Məhkəmə qərarları › İş №2-1(105)-927/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-927/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-927/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 18 fevral 2017-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1355/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur.

2. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1980ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1981-ci il tarixə qədər X8 yük vaqonlarının təmiri üzrə çilingər, habelə vaqonların baxıcı təmirçisi vəzifəsində, xx.xx.1981-xx.xx.1982-ci illərdə Biləcəri hərbiləşdirilmiş mühafizə idarəsində atıcı vəzifəsində, xx.xx.1982xx.xx.1984-cü illərdə X8 çilingər, xx.xx.1984-xx.xx.1985-ci illərdə Lenin adına üzümçülük sovxozunda texniki-təhlükəsizlik mühəndisi vəzifəsində, xx.xx.1985-xx.xx.1986-cı illərdə Rusiya Federasiyasında meşə təsərrüfatında ilməçi, xx.xx.1986-xx.xx.1986-cı illərdə Sumqayıt məişət texnikasının təmiri atelyesində təmirçi-çilingər vəzifəsində, xx.xx.1987xx.xx.1995-ci illərdə X5 kompressor qurğusunun maşinisti vəzifəsində, xx.xx.1995xx.xx.1998-ci illərdə tarixinədək Siyəzən Qaz istismarı idarəsində nəzarətçi-çilingər vəzifəsində, xx.xx.1998-xx.xx.1999-cu illərdə Bakı Ehtiyat Bələdçilər idarəsində bələdçipraktikant və bələdçi vəzifəsində, xx.xx.2001-xx.xx.2005-ci illərdə X5 kompressor qurğusunun maşinisti vəzifəsində, xx.xx.2003-xx.xx.2012-ci illərdə ”Azpetrol LTD” MMC-də elektromexanik, növbə rəisi vəzifələrində, xx.xx.2014-xx.xx.2017-ci illərdə Giləzi Quşçuluq şirkətində operator vəzifəsində çalışmışdır. xx.xx.2017-ci ildən həmin müəssisədə fəhlə (qaynaqçı) peşəsində çalışır.

3. Cavabdeh orqan tərəfindən "xxxx" QSC-yə sorğu göndərilmiş və həmin müəssisənin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının ADY Biləcəri vaqon və lokomotiv depolarında xx.xx.1980-ci ildən xx.xx.1984-cü il tarixədək işləmiş olduğu peşələrdən yalnız xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək və xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək çalışdığı vaqon baxıcısı-təmirçisi və xx.xx.1983-cü ildən xx.xx.1984cü ilədək çalışdığı hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 10 və 20-ci abzaslarına uyğundur.

4. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2016-cı il tarixli arayışa əsasən X6 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin kompressor sexində ammonyaklı soyuducu qurğulara xidmət edən maşinist işinə qəbul edilmiş, güzəştli iş stajı 13 il 07 ay 16 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə uyğun gəlir.

5. Məhkəmə tərəfindən iddiaçının çalışdığı vəzifələrin (kompressor sexində maşinist, kompressor maşınlarında çilingər) vətəndaş X3 çalışdığı vəzifə ilə (kompressor sexində ammonyaklı soyuducu qurğulara xidmət edən maşinist) uyğun olub-olmaması barədə, həmin vəzifələrin funksiyası arasındakı fərqin, habelə İddiaçı "xxxx" ASC-də çalışdığı kompressor qurğularının maşinisti vəzifəsinin funksiyalarının nədən ibarət olması və iddiaçının ümumiyyətlə 1987-1995, 2001-2005-ci illərdə hansı vəzifədə xidmət etməsi, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə barədə müvafiq ətraflı arayışın əldə edilməsi üçün cavabdeh orqana göndərdiyi sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının işlədiyi sahə zərərli deyil və X4 məxsus təqdim edilən arayışın mənbəyi müəyyən edilməmişdir. Eyni məzmunlu cavab xx.xx.2023-cü il tarixdə məhkəmə sorğusuna cavab olaraq ünvanlanmışdır.

6. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla onun ərizəsinin icrasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 18 fevral 2017-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur. Əmək kitabçası və hərbi biletindən görünür ki, 01 sentyabr 1977-ci il tarixindən 13 oktyabr 1978-ci il tarixinədək Bakı Baza Texnikumunda təhsil almış, 01 oktyabr 1978-ci il tarixindən 18 oktyabr 1980-ci il tarixinədək X11 sıralarında həqiqi hərbi xidmət keçmişdir. 22 dekabr 1980-ci il tarixindən 21 iyul 1981-ci il tarixinədək X8 yük vaqonlarının təmiri üzrə çilingər, 21 iyul 1981-ci il tarixindən 13 oktyabr 1981-ci il tarixinədək həmin Depoda vaqonların baxıcı təmirçisi, 13 oktyabr 1981-ci il tarixindən 20 yanvar 1982-ci il tarixinədək Biləcəri hərbiləşdirilmiş mühafizə idarəsində atıcı, 09 aprel 1982-ci il tarixindən 16 avqust 1982-ci il tarixinədək X8 vaqonların baxıcı təmirçisi, 16 avqust 1982-ci il tarixindən 01 fevral 1984-cü il tarixinədək həmin Depoda təmirçi çilingər, 06 fevral 1984-cü il tarixindən 25 oktyabr 1985-ci il tarixinədək keçmiş Dəvəçi rayonunun Lenin adına üzümçülük sovxozunda təhlükəsizlik mühəndisi, 27 noyabr 1985-ci il tarixindən 15 mart 1986-cı il tarixinədək Rusiya Federasiyasında meşə təsərrüfatında ilməçi, 10 iyul 1986-cı il tarixindən 01 dekabr 1986-cı il tarixinədək Sumqayıt məişət texnikasının təmiri atelyesində təmirçi-çilingər, 14 yanvar 1987-ci il tarixindən 25 avqust 1995-ci il tarixinədək X5 kompressor qurğusunun maşinisti, 25 avqust 1995-ci il tarixindən 04 yanvar 1998-ci il tarixinədək Siyəzən Qaz istismarı idarəsində nəzarətçi-çilingər, 17 sentyabr 1998-ci il tarixindən 29 oktyabr 1999-cu il tarixinədək Bakı Ehtiyat Bələdçilər idarəsində bələdçi praktikant və bələdçi, 12 iyun 2001-ci il tarixindən 01 sentyabr 2005-ci il tarixinədək "xxxx" ASC-də Kompressor qurğularının maşinisti, 11 yanvar 2008-ci il tarixindən 17 may 2012-ci il tarixinədək "xxxx" MMC-də yanacaq doldurma məntəqəsində elektromexanik və növbə rəisi, 10 aprel 2014-cü il tarixindən 01 aprel 2017-ci il tarixinədək “Giləzi Quşçuluq Şirkəti" MMC-də operator, 01 aprel 2017-ci il tarixindən 01 aprel 2019-cu il tarixinədək fəhlə peşələrində çalışmışdır. 01 aprel 2019-cu il tarixindən hal-hazıradək qaynaqçı vəzifəsində işləyir. Beləliklə, 18 fevral 2017-ci il tarixinədək iddiaçının ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 30 il 1 ay 2 gün təşkil etmişdir. Həmin staj illərindən 13 il 4 ay 20 gün müddətini 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12729/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1355/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

11. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması onun gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (şəxsin tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. İddiaçı məxsus ******* N-li əmək kitabçasında adı çəkilən şəxsin xx.xx.1987-ci il tarixdən "xxxx" fabrikində kompressor maşınlarında 4-cü dərəcəli çilingər, xx.xx.1988-ci il tarixdən 5-ci dərəcəli maşinist, xx.xx.1989-cu il tarixdən 6-cı dərəcəli maşinist, xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində qazanxana sexində 6-cı dərəcəli maşinist, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə kompressor sexində maşinist vəzifələrində işlədiyi qeyd edilmişdir. Adı çəkilən müəssisədə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq ediimiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmayıb. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı tələb olunan minimum güzəştli sosial sığorta stajına malik olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir.

12. Cavabdeh orqan tərəfindən daha sonra etiraza əlavə təqdim edilmiş və qeyd olunmuşdur ki, "xxxx" ASC xx.xx.2023-cü il tarixli 53 nömrəli cavab məktubu ilə bildirmişdir ki, iddiaçının "xxxx" ASC-də çalışdığı dövr zərərli kimi qəbul edilə bilməz. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qeyd edilən müəssisədə vaxtilə çalışmış başqa işçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini əsas gətirərək analoji vəziyyətin iddiaçıya tətbiq edilməsi tələbini irəli sürmüşdür. Həmin şəxsin güzəştli arayışında sadəcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahısında 35-ci fəslin adı qeyd edilmişdir. Yəni, işçinin işlədiyi vəzifə və sahə göstərilməmiş və Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiqlənmiş Siyahıda hansı bəndə uyğun olduğu göstərilməmişdir. Sözügedən siyahının 27-ci fəsli “yeyinti sənayesi” adlanır və orada balığın, bağırsağın, sümüyün istehsalı güzəştli iş stajı sayılsa belə, toyuğun istehsalı güzəştli sahə kimi qəbul edilməmişdir. Təsadüfi deyildir ki, iddiaçının işlədiyi müəssisə belə təsdiqləyir ki, iddiaçının işlədiyi şərait ağır və zərərli iş şəraiti sayıla bilməz.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

13. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1355/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında ümumi iş stajına malik olması təsdiqlənsə də, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışması müəssisə tərəfindən verilmiş arayışda öz əksini tapmamışdır.

15. İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı.

23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.

28. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, iddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə çalışması müəssisə tərəfindən verilmiş arayışda öz əksini tapmamışdır.

29. İddiaçı isə həmin qərarla razılaşmamışdır.

30. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 18 fevral 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

31. Məhkəmə kollegiyası ilk olaraq iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ümumi stajla bağlı cavabdeh orqanın heç bir mübahisəsi yoxdur. Belə ki, iş materiallarına əlavə olunmuş əmək kitabçasnın surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda da davam etdirir. İddiaçının ümumi iş stajının 25 ildən çox olması iş materialları ilə təsdiq olunur.

32. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir.

34. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisələndirilən 1987- 1995, 2001-2005-ci illərdə hansı vəzifədə xidmət etməsi, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə barədə müvafiq ətraflı arayış əldə edilməsi üçün sorğular göndərilmişdir.

35. Cavabdeh inzibati orqan tərəfindən "xxxx" QSC-yə sorğu göndərilmiş və həmin müəssisənin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının ADY Biləcəri vaqon və lokomotiv depolarında xx.xx.1980-ci ildən xx.xx.1984-cü il tarixədək işləmiş olduğu peşələrdən yalnız xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək və xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək çalışdığı vaqon baxıcısı-təmirçisi və xx.xx.1983-cü ildən xx.xx.1984cü ilədək çalışdığı hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 10 və 20-ci abzaslarına uyğun olduğu qeyd olunmuşdur (yəni 13 ay = 01 il 01 ay).

36. Siyəzən Broyler ASC-nin xx.xx.2023-cü il tarixli arayışından isə görünür ki, sorğuda göstərilən sahənin Siyəzən Broyler ASC-də zərərli olması halları müəyyən edilməmişdir.

37. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 2 nömrəli siyahı üzrə 12 il 6 ay güzəştli iş stajına malik olduğu müəyyən edilmir.

38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1355/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar