Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-925/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı MTK-nın vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binaları üzərində İddiaçı MTK-nın hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(118)-1995/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı MTK cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binaları üzərində İddiaçı MTK-nın hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçərək “**********” nömrəli VÖEN əldə etmiş və hazırda Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun qaydada fəaliyyətini həyata keçirir. ”SAS 2015” MTK İddiaçı MMC-nin hüquqi varisidir. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən 0,9211 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. İddiaçı MMC-nin mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq ******* nömrəli çıxarış verilmişdir. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km ünvanında yerləşən “F”, "E" və “D” çoxmərtəbəli yaşayış binaları üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətlərinə Cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılaraq, xx.xx.2023-cü il tarixli məktubla ərizənin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtina səbəbləri aşağıdakılardır: Yaşayış binalarına dair tikinti obyektinin istismarına icazə sənədi və qanunamüvafiq qaydada təsdiqlənmiş eskiz layihəsi müraciətə əlavə olunmamışdır; Müraciətə əlavə edilmiş çıxarışlarla qeydiyyata alınmış torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılması mümkün olmamışdır; Torpaq sahələrinin təyinatına və hüquqi rejiminə görə bir hissəsinin ehtiyat fondu torpaqlara, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözlənilmədən üzərində çoxmərtəbəli yaşayış binalarının inşa edildiyi müəyyən edilmişdir; Sözügedən çoxmərtəbəli yaşayış binalarının ümumi tikintialtı sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Hesab edir ki, imtina əsassızdır, mülkiyyət hüqununun qeydə alınması üçün əsas olmuş bütün sənədlər qeydiyyat orqanına təqdim edilmişdir. Cavabdeh orqan müraciətinə formal imtina verməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanı özündə əks etdirir ki, hazırkı vəziyyətdə həmin imtina əsaslarından heç biri İddiaçınə münasibətdə təsdiqini tapmır. Bundan başqa cavabdeh orqanın xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məktubları ilə (dövlət qeydiyyatının aparılması barədə) Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km ünvanında yerləşən "A”, “B” və "C" çoxmərtəbəli yaşayış binaları üzərində “SAS 2015" MTK-nın mülkiyyət hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır ki, həmin binalara münasibətdə hazırki qanunsuz tələblər irəli sürülməmişdir. İmtinanın “torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə bir hissəsinin ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlar kımı qeydiyyata alınması" hissəsi ilə bağlı qeyd edilir ki, “A”, "B” və "C" çoxmərtəbəli yaşayış binaları "F", “E" və "D" çoxmərtəbəli yaşayış binaları ilə eyni torpaq sahəsində (0,9211 ha) yerləşir və torpaq sahəsi ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. Bundan başqa cavabdeh inzibati orqan bundan əvvəl xx.xx.2022-ci il tarixli məktubla ərizənin icrasından imtina edərkən hazırda göstərdiklərindən fərqli olaraq aşağıdakı səbəbləri göstərmişdir. İddiaçı MTK-ya məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km ünvanında yerləşən “F”, “E" və "D” çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına icazə sənədlərində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Sözügedən yaşayış binalarının hər birinə əlavə olaraq tikinti obyektinin istismarına icazə sənədlərinin təqdim edildiyi və sözügedən sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və huquqi rejiminə görə bir hissəsinin ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Sözügedən çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına hazırlıq və icazə sənədində mansard mərtəbəsinin qeyd edilmədiyi, təqdim edilmiş sənədlərdə binanın ümumi sahəsi 16799.0 kv m göstərilsə də, faktiki vəziyyətdə ümumi sahəsinin 18263.6 kv m olduğu, həmçinin istismara hazırlıq sənədində 216 mənzil qeyd olunsa da, faktiki 249 mənzil olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh orqan hər dəfə müxtəlif səbəblər sadalamaqla müraciətin icrasından imtina edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km ünvanında yeriəsən “D”, “E” və “F” saylı çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına icazə sənədləri və qanunauyğun təsdiqlənmiş eskiz layihələri əvvəlki müraciətə əlavə edilsə də, sonuncu müraciət üzrə sözügedən sənədlərin idarəyə təqdim edilmədiyi, idarəyə təqdim edilmiş **********15, **********96, **********61,**********62 və **********54 reyestr nömrəli çıxarışlarla qeydiyyata alınmış müvafiq torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılmasının mümkün olmadığı, sözügedən torpaq sahələrinin təyinatı və hüquqi rejiminə görə bir hissəsinin ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi, torpaq sahələrinin təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözlənilmədən üzərində çoxmərtəbəli yaşayış binalarının inşa edildiyi, iddia predmeti olan çoxmərtəbəli yaşayış binalarının ümumi tikintialtı sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: xx.xx.2016-cı il tarixli, **********15 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən 0,9211 ha torpaq sahəsi İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 137 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-yə Ceyranbatan qəsəbəsi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 0853847, 0853854, 0853853, ******* və 08533842 saylı çıxarışları ilə mükiyyətində olan cəmi 2,11 ha torpaq sahəsində 19 girişli, 9 mərtəbəli yaşayış evlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçsının xx.xx.2020-ci il tarixli, 158 nömrəli sərəncamından görünür ki, İddiaçı MTK-ya Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında inşa olunmuş 1 (D) ədəd 1 girişli 9 mərtəbəli, 2 (E,F) ədəd 2 girişli, 9 mərtəbəli yaşayış binalarının mansard mərtəbəsinin yaşayış kateqoriyasına keçirilməsinə və yaşayış kimi istifadə olunmasına icazə verilməsi qərara alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına icazələrdən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26cı km ünvanında yerləşən “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. xx.xx.2021-ci il tarixli, 005266 nömrəli istismara hazırlıq aktından görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km-də zirzəmili, 2 girişli, 9 mərtəbəli zirzəmili yaşayış kompleksinin “E” blokuna dair tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli, 003752 nömrəli istismara hazırlıq aktından görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km-də zirzəmili, 9 mərtəbəli “D” və “F” yaşayış binalarına dair tərtib edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən “A”, ”B” və ”C” çoxmərtəbəli yaşayış binaları üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə bir hissəsinin yaşayış məntəqələri təyinatlı ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna əsasən “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binalarının ümumi tikintialtı sahəsi (koordinatlar: 40.53904; 49.66732) “Azəriqaz” İB-yə məxsus qaz kəmərlərinin və qaz qurğularının mühafizə zonasında yerləşmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(118)-1995/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binaları üzərində İddiaçı MTK-nın hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtina cavabının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh dəfələrlə iddiaçıya müxtəlif əsaslarla imtina cavabları vermişdir. Sonuncu imtina cavabının birinci dəlili ondan ibarət olmuşdur ki, iddiaçının əvvəlki müraciətlərinə eskiz layihəsi əlavə edisə də, sonuncu müraciətinə əlavə edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh cavabında özü eskiz layihənin mövcudluğunu təsdiq edir və “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq həmin çatışmayan sənədi təqdim etməyi iddiaçıya təklif etməmişdir. Bundan başqa cavabdehin binaların ümumi tikintialtı sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşdiyini bildirmişdir. Cavabdehin bu dəlili “Azəriqaz” İB-nin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanladığı məktubu ilə təkzib edilir. Məhkəmə qeyd edir ki, iddiaçının inşa etdiyi 6 binadan üçü - “A”, “B” və “C” binaları üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Həmin binalar üzərində mülkiyyət hüququnun qeydə alınması üçün sənədlər tələb edilərək tədqiq edilmişdir və müəyyən edilmişdir ki, iddiaçı həmin binalar barəsində eyni sənədlər və əsaslarla müraciət etmişdir. Lakin hazırda mübahisə predmeti olan binalarla bağlı cavabdeh müxtəlif əsaslar gətirərək imtina cavabı vermişdir. Cavabdehin binaların yerləşdiyi torpaq sahəsinin təyinatı ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən cavabdeh orqana müraciət edilərək torpaq sahəsinin hansı hissəsinin ehtiyat fondu torpaqları, hansı hissəsinin kənd təsərrüfatı təyinatlı olması və ehtiyat fondu torpaqlarının yaşayış məntəqələri perpsektivli torpaqları olub-olmaması barədə məlumat istəmişdir. Lakin cavabdeh sorğuya cavabda imtina cavabında qeyd etdiyi kimi torpaq sahəsinin bir hissəsinin ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması barədə qeyri-müəyyən cavablar vermişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binaları üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Cavabdeh inzibati orqanın hazırda apellyasiya şikayətində istinad etdiyi dəlillər aşağıdakılardan ibarətdir: 1) İddiaçı MTK-ya məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km ünvanında yeriəsən “D”, “E” və “F” saylı çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına icazə sənədlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi (sözügedən sənədlərdə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməməsi); 2) Sözügedən yaşayış binalarının hər birinə əlavə olaraq tikinti obyektinin istismarına icazə sənədlərinin təqdim edilməsi və sözügedən sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi; 3) İdarəyə təqdim edilmiş **********15, **********96, **********61, **********62 və **********54 reyestr nömrəli çıxarışlarla qeydiyyata alınmış müvafiq torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılmasının mümkün olmaması; 4) Sözügedən torpaq sahələrinin təyinatı və hüquqi rejiminə görə bir hissəsinin ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi; 5) Sözügedən çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına hazırlıq və icazə sənədində mansard mərtəbəsinin qeyd edilməməsi; 6) Təqdim edilmiş sənədlərdə binanın ümumi sahəsi 16799.0 kv.m göstərilsə də, faktiki vəziyyətdə ümumi sahəsinin 18263.6 kv.m olması; 7) İstismara hazırlıq sənədində 216 mənzil qeyd olunsa da, faktiki 249 mənzil olduğunun müəyyən edilməsi; 8) İddia predmeti olan çoxmərtəbəli yaşayış binalarının ümumi tikintialtı sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşdiyinin müəyyən olunması. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin həlli baxımından müvafiq icazələr nəticəsində qəbul olunmuş yekun inzibati akt həlledici əhəmiyyət daşıyır. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz. Hazırkı mübahisəyə münasibətdə səlahiyyətli inzibati orqan həm tikintiyə, həm də istismara icazə verilməsi ilə bağlı iradəsini açıq və dəqiq şəkildə ifadə etmişdir və cavabdeh həmin iradə ifadəsinə uyğun davranmağa borcludur. Bu səlahiyyətli inzibati orqan tərəfindən qəbul olunmuş qərarın ümumi-məcburi hüquqi qüvvəsindən və inzibati orqanların səlahiyyət bölgüsündən irəli gəlir. İnzibati icraatın müvafiq səlahiyyətli orqan tərəfindən inzibati aktın mahiyyətinə təsir etməyən şəkildə qüsurlu həyata keçirilməsinin neqativ nəticələrinin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Hazırki işin hallarından da görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 137 nömrəli sərəncamına əsasən İddiaçı MMC-yə Ceyranbatan qəsəbəsi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 0853847, 0853854, 0853853, ******* və 08533842 saylı çıxarışları ilə mükiyyətində olan cəmi 2,11 ha torpaq sahəsində 19 girişli, 9 mərtəbəli yaşayış evlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 158 nömrəli sərəncamına əsasən İddiaçı MTK-ya Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında inşa olunmuş 1 (D) ədəd 1 girişli 9 mərtəbəli, 2 (E,F) ədəd 2 girişli, 9 mərtəbəli yaşayış binalarının mansard mərtəbəsinin yaşayış kateqoriyasına keçirilməsinə və yaşayış kimi istifadə olunmasına icazə verilməsi qərara alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına icazələrdən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi birinci dəlili əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdehin 2-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, cavabdeh inzibati orqan sözügedən yaşayış binalarının hər birinə əlavə olaraq tikinti obyektinin istismarına icazə sənədlərinin təqdim edilməsi və sözügedən sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi halına istinad etmişdir. Lakin apellyasiya şikayətində mövcud qanunvericiliyin tələbinin hansı hissədə pozulması və pozuntunun nədən ibarət olması əsaslandırılmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab edir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi 3-cü dəlil idarəyə təqdim edilmiş **********15, **********96, **********61, **********62 və **********54 reyestr nömrəli çıxarışlarla qeydiyyata alınmış müvafiq torpaq sahələri üzərində birləşmə əməliyyatının aparılmasının mümkün olmamasından ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahələri iddiaçının mülkiyyətindədir, hazırki halda həmin torpaq sahələrinin birləşdirilməsi zərurəti də mövcud deyil. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 137 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-yə Ceyranbatan qəsəbəsi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 0853847, 0853854, 0853853, ******* və 08533842 saylı çıxarışları ilə mükiyyətində olan cəmi 2,11 ha torpaq sahəsində 19 girişli, 9 mərtəbəli yaşayış evlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqanın həmin dəlilə istinad edərək imtina etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması səbəblərindən biridir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi sözügedən torpaq sahələrinin təyinatı və hüquqi rejiminə görə bir hissəsinin ehtiyat fondu torpaqları, bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi ilə bağlı 4-cü dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, **********15, **********62, **********96, **********54 və **********61 reyestr nömrəli çıxarışlara əsasən müvafiq torpaq sahələri İddiaçı MMC-nin mülkiyyətindədir. İş materilları ilə müəyyən edilir ki, həmin torpaq sahələri üzərində yerləşən eyni hüquqi əsaslarla iddiaçının inşa etdiyi “A”, “B” və “C” binaları üzərində mülkiyyət hüququ cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Bu isə həmin yaşayış binalarında mənzil almış şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas yaradır. Lakin qeyd edilən əsasla iddianın rədd edilməsi hazırkı mübahisə predmeti olan binalardan ev alan vətəndaşların bərabərlik hüququnun pozulması ilə nəticələnə bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuş hesab edilməlidir. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya, bu baxımdan, cavabdehin 4-cü dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi 5-ci, 6-cı və 7-ci dəlillərini də əsassız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, sözügedən dəlillər mahiyyət etibarilə eyni əsasa söykənir. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 158 nömrəli sərəncamından görünür ki, İddiaçı MTK-ya Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında inşa olunmuş 1 (D) ədəd 1 girişli 9 mərtəbəli, 2 (E,F) ədəd 2 girişli, 9 mərtəbəli yaşayış binalarının mansard mərtəbəsinin yaşayış kateqoriyasına keçirilməsinə və yaşayış kimi istifadə olunmasına icazə verilməsi qərara alınmışdır. Sözügedən çoxmərtəbəli yaşayış binalarının tikinti obyektinin istismarına hazırlıq sənədində mansard mərtəbəsi qeyd edilməsə də, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 158 nömrəli sərəncamı və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş “Tikinti obyektinin istismarına” dair 30 dekabr 2021-ci il tarixli, 67 nömrəli icazə sənədində qeyd olunmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan təqdim edilmiş sənədlərdə binanın ümumi sahəsi 16799.0 kv.m göstərilsə də, faktiki vəziyyətdə ümumi sahəsinin 18263.6 kv.m olmasına və istismara hazırlıq sənədində 216 mənzil qeyd olunsa da, faktiki 249 mənzil olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal mansard mərtəbəsi ilə əlaqəlidir. Bununla bağlı isə yuxarıda da qeyd edildiyi kimi müvafiq sərəncam və icazə sənədi mövcuddur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi sonuncu dəlil iddia predmeti olan çoxmərtəbəli yaşayış binalarının ümumi tikintialtı sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlıdır. İş materiallarına əlavə olunmuş “Azəriqaz” İBnin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Bakı-Qazax yolunun 26-cı km ünvanında yerləşən, İddiaçı MTK tərəfindən inşa olunmuş “F”, “E” və “D” zirzəmili və mansard mərtəbəli çoxmərtəbəli yaşayış binalarının ümumi tikintialtı sahəsi (koordinatlar: 40.53904; 49.66732) “Azəriqaz” İB-yə məxsus qaz kəmərlərinin və qaz qurğularının mühafizə zonasında yerləşmir. Bununla da cavabdehin həmin dəlili təkzib edilmiş olur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(118)-1995/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.