Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-922/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-1622/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2014cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci il tarixində Qubadlı rayonunda anadan olmuşdur. İki il 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" xəstəlik qərarı verilmişdir. 2010-cu ildən 2014-cü ilədək müddətli və xx.xx.2014-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2022-ci ildə pensiya və təqaüdü dayandırılan zaman Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, iddiaçının müddətsiz əlilliyinin elektron altsistemdə əsassız olaraq müddəti xx.xx.2020-cı ilə kimi göstərilib, belə ki, bu çox haqsız mövqedir, çünki iddiaçı 2014-cü ildən müddətsiz əlildir. Hesab edir ki, cavabdeh orqan onun xx.xx.2014-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlil olmağını elektron altsistemdə bərpa etməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, 2014-cü ildə qiymətləndirilmişdir və 2-ci dərəcə müddətsiz əlildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Diaqnozun mətni: keçirilmiş qkbt-in davamli qaliq əlamətləri, kəllə daxili hipertenziya; Meyar: 2.2. İkinci dərəcə əlillik => digər: keçirilmiş qkbt-in davamli qaliq əlamətləri. kəllə daxili hipertenziya.” səbəbi ilə xx.xx.2020-ci il tarixinədək ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarında olan TSEK-də müayinə aktından çıxarışa əsasən iddiaçıya xx.xx.2014cü il tarixdən müddətsiz əlillik təyin edilmişdir. Daha öncə verilən arayışlarda isə iddiaçıya hərbi travma ilə əlaqədar xx.xx.2011-ci il və xx.xx.2014-cü il tarixədək əlillik təyin edilmiş və əlilliyin səbəbi kimi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. İşdə olan xx.xx.2009-cu il tarixli 210 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən iddiaçı barəsində qərara alınmışdır: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarına həmçinin ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış və TSEK-ə göndəriş də əlavə edilmişdir. İşdə olan Azərbaycan Beynəlxalq Bankı və Kapital Bankın hesabdan çıxarışlarına əsasən iddiaçıya əlilliyə görə hər ay əmək pensiyası ödənilirdi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-1622/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilən məktubda bildirilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 5 il müddətinə (xx.xx.2020-ci il tarixinədək) ikinci dərəcə əlilik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Lakin cavabdeh inzibati orqan həmin məlumatın əsaslılığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Yəni, iddiaçı barəsində TSEK-in arayışı ilə 2014-cü il tarixdə müddətsiz əlillik təyin edilməsinə baxmayaraq ona 2015-ci ildə yenidən 5 illik əlillik təyin edilməsi bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının faktiki olaraq əlilliyinin dayandırıldığı anda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati orqan tərəfindən əməl edilməli olan məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi dayandırmış, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Diaqnozun mətni: KEÇİRİLMİŞ QKBT-İN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ. KƏLLƏ DAXİLİ HİPERTENZİYA.; Meyar: 2.2 İkinci dərəcə əlillik => DİGƏR: KEÇİRİLMİŞ QKBT-İN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ. KƏLLƏ DAXİLİ HİPERTENZİYA.” səbəbi ilə xx.xx.2020-ci il tarixinədək ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və ona 5 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti daxil olmamışdır. “Əlilliyin qiymətləndirmə qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarının 4.2-ci bəndində də göstərilmişdir ki, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. İlk dəfə ona Tibbi Sosial Ekspert Komissiyasının ilkin müayinədən keçən əlillər üçün verilən arayışa əsasən 2011-ci ilədək, daha sonra 2014-cü ilədək və nəhayət xx.xx.2014-cü ildən müddətsiz əlillik təyin edilmişdir. Göründüyü kimi zona tibbi-sosial ekspert komissiyalarının əlilliyin təyini ilə bağlı verdiyi sənədlər əlilliyi (o cümlədən əlillik dərəcəsini, onun müddətini, səbəbini vəüəlilliyin başüverməüvaxtını) müəyyən edən əsas sənəddir, yəni inzibati aktdır. Əlillik alt sisteminə isə məlumatlar məhz həmin sənəd əsasında daxil edilməlidir, başqa sözlə, əlillik alt sistemindəki məlumatlar zona tibbi-sosial ekspert komissiyalarının əlillik ilə bağlı verdiyi sənədin (inzibati aktın) məzmununa uyğun olmalıdır. Həmçinin, iddiaçıya əlilliklə bağlı sosial ödənişlər də ödənilmişdir. Bununla da iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmır və qeyd etmək istəyirlər ki, İddiaçı TSEK-in arayışı ilə 2014-cü il tarixdə müddətsiz əlillik təyin edilməsi qəbuledilməzdir. Belə ki, şəxsə müvafiq olaraq 2010-cu ildə 1 illik, 2014-cü ildə 1 illik, və 2015-cı ildə 5 illik əlillik təyin edilmişdir. Qeyd edilən müddətsiz əlilliklə bağlı Altsistemdə heç bir qeyd yoxdur, mötəbər olmayan hər hansı sənədin sistemə işlənilməsi yolverilməzdir. Göründüyü kimi əlillik təyinatı məhz adsızlaşdırılmış tibbi göndərişlərin əlillik alt sisteminə göndərilməsi, həmin göndərişlərə Tibbi sosial ekspert komissiyası tərəfindən baxılaraq müvafiq qərarın gəbul edilməsi və qəbul edilmiş qərarın komissiya üzvlərinin yalnız gücləndirilmiş imzası ilə sistem üzərindən imzalanması və qərarın əlillik alt sistemində yerləşdirilməsi ilə başa çatır. Əlillik təyinatı ilə bağlı alt sistemdə iddiaçının əlillik dərəcəsi xx.xx.2015-xx.xx.2020-ci il tarixədək, yəni 5 il müddətinə göstərilmişdir. Başqa sözlə, iddiaçı barəsində olan ekspert komissiyasının gücləndirilmiş imzası ilə imzaladığı qərarı əlillik təyinatının müddətsiz deyil, 5 illik müddətlə məhdudlaşdırmış və əlillik təyinatı xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüşdür. Bu halda iddiaçının təqdim etdiyi üzərində əlyazma ilə “müddətsiz” ifadəsi yazılmış müayinə aktındakı düzəlişlər Ekspert komissiyasının rəyini ehtiva etmir və yuxarıda adı çəkilən Qaydaların tələblərinə uyğun olaraq komissiya üzvlərinin qəbul etdiyi, gücləndirilmiş elektron imzası ilə imzalanmış qərarı kimi qəbul edilmir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mübahisə iddiaçıya təyin edilmiş xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilən məktubda bildirilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 5 il müddətinə (xx.xx.2020-ci il tarixinədək) ikinci dərəcə əlilik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Lakin cavabdeh inzibati orqan həmin məlumatın əsaslılığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Yəni, iddiaçı barəsində TSEK-in arayışı ilə 2014cü il tarixdə müddətsiz əlillik təyin edilməsinə baxmayaraq ona 2015-ci ildə yenidən 5 illik əlillik təyin edilməsi bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının faktiki olaraq əlilliyinin dayandırıldığı anda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati orqan tərəfindən əməl edilməli olan məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi dayandırmış, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, əlillik təyinatı ilə bağlı “alt sistemdə” iddiaçının əlillik dərəcəsi xx.xx.2015-xx.xx.2020-ci il tarixədək, yəni 5 il müddətinə göstərilmişdir. Başqa sözlə, iddiaçı barəsində olan ekspert komissiyasının gücləndirilmiş imzası ilə imzaladığı qərarı əlillik təyinatının müddətsiz deyil, 5 illik müddətlə məhdudlaşdırmış və əlillik təyinatı xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüşdür. Bu halda iddiaçının təqdim etdiyi üzərində əlyazma ilə “müddətsiz” ifadəsi yazılmış müayinə aktındakı düzəlişlər Ekspert komissiyasının rəyini ehtiva etmir və yuxarıda adı çəkilən Qaydaların tələblərinə uyğun olaraq komissiya üzvlərinin qəbul etdiyi, gücləndirilmiş elektron imzası ilə imzalanmış qərarı kimi qəbul edilmir. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı 2014-cü ildən müddətsiz ikinci qrup müharibə əlili olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 3-17-1/2-M-39040/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçıya 2014-cü ildən etibarən İİ qrup müddətsiz əlillik təyinatı aparılmışdır. Apellyasiya icraatı zamanı işin qeyd olunan hallarının ətraflı araşdırılması məqsədilə İddiaçı əmək pensiyasının hansı dövrdən təyin olunması və hansı dövrə qədər iddiaçı tərəfindən əmək pensiyası alınması barədə məlumat verilməsi, eyni zamanda əmək pensiyasının təyin edilməsinə dair açılmış pensiya işinin təsdiq edilmiş surətinin təqdim edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 07 noyabr 2024-cü il tarixli, 3-17-1/2-275390/2024 nömrəli sorğuya cavab məktubunda iddiaçıya Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən 01 dekabr 2010-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə müvafiq təminat xərcliyinin 80 faizi miqdarında hərbi qulluqçu kimi əmək pensiyası təyin edildiyini, “Əlillik” altsistemində qeyd olunan məlumatlara əsasən İddiaçı əlilliyinin müddətinin 26 dekabr 2020-ci il tarixdə bitməsi ilə əlaqədar əmək pensiyasının 01 yanvar 2021-ci il tarixdən dayandırılmalı olduğu halda, ona 31 yanvar 2022-ci il tarixədək əmək pensiyasının ödənişinin davam etdirildiyi qeyd olunmuş, qoşma olaraq isə iddiaçının pensiya işinə dair sənədlərin təsdiqlənmiş surəti əlavə olunmuşdur. Pensiya işinə dair əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçıya 26 dekabr 2014-cü il tarixində İİ qrup müddətsiz əlillik təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından 520050 nömrəli çıxarış pensiya işinə əlavə edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın öhdəlik daşıdığı vəzifəni düzgün icra etməməsi iddiaçının hüquqlarını pozmaqla, onun sosial təminat hüququnun da əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Hazırki işdə cavabdeh inzibati orqan yalnız “altsistemdə” olan məlumatlara istinad etməklə, “altsistemə” məlumatların düzgün daxil edilməsinin onun öhdəlik daşıdığı məsələ olduğunu diqqətə almır. Məhkəmə kollegiyası qeyd edir ki, elektron sistemə (altsistemə) zəruri məlumatların yerləşdirilməməsi cavabdeh inzibati orqanın öhdəliyində olan bir məsələ olmaqla iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının ona 31 yanvar 2022-ci il tarixədək əmək pensiyasının ödənişinin davam etdirildiyi elektron sistem ilə digər sənədlər arasında uyğunsuzluq olması faktını bir daha təsdiqləyir. Belə ki, cavabdeh inzibati orqan əlillik müddətinin 2020-ci ildə bitdiyini qeyd etsə də, iddiaçıda əlilliyin müddətsiz təyin edilməsi barədə sənədin mövcud olması və eyni zamanda 31 yanvar 2022-ci il tarixədək pensiya almağa davam etməsi cavabdehin dəlillərini təkzib etmiş olur. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçıya əlilliyin müddətsiz təyin edilməsi barədə sənədin verilməsi və eyni zamanda 31 yanvar 2022-ci il tarixədək pensiya almağa davam etməsi nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müddətsiz əlilliyi ilə bağlı məlumatlar elektron sistemə yerləşdirilməli, onun etimad hüququ qorunmalıdır. Həmin məlumatların mötəbərliyi ilə bağlı inzibati orqanda əsaslı şübhələr olduğu təqdirdə isə, sözügedən inzibati orqan inzibati icraat aparmaqla qanunauyğun olaraq əlilliyin dayandırılması barədə qərar qəbul edə bilər. Lakin hazırki iş materiallarında belə bir inzibati icraatın həyata keçirilməsi müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-1622/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.