Məhkəmə qərarları › İş №2-1(105)-92/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-92/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-92/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 10 oktyabr 2016-cı il tarixindən hansı növ yardım və qulluq növlərinə ehtiyacı (möhtacı) olduğu, bunları pulsuz almaq hüququnun olub-olmaması, həmin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2569/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2016-cı il tarixindən hansı növ yardım və qulluq növlərinə ehtiyacı (möhtacı) olduğu, bunları pulsuz almaq hüququnun olubolmaması, həmin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sağlamlıq imkanları məhdud olan uşaqlarla müəllim işləmiş, əmək xəsarəti almış və ona xx.xx.2016-cı ildə 1-ci dərəcəli əlillik müəyyən edilmişdir. Epikrizdə və TSEK-in əlilliyin müəyyən edilməsi ilə bağlı rəy sənədində “daim kənar şəxsin köməyinə ehtiyacı var” qeyd olunmuşdur. Bu rəylə yanaşı TSEK, aşağıda qeyd olunan qanun və maddələrinə əsasən əlavə qərar çıxarmalıdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” haqqında qərarın 1.5-ci maddəsinə görə, TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2004-cü il 27 aprel tarixli 4-1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin müvafiq bəndlərinin tətbiqinə dair izahatı”nın 3-cü maddəsinə görə, istehsalatda əmək xəsarəti və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkənə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərclər (qüvvətli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən müəyyən edilir və onun qərarı əsasında təqsirkar müəssisə bu xərcləri ödəyir. Qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etsə də xx.xx.2022-ci il tarixdə müraciətinə aidiyyəti olmayan məzmunda imtina cavabı almışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçınun əlillik vəziyyəti Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi; Tibbi- sosial yardım və reabilitasiya vasitələri. Başqasının qulluğuna ehtiyac, ixtisaslaşmış müalicə; Əmək zəmanəti: Daim kənar şəxsin köməyinə ehtiyacı var; Əmək qabiliyyətinin itirilməsi(%-lə): 100; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.9 - Dəqiqləşdirilməmiş nevrotik...; Diaqnozun mətni: Nevrozobənzər vəziyyət. Kəskin ifadə olunmuş davranış pozğunluğu ilə. Hipokineziya,ətrafların,gövdənin,başın postural kinetik əsməsi,İİİ dərəcə. ÜİX.Stabil gərginlik stenokardiyası.FS İİ. Arterial hipertenziya.ll mərhəllə,əlavə risk İİ. Qan damar çatmamazlığı,l mərhələsi; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.İddiaçı iddia ərizəsində xx.xx.2016-cı il tarixindən hansı növ yardım və qulluq növlərinə ehtiyacı olduğu, bunların pulsuz almaq hüququnun olub-olmaması, həmin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsini tələb etmişdir. Hesab edirik ki, iddiaçının cavabdeh kimi Agentliyi qeyd etməsi və halhazırkı iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: müvafiq sahənin inkişafını təmin etmək; müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək; əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı məqsədilə fərdi reabilitasiya proqramı tərtib etmək və onun icrasına nəzarət etmək; infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması məqsədilə tədbirlər görmək; müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, habelə innovativ ideya və təklifləri dəstəkləmək; bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələblər Agentliyin fəaliyyət istiqamətlərinə aid deyil. Agentlik fəaliyyət istiqamətləri daxilində iddiaçının əlilliyini qiymətləndirmiş və yuxarıda da qeyd edildiyi kimi, tibbi-sosial yardım və reabilitasiya vasitələrini, əmək qabiliyyətinin itirilməsi %-ni, Əmək zəmanətini göstərməkə iddiaçıya müddətsiz İ dərəcə əlillik təyin etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüzlüyü barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2569/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov)

5. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tamamilə yanlış nəticəyə gəlmişdir. Çünki onun iddia tələbi mücərrəd deyil, aşkar və konkretdir. TSEK-in rəyinə əsasən ona 100% əmək qabiliyyətinin itirilməsi ilə yanaşı 1-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir və bu səbəblərdən başqasının qulluğuna, daimi köməyinə ehtiyacı vardır. Bu da, o deməkdir ki, əmək qabiliyyətini itirmişdir, əmək qabiliyyətini itirmişsə demək, xəstədir. Xəstədirsə, əlbəttə ki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bunların hamısı müəyyən xərclər tələb edir. Onda isə həmin vəsait olmadığına görə, təlabatını imkanı dairəsində çox az bir hissəsini təmin edə bilir, qalanını isə imkansızlıq ucbatından həyata keçirə bilmir. Bu da səhhətinin daha da ağırlaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün isə inzibati orqan müfaviq tədbirlər həyata keçirməlidir, o cümdələn ehtiyac xərclərini müəyyən edib qərar çıxarmalıdır ki, işəgötürən bu xərcləri ödəsin və ödədikdə isə hüququnun bərpası, reabilitasiyası və s. kimi ehtiyacları həyata keçmiş olacaqdı. Bir oğlu var, o da 2016-cı ildə ona qulluq etmək üçün işlədiyi öz rəsmi işindən çıxmışdır. Oğlu ona qulluq etdiyinə və işləmədiyinə görə onun tələbatlarını ödəyir. Yəni, aldığı pensiya və peşə xəstəliyinə görə kompensasiya ilə dolanırlar. Bu da bir növ kimi, kənar şəxsin ona xidmət etdiyinə görə çıxılan xərclər kimi başa düşülür. Bu barədə mənzil istismar sahəsi tərəfindən təsdiq edilmiş qonşulardan ibarət akt da var, lakin nə cavabdeh, nə də birinci instansiya məhkəməsi həmin akta əhəmiyyət verdilər. Halbuki, həmin aktla çəkdiyi xərclərin bir qismi öz təsdiqini tapırdı. Bundan əlavə, mövcud vəziyyətlə əlaqədar həm çəkdiyi, həm də çəkməli olduğu xərcləri almaq hüququ var. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nizamnaməsində də işçinin əlavə xərclərə, yəni başqasının qulluğuna ehtiyac ilə əlaqədar xərclərə ehtiyacı olub-olmadığını tibbi-sosial ekspert komissiyaları vasitəsilə müəyyən etmək agentliyin vəzifəsidir və belə hallarda sübut kimi ödəniş qəbzinin təqdim olunması qeyd edilməyib. Həmçinin hazırki iş üzrə cavabdeh inzibati orqan nizamnaməsinə əsasən, əlilliyi olan şəxslərin reabilitasiyasının həyata keçirilməsini də təşkil etməlidir. Başqasının qulluğuna ehtiyacın olması da reabilitasiyanın bir növüdür və bu da TSEK rəyində öz əksini tapmışdır. Cavabdeh bu reabilitasiyanın təşkil olunmasını həyata keçirsə idi və ya əlavə xərclərə ehtiyacı müəyyən etməyə çalışsa idi, məlum olacaqdı ki, bu xidməti əldə etmək üçün pulsuz hüququnun olub-olmaması, o cümlədən hansı xərclərə ehtiyac olduğu müəyyən ediləcəkdi və bu barədə əlavə qərarlar çıxarılacaqdı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (...)

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və Qaydası”:

1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”:

1.5. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır.

13. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 3.1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olub-olmadığını müəyyən etmək TSEK-in vəzifələrinə daxil edilmişdir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

17. Hazırkı iddia tələbi İddiaçı hansı növ yardım və qulluq növlərinə ehtiyacı olduğu, bunları pulsuz almaq hüququnun olub-olmaması, həmin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.

18. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

19. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında ilkin olaraq müayinə edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.14-cü bəndinə uyğun olaraq “peşə xəstəliyi” səbəbindən müddətsiz, əmək qabiliyyətinin itirilməsi-100% (yüz faiz), birinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədində əmək zəmanəti - “Xəstənin daimi kənar şəxsin qulluğuna ehtiyacı var” kimi qeyd edilmişdir.

20. Bundan başqa, cavabdehin iddiaçı tərəfin müraciətinə əsasən göndərdiyi xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya mərkəzlərində reabilitasiyası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2020-ci il tarixli 519 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi reabilitasiya proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”na uyğun tərtib olunan fərdi reabilitasiya proqramına əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu rayon üzrə tibbisosial ekspert komissiyasına müraciət etdikdən və əlillik faktı təsdiq olunduqdan sonra reabilitasiya kursu üçün növbəyə götürülür. Həmçinin sanatoriya-kurort müalicəsi Agentliyin səlahiyyətinə aiddir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və Qaydası”na əsasən əlilliyi müəyyən edilmiş şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir.

22. Göründüyü kimi, iddiaçının hansı növ yardım və qulluq növlərinə ehtiyacı olduğu, bunları pulsuz almaq hüququnun olub-olmaması Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən edilmişdir.

23. İddia tələbinin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin də istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.5-ci bəndinə əsasən, TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır.

24. Qeyd olunan qaydalara əsasən, TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar əlavə çəkdiyi xərcləri müəyyən edərək bu barədə qərar çıxara bilər.

25. İddiaçı isə hazırkı iddia tələbinə əsasən, çəkdiyi xərcləri deyil, çəkiləcək xərcləri və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsini tələb edir.

26. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2569/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar