Məhkəmə qərarları › İş №2-1(105)-924/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-924/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-924/2025 13.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2-1(118)-3200/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayonu Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixil 12 saylı Qərarı ilə bələdiyyə ehtiyat fondunun KPİ-yə aid torpaq sahəsindən istirahət iaşə məqsədilə 0.10 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin alqı-satqı aktı 15 avqust 2004-cü ildə 475 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin rəyində 0.10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, alqı-satqı predmeti olduğu, kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. JN 293F, KOD 30305058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayonu Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixli 12 saylı qərarı ilə iddiaçıya 0.10 ha istirahət-iaşə torpaq sahəsi satılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 16 oktyabr 2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Quba rayon Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli iclas protokolunun 12 saylı qərarı ilə ona Quba rayonu, Qrızdəhnə kəndi ərzisindən istirahət iaşə məqsədilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, Quba rayonu, Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixli iclas protokolunun 12 saylı qərarı ilə iddiaçıya Quba rayonu Qrızdəhnə kənd ərazisindən istirahət iaşə məqsədilə 0,10 ha torpaq sahəsi ayrılmış, həmin qərara əsasən onunla Quba rayonu Qrız bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmış, torpağın dəyərini ödəyərək almışdır və həmin vaxtdan torpağa sahiblik edərək istifadə edir. Satın aldığı 0,10 ha torpağa dair sənədləri toplayıb mülkiyyətini təsdiq edən çıxarış almaq üçün cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh təşkilat xx.xx.2004-cü il tarixli cavab məktubu ilə Quba rayonu Qrız bələdiyyəsinin xx.xx.2004-cü il 12 saylı protokolundan çıxarışa əsasən ayrıldığı göstərilsə də, ərizəsinə əlavə edilmiş ləğv edilmiş DTXK nin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş torpaqlarının alqı-satqısına dair aktın tərtib edildiyini, ona ayrılmış torpağın elektron məlumat bazasında olan xəritə üzərində bələdiyyənin ehtiyat fonduna aid torpaq kimi göstərilməsini, həmçinin ərizəsinə əlavə edilmiş JN: 293 F saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaqların elektron kadastrı uçotu informasiya sistemində fərqli olduğunu, X10 torpaq sahəsi olaraq işləndiyi aşkar edilmişdir. Göstərilənləri əsas götürüb ona çıxarışın verilməsindən imtina edilmişdir. Torpaq sahəsinin koordinatları bələdiyyə sədrinin (N.Məmmədov) və iddiaçının iştirakı ilə (İddiaçı) tərtib edilib. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Quba rayon Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixli 12 saylı iclas protokolundan, Quba rayon Qrız bələdiyyəsi ilə bağladığı alqı-satqı müqaviləsindən görünür ki, Quba rayonu Qrız bələdiyyəsinin hesabına pul ödəmiş, 0,10 ha torpaq sahəsini satın almışdır. Ləğv edilmiş DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən verilmiş rəy və torpaq sahəsinin plan və ölçü sənədlərindən aşkar olur ki, 0,10 ha torpağın satılması qanunamüvafiqdir. Ona satılmış torpaq sahəsi Qrız bələdiyyəsinin X10 sahə deyil, daşlıq kolluq ərazisidir. Turizm rekreasiya torpaq sahəsi olmaqla alt kateqoriyaya aiddir. Baş planda həmin ərazi düzgün uqodiyasını tapmamışdır. Ərazidə ölçüsü müəyyən edilməyən daşlıqlar var. Ona satılan torpağın yanında yerləşən onlarla şəxsin torpaq sahəsinə dair çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2-1(118)-3200/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu, Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir. (hakim Aynur Axundova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin rəyində 0.10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, alqısatqı predmeti olduğu, kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, JN-293F kod 30305058 saylı şəhadətnamə baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmışdır və həmin torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. Sözügedən torpaq sahəsi (iddiaçının iddia etdiyi torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X10 kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, alt uqodiyası iaşə obyekti kimi, islahat uqodiyası təmiz örüş kimi, əmlak növü qeyri-yaşayış binası kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Həmçinin mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq sahəsinin şimal-qərb qonşuluğunda olan torpaq sahəsi üzərində **********05 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarı APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki mübahisənin predmetini cavabdehin Quba rayonu, Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin imtina məktubuvə və apelyasiya şikayətinin dəlilləri 2 hissədən ibarətdir:

1. Torpaq sahəsinə dair JN: 293F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş Şəhadətnamələrin və Dövlət Aktlarının qeydiyyat kitablarından qeydiyyatdan keçmədiyi, arxiv nüsxəsinin və elektron kadastr baza məlumatlarının mövcud olmadığı aşkar edilmişdir;

2. Torpaq sahəsinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə X10 torpaq sahəsi olaraq işləndiyi; Məhkəmə kollegiyası qeyd edilən dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Quba rayonu Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixli 12 saylı Qərarı ilə bələdiyyə ehtiyat fondunun KPİyə aid torpaq sahəsindən istirahət iaşə məqsədilə 0.10 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin alqı-satqı aktı 15 avqust 2004-cü ildə 475 nömrə ilə qeydiyyata alınmışdır.Torpaq satılarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin rəyində 0.10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, alqı-satqı predmeti olduğu, kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. JN 293F, KOD 30305058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Quba rayonu Qrız bələdiyyəsinin 13 may 2004-cü il tarixli 12 saylı qərarı ilə iddiaçıya 0.10 ha istirahət-iaşə torpaq sahəsi satılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, alqı-satqı aktı, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Quba rayonu ərazisində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 293F, KOD 30305058 saylı şəhadətnamə ilə 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh təşkilatın apellyasiya şikayətinin dəlillərindən biri, həmçinin imtinasında göstərdiyi JN 293F, KOD 30305058 "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin elektron məlumat bazasında öz əksini tapmamasından ibarətdir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməməsi ilə bağlı birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmışdır. Belə ki, cavabdeh orqanın gətirdiyi həmin dəlilə münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, “Torpaq sahəsinin müayinəsi zamanı mübahisəli hal qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 0.10 ha təşkil edir. Torpaq sahəsinin müayinəsi zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-293F kod 30305058 saylı şəhadətnamə baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə (293) qeyd olunmamışdır. JN-293F kod 30305058 saylı şəhadətnamə baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmışdır və həmin torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. ...” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 08 aprel 2025-ci il tarixli 3-21-3-60/2- 875/2025 saylı məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı adına JN-293F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri (Quba rayonu Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli Qərarı daxil olmaqla) aşkar edilməmişdir. Məhkəmə kollegiyasının sorğusu nəticəsində əldə edilmiş Quba rayon Xınalıq bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 52 №-li məktubuna əsasən Quba rayon Qrız bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixindən Quba şəhərində yaşayan İddiaçı məxsus 0,10 ha torpaq sahəsinin arxiv sənədləri Dövlət arxivinə təhvil verilməmişdir və Xınalıq bələdiyyəsində saxlanılır. Bələdiyyədə saxlanılan sənədlərə Quba rayon Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarı, həmin qərardan çıxarış, torpaqların alqı-satqısına dair akt, X13 filialı tərəfindən verilmiş 13 saylı qəbz, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilən rəy, Quba rayon Qrız bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş 1:10000 və 1:2000 miqyasında xəritə daxildir. Bələdiyyə qərarı və başqa məlumatlar əsasında 293 saylı, kod ******* nömrəli şəhadətnamə verilmişdir. Elektron xəritədə həmin torpaq sahəsi öz əksini tapmışdır. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Quba rayon Xınalıq bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 49 №-li məktuba əsasən Quba rayon Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarı və həmin qərarla əlaqədar ilkin torpaqayırma sənədləri də daxil olmaqla bütün sənədlərin (torpağın alqısatqısına dair aktın, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilən rəyin, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbzin, iclas protokolunun və s.) əslləri təqdim olunmuşdur. Quba rayon Xınalıq bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 50 №-li məktuba əsasən İddiaçı torpaq sahəsinin ayrılması Quba rayon Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarı qüvvədədir və ona çıxarışın verilməsinə etiraz edilməmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsi naturada mövcduddur, iddiaçının faktiki istifadəsindədir, habelə həmin torpaq sahəsinin Quba rayon Qrız bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarı, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 293F, KOD 30305058 saylı şəhadətnamə hazırda qüvvədə olmaqla, onların ləğv edilməsi, geri çarılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edilən sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə onu da qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" elektron məlumat bazasında da öz əksini tapmamaması məhz inzibati orqanın hüquqi məsuliyyət daşıdığı hal kimi çıxış etməklə, iddiaçının təqsiri ilə əhatə olunan hal kimi ortaya çıxmamışdır. Belə olan halda, həmin əsasa istinad edilməklə, iddiaçıların mövcud olan hüquqlarının məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin norma və prinsiplərinin tələbinə, mahiyyətinə və məqsədinə zidd olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, mütənasiblik prinsipinin tələbinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda mövcud məlumatların reyestr kitabında aşkarlanmaması halı məhz müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçıların məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onların hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bundan əlavə, qeyd edilməlidir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin 1-ci dəlili əsassız olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi torpaq sahəsinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə X10 torpaq sahəsi olaraq işləndiyi ilə bağlı 2-ci dəlilinə münasibətdə ilk növbədə qeyd edir ki, iş materialları ilə torpaq sahəsinin satılarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən verilmiş rəyində 0.10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, alqı-satqı predmeti olduğu, kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Bundna başqa cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Mübahisəli torpaq sahəsinə qonşu torpaq sahələrinin xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına dair çıxarışlardan müəyyən edilir ki, cavabdehin baza məlumatlarında X10 kimi göstərilən qonşu torpaq sahələrinin hamısının kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları” olaraq xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli müayinə aktında həmçinin qeyd edilmişdir ki, “...Sözügedən torpaq sahəsi (iddiaçının iddia etdiyi torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X10 kateqoriyalı olub, uqodiyası tikinti altında olan torpaqlar kimi, alt uqodiyası iaşə obyekti kimi, islahat uqodiyası təmiz örüş kimi, əmlak növü qeyri-yaşayış binası kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin şimal-qərb qonşuluğunda olan torpaq sahələri üzərində **********05 reyestr nömrəli çıxarışa əsasən X2, **********07 reyestr nömrəli çıxarışa əsasən X12, **********06 reyestr nömrəli çıxarışa əsasən X5, **********35 reyestr nömrəli çıxarışa əsasən X6, şimal qonşuluğunda yerləşən torpaq sahələri üzərində isə **********79 reyestr nömrəli çıxarışa əsasən X1, **********72 reyestr nömrəli çıxarışa əsasən X7,şərq qonşuluğunda yerləşən torpaq sahəsi üzərində **********64-10301 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.” Beləliklə məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, qeyd edildiyi kimi inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya, bu baxımdan, cavabdehin 2-ci dəlilini əsassız hesab edir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər qüvvədədir və preyudisial əhəmiyyətə malikdir. Həmin sənədlərin mötəbərliyi işin araşdırılan hallarına uyğun olaraq məhkəmə üçün şübhə doğurmur. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2-1(118)-3200/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar