Məhkəmə qərarları › İş №2-1(105)-93/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-93/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-93/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-1(085)-279/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya təyinatı zamanı nəzərə alınmamış 1999- 2014-cü illəri əhatə edən 15 illik iş və sığorta stajının ona məxsus olması faktının təsdiq etməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 1995-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1967-ci ildən Qaradağ rayonunda yerləşən ticarət obyektlərində, 1980-ci ildən isə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Lökbatan" kafesində işləmiş və bu gün də həmin obyektdə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 20 aprel 1999-cu ildə "Lökbatan" kafesinin fəaliyyəti Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 24 saylı əmrinə əsasən ləğv edilərək kafenin binasını öz tabeçiliyinə keçirmişdir. Kafe rəsmən ləğv edilsə də öz fəaliyyətini müvafiq lisenziya əsasında fasiləsiz davam etdirmiş, vergi və sair ödənişləri vaxtlı-vaxtında ödəmiş, 2014-cü ilin fevral ayında təqaüdə çıxarkən 1967-ci ildən 28 dekabr 1995-ci ilə qədər olan iş stajı hesablanaraq ona 163 manat məbləğində əmək pensiyası ayrılmışdır. Bu isə düzgün deyildir, belə ki onun 1995-ci ildən 2014-cü ilə qədər olan fəaliyyəti iş stajına daxil edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-1(085)-279/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim Z.Pirverdiyev) Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-536/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Hökümə Babayeva, hakimlər Nazim Nəsibov və Zaur Məmmədov) cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019cu il tarixli, 2-1(085)-279/2019 saylı qərarının qismən - İddiaçı 01.01.2006-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iddia tələbi rədd edilmiş, qərar qalan hissədə-İddiaçı 05.04.1995-ci ildən 01.01.2006-ci ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1228/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən məruzəçi hakim İspəndiyar Şəfiyev, hakimlər Zakir Quliyev və Rahib Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 536/2019 saylı 05.12.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanınına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu səbəbdən də iddiaçının 05.04.1995-ci ildən 01.01.2006-cı ilədək 10 saylı Lökbatan kafesində müdir işlədiyi müddətdə əmək haqqı alması barədə heç bir sənədə rast gəlinmədiyindən və 01.01.2006-cı ildən pensiya hüququnun yarandığı günədək (28.02.2014-cü il) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda adının sığortaolunan kimi qeyd olunmadığından həmin dövrlərin iddiaçıya sığorta stajı kimi hesablanması qanunvericiliklə mümkün deyildir. Buna baxmayaraq işə baxan məhkəmə iddianı təmin etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə əlavə verərək apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı əmək kitabçasının dublikat olduğunu və müvafiq əmrlər əsasında sonradan doldurulduğunu iddia edir. Diqqət yetirilməli məqam isə ondan ibarətdir ki, ******* nömrəli əmək kitabçasındakı bütün qeydlərin latın qrafikası ilə doldurulmasına baxmayaraq, əmək kitabçasının özü kiril qrafikası ilə tərtib olunmuşdur. Həmçinin, əmək kitabçasında qeyd edilən illər Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 116 saylı Fərmanına əsasən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 24.06.2009-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilmişdir. Buradan aydın olur ki, əmək kitabçasının 24.06.2009-cu il tarixdən əvvəl doldurulması mümkün deyil. Həmin tarixdə isə rəsmi dövlət dili Azərbaycan dili olmuşdur və qanunvericiliyə əsasən kiril qrafikalı əmək kitabçası mövcud ola bilməz, o cümlədən istifadəyə verilə bilməzdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - İddiaçı 01.01.2006-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1995-2014-cü illərdə işlədiyi müəssisədə ona əmək haqqı alması barədə sənədə rast gəlinməməsi və 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı 2014-cü ilədək məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda adının sığortaolunan kimi qeydə alınmaması iddiaçının təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Eləcə də, hazırda qüvvədə olan ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X2 daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. İş materiallarından göründüyü kimi iddiaçı ona pensiya təyin olunarkən sosial sığorta stajına daxil edilməmiş dövrün - 1995-2014-cü illərin də staja daxil edilməklə pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 2.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada müraciət edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə) əlavə edilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, iddiaçı 14.12.1967-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 12.10.1973-cü il tarixdə Qaradağ rayon ictimai iaşə idarəsinə işə qəbul edilmiş, müxtəlif mağaza və yeməkxanalarda işləmiş, 04.04.1995-ci il tarixdə Qaradağ rayon ictimai iaşə idarəsi ləğvi ilə yeni yaradılan idarə Qaradağ rayonu ticarət və ictimai iaşə idarəsi adlandırılmış, 05.04.1995-ci il tarixdə iddiaçı 10 saylı Lökbatan kafesinə müdir vəzifəsinə keçirilmiş, 20.04.1999-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 20.04.1999-cu il 24 saylı əmrinə əsasən Qaradağ rayonu Ticarət və İctimai İaşə İdarəsi ləğv edilmiş, DƏK-in İstehsalat və Təsərrüfat İdarəsinin tabeliyinə verilmişdir.Əmək kitabçasındakı növbəti qeydlərdən görünür ki, həmin idarənin adı dəyişdirilmiş və son olaraq Azərbaycan Respublikası Prezidentinin 16.11.2005-ci il tarixli 313 nömrəli fərmanı ilə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin tabeliyinə verilmiş və həmin komitənin 06.12.2005-ci il 11 saylı əmri ilə yenidən təşkil edilərək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi adlandırılmış, Azərbaycan Respublikası Prezidentinin 24.06.2009-cu il tarixli 116 saylı Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilmişdir. Göründüyü kimi, iddiaçının 05.04.1995-ci ildən 01.01.2006-cı ilədək dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Cavabdeh inzibati orqan həmin dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərək, əmək kitabçasındakı qeydləri və kitabçanın tərtib olunma qaydasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh əmək kitabçasında göstərilən məlumatların həqiqiliyini mübahisələndirdiyindən həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Bundan başqa, cavabdeh həmin dövrlərlə bağlı iddiaçının əmək haqqı almamasını da mübahisələndirmişdir. Halbuki, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 07 oktyabr 2019-cu il tarixli məktubunda (səh. 96) göstərilmişdir ki, Əlicanov X1 və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 10 nömrəli yeməkxanada 16.01.2019-cu il tarixədək müdir vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı 2014-cü ilin oktyabr ayından 2017-ci ilin aprel ayına qədər hesablanmış əmək haqqından sosial ayırmalar onun **********996 nömrəli sosial sığorta şəhadətnaməsinə köçürülmüşdür. Eyni zamanda 05.04.1995-01.01.2006-cı il iş dövründə İddiaçı əmək haqqının ödənməsi barədə Mərkəzin arxivində mövcud olan sənədlərin surətləri təqdim edilmişdir. Məktuba əlavə edilmiş əmək haqqı cədvəllərindən görünür ki, 1995-ci ilin aprel-may aylarından etibarən iddiaçıya əmək haqqı hesablanmış, bu hesablama 1996-cı ili tam, 1997-ci ili isə qismən əhatə etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X2 daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrün bir hissəsi (05.04.1995-ci ildən 01.01.2006-cı ilədək) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə olduğundan və sosial sığorta stajı əmək kitabçasına əsasən təsdiqini tapdığından iddiaçının 05.04.1995-ci ildən 01.01.2006-ci ilədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməli, həmin müddətlər ona pensiya təyin olunduğu tarixdən onun sığorta stajına daxil edilməklə pensiya məbləği yenidən hesablanmalıdır. İddia tələbinin iddiaçının 01.01.2006-cı il tarixdən 28.02.2014-cü il tarixədək olan sosial sığorta stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2006-cı il tarixdən etibarən sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 30 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı xeyrinə 01.01.2006-cı il tarixdən 28.02.2014-cü il tarixədək olan dövr ərzində hər hansı bir sığortaedən tərəfindən təqdim edilən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumat Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində qeydə alınmamışdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X3 Departamenti tərəfindən DSMF-nin Abşeron rayon şöbəsinə ünvanlanmış 88/07/30-10317 saylı, 01 dekabr 2015-ci il tarixli məktubundan isə görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən təqdim edilmiş 2006-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) vətəndaş İddiaçı sığorta olunan kimi qeyd olmadığı üçün sosial sığorta stajı və pensiya kapitalı barədə arayış verilməsi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş,hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Qanuna əsasən 01.01.2006-cı il tarixdən sığorta stajının tanınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt olduğundan və iddiaçının xeyrinə 01.01.2006-cı il tarixdən 2014-cü il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, onun sığorta olunan kimi qeydə alınması faktı öz təsdiqini tapmadığından iddiaçının həmin dövrlərdə işlədiyi illər onun sosial sığorta stajına daxil edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-1(085)-279/2019 saylı qərarı qismən - İddiaçı 01.01.2006-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qərar qalan hissədə-İddiaçı 05.04.1995-ci ildən 01.01.2006-ci ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı) üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-1(085)-279/2019 saylı qərarı qismən - İddiaçı 01.01.2006-2014-cü illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qərar qalan hissədə-İddiaçı 05.04.1995-ci ildən 01.01.2006-ci ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulması (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı) hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar