli və arxiv çıxarışı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə olunmadığı müəyyən edilmişdir. Belə ki, müraciət ərizəsinə əlavə edilmiş Abşeron rayon Məhəmmədi kəndi XDS İK-nin 28 fevral 1991-ci il tarixli, 6/2 nömrəli qərarının sovxoz tərəfindən ayrılmış 0.12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə çıxarıldığı qeyd edilmişdir. Buna baxmayaraq qeyd olunan qərarda hansı sovxoz tərəfindən və hansı akta əsasən torpaq sahəsinin vətəndaşın adına ayrıldığı qeyd edilməmiş, sovxozun müvafiq torpaqayırma sənədi müraciətə əlavə edilməmişdir. Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, təqdim edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışın yalnız bələdiyyə tərəfindən təsdiq edildiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 1.Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar ....

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: .... 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki inzibati iş üzrə iddia tələbi sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının adına sözügedən torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin mövcud olmaması, müvafiq qərarın fərdi yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı olduğunu, hansı sovxoz tərəfindən, hansı qərar əsasında onun adına torpaq sahəsinin ayrılması halının müəyyən edilmədiyini, habelə ayrıc aktının əlavə edilmədiyini əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Məmmədli kənd XDS İcraiyyə Komitəsinin 28 fevral 1991-ci il tarixli 6/2 nömrəli qərarı ilə Məmmədli kənd sakini olan iddiaçının özünə məxsus evi olmadığından, ailəsinin 4 nəfər olduğunu, atası ilə birlikdə yaşamasını, evlərinin çox darısqal olduğunu nəzərə alaraq, ona sovxoz tərəfindən verilmiş 0,12 ha torpaq sahəsində ümumi sahəsi 101.5 kv.m., yaşayış sahəsi 75.5 kv.m. olan 4 otaqlı yaşayış evi tikdirmələrinə icazə verilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yeruquruluş planından çıxarış tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, müayinə aktı tərtib edilmiş, həmin torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi, yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu, qonşuluğunda yerləşən torpaq sahələrinə dair dövlət reyestrindən çıxarış təqdim edilmədiyi qeyd edilmişdir. Müayinə aktının məzmununda torpaq sahəsinin sənəd və faktiki ölçüsünün 0,12 ha olduğu, yol ilə sərhəd olduğu, 3x4 ölçüdə icazəsiz tikili olduğu, bir tərəfdə daş hasar var, digər tərəflər şərti olduğu, faktiki koordinatların bələdiyyə tərəfindən tərtib edilmiş sxemdəki koordinatlara uyğun olduğu qeyd edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi Məmmədli Südçülük-Tərəvəzçilik sovxozunun sərhədləri daxilində yerləşir. Məhkəmə araşdırması zamanı XDS-nin İcraiyyə Komitəsinin 28 fevral 1991-ci il tarixli 6/2 saylı qərarının tam mətni və ona əlavə edilmiş adlı siyahının tərtib edilməsinə dair sənədlər tələb edilmişdir. Təqdim edilmiş sənədlərin məzmunundan görünür ki, sözügedən qərarın tam mətni iddiaçı və X3 adına fərdi yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı olmuşdur. Həmçinin, həmin qərarın məzmununda digər şəxsin adına 0,12 ha torpaq sahəsinin sovxozun xx.xx.1989-cu il tarixli 30 nömrəli əmri əsasında ayrıldığı və məhz həmin torpaq sahəsində müvafiq ölçülü fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi qeyd edilsə də, iddiaçının adına yalnız sovxoz tərəfindən verilmiş 0,12 ha torpaq sahəsi kimi qeyd edilmiş, sovxozun hansı tarixli əmri əsasında torpaq sahəsinin ayrılmasına dair heç bir məlumat əks olunmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin hansı tarixdə onun adına ayrılması, sovxozda işləyib-işləməməsi halına dair heç bir məlumat təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı Məmmədli Südçülük-Tərəvəzzçilik sovxozunun 1989-1990-cı illərə aid sovxoz əmrlərində iddiaçının adının olub-olmaması məsələsi də aydınlaşdırılsa da , həmin əmrlərdə də iddiaçının adı aşkar edilməmişdir. İndiki halda isə iddiaçıya torpa sahəsinin hansı tarixdə ayrılması halı da müəyyən edilmədiyindən (iddiaçı tərəfindən həmin hala dair heç bir məlumat təqdim edilmədiyindən), bu istiqamətdə əlavə araşdırma aparılması da mümkün olmamışdır. Başqa sözlə desək, müvafiq arxiv məlumatlarının yalnız ad, soyad və ata adı ilə axtarışının aparılması texniki cəhətdən mümkün olmadığından, indiki halda isə iddiaçının hansı illərdə sovxozda işləməsi və hansı illərdə torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair əlavə məlumat təqdim edilmədiyindən, Məmmədli Südçülük-Tərəvəzçilik sovxozu tərəfindən torpaq sahələrinin ayrılmasına dair arxiv məlumatlarının bütövlükdə yoxlanılması texniki cəhətdən mümkün olmamışdır. Həmçinin, kollegiya onu qeyd edir ki, bu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi məhz iddiaçının üzərinə düşür. Başqa sözlə desək, məhz iddiaçı sözügedən torpaq sahəsinin ona məxsus olduğunu qeyd edirsə, həmin torpaq sahəsinin hansı tarixdən və hansı əsaslarla onun istifadəsində olmasına dair sübut təqdim etmək öhdəliyi daşıyır. İndiki halda isə iddiaçı iddia tələbinin əsası kimi yalnız müvafiq XDS-nin İcraiyyə Komitəsinin 28 fevral 1991-ci il tarixli qərarına istinad edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğunu bildirmişdir. Kollegiya iddiaçının istinad etdiyi həmin arqumenti ilə bağlı onu qeyd edir ki, sözügedən qərar torpaq sahəsinin ayrılması ilə bağlı olmamaqla, məhz fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə aid olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsasları yuxarıda istinad edilən qanunvericilik normalarında dəqiq və birmənalı şəkildə ehtiva edilmişdir. Həmin qanunvericilik normalarının dispozitiv şərtində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi barədə XDS İcraiyyə Komitəsinin qərarının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas olması nəzərdə tutulmamışdır. Bu baxımından kollegiya hesab edir ki, sözügedən qərar əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməməklə, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir. Həmçinin, hazırki halda iddiaçıya münasibətdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş digər əsasların da mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddianının əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya onu da qeyd edir ki, indiki halda iddiaçının istinad etdiyi müvafiq qərarın məzmununda hansı ölçüdə evin tikilməsinə dair məlumatlar əks olunsa da, faktiki vəziyyətində qeyd edilən ölçüdə tikilinin mövcudluğu, habelə torpaq sahəsinin bütövlükdə daş hasar daxilində yerləşməsi halı (nəticə etibarilə həmin vaxtdan iddiaçınının faktiki istifadəsində olması halı) müəyyən edilməmiş, habelə mövcud olan yarımçıq tikilinin də nəvaxt tikilməsi barədə iddiaçı tərəfindən məlumatın olmadığı qeyd edilmişdir. Bu hallar da özlüyündə digər əsaslarla birlikdə iddianın əsaslılığını təkzib edən hallar kimi çıxış edir. Həmçinin, kollegiya onu qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınması halı müəyyən edilmədiyindən, iddia tələbinin əsaslılığının bərabərlik hüququnun təmin edilməsi prinsipinin tələbləri baxımından da yoxlanılması mümkün olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin dəlilləri qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, müvafiq qərarın mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çıxış edib-etməməsini qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5007/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar