Məhkəmə qərarları › İş №2-1(105)-924/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-924/2023

27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-924/2023 27.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(118)-3588/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, İddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixində TSEK-də müayinədən keçmiş və ona “Xronik tubulointerstisial nefrit, ikitərəfli xroniki pielonefrit” diaqnozu ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi TSEK-də xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona “göndərişin natamam doldurulması – səbəb: əsas diaqnoz və ağırlaşmalarını təsdiq edən laborator-instrumental müayinələrin nəticələri, status localis və TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı barəsində tibb müəssisəsi tərəfindən yenidən göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona “Əlavə müalicəyə ehtiyacın olması – səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona “Əlavə müalicəyə ehtiyacın olması – səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə kursu yetərli deyil, ixtisaslaşmış müayinə və müalicə davam olunmasına ehtiyac var, klinik obyektiv laborator və instrumental müayinələri tam aparılmamışdır, dəqiqləşdirilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sonuncu dəfə isə iddiaçıya TSEK-ə göndərilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli 0215003AAFJJ nömrəli göndəriş verilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: uroloq xroniki böyrək xəstəliyi 2-ci mərhələ qeyd edildiyi halda, ağırlaşma kimi xroniki böyrək xəstəliyi 3-cü mərhələ qeyd edilmişdir. Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya xroniki böyrək çatışmazlığı xəstəliyi ilə əlaqədar xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ll qrup əlillik təyin edilmişdir. Həmin müddət bitikdən sonra iddiaçı yenidən 2022-ci ilin yanvar ayında ambulator müayinə olunmuş və onun vəziyyətinin daha da ağırlaşması müəyyən edilmişdir. Bundan sonra iddiaçı əlilliyin müəyyən edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdehin 21 fevral 2023-cü il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Həmin imtina məktubu iddiaçıya 11 mart 2023-cü il tarixdə poçt xidməti vasitəsilə çatdırılmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-1(112)-8639/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və ona “Xronik tubulointerstisial nefrit, iki tərəfli xroniki pielonefrit” diaqnozu ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin Xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. Bundan sonra həmin Xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və yenə də əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Göndərişin natamam doldurulması - Səbəb: uroloq Xroniki böyrək xəstəliyi 2-ci mərhələ qeyd edildiyi halda ağırlaşma kimi xroniki böyrək xəstəliyi 3-cü mərhələ qeyd edilmişdir. Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstənin ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” səbəbi ilə göndəriş geri qaytarılmışdır. Göründüyü kimi iddiaçı barəsində tərtib edilmiş sonuncu göndərişin geri qaytarılmasının səbəbi göndərişin natamam doldurulması olmuşdur. Odur ki, iddiaçıya ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinədən keçdikdən sonra müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(118)-3588/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində sonuncu dəfə səhiyyə müəssisəsi tərəfindən 30 aprel 2022-ci il tarixdə tərtib edilmiş Forma 088, cavabdeh tərəfindən 05 may 2022-ci il tarixdə qiymətləndirilərək iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İndiki halda isə iddiaçının məhkəməyə müraciət etmək hüququ cavabdehin imtinasını aldığı gündən 30 gün ərzində mövcud olduğu halda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə bir ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır. İddiaçı məhkəmənin bu qənaəti ilə razılaşmayaraq bildirir ki, cavabdeh orqan 21 fevral 2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Abşeron Rayon Mərkəzi Xəstəxanasının 0215003AAFJJ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbilə səhiyyə müəssəsinə geri qaytarılmışdır. Həmin imtina məktubu iddiaçıya 11 mart 2023-cü il tarixdə poçt xidməti vasitəsilə çatdırılmışdır. Yəni, iddiaçı cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsindən imtina cavabından 11 mart 2023-cü il tarixdən məlumatlı olmuşdur. Bu baxımdan, hesab edir ki, hazırkı iddia tələbi üzrə müddət ötürülməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixində bitdikdən sonra cavabdeh orqan tərəfindən ona yenidən əlilliyin təyin edilməsindən müxtəlif aralıqlarla dörd dəfə imtina cavabı verilmişdir. İlkin imtina xx.xx.2021-ci il tarixində verilmiş, həmin imtina cavabı ilə bağlı iddiaçının mobil telefon nömrəsinə SMS bildiriş göndərilməmişdir. Bundan sonra iddiaçıya xx.xx.2021-ci il tarixində imtina cavabı verilmiş və bununla bağlı ona xx.xx.2021-ci il tarixində SMS bildiriş göndərilmişdir. Daha sonra iddiaçıya xx.xx.2021-ci il tarixində imtina cavabı verilmiş və bununla bağlı ona xx.xx.2021-ci il tarixində SMS bildiriş göndərilmişdir. Sonuncu dəfə isə iddiaçıya xx.xx.2022-ci tarixində imtina cavabı verilmiş və o, qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəmədə hazırki iddianı qaldırmışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixində TSEK-də müayinədən keçmiş və ona “Xronik tubulointerstisial nefrit, ikitərəfli xroniki pielonefrit” diaqnozu ilə ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı barəsində tibb müəssisəsi tərəfindən yenidən göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona yenidən əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Sonuncu dəfə isə iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixli 0215003AAFJJ nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması - Səbəb: uroloq xroniki böyrək xəstəliyi 2-ci mərhələ qeyd edildiyi halda, ağırlaşma kimi xroniki böyrək xəstəliyi 3-cü mərhələ qeyd edilmişdir. Əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslı tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi məcburetmə haqqında iddia üzrə İPM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddiaçının hazırkı tələbi cavabdeh inzibati orqan tərəfindən ona əlilliyin təyin edilməsi barədə qərarın (iddiaçıya münasibətdə əlverişli inzibati aktın) qəbul edilməsi ilə bağlı olmaqla, növünə görə məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İşdən görünür ki, iddiaçının əlillik müddəti bitdikdən sonra o, 2021-2022-ci illər ərzində müxtəlif aralıqlarla ona əlilliyin təyin edilməsi ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasında müayinələrdən keçmişdir. Belə ki, həmin dövr ərzində iddiaçının əlilliyi xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilərək ona göndərişin natamam doldurulması və əlavə müalicəyə ehtiyacın olması səbəbləri ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən TSEK-nin elektron informasiya sistemindən çıxarışlardan müəyyən edilir ki, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli imtina cavabı barədə xx.xx.2021-ci il tarixdə, eyniməzmunlu xx.xx.2021-ci il tarixli imtina barədə isə xx.xx.2021-ci il tarixdə iddiaçının mobil telefon nömrəsinə SMS bildiriş göndərilmişdir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən elektron informasiya sisteminin iddiaçı barəsində əlaqə məlumatlarından həmin mobil telefon nömrəsinin şəxsən iddiaçının özünə məxsus olduğu müəyyən edilmişdir. İşin sadalanan faktiki hallarından göründüyü kimi iddiaçı 2021-ci ildə əlillik müddəti bitdikdən sonra mütəmadi və ardıcıl olaraq TSEK-də müayinələrdən keçmiş, müayinələr nəticəsində ona verilmiş əlilliyin təyinindan imtina cavablarını izləmiş və bu cavablara uyğun davranaraq, tibb müəssisəsi tərəfindən barəsində yeni göndərişlər rəsmiləşdirilməklə, yenidən müayinələrdən keçmişdir. Bu mənada, kollegiya hesab edir ki, iddiaçı ona əlilliyin təyin edilməsindən sonuncu imtina haqqında xx.xx.2022-ci il tarixli qərardan ən azından 2022-ci ilin may ayından məlumatlı olmuşdur. İddiaçı imtina barədə inzibati aktdan 2022-ci ilin may ayından məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 11 ay sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da İPM-in 38.2-ci maddəsində göstərilmiş iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin sonuncu imtinasından yalnız 21 fevral 2023-cü il tarixli məktubun ona təqdim edildiyi 11 mart 2023-cü il tarixindən məlumatlı olduğunu bildirmişdir. Kollegiya şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, işin yuxarıda sadalanan xüsusatlarından göründüyü kimi iddiaçıya xx.xx.2022-ci tarixində əlilliyin təyin edilməsindən imtina cavabı verildikdən sonra o, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan 21 fevral 2023-cü il tarixli, 3-17-4/2-Ş- 3690/2023 nömrəli məktubu ilə iddiçının müraciətinə cavab olaraq onun əlillik vəziyyətinin Abşeron Rayon Mərkəzi Xəstəxanasının 0215003AAFJJ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirildiyini və göndərişin natamam doldurulması səbəbilə səhiyyə müəssəsinə geri qaytarıldığını qeyd etmiş, bununla əlaqədar, yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin qiymətləndiriləcəyini bildirmişdir. Yəni, iddiaçının istinad etdiyi 21 fevral 2023-cü il tarixli məktubla cavabdeh tərəfindən onun əlilliyinin xx.xx.2022-ci il tarixdə qiymətləndirildiyi bildirilmiş və göndəriş natamam doldurulduğundan onun müvafiq səhiyyə müəssisəsinə geri qaytarılması barədə iddiaçıya təkrarən məlumat verilmişdir. Bu baxımdan, kollegiya şikayətin həmin dəlilini əsassız hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Göndərişin verilməsi qaydaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” ilə tənzimlənir. Belə ki, həmin normativ hüquqi aktın 2.1, 2.2 və 2.3-cü bəndlərinin tələblərinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, tibb müəssisəsi tərəfindən göndəriş natamam doldurulduğu halda, TSEK həmin göndərişi onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bundan sonra həmin tibb müəssisəsi müayinədən keçməli olan şəxsin iştirakı ilə onun sağlamlıq vəziyyəti ilə bağlı müvafiq sənədlər əsasında diaqnozunu dəqiqləşdirərək barəsində yeni göndəriş tərtib edir və ya bundan imtina edir. Hazırki halda iddiaçıya sonuncu dəfə xx.xx.2022-ci il tarixli, 0215003AAFJJ nömrəli göndəriş əsasında göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edildiyindən, o, yenidən tibb müəssisəsinə müraciət edərək həmin göndərişdə qeyd edilən nöqsan aradan qaldırılmaqla barəsində yeni göndəriş tərtib edilməsini, daha sonra qiymətləndirilməsi üçün TSEK-ə göndərilməsini tələb edə, müraciəti təmin edilmədiyi təqdirdə isə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(118)-3588/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar