Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-924/2024 10.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2-1(118)-383/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(118)-1168/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2-1(105)-126/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1168/2021 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli, 2-1(102)-930/2022 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 2-1(105)-126/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin ərəfədə, Quba Rayon İcra Hakimiyyəti başçısı tərəfindən “Quba şəhəri ərazisində vətəndaşlara torpaq sahələrinin ayrılması barədə Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsinin sərəncamlarının bəyənilməsi barədə” 27 dekabr 2021-ci il tarixli, 129 nömrəli sərəncam qəbul edilmişdir. Həmin sərəncamdan görünür ki, Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsi tərəfindən vətəndaşlara şəhər ərazisindən torpaq sahələrinin ayrılması barədə sərəncamlar verilmişdir. Həmin sərəncamların verilməsi üçün nümayəndəliyə yerli icra hakimiyyəti orqanının razılığının verilməsi müəyyən edilmədiyindən, qeyd olunan torpaq torpaq sahələrinin rəsmiləşdirilməsi mümkün olmamış və vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyata alınmasında əngəl yaranmışdır. Vətəndaşların faktiki sahibliyində olan həmin sahələri üzrə Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş sərəncamların Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 358.2-ci maddəsinə əsasən Rayon İcra Hakimiyyəti tərəfindən bəyənilərək, etibarlı hesab edilməsi müvafiq hesab edilmişdir. Qeyd olunanlara əsasən bələdiyyə orqanları formalaşa qədər Quba şəhəri ərazisində vətəndaşlara torpaq sahələrinin ayrılması barədə Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsinin sərəncamları bəyənilərək etibarlı hesab edilmişdir. İddiaçı da məhz həmin - Quba Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2021-ci il tarixli, 129 nömrəli sərəncamını ərizəyə əlavə etməklə, 22 noyabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İnzibati orqan 13 yanvar 2023-cü il tarixli, 3-21-3-34/2-443/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən torpaq sahəsi Quba RİH başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 58 nömrəli sərəncamı ilə ayrılmışdır. Torpaq qanunvericiliyində icra nümayyəndəliklərin torpaq ayırma səlahiyyətlərinə malik olması nəzərdə tutulmamışdır. Bundan əlavə, Quba RİH başçısının Quba şəhəri üzrə nümayəndəsinə torpaq sahələrinin ayrılması səlahiyyətinin verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum anası X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14 dekabr 1995-ci il tarixli, 58 saylı sərəncamı ilə iddiaçının anası X3 Quba şəhərinin “Dəvədabanı” yaşayış massivindən 0,05 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Anası N.Ağabəyova 10 iyun 2003-cü il tarixdə vəfat etmişdir. O, həmin torpaq sahəsinin anasına məxsus olması və gələcəkdə vərəsəlik məsələlərinin həlli məqsədi ilə bütün müvafiq sənədləri əlavə etməklə, 1 mart 2021-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin, cavabdeh 9 mart 2021ci il tarixli, **********24 saylı məktubu ilə müraciətinin icrasından imtina etmişdir. Məktubda imtinanın səbəbi kimi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmaması göstərilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müvafiq sənədlərlə birlikdə Quba RİH başçısının xx.xx.2021-ci il tarixli, 129 nömrəli sərəncamı da əlavə olunmuşdur. Həmin sərəncamla “Bələdiyyə orqanları formalaşana qədər Quba şəhəri ərazisində vətəndaşlara torpaq sahələrinin ayrılması barədə Quba RİH-nin Quba şəhəri üzrə nümayəndəsinin sərəncamı bəyənilərək etibarlı hesab edilmişdir. Daha sonra iddiaçı tərəf yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2-1(105)-126/2022 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini xahiş etmiş, apellyasiya instansiya məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(105)-126/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2-1(118)-383/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 22 fevral 2022-ci il tarixli, 2- 1(105)-126/2022 nömrəli qərarı ilə iddiaçının Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi tələbinə dair iddiası tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli, 2-İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı bu əsasla mümkün saymamışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Halbuki, bu halda mübahisə eyni tərəflər arasında və eyni predmet barəsində olmasına baxmayaraq, eyni əsaslar üzrə deyil. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarında iddianın rədd olunmasının əsası kimi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmaması göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə xx.xx.2015ci il tarixli Fərmana 2.7-ci bənd əlavə edilmişdir. Bu Fərman qəbul olunduqdan sonra iddiaçı bu məsələ ilə əlaqədar xx.xx.2022-ci il tarixli ərizə Quba rayon İcra Hakimiyyəti Başçısına müraciət etmiş, ərizəyə cavab olaraq onlara Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 129 saylı sərəncamı təqdim olunmuşdur. Sərəncamla bələdiyyə orqanları formalaşana qədər Quba şəhəri ərazisində vətəndaşlara torpaq sahələrinin ayrılması barədə Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin sərəncamları bəyənilərək, etibarlı hesab edilmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarında iddianın rədd olunmasının əsası kimi göstərilmiş “Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmaması” səbəbi Quba rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə aradan qalxmışdır. İddiaçı bundan sonra Quba RİHB-nin sərəncamının yeni açılmış hal olması əsası ilə Ali Məhkəmənin Plenumuna müraciət etmiş, Ali Məhkəmə ərizəsini baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi ərizəni təmin etməyərək göstərmişdir ki, bu yeni açılmış hal deyil, yeni əsasdır. Belə ki, sərəncam verilənə qədər artıq məhkəmə qərarı çıxmışdır. Qeyd edir ki, hazırkı iddiasına 15 fevral 2023-cü ildən Sumqayıt İnzibati Məhkəməsində hakim İsmayıl Quliyevin icraatında baxılmış, hazırkı qəradadda göstərilmiş məsələ İsmayıl Quliyev tərəfindən araşdırılmış və iddianın əsasının başqa olması səbəbindən işə baxılması davam etdirilmiş, iş şifahi məhkəmə baxışına keçirilmiş, mütəxəssis rəyi alınmışdır. İ.Quliyevin başqa məhkəməyə təyinat alması ilə əlaqədar iş hakim Könül Həbibovaya verilmiş, o, işi yenidən hazırlıq mərhələsinə qaytarmış (bu halın İPM-nin tələblərinə uyğun olub-olmamasına apellyasiya məhkəməsi tərəfindən qiymət verilməsini xahiş edir), birinci iclasda heç bir araşdırma aparmadan, vəkilinin izahatlarını dinləmədən iddianın mümkün sayılmaması barədə qərardad çıxarmışdır. Hesab edir ki, məhkəmə tərəfindən inzibati mübahisə üzrə iddianın mümkünlük şərtlərini istisna edən hal müəyyən edilmədiyindən məhkəmə formal olaraq əvvəlki iddia ilə hazırkı iddianın eyni əsaslarla olduğuna istinad etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 22 fevral 2022-ci il tarixli, 2-1(105)- 126/2022 nömrəli qərarı olduğundan iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirir ki, işə baxan məhkəmə tərəfindən iddianın mümkünlüyü ilə bağlı hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddianın mümkünlük şərtləri İPM-in müxtəlif maddələrində, o cümlədən 1.1-ci (mübahisənin inzibati hüquq mübahisəsi olması), 35-ci (iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ehtimalı və hüquqi müdafiə marağının mövcud olması), 36-cı (xüsusi hüquqi müdafiə marağı), 38-ci (iddia müddəti) maddələrində də təsbit olunmuşdur. Bundan əlavə, Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olduğu hallarda, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Bu baxımdan, mülki prosessual qanunvericiliyin həmin tələbi inzibati məhkəmə icraatı üçün də keçərlidir. Başqa sözlə, yalnız eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iddianın mümkünlük şərtlərinə aiddir və belə qərarın mövcud olması preyudisial anlamda iddianın mümkünlüyünü istisna edən şərt kimi qiymətləndirilir. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 22 fevral 2022-ci il tarixli, 2- 1(105)-126/2022 nömrəli qərarı ilə rədd edilmişdir. Nəzərə almaq lazımdır ki, həmin iş üzrə mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində olsa da, mübahisə predmeti üzrə əsaslar eyni olmamışdır. Belə ki, həmin mübahisə üzrə cavabdeh Quba şəhəri üzrə nümayəndəsinə torpaq sahələrinin ayrılması səlahiyyətinin verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilmədiyindən icra nümayəndəliyinin torpaq ayırma səlahiyyətlərinə malik olmadığı əsası ilə iddiaçının müraciətinin icrasından imtina etmiş, iddiaçının torpaq sahəsinə dair tələb hüququ Quba RİH başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 58 nömrəli sərəncamına əsaslanmışdır. Qeyd olunan məhkəmə mübahisəsi gedən dövrdə Quba RİH başçısının xx.xx.2021ci il tarixli, 129 nömrəli sərəncamı qəbul edilərək həmin sərəncamla bələdiyyə orqanları formalaşana qədər Quba şəhəri ərazisində vətəndaşlara torpaq sahələrinin ayrılması barədə Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsinin sərəncamları bəyənilərək etibarlı hesab edilmişdir. Odur ki, iddiaçı hazırda tələbini Quba RİH başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 58 nömrəli sərəncamından əlavə, həmin sərəncamın bəyənilərək etibarlı hesab edilməsi barədə RİH başçısının xx.xx.2021-ci il tarixli, 129 nömrəli sərəncamı ilə əsaslandırır. Bununla da, müəyyən edilir ki, tərəflər arasında olmuş əvvəlki və hazırkı mübahisə üzrə əsas eyni deyildir. Bundan əlavə, kollegiya qeyd edir ki, analoji mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-645/2024 nömrəli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi iddiaçıya torpaq sahəsinin ayrılmasına əsas olmuş Quba RİHB-nin şəhər üzrə nümayəndəsinin 16 mart 1995-ci il tarixli 12 saylı sərəncamı və həmin sərəncamın bəyənilərək etibarlı hesab edilməsi barədə Quba Rayonu İcra Hakimiyyəti başçısının 27 dekabr 2021-ci il tarixli, 129 nömrəli sərəncamını (hazırkı iş üzrə də iddiaçının istinad etdiyi) hüquqmüəyyənedici sənədlər qismində qəbul etmiş və iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının hazırda irəli sürdüyü tələbin əsası fərqli olduğundan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2-1(118)-383/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-924/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-924/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver