Məhkəmə qərarları › İş №2-1(105)-92/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-92/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-92/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2155/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin imtina məktubundan görünür ki, İdarənin mütəxəssisləri torpaq sahəsinin yerləşdiyi ərazidə olmuşlar. Qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərazi İdarəsinin mütəxəssisi tərəfindən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə naturada baxış keçirərək müayinə aktı tərtib etmişdir. Müayinə aktının surəti və torpaq sahəsinin faktiki istifadə vəziyyətini əks etdirən ortofoto görüntüsü cavab məktubuna əlavə olunur. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli Qərarı ilə iddiaçıya satılmış Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin A № 115371 nömrəli Plan və ölçü sənədində qeyd olunan koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları uyğunsuzluq təşkil edir. Həmin uyğunsuzluq cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DWJ məlumatlarında) əsasən sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. 2.Ərazi İdarəsində mövcud olan DWJ və TEKUİS məlumatlarında həmin torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd edilmişdir. 3. DWJ məlumatlarında sözügedən torpaq sahəsinin faktiki istifadə vəziyyətinin koordinatları başqa şəxsin mülkiyyətinə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşür. TEKUİS məlumatlarında sözügedən torpaq sahəsinin faktiki istifadə vəziyyətinin koordinatları başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. DWJ məlumatlarında sözügedən torpaq sahəsinin üst-üstə düşdüyü torpaq sahəsinə dair verilmiş çıxarışın surəti və ortofoto görüntüsü cavab məktubuna əlavə olunur. 4. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçıya satılmış Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin A № 115371 nömrəli plan və ölçü sənədində qeyd olunan koordinatlara əsasən olan torpaq sahəsi başqa şəxsin mülkiyyətinə verilmiş çıxarışlara əsasən olan torpaq sahələri ilə üst-üstə düşür. Apellyasiya şikayətində qeyd edilmiş “torpağa gedən yol ilə bağlı mübahisə”nin araşdırılması ilə bağlı Şamaxı Rayon Məhkəməsi baxış təyin etmişdir. Naturada keçirilən baxış zamanı iddiaçı və cavabdehin torpaq sahələrinə, mübahisə predmeti olan yola baxış keçirilərək koordinatları müəyyənləşdirilərək Şamaxı Rayon Məhkəməsinin mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırılmışdır. İddiaçı tərəfindən iddia olunan və naturada mövcud olan yol cavabdehin naturada göstərdiyi və reyestr nömrəsi **********7 olan çıxarışla X2 mülkiyyətinə verilmiş Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0.120047 ha torpaq sahəsindən keçir. DWJ məlumatlarında (torpaq islahatının nəticələrini əks etdirən xəritə) mübahisəli ərazidə yol nəzərdə tutulmamışdır. Əlavə olaraq Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2007-cİ il tarixli qərarı ilə iddiaçıya satılmış Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin A № 115371 nömrəli plan və ölçü sənədində qeyd olunan koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları uyğunsuzluq təşkil edir. Həmin uyğunsuzluq cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarından görünür ki, rayonun Çuxuryurd Bələdiyyəsinin perspektiv inkişafı ehtiyyat fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatı üçün az yararlı (şərti yararsız) torpaq sahəsində həyətyanı məqsədi üçün 0.06 ha torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada ona satılması qərara alınmışdır. 17-7/96 saylı, xx.xx.2007-ci il tarixli rəydən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin Çuxuryurd Bələdiyyəsinə ünvanladığı rəydə yazılmışdır ki, həyətyanı məqsədilə Çuxuryurd bələdiyyəsinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi kənd təsərrüfatına az yararlı və ya yararsız (şərti yararsız) olmaqla alqı-satqı predmetidir və bu torpaq sahəsinin ona satılması məqsədə müvafiqdir. Həmin torpaq sahəsinin miqyası və xəritəsi də bu sənədə əlavə edilmişdir.Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Çuxuryurd Bələdiyyəsinin ehtiyyat fondundan 0.06 ha torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada ona satılmış və rüsumu Azərbaycan Beynəlxalq Bankının hesabına köçürmüşdür. 02 mart 2007-ci il tarxii 005513 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, alqı-satqı yolu ilə həyətyanı torpaq sahəsi üçün 120 manat rüsumu ödəmiş, Dövlət Torpaq və Xəritoçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 0.06 ha torpaq sahəsi ona qanunamüvafiq qaydada satılmışdır. Bu arayışda həmin torpaq sahəsinin uqodiyası, banitet balı, keyfiyyət qrupu və normativ qiyməti qeyd olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şamaxı rayonu, Çuxuryurd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə 600.02 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona verilmiş və bu X8 kitabında xx.xx.2008-ci il tarixdə 43.32 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin 14 saylı Şamaxı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, **********18 nömrəli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı 14 saylı Şamaxı Ərazi idarəsinə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Ərizənin icrasını təmin etmək məqsədilə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şamaxı rayon, Çuxuryurd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə həyətyanı məqsədilə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd olunmuşdur. Satılan torpaq sahəsi alqı-satqı predmeti olmadığı üçün ərizənin icrasından imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2155/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, DT və XK-nın Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 17-7/96 saylı, xx.xx.2007-ci il tarixli rəyin təsdiqlənmiş surətindən müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfatına az yararlı torpaq sahəsidir və həyətyanı məqsədlər üçün ayrılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən kənd təsərrüfatına az yararlı torpaq sahəsi olmuşdur. Belə ki, Çuxuryurd Bələdiyyəsinin qərarında müvafiq qeyd edilmiş, bu səbəbdən alqı-satqı predmeti olmuş və həmin qərarın preyudisiallığı şübhə doğurmamalıdır. Qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı torpaq sahəsi olmasını nəzərə alaraq, iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında heç bir maneə mövcud deyildir. Torpaq sahəsinin ayrılması ilə bağlı Çuxuryurd Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci ildə torpaq sahəsinin ayrılması haqqında qərar vermiş, lakin alqı-satqı müqaviləsinin bütün ünsurlərini özündə birləşdirən (yəni torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin dəyərinin bələdiyənin hesabına köçürülməsi) hərəkətlərin müqavilənin tərəfləri arasında yerinə yetirilməsi həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi kimi qəbul edilməsi yolveriləndir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (Bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir. Qeyd olunan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına köçürülmüş, bələdiyyə isə həmin torpaq sahəsini iddiaçıya təhvil vermişdir. Başqa sözlə desək, alqı-satqı müqaviləsinin rəsmiləşdirilib qüvvədə olması üçün bütün kriteriyalara riayət olunub. Bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir.Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı-satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; ... Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya). X8, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. X8-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. X8, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. X8 fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli,iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin yerləşdiyi ərazi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına ayrılmış, alqı-satqı aktı tərtib edilmişdir. Həmin bələdiyyə qərarından torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı və ya şərti yararsız torpaq sahəsi olması qeyd edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, satılan torpaq sahəsinin kəndin perspektiv inkişafına kənd təsərrüfatı az yararlı və ya yararsız (şərti yararsız) olmaqla, alqı-satqı predmeti olması və satılmaısnın məqsədəmüvafiq olması barədə rəy tərtib edilmişdir. Müvafiq bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin yerləşmə mövqeyinə dair yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin bonitet balı 61-80, keyfiyyət qrupu İİ kimi qeyd edilmişdir. İş materialarından görünür ki, sözügedən torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan və ölçü sənədi tərtib edilərək, kadastr kitabında uçota alınmışdır, həmin plan və ölçü sənədində torpaq sahəsinin keyfiyyət qrupu İİ, bonitet balı 80 kimi qeyd edilmişdir. İş materiallarından görünür ki, sözügeədn torpaq sahəsinə dair müvafiq bələdiyyə qərarı, prootokol və digər sənədlər arxiv idarəsinə təhvil verilməmiş, habelə Şamaxı rayonu Məlhəm Bələdiyyəsi tərəfindən sözügedən torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinin bələdiyyənin arxivində aşkar edilmədiyindən, təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssiləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş. Müayinə aktının məzmununda qeyd edilmişdir ki, torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir, ətrafında yerləşən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, ətarfda bələdiyyə torpaqları ilə əhatə olunub, fərdi yaşayış evi mövcuddur, hər tərəfdən daş hasarla əhatə olunub, faktiki ölçüsü 0,0191 ha çoxdur. İş materiallarında olan sözügedən torpaq sahəsinin yerləşdiyi əraziyə dair ortofoto görüntüsünün məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin ətrafında əkin sahələri mövcuddur, hər hansı yaşayış məntəqəsi və ya fərdi yaşayış evi mövcud deyildir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxtda mövcud olan DWJ məlumatlarında da kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilmiş, habelə ətrafında yerləşən qonşu torpaq sahələri də həm DWJ, həm də TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kimi əks olunmuşdur. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahələri alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. İndiki halda məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki,sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması, bonitet balının 61-80 olması, İİ keyfiyyət qrupuna aid olması iş materiallarında olan plan və ölçü sənədi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş arayış əsasında öz təsdiqini tapmışdır. Nəticə etibarilə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı yararlı torpaq sahəsi olması həmin torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan DWJ məlumatları və hazırda mövcud olan TEKUİS məlumatları əsasında öz təsdiqini tapmışdır. Başqa sözlə desək, torpaq sahəsinin ayrıldığı vaxtda kənd təsərrüfatına az yararlı və yararsız olması halı torpaq sahəsinin ayrıldığı vaxtda səlahiyyətli qurum tərəfindən tərtib edilmiş sənədlər əsasında da təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarında olan ortofoto görüntü, o cümlədən iddiaçının özünün verdiyi izahatı əsasında da müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi əkin sahələri olmaqla, pay torpaq sahələri kimi mövcud olmuş, hazırda məhz əkin sahələri kimi istifadə olunur. Qeyd edilən hallar da özlüyündə sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin kənd təsərrüfatı az yararlı və yararsız olması halını təkzib edir. Bundan əlavə kollegiya qeyd edir ki, , iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək, hazırda da torpaq sahəsindən istifadə edir və həmin yaşayış evində yaşayır. Halbuki, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin ətrafında qonşu torpaq sahələrində yaşayış məntəqələrinin (fərdi yaşayış evlərinin) mövcudluğu müəyyən edilməmiş, əksinə ətraf ərazilərin əkin sahəsi olması görünür. İddiaçı öz izahatında da həmin ərazilərin əkin sahələri, pay torpaqları olduğunu qeyd etmişdir. Qeyd edilən hal da özlüyündə iddia tələbinin əsaslılığını müəyyən etməyə imkan vermir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxtda da kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsi kimi mövcud olması halı öz təsdiqini tapdığından, qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsi alqı-satqı predmeti ola bilmədiyindən, xüsusi mülkiyyətə verilə bilmədiyindən, sözügedən torpaq sahəsi iddiaçının adına qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır. Bu baxımından kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun ayrılmadığından, qeyd edilən hüquqmüəyyənedici sənədlər əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməməklə, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir. Həmçinin, kollegiya onu qeyd edir ki, cavabdeh tərəfindən verilmiş sonuncu məlumat əsasında sözügedən torpaq sahəsinin sənəd üzrə başqa şəxsə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, TEKUİS məlumatlarına əsasən faktiki istifadə vəziyyətinə uyğun olaraq üst-üstə düşmədiyi müəyyən edilmişdir. Belə olan halda, kollegiya iddianın mümkünlüyü baxımından onu qeyd etməyi zəruri hesab edir ki, faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUİS məlumatına əsasən üstüstə düşmə halı müəyyən edilmədiyindən, üst-üstə düşmə halı məhz sənəd üzrə müəyyən edildiyindən və koordinatların işlənilməsi ilə bağlı ortaya çıxdığından, indiki halda belə bir uyğunsuzuqların aradan qaldırılması istiqamətində elektron kadastr uçot məlumatlarının uyğunlaşdırılması ilə bağlı işlər həyata keçirildiyindən, həmin hal iddianın mümkün sayılmaması üçün əsas kimi qəbul edilməməsi məqsədəmüvafiqdir. Bu baxımından, kollegiya hesab edir ki, həmin hallar iddianın mümkün sayılmaması üçün əsas kimi qəbul edilməməlidir. Bundan əlavə, kollegiya bərabərlik hüququnun təmin edilməsi prinsipinin tələbləri baxımından onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin sonuncu məlumatında qeyd etdiyi sözügedən torpaq sahəsinin sənəd üzrə başqa şəxsə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Həmin sənədlərin məzmunundan görünür ki, mülkiyyət hüququ dövlət qeydiyytaına alınmış həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri olmaqla, müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında ayrılmış və həmin qərar əsasında Dövlət Aktı tərtib edilmişdir. Qanunvericilik normasının tələbinə əsasən aqrar islahat zamanı pay torpaları şəklində kənd təsərrüfatı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsinə yol verildiyindən, həmin sənədlər xüsusi mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir. Bu baxımından kollegiya hesab edir ki, sözügedən şəxslərin adna mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni hüquqmüəyyənedici sənədlər əsasında həyata keçirilmədiyindən, bununla bağlı cavabdehin hərəkətləri iddiaçı barəsində bərabərlik hüququnun təmin edilməsi prinsipinin əsası kimi çıxış etməmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun obyekti qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən hər hansı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması və qeydiyyata alınmasına o halda yolverilir ki, bu hüququn yaranması üçün qanuni əsas mövcud olmuş olsun. İndiki halda isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkün olmadığından, iddiaçının onunla bağlı xüsusi mülkiyyət hüququnun yaranmasının qanuni əsası mövcud olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina və etirazının əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çxıış edib-etməməsini qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli,iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2155/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar