Məhkəmə qərarları › İş №2-1(105)-929/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-929/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-929/2025 16.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Açar sözlər:ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı6, İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4287/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN-0048 KOD 30407078 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın”dan görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 22 may 2002-ci il tarixli, 02 saylı qərarına əsasən Dəvəçi rayonu, Qorğan kəndi ərazisindən 6,11 ha torpaq sahəsi X1 və ailə üzvlərinə ayrılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilən **********68 reyestr nömrəli çıxarışdan görünür ki, Şabran rayonu, Qorğan kəndi ərazisində yerləşən 5,1975 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X5, X4, X2, İddiaçı5 və İddiaçı6 adına qeydiyyata alınmışdır. V-ЖГ 264772 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. AZ-№ 784679 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. AZ-№ 528280 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-S-0825-8/2024 nömrəli məktubdan görünür ki, Şabran rayonu, Qorğan kəndində yerləşən torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətinizə baxmayaraq, mühəndisin əmlaka yaxınlaşmadığından narazılığınız barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətinizə (daxilolma qeydiyyatı: 3- 21/3-5-52185/2023, xx.xx.2023) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, müraciətihizdə qeyd olunmuş Şabran rayonu, Qorğan kəndində yerləşən 6,11 ha torpaq sahəsi faktiki yerində Torpaqların X10u informasiya sistemi məlumatlarına əsasən qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-S-0046-8/2024 nömrəli məktubdan görünür ki, Şabran rayonu, Qorğan kənd ərazisində yerləşən 6,11 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə ünvanlanmış müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, 24.1.2022-ci il tarixində Şabran rayonu, Qorğan kəndi ərazisində yerləşən 6,11 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində sizə göstərilmişdir. Lakin siz həmin ölçülərlə razı olmadığınızı bildirmisiniz. Texniki pasportun plan ölçüsünün alınması ilə əlaqədar müraciət etdiyiniz təqdirdə həmin məsələyə qanuna müvafiq qaydada baxılacaqdır. Cavabdehin imtina məktubundan görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, ərizənizə əlavə olunmuş JN-0048 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”nın 0048 nömrəli planşetində göstərilən 5,2024 ha torpaq sahəsinin faktiki istifadəsi torpaqların X10u informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil fərqlidir. Bu səbəbdən də, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri naqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Müayinə aktından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tələbinə dair inzibati iş üzrə qeyd olunan iddiaçılara məxsus ünvan 2i ünvanında yerləşən JN-G048, KOD-30407078 saylı dövlət aktındakı 5.1975 ha torpaq sahəsi naturada mövcuddur. Heç bir fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Həmin torpaq sahəsi torpaqların X10 İnformasiya Sistemi (TEKUİS) məlumatlarına əsasən, torpaq sahəsinin mülkiyyət növü Xüsusi kateqoriyası Kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası Əkin kimi göstərilmişdir. Torpaq sahəsi şimal-qərb və cənub-şərq tərəflərdən qonşu pay torpaq sahələri ilə, digər tərəflərdən boş sahə və yolla həmsərhəddir. Qonşularına **********60, **********29, **********28 çıxarış və plan ölçü sənədləri verilmişdir. Hər üç qonşusuna verilmiş plan və ölçülər ləğv edilmiş DTXK-si tərəfindən tərtib olunmuş ölçülərə və koordinatlara uyğun tərtib olunmuşdur. Həmin torpaq sahələrin istifadə vəziyyəlindəki ölçüləri və konfiqurasiyaları natura ilə uyğun gəlir. Lakin TEKUİS-də mülkiyyətçilər üçün tərtib olunmuş ölçü və koordinatlar natura ilə uyğun gəlmir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, çıxarışa əsasən, mülkiyyətində olan Şabran rayonu, Qorğan kəndi ərazisində yerləşən 5,1975 ha torpaq sahəsinə dair JN-0048, kodu 30407078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulmuş koordinatlar əsas götürülməklə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan Şabran rayonu, Qorğan kəndi ərazisində yerləşən 5,1975 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 22 may 2002-ci il tarixli, 02 saylı qərarı əsasında verilmiş JN-0048, kodu 30407078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulmuş koordinatlar əsas götürülməklə onlara torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 22 may 2002-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıların ümumi birgə mülkiyyətinə Şabran rayonu, Qorğan kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 6,11 ha torpaq sahəsi ayrılıb verilmişdir. Həmin torpaq sahəsinə dair JN 0048, kodu 30407078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddiaçılar qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün və torpaq sahəsinin planı və öçüsünün hazırlanması üçün xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz ərizəyə əlavə olunmuş JN- 0048 nömrəli (kod ********) seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktının 0048 nömrəli planşetində göstərilən 5.2024 ha torpaq sahəsinin faktiki istifadəsi torpaqların X10uinformasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun deyil fərqlidir. Bu səbəbdən də, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Düzdür, sonradan həmin mülkün 5,1975 ha hissəsinə dair iddiaçıların adına xx.xx.2023-cü il qeydiyyat tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilərək plan və ölçü sənədinin işlənib hazırlanması üçün xx.xx.2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına bu məqsədlə tələb olunan 600 manat pul köçürülsə də, həmin torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanıb təqdim edilməmiş, torpaq sahəsinin koordinatları yerindəcə dəqiqləşdirilərək göstərilməmişdir. Onların xx.xx.2023-cü il tarixli müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubda isə qeyd olunmuşdur ki, qeyd olunmuş Şabran rayonu, Qorğan kəndində yerləşən 6,11 ha torpaq sahəsi faktiki yerində torpaqların X10u informasiya sistemi məlumatlarına əsasən, qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Cavab məktubunda qeyd olunanlarla bağlı bildirir ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən döngə nöqtələri yerində düzgün göstərilmədiyindən həmin ölçülərlə razı olmamışdır. Belə ki, qeyd olunan 5,1975 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi JN-0048, kod 30407078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulmuş koordinatlar əsas götürülməklə tərtib edilərək verilməlidir. Əgər döngə nöqtələri düzgün göstərilmişdirsə, onda hansı səbəbdən torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanıb bizə təqdiın edilməmişdir. İddiaçılar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, JN-0048, kod 30407078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulmuş koordinatlar əsas götürülməklə ümumi birgə mülkiyyətlərində olan 5,1975 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilərək təqdim edilməsini xahiş etmiş, müraciətdən 3 ay keçəndən sonra cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilir ki, xx.xx.2022-ci il tarixində Şabran rayonu, Qorğan kəndi ərazisində yerləşən 6,11 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Lakin siz həmin ölçülərlə razı olmadığınızı bildirmisiniz. Texniki pasportun plan ölçüsünün alınması ilə əlaqədar müraciət etdiyiniz təqdirdə həmin məsələyə qanuna müvafiq qaydada baxılacaqdır. Təkrarən xx.xx.2024-cü il tarixli ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunsa da, müsbət nəticə əldə edə bilməmişlər. Yenidən xx.xx.2024-cü il tarixli ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, ümumiyyətlə müraciət cavablandırılmamış, torpaq sahəsinə yerindəcə baxış keçirilməmişdir. Göründüyü kimi, cavabdeh qurum sorğuların bir neçəsini vaxtında cavablandırmamış, bir neçəsinə ümumiyyətlə cavab verməmiş, müxtəlif əsassız səbəbləri göstərməklə tələbimin icrasından yayınmağa çalışmışdır. Torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməməsi üçün heç bir əsas yoxdur, lakin cavabdeh qurum heç bir əsas olmadan hərəkətsizlik etməkdədir. Ona görə də, torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4287/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətində olan Şabran rayonu, Qorğan kəndi ərazisində yerləşən 5,1975 ha torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyğun olaraq, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan plan-ölçü sənədinin verilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtina məktubuna uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin edilməmişdir, torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. Faktiki istifadə vəziyyətinə uyğun olaraq, plan-ölçü sənədinin verilməsini öhdəliyi qoyulmuş torpaq sahəsi digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bununla da, məhkəmə qərarın icrası qeyri-mümkün olacaqdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar İddiaçı2, İddiaçı6, İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.[ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. ....

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi . ...

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.Yerquruluşu- torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Maddə 8. Torpaqların texniki uçotu Torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir. Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 10. Torpaq-kadastr işlərinin yerdə (naturada) aparılması müddətləri Torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Maddə 12. Dövlət torpaq kadastrı fondu Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Maddə 17. Torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerqurluşu işləri nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıların ümumi paylı mülkiyyətində olan 5,1975 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıların adına tərtib edilmiş müvafiq Dövlət Aktının planşetində göstərilən 5,2024 ha torpaq sahəsinin faktiki istifadəsi torpaqların X10u informasiya sistemində naturada faktiki istifadə olunan torpaq sahəsinə uyğun olmaması əsası ilə plan və ölçü sənədinin tərtib edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, torpaq haqqında qanunvericiliyin tələbinə əsasən torpaq sahəsinin plan və ölçüsü onu xarakterizə edən əsas göstəricilərindən biri olmaqla, torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir, Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir, habelə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (müvafiq Fərmanla qeyd edilən icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir). İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsus olmuş, həmin hüquq onların adına dövlət qeydiyyatına alınmaqla, müvafiq çıxarış verilmişdir (5,1975 ha) Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar həmin torpaq sahəsini müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında əldə etmiş, həmin qərar əsasında onların adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir, həmin sənədddə torpaq sahəsinin ölçüsü 6,11 ha göstərilməklə, koordinatları əks olunmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan torpaq sahəsinə dair X10 məlumatlarında uyğunsuzluğun aradan qaldırılması üçün dürüstləşmə işlərinin aparılmasına başlanıldığını, müvafiq tədbirlər görüldüyünü, həmin düzəlişlər edildikdən sonra müraciətə baxılmasının mümkünlüyünü qeyd etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçıların müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqları mövcud olmaqla, yaranmış mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması cavabdehin qanunla müəyyən edilmiş öhdəliyi kimi ortaya çıxmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən TEKUİS-də uyğunsuzluq olması əsası ilə plan və ölçü sənədinin hazırlanmasından imtina olunmuş, TEKUİS-də müvafiq düzəlişlərin aparılması istiqamətində tədbirlər görüləcəyi bildirilmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamnaı sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada mövcuddur, heç bir fiziki və ya hüquqi şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür, heç bir mühafizə zolağında yerləşmir, TEKUİS məlumatına əsasən mülkiyyət növü xüsusi, kateqoriyası kənd təsərrüfatı, uqodiyası əkin kimi göstərilmiş, qonşu pay torpaqları, digər tərəfədn boş sahə və yol ilə həmsərhəddir, qonşuların adına çıxarış və plan və ölçü sənədi verilmişdir, hər üç qonşunun plan və ölçü sənədi ləğv edilmiş DT və XK-si tərəfindən tərtib edilmiş ölçülərə və koordinatlara uyğun tərtib edilmişdir, həmin torpaq sahələrinin istifadə vəziyyətindəki ölçüləri və koordinatları natura ilə uyğun gəlir, TEKUİS-də mülkiyyətçilər üçün tərib olunmuş ölçü və koordinatlar uyğun gəlmir. Göründüyü kimi indiki halda iddiaçılara məxsus olan müvafiq torpaq sahəsinin naturada tam ölçü olaraq mövcud olduğu, başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İndiki halda torpaq sahəsinin sənəd üzrə ölçüləri iə TEKUİS-də olan məlumatlar arasında uyğunsuzluq olmasına səbəb həmin ərazidə uçot və sistemləşdirmə işlərinin aparılması, həmin işlərin hazırda tamamalanmaması lə bağlı ortaya çıxmışdır. Hansı ki, həmin uyğunsuzluqların aradan qaldırılması məhz cavabdeh inzibati orqanın məsuliyyət daşıdığı öhdəlik olmaqla, iddiaçının təqsiri ilə əhatə olunmamışdır. Kollegiya qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları (torpaq sahəsinin naturada mövcud olması, başqa şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşməməsi, sənəd üzrə uyğunsuzluq olması halının kadastr-uçot işlərinin aparılması ilə bağlı ortaya çıxması) cavabdehin imtina və şikayətin dəlili kimi istinad etdiyi halları təkzib etməklə, iddianının əsaslılığını müəyyən etməyə imkan verir. Göründüyü kimi indiki halda torpaq sahəsinin plan və ölçüsünün hazırlanması məhz cavabdeh inzibati orqanın səlahiyyətinə aid olduğu halda, əsassız olaraq həmin sənədin tərtib edilməsindən imtina etmişdir. Nəticə etibarilə cavabdehin iddiaçılar barəsində hərəkətləri qanunauyğun olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıların müvafiq torpaq sahəsinə dair artıq mülkiyyət hüququ qeydiyyata alındığı halda, cavabdeh inzibati orqanın imtina və etirazın əsası kimi göstərdiyi hallara istinad etməsi özlüyündə iddiaçıların onlara məxsus olan torpaq sahəsini xarakterizə edən əsas göstəricilərindən biri olan ölçülərinin müəyyən edilməsi imkanından məhrum olmasına, bu hüququnun məhdudlaşdırılmasına, dolayısı ilə mülkiyyət hüququnun realizəsinə maneçilik törədilməsinə gətirib çıxarda bilər. Bu hal isə özlüyündə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinə ziddir. Bu baıxmından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianının əsaslılığını müəyyən etməyə imkan verdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, kolegiyaonu qeyd edir ki, cavabdeh hazırki iş üzrə müvafiq ekspertizanın keçirilməsinin zəruri olduğunu qeyd etsə də, iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilmsəi üçün xüsusi bilik tələb edən sualların izah edilməsi zərurəti mövcud olmadığından, buna dair hər hansı hal aşkar edilmədiyindən, cavabdehin həmin arqumenti də əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, cavabdeh inzibati orqanın apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4287/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar