Məhkəmə qərarları › İş №2-1(105)-923/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-923/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-923/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X3 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(118)-344/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2015-ci il tarixindən “Onurğanın osteoxondrozu. Fəqərələrin diffuz yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə. L5-S1 fəqərələrarası residivləşən disk yırtığına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. İşiasla gedən lümbaqo, vertebrogen lyumboişalgiya, tez-tez baş verən kökcük ağrı sindromu ilə. Xroniki bel-oma radikuliti. ANS” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra İddiaçı əlilliyi Tibbi Sosial Ekspert Komissiyasında bir neçə dəfə qiymətləndirilmiş: xx.xx.2021-ci il tarixdə ona “göndərişin natamam doldurulması”, xx.xx.2022-ci il tarixdə “əlavə müalicəyə ehtiyacı olması”, xx.xx.2022-ci il tarixdə yenidən “göndərişin natamam doldurulması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı oğlu barəsində TSEK-ə göndərilməsi üçün Sumqayıt Tibb Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, C00059168VLZ nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı İddiaçı əsas diaqnozu – XBT 10 M51.1 “Bel və digər şöbələrin fəqərələrarası disklərinin radikulopatiya ilə, fəqərələrin diffuz yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə. L5-S1 fəqərələrarası tez-tez residivləşən disk yırtığına görə aparılan cərrahi əməliyyatdan sonrakı vəziyyət”, ağırlaşmaları - Z98.8 “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. L5- S1 fəqərəarası tez-tez residivləşən disk yırtığına görə aparılan üç cərrahi əməliyyatdan sonrakı vəziyyət: 1.L5 fəqərə qövsünün sondan hissəvi hemilamlektomiyası. L5-S1 fəqərəarası diskin yırtığının xaric edilməsi (xx.xx.2009) 2. L5-S1 fəqərəarası diskin residiv yırtığının xaric edilməsi (xx.xx.2012) 3. Disk yırtığının xaric edilməsi, L5-S1 onurğa seqmentinin transpedikulyar fiksasiyası”, G83.1 ”Aşağı ətrafın monoplegiyası, sol aşağı ətrafın hissəvi pozulmaları - distal parezi”, M54.1 “Radikulopatiya, diksogen radikulopatiya kökcük ağrı”, R26 “Hərəkətin və yerişin pozulmaları, hərəki funksiyanın pozulması”, yanaşı xəstəliklər – İ10 “Essensial (birincili) hipertenziya, Arterial hipertenziya İ dərəcə risk İİ”, N39.3 “Qeyri-iradi sidik ifrazı, çanaq üzvlərinin funksiya pozulması. Reflektoru sidik ifrazı” qeyd edilmişdir. Həmin göndəriş TSEK-də xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, C00059168VLZ nömrəli göndərişə əsasən ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2012-ci ildən başlayaraq “Beloma fəqərələrinin osteonxondrozu. L5-S1 fəqərələrarası diskin sol tərəfli residiv yırtığı. Köksük ağrı sindromu. Əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə əlillik təyin edilmişdir. 2009-cu ildə L5-S1 fəqərələrarası diskin sol tərəfli yırtığı xəstəliyindən cərrahi əməliyyat olunmuşdur. Cərrahi əməliyyat, aparılmış konservativ müalicələr effektsiz olmuşdur. Qeyd edilən xəstəlik səbəbindən 1-ci dəfə 2009-cu ildə (fiksasiya xəstəliyindən), 2-ci dəfə 2012ci ildə (fiksasiya xəstəliyindən), 3-cü dəfə 2016-cı ildə (fiksasiya xəstəliyindən) və 4-cü dəfə 2021-ci ildə (2 böyrəyinin fəaliyyəti dayandığı üçün böyrəyindən) əməliyyat olunmuşdur. Cavabdeh sonuncu dəfə ona əlillik təyinindən xx.xx.2023-cü ildə imtina etmişdir. İmtinaya səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 2016-2021-ci illərdə Sumqayıt şəhər X2, “KamedDiaqnostika” müəssisəsində, “Bioloji-Təbabət” Klinikasında, ATU-nun X6, Sumqayıt şəhər 1 nömrəli Xəstəxanada, Mirqasımov adına Respublikası Klinik Xəstəxanada, 4 saylı Sumqayıt şəhər Xəstəxanasında müalicə və müayinə olunmuşdur. Eyni zamanda 4 saylı Sumqayıt şəhər Xəstəxanasında xx.xx.2021- xx.xx.2021-ci və xx.xx.2022-xx.xx.2022-ci illərdə stasionarda müalicə olunmuşdur. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarinxinədək ümumi xəstəlik səbəbindən “Onurğanın osteoxondrozu. Fəqərələrin diffuz yayılmış osteoxondrozu, bel fəqərələrinin üstünlüyü ilə, L5-S1 fəqərəarası residivləşən disk yırtığına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. İşiasla gedən Lümbaqo. Vertebrogen lyumboişalgiya teztez baş verən kökcük ağrı sindromu ilə. Xroniki bel-oma radikuliti. Asteno-nevrotik sindrom” diaqnozu ilə təkrar bir il müddətinə ikinci dərəcə; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək təkrar Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə beş il müddətinə uzadılmış və ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixli C00059168VLZ nömrəli Sumqayıt Tibb Mərkəzinin rəsmiləşdirilmiş göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyi yenidən qiymətləndirilərək (həmin diaqnoz və ağırlaşmalar ilə), əlavə müalicəyə ehtiyacı olması qərarı verilmişdir. Odur ki, iddaçıya ixtisaslaşmış tibb müəssisəsində müalicə aldıqdan sonra yenidən müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(118)-344/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya C00059168VLZ saylı 088 formalı göndərişə əsasən əlillik dərəcəsinin təyin edilməsi (orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İmran Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində və həkim rəylərinə əsasən müəyyən edilmişdir ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarlarının” 6.1.10-cu bəndinə əsasən müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) (R26) halı müşahidə olunur ki, bu da şəxsə əlillik təyinatı üçün əsas verir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində iddiaçının iştirakı ilə məhkəmə qərardadı əsasında DTSERA-da əyani müayinə keçirilmiş, müayinə zamanı təqdim etdiyi sənədlər arasında - xx.xx.2012-xx.xx.2012-ci il tarixli stasionar xəstənin tibbi kartasından 757 nömrəli çıxarışına əsasən diaqnoz ”Bel-oma fəqərələrinin osteoxondrozu. L5-S1 fəqərəarası diskin sol tərəfli residiv yırtığı. Kökcük-ağrı sindromu. Əməliyyatdan sonrakı vəziyyət"; “Medika Hospital” ın xx.xx.2016-xx.xx.2016-cı il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Onurğa sütununun bel nahiyyəsinin osteoxondrozu. L5 fəqərəsinin retrolistezi. L5-S1 fəqərələrarası disk yırtığı. Soltərəfli ikincili kökcük sindromu. Əməliyyatdan sonrakı vəziyyət.”; 4 nömrəli Sumqayıt şəhər Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sol ayaq pəncəsinin parezi, hərəkət funksiyasının pozulması ilə, sol baldır, pəncənin hiperestaziyası”; 4 nömrəli Sumqayıt şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri”; Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “L5-S1 fəqərəarası disk yırtığına görə aparılan cərrahi əməliyyatdan sonrakı vəziyyət diskogen radikulopatiya, kökcük ağrı sindromu ilə sol aşağı ətrafın distal parezi” şəklində göstərilmiş, göndərişdə xx.xx.2009-cu il tarixində "L5 fəqərə qövsünün soldan hissəvi hemilaminektomiyası, L5- S1 fəqərəarası disk yırtığının xaric edilməsi” əməliyyatının icra olunduğu qeyd edilsə də, buna dair heç bir sənəd təqdim etməmişdir. Göndərişlərdə olan məlumatlara əsasən “(G83.1) Aşağı ətrafın monoplegiyası, sol aşağı ətrafın distal parezi” diaqnozu öz təsdiqini tapmamış, iddiaçıda əlillik təyinatı aparılması üçün nəzərdə tutulan heç bir ağırlaşma aşkarlanmamışdır. Həmçinin, N39.3 “Qeyri-iradi sidik ifrazı, çanaq üzvlərinin funksiya pozğunluğu, reflektor sidik ifrazı” diaqnozu rəsmiləşdirilmiş göndərişdə qeyd edilsə də, müayinə zamanı vətəndaş, bununla bağlı heç vaxt şikayəti olmadığını bildirmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə, həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə "Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: (-)

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə:

4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri ... 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. ...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-)

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı: İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı: İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı: İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı; (-)

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçının əlillik müddəti bitdikdən sonra onun əlilliyi cavabdeh tərəfindən bir neçə dəfə qiymətləndirilmiş və sonuncu dəfə - xx.xx.2023-cü il tarixdə ona verilən imtinanın səbəbi əlavə müalicəyə ehtiyacı olması olmuşdur. Kollegiya qeyd edilən əsasla edilən imtinanı əsassız sayaraq bildirir ki, işdən güründüyü kimi iddiaçıya 2015-ci ildən 2021-ci ilədək “Onurğanın osteoxondrozu” diaqnozu ilə ümumi xəstəlik səbəbindən davamlı olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Hazırda da iddiaçıda qeyd edilən xəstəliklər davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 24-cü və 25-ci bəndlərində də göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspert komissiyasına göndərişlərin verilməsi, dolayısı ilə əlilliyin müəyyən edilməsi üçün şəxsin eyni xəstəliklə uzunmüddətli ambulator və ya stasionar müalicə alması şərti mövcuddur ki, bu şərtin ödənilməsi yalnız və yalnız əlilliyin ilkin qiymətləndirilməsində tələb edilir..... Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin fərdi reabilitasiya proqramını tərtib etmək və onun icrasına nəzarət etmək həmin qurumun fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir və həmin vəzifənin həyata keçirilməsi “X5 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi” Qaydası ilə tənzimlənir. Beləliklə, həmin arqument əsassız olmaqla, əlilliyin təkrar qiymətləndirilməsinin müalicə müddəti ilə şərtləndirilməsi qüvvədə olan normativ aktların tələblərinə ziddir. Təkrar qiymətləndirmə zamanı yalnız müalicə günlərinin yetərsizliyi səbəbinə istinadla əlilliyin müəyyən edilməsindən imtina oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (2-1(102)-2821/2023 nömrəli, 2-1(102)144/2023 nömrəli, 2-1(102)-1038/2023 nömrəli və 2-1(102)-2239/2023 nömrəli qərarları və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin, iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” nın 1.5.1 və 1.5.3-cü bəndlərindən göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya əlilliyin təyin edilməsi üçün əsas diaqnozla yanaşı, həmin xəstəliyin ağırlaşmalarının mövcud olmalı olduğunu, lakin, hazırda onda əsas diaqnozun ağırlaşmalarının aşkar edilmədiyini bildirsə də, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, iddiaçı göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm onun ağırlaşmalarından əziyyət çəkir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, T 361/2023 nömrəli ekspert rəyindən görünür ki, hazırda iddiaçı 0530003AAJDK nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz - M51.1 “Bel və digər şöbələrin fəqərələrarası disklərinin radikulopatiya ilə, fəqərələrin diffuz yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə. L5-S1 fəqərələrarası tez-tez residivləşən disk yırtığına görə aparılan cərrahi əməliyyatdan sonrakı vəziyyət”, ağırlaşmaları – G90.8 “Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom”, Z98.8 “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. L5-S1 fəqərəarası tez-tez residivləşən disk yırtığına görə aparılan üç cərrahi əməliyyatdan sonrakı vəziyyət: 1.L5 fəqərə qövsünün sondan hissəvi hemilamlektomiyası. L5-S1 fəqərəarası diskin yırtığının xaric edilməsi (xx.xx.2009) 2. L5- S1 fəqərəarası diskin residiv yırtığının xaric edilməsi (xx.xx.2012) 3. Disk yırtığının xaric edilməsi, L5-S1 onurğa seqmentinin transpedikulyar fiksasiyası (xx.xx.2016) hər iki sidik axarı daşı xəstəliyi. UROSEE əməliyyatından sonrakı vəziyyət”, G82.1 “Spastik paraplegiya, Sol pəncənin parezi, sol baldırın hipesteziyası”, R26 “Hərəkətin və yerişin pozulmaları, hərəki funksiyanın pozulması”, M54.4 “İşiasla gedən lümbaqo, vertebrogen lyumboişalgiya, tez-tez baş verən kökcük ağrı sindromu ilə” diaqnozlu əsas xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir. Həmin xəstəliklər xroniki olduğundan tam sağalmırlar, lakin kəskinləşərsə xəstənin vəziyyətindən asılı olaraq ambulator yaxud stasionar müalicəyə cəlb oluna bilər. Birinci instansiya məhkəməsi ekspert qarşısında iddiaçı barəsində sonuncu dəfə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, C00059168VLZ nömrəli göndəriş (hansı ki, sonuncu imtina cavabı bu göndəriş əsasında verilmişdir) əsasında deyil, daha əvvəlki - xx.xx.2022ci il tarixli, 0530003AAJDK nömrəli göndərişdə qeyd olunan xəstəliklərlə bağlı suallar qoymuş olsa da, kollegiya hesab edir ki, bu hal iş üzrə alınmış ekspert rəyinin əhəmiyyətini azaltmır. Belə ki, 0530003AAJDK nömrəli göndərişdə göstərilən və ekspert tədqiqatı nəticəsində iddiaçıda aşkar edilən M51.1 kodlu əsas diaqnoz və onun ağırlaşmaları olan Z98.8 və R26 kodlu xəstəliklər C00059168VLZ nömrəli göndərişdə də qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-tibbi ekspertiza tədqiqatı ilə müəyyən edilir ki, həqiqətən də iddiaçı C00059168VLZ nömrəli göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm də onun ağırlaşmalarından əziyyət çəkir. Bu baxımdan, kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə ekspert rəyi alındıqdan sonra birinci instansiya məhkəməsinin qərardadına əsasən cavabdeh tərəfindən C00059168VLZ nömrəli göndəriş əsasında iddiaçının əyani müayinəsi aparılaraq əlillik vəziyyəti qiymətləndirilmiş, müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 23 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh sözügedən qərarında iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas verməmədini bildirsə də, işin yuxarıda qeyd olunan hallarından müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2015-ci il tarixdən etibarən 6 il müddətində ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun ikinci dərəcə əlillik təyini üçün əsas olmadığını bildirir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2015-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)- 4372024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş C00059168VLZ nömrəli göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm də onun ağırlaşması göndərişin tərtib edildiyi dövrdə və hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından da əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, iddiaçının əsas diaqnozu olan M51.1 kodlu və ağırlaşması R26 kodlu xəstəliklər meyarların 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.6.3 və 6.1.10-cu bəndlərində əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər kimi təsbit edilmişdir. Belə ki, meyarların 6.1.10.1-6.1.10.3-cü bəndlərinə əsasən R26 kodlu xəstəlik orqanizmin funksiyalarının 35-60, 65-80 və 85-100 faiz pozulmasına görə, 6.6.3.1-6.6.3.3-cü bəndlərinə əsasən M51.1 kodlu xəstəlik isə orqanizmin funksiyalarının 40, 60, 90 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, müəyyən edilir ki, C00059168VLZ nömrəli göndərişdəki əsas xəstəlik kimi qeyd edilmiş M51.1 kodlu və onun ağırlaşması olan R26 xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları” na əsasən iddiaçıya əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona əlilliyin təyin edilməsinə dair hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(118)-344/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar