Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-928/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixədək təhsil müddətinin ümumi sosial stajına daxil edilməklə ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3178/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, xx.xx.1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2. Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı xx.xx.1975-xx.xx.1978-ci illərdə Sumqayıt şəhər 41 saylı orta texniki peşə məktəbində əyani təhsil almışdır.
3. İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə X3 hərbi xidmətdə olmuşdur.
4. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər və 2006- 2022-ci illər üzrə əmək fəaliyyətilə məşğul olmuşdur.
5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 nömrəli arayışa əsasən iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına uyğundur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, xx.xx.2023-cü il tarixində ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin, cavabdehin 3-17-1/2-N-80137/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi ümumi iş stajının 25 ildən az 23 il 11 ay 18 gün olması göstərilmişdir. İmtina məktubunu xx.xx.2023-cü il tarixində almışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona güzəştli şərtlərlə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən təyin edilməlidir. Belə ki, təqdim etdiyi sənədlərdə qeyd olunduğu kimi onun xx.xx.2022-ci il tarixədək təhsil müddəti də nəzərə alınmaqla (23 il 11 ay 18 gün + 2 il 10 ay 18 gün) 26 il 10 ay 6 gün ümumi əmək stajı, 13 il 2 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır: Təqdim etdiyi 790437 nömrəli xx.xx.1978-ci il tarixli diplomda qeyd olunduğu kimi o xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixədək Sumqayıt şəhəri 41 saylı saylı orta texniki peşə məktəbində əyani təhsil almışdır (2 il 10 ay 18 gün). Hesab edir ki, imtina qanunsuzdur və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsinin əsasları kimi ümumilikdə 26 il 10 ay 06 gün iş stajı və 13 il 02 ay güzəştli iş stajı olduğunu iddia edərək xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı müddət də nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2022ci il tarixdən qüvvədə olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı tələbi üzrə ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: 25 il ümumi iş stajı yaxud fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı; 12 il 06 ay güzəştli iş stajı. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə onun xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.2001xx.xx.2013-cü il tarixləri arasındaki dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığı dövrləri iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (23 il 11 ay 18 gün (xx.xx.1978-xx.xx.1979-cu il. xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 2 il 8 ay)) təşkil edir. Həmçinin İddiaçı iddia ərizəsində təhsil aldığı müddətin onun ümumi sosial sığorta stajına daxil edilməli olduğunu qeyd etmişdir. O təqdim etdiyi xx.xx.1978-ci il tarixli 790437 nömrəli diploma əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (02 il 10 ay 18 gün) Sumqayıt şəhər 41 saylı orta texniki peşə məktəbində əyani təhsil aldığını iddia edir. İddiaçının təhsil tələbi ilə bağlı hissəyə münasibətdə qeyd edilir ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri ilə bağlı məsələlər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan normanın tələblərindən görünür ki, qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti ümumi sosial sığorta stajına daxil edilmir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyqun olaraq 40320,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25263,70 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
8. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3178/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahına uyğun olaraq ümumilikdə 13 ildən çox güzəştli iş stajına malikdir ("xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 nömrəli arayış). Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi müddət 25 ildən çoxdur.
10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
15. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
16. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
17. 01.10.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu Maddə 1. “V” bəndi. Ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər.
18. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndi: Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir.
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: e) ali məktəblərdə və orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantlar; Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ....Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, hazırki mübahisənin predmeti xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixədək təhsil müddətinin ümumi sosial stajına daxil edilməklə iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.
25. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda aşağıdakı əsaslarla iddiaçının müraciətindən imtina etmişdir:
1. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (02 il 10 ay 18 gün) Sumqayıt şəhər 41 saylı orta texniki peşə məktəbində əyani təhsil aldığı tələbi ilə bağlı hissəyə münasibətdə qeyd edilir ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri ilə bağlı məsələlər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan normanın tələblərindən görünür ki, qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti ümumi sosial sığorta stajına daxil edilmir.
2. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə onun xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.2001-xx.xx.2013-cü il tarixləri arasındaki dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığı dövrləri iş stajına daxil etmək mümkün olmamışdır.
3. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyqun olaraq 40320,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25263,70 manat təşkil edir.
26. Kollegiya cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir:
27. Məhkəmə kollegiyası iddiaçının ilk dəlili ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan normaların məzmunundan göründüyü kimi, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Bu səbəbdən, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla da cavabdehin ilk dəlili əsassız hesab olunur. 1975-1978-ci illərdə Sumqayıt şəhər 41 saylı orta texniki peşə məktəbində əyani təhsil aldığına görə həmin dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
28. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən də iddiaçının mübahisələndirilməyən sığorta stajı 23 il 11 ay 18 gün təşkil edir. Yəni hətta cavabdeh tərəfindən mübahisələndirilən arayışda qeyd edilən tarixlərxx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.2001-xx.xx.2013-cü il tarixləri arasındaki dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu dövrlər daxil edilmədikdə belə iddiaçının sosial sığorta stajı 23 il 11 ay 18 gün (xx.xx.1978-xx.xx.1979-cu il. xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə 2 il 8 ay) təşkil edir. İddiaçının 1975-1978-ci illərdə Sumqayıt şəhər 41 saylı orta texniki peşə məktəbində əyani təhsil aldığı dövrlər sosial sığorta stajına daxil edilməklə iddiaçı qanunvericiliklə tələb olunan 25 il ümumi sosial sığorta stajını toplamış olduğundan, hazırkı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Apellyasiya şikayətinin son dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, iddia tələbindən də göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə edilmiş dəyişikliklə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” tələbi aradan qalxdığından həmin dəlil də əsassızdır.
30. Beləliklə kollegiya qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz.
32. Kollegiya cavabdehin hazırkı və oxşar işlər üzrə əmək pensiyası hüququ olan şəxslərin sığorta stajının hesablanmasına formal yanaşması və “İnzibati icraat haqqında” qanunun tələblərini pozmaqla qanunvericiliyin tələblərini pensiya təminatını həyata keçirməli olan inzibati orqanın mənafeyinə uyğun olaraq görməzdən gəlməsi və yanlış tətbiq edilməsi ilə bağlı praktikasının vətəndaşların konstitusion pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələndiyindən yolverilməz olduğunu qeyd edir.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3178/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.