Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-927/2025 22.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi (arvadı) Nümayəndə iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1301/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1301/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci ildə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı Hərbi Hissə komandirinin 21 iyul 1992ci il tarixli əmri ilə həmin hərbi hissənin şəxsi heyət siyahısına daxil edilmiş və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər və Ağdərə rayonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə tərxis olunmuşdur. N saylı hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli arayışda onun xx.xx.1992-ci ildən N saylı hərbi hissənin tərkibində Ağdərə rayonunda döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Göstərilən hallara əsaslanaraq, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh tərəfindən imtinaya əsas olaraq, 1992-ci ildən sonrakı müddətdə xidmət barədə əmrlərin aşkar edilmədiyi üçün veteran adının və vəsiqəsinin verilməsindən mümkün olmadığı qeyd edilmişdir. İddiaçı bununla razı deyil. Əmrlərin dövlət orqanında aşkar edilməməsi vətəndaş olaraq onun səhvi deyildir. Faktiki olaraq həmin tarixdə N saylı hərbi hissənin şəxsi heyət siyasına daxil edilmiş və gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə müvafiq qeydlər də hərbi biletində aparılmışdır. Həmçinin bildirilir ki, hərbi xidmətdən qanuni əsaslarla təxris olunmuş, barəsində hər hansı cinayət işi açılmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və cavabdeh Müdafiə Nazirliyinin üzərinə ona müharibə veteranı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/3-5649 nömrəli arayışda iddiaçının N nömrəli hərbi hissədə 1992ci ildən sonra hərbi xidməti barədə məlumat olmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, ..... hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteran” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur.Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddia tələbinin rədd edilməsinə əsas olaraq səbəb kimi onun hərbi xidmətdən buraxılması və hərbi hissənin siyasından çıxarılması barədə əmrin olmamasını göstərmişdir. Məhkəmə araşdırması zamanı onun döyüş bölgəsində olması faktı öz təsdiqini tapmışdır. Bu mübahisəsiz məsələdir. 1992-ci ildən sonrakı müddətdə xidmət barədə əmrlərin aşkar edilməməsi vətəndaş olaraq onun səhvi deyildir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində hər hansı cinayət işi olmamışdır, fərari sayılmır. Əgər qanunsuz hərbi hissəni tərk etsəydi, barəsində ən azından cinayət işi açılardı. Lakin belə bir hal yaşanmamışdır. Bu da məhz təxris olmasının qanuni olmasına dəlalət edir. Məhkəmə kollegiyası məhz bu halı nəzərə almalıdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N saylı Hərbi Hissənin tərkibində Kəlbəcər və Ağdərə rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etməsini iddia edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə xx.xx.2023-cü il tarixli iclasının qərarı ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli 4/3-5649 nömrəli məktubla məlumat vermişdir. Cavabdeh tərəfin mövqeyinə görə iddia tələbi əsassızdır. Etirazın dəlili ondan ibarətdir ki, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2372 nömrəli arxiv arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədə 1992-ci ildən sonra hərbi xidməti əmrlərlə təsdiqlənmədiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır. N nömrəli Hərbi Hissənin komandirinin xx.xx.1992-ci il tarixli 1466 nömrəli arayışının ksero surətində göstərilir ki, İddiaçı xx.xx.1992-ci ildən N nömrəli Hərbi Hissənin tərkibində Ağdərə rayonunda xidmət etmişdir. İddiaçı məxsus olan НЗ ******* nömrəli hərbi biletdə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N saylı Hərbi Hissədə sıravi əsgər kimi xidmət etməsi, Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. Lakin qeydlərin hansı tarixli və nömrəli əmrlərə əsasən aparılması göstərilməmişdir. Hərbi biletdə və xx.xx.1992-ci il tarixli 1466 nömrəli arayışda qeyd edilmiş məlumatların həqiqiliyini təsdiq edən sənədlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxivində aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli 4/2-2372 nömrəli məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının katibliyinin xx.xx.2023-cü il tarixli 4/3-3787 nömrəli sorğusuna cavab verərək bildirmişdir ki, N nömrəli hərbi hissə komandirinin iyul-sentyabr 1992-ci il tarixli nizamsi hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N saylı Hərbi Hissədə sıravi əsgər kimi xidmət etməsi və döyüşlərdə iştirak etməsini, qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən sənədlər arxiv materiallarında aşkar olunmamışdır və iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, iddiaçının hərbi əməliyyatlarda iştirak edilməsi ilə əlaqədar yaralanması, xəsarət alması barədə heç bir sənəd mövcud olmadığından, sübut edilməmişdir. Bu səbəbdən iddiaçının hərbi biletində olan qeydlər mötəbər sübut kimi qəbul edilmir. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh inzibati orqanın dəlillərini əsaslı hesab edərək bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin - şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; bunun müvafiq sənədlərdə əks edilməsi - bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarının olması tələb olunur. Lakin qeyd olunan tələblərin iddiaçıya münasibətdə mövcud olması sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...” “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 - 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ... Hazırkı halda iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmir, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə formal və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1301/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.