Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-929/2023 15.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4212/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı ildə Qəbələ rayonunda anadan olmuş və sovet ordusu sıralarında xidmət etmişdir. 1992-ci ildə isə təcrübəli hərbçi kimi AR MN-nin N saylı hərbi hissəsinin tərkibinə qəbul edilmiş və həmin hərbi hissənin tərkibində Ağdam rayonunun bir sıra kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, meyidlərin daşınmasını həyata keçirmiş, xx.xx.1992-ci ildə isa yeni döyüşçülərin gəlməsi ilə bağlı o və əsgər yoldaşları evə buraxılmışlar. Ona müharibədə iştirakı nəzərə alınaraq veteran vəsiqəsi və statusu verilmiş və bu imtiyazlardan istifadə etmişdir. Lakin sonradan qırmızı üzlü vəsiqələr yığılmış və yeni vəsiqənin veriləcəyi bildirilsə də vəsiqə verilməmişdir. Bununla bağlı cavabdeh təşkilata etmiş olduğu müraciəti də nəticəsiz qalmış və ona veteran vəsiqəsi verilməsindən imtina olunmuşdur. O cavabdehin bu hərəkətləri ilə razılaşmır. Onun tərəfindən təqdim edilmiş sənədlər döyüş əməliyyatlarında iştirakını təsdiq etdiyi üçün cavabdehin imtinası qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4212/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). İddiaçı qərardan apellyasiya şikayəti verərək, iddianın mümkün hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı ilə razı deyil. Belə ki, əvvəlki qərar onun hüquqlarının pozulmasına xidmət etmiş və bu gün onu bu imkanlardan yararlanmağına əngəl yaratmışdır. Məhkəmə qərarı ilə onun hüquqlarına təminat verilməmişdir. Məhkəmə qənaətə gəlmişdir ki, iddia mümkün sayılmamalıdır. Halbuki iddia tələbinin mümkün sayılmasını inkar edən hər hansı bir hal mövcud deyildir, məhkəmənin məsələyə bu cür yanaşması tam əsassızdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmetini cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmiş, gəldiyi qənaətini isə hazırki mübahisə il bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Göründüyü kimi indiki halda iddiaçının iddia tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-265/2020 nömrəli qərarı mövcuddur. Belə olan halda isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və sübut kimi qiymətləndirilmiş, istinad edilmiş halların yenidən mübahisələndirilməsi halı ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrinə, habelə sabitlik və davamlılıq kimi xüsusiyyətlərinə xələl gətirməklə, hüquqi müəyyənlik prinsipinin və qanunvericiliyin müddəalarının mahiyyətinə zidd olmuş olur. Başqa sözlə, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş halın yenidən mübahisələndirilməsi özlüyündə həmin məhkəmə aktının qanuniliyi və əsaslılığını şübhə altına alınmasına səbəb olmuş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallara əsasən hazırki iddiaçının eyni predmet və əsasa dair eyni tələblə yenidən məhkəməyə müraciət etməsi qanunvericiliyin tələbinə və mahiyyətinə zidd olduğundan, buna dair qəbul edilmiş məhkəmə aktının icrası hamı üçün məcburi xarakter daşıdığından, bu hal isə iddiaçının bununla bağlı eyni əsas, eyni premetlə bağlı eyni iddia tələbini irəli sürmək hüququnu istisna etdiyindən, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticədə haqlı olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4212/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-929/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-929/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver