Məhkəmə qərarları › İş №2-1(105)-93/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-93/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-93/2023 02.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı dövlət nümunəli diplom blankının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1928/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçının təqdim etdiyi S.Stalski adına Açıq Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 08/58 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı həmin ali məktəbin fizika-riyaziyyat fakultəsinin qiyabi şöbəsinə daxil olmuş, xx.xx.2006-cı il tarixli 08/54 saylı əmrlə başqa ali məktəbə köçürülməsi ilə əlaqədar ali məktəbin fizika-riyaziyyat fakultəsinin tələbələri sırasından çıxarılmışdır.

2. İddiaçının təqdim etdiyi Azərbaycan Beynəlxalq Univesitetinin xx.xx.2006-cı il tarixli əmrindən görünür ki, RF S.Stalski adına Açıq Sosial Universitetin fizika-riyaziyyat fakültəsinin “riyaziyyat” ixtisasının qiyabi şöbə üzrə İİ (ikinci) kurs tələbəsi İddiaçı fərq imtahanlarını vermək şərti ilə “Riyaziyyat və informatika” fakültəsinin qiyabi şöbə üzrə İİ (ikinci) kursuna köçürülmüşdür. Əmrin verilməsinə əsas kimi digər sənədlərlə yanaşı “Təhsil Nazirliyinin 07.08.96-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş Əsasnaməsi və razılıq məktubu” qeyd edilmişdir. Daha sonra həmin Universitetin rektorunun xx.xx.2006-cı il tarixli əmri ilə iddiaçıya hərbi xidmətə getməsi ilə əlaqədar ərizəsinə əsasən xidmət müddəti başa çatana qədər akademik möhlət verilmiş, xx.xx.2008-ci il tarixli əmrlə isə hərbi xidmət müddəti başa çatdığına görə təhsilinin 2008-2009-cu tədris ilinin İİİ semestrindən həmin fakültənin qiyabi şöbə üzrə İİ (ikinci) kursunda davam etdirməsinə icazə verilmişdir.

3. İddiaçıya məxsus AO№0830224 saylı hərbi biletə əsasən o xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək müddətli həqiqi-hərbi xidmətdə olmuşdur.

4. Azərbaycan Beynəlxalq Univesiteti tərəfindən verilmiş B № 192236 seriyalı diploma əsasən dövlət attestasiya komissiyasının 16 iyun 2010-cu il tarixli 12/157 nömrəli qərarı ilə İddiaçı riyaziyyat-informatika ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.

5. Qobustan rayon İcra Hakimiyyəti Başçısının 14 yanvar 2021-ci il tarixli 002 saylı əmrindən görünür ki, Qobustan rayon İHB Nabur kənd İƏD üzrə nümayəndəliyinin baş məskəhətçisi-baş mühasibi İddiaçı adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 192236 nömrəli diplom blankının hüquqi əsası olmadlığına görə son hesabı ödənilməklə tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır.

6. X7 Qobustan rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Dövlət Qulluqçularının Reyestri" informasiya sisteminə daxil edilmiş diplom məlumatlarının araşdırılması üçün X11 tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Qobustan rayon İcra Hakimiyyətində çalışan 17 iyun 1988-ci il təvəllüdlü İddiaçı adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 192236 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Mərkəzin elektron arxiv məlumatlarına əsasən İddiaçı hər hansı ali təhsil müəssisəsinə qəbul olmamış və onun barəsində X11 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən qəbul əmri verilməmişdir.

7. Təhsil Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci tarixli məktubunda iddiaçının ərizəsinə cavab olaraq məhkəməyə müraciət edə bilməsi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və X6rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, dövlət nümunəli diplom blankının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra iddiaçı iddianın dəqiqləşdirərək cavabdeh kimi yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyinin saxlanılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyası S.Stalski adına Açıq Sosial Unveristetinin Fizika-Riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasının qiyabi şöbəsinə 2005-ci il tarixdə qəbul olunmuş, 2006-cı ildə ailə vəziyyəti ilə əlaqədar həmin institutdan Azərbaycan Beynəlxalq Universtitetinə köçürülmüşdür. Unverstitetin 26 oktyabr 2006-cı il tarixli 3/707-1 saylı əmri əsasında hərbi xidmətə getmə ilə əlaqədar xidmət müddəti başa çatana qədər akademik məzuniyyət müddəti almış, Azərbaycan Beynəlxalq Universtitetinin 29 aprel 2008-ci il tarixli 3/1368-2 saylı əmri əsasında 2-ci kurs tələbəsi kimi hərbi xidmət müddəti başa çatdığına görə təhsilini 2009-cu tədris ilinin 3-cü semestrində həmin fakültənin qiyabi şöbəsi üzrə kursunu davam etdirmişdir. Azərbaycan Beynəlxalq Universtiteti ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilə əsasında təhsili ödənişli olmuş, təhsil ödənişləri tam ödənilmişdir. Ona 2010-cu ilin 16 iyun tarixli qeydiyyat nömrəsi olan 06/517 olan B N192236 seriya təhsil haqqında dövlət sənədi verilmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi- baş mühasib vəzifəsində çalışmışdır. Bir müddət bundan əvvəl Qobustan İcra Başçısının Azərbaycan Respubilkasının X9 ünvanladığı Dövlət Qulluqçularının Reyestri informasİya sisteminə daxil edilmiş diplom məlumatlarının araşdırılması üçün X11 tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, " Qobustan rayon İcra Hakimiyyətində çalışan 17 iyun 1988 ci il təvəllüdlü İddiaçı adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 192236 nömrəli dplom blankımın huquqi əsası yoxdur. Dövlət İmtahan Komissiyasının İcra hakimiyyətinin sorğusuna verdiyi cavabda iddiaçının ali təhsil almamağı və diplomun saxta olmasına dair universtiteti bitirməməyi barədə verilən və təqdim olunan diplomun saxta diplom kimi qələmə verilməsi qeyd olunan sənədlərin mövcudluluğu baxımından əsaslı hesab oluna bilməz. Mərkəzin elektron arxiv məlumatlarında iddiaçının hər hansı ali təhsil müəssəsinə qəbul olunmamağı və barəsində X11 tərəfindən qəbul əmrinin verilməməsi iddiaçının yox, həmin qurumun öz vəzifəsinə layiqincə yanaşmaması və etinasızlığının nəticəsi kimi qəbul olunmalı, iddiaçının Azərbaycan Respubilkası Konstitutsiyası ilə qorunan təhsil və əmək fəaliyyəti ilə məşğul olma kimi hüquqları təmin olunmalıdır.

11. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı 2006-cı ildə Rusiya Federasiyasının S.Stalski adına Açıq Sosial Universitetindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”də ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də, Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə" xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığı nəzərə alaraq, yuxanda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmri olmuşdur. Həmin əmrin lll-cü bəndinə görə qeyridövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V bəndinə görə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin əmrinə əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılmış, Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Beləliklə, köçürülmə yalnız Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilə bilərdi. Sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsinə TN-yi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında və adının “Tələbə-Məzun” X3masına heç bir problem olmazdı. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının ABU-ya köçürülməsi barədə sənədlər təhsil müəssisəsi tərəfindən qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1928/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həm iddia ərizəsində, həm də məhkəmə qərarında qeyd olunur ki, iddiaçı 2005-ci ildə Rusiya Federasiyasının S.Stalski adına Açıq Sosial Universitetinin Fizika-Riyaziyyat fakultəsinin qiyabi şöbəsinə qəbul olmuş və 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür və elə həmin ildə də hərbi xidməti keçməsi ilə əlaqədar xx.xx.2006-cı il tarixli 3/1368-2 saylı əmrə əsasən ona akademik məzuniyyət verilmişdir. İddiaçı hərbi xidmətdən sonra 2009-cu ildə ABU-da qiyabi formada təhsilini davam etdirmişdir. Şikyətdə göstərilir ki, iddiaçının 1 il 6 ay hərbi xidmətdə olması nəzərə alınarsa, onun 2010-cu ildə təhsilini başa vurması mümkün deyil. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır. Həmçinin məhkəmə iddiaçının 2006-cı ildə Rusiya Federasiyasının S.Stalski adına Açıq Sosial Universitetindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsini nəzərə almamışdır. Digər tərəfdən iddiaçının təqdim etdiyi B№192236 nömrəli qeydə alınmış diplom 2010-cu ildə “Maliyyə-kredit” ixtisası üzrə Odlar Yurdu Universitetinin məzmunu X4 verilmişdir. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsilli məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə görə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çoxsaylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil naziri xx.xx.2002-ci il tarixli 80 nömrəli əmr imzalamışdır. Həmin əmrin İİİ-cü bəndinə görə, qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduğundan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V-ci bəndinə görə Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli, xx-xx-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış, tələbənin xarici pasportunun surəti, təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Qeyd olunan normativ sənədlərə əsasən köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının sənədləri Nazirliyə təqdim olunmadan saxtalaşdırılaraq ABU-nun rəhbərliyi tərəfindən rəsmiləşdirilmişdir. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi İddiaçı adına verilmiş B№192236 nömrəli diplomunun heç bir hüquqi əsası olmadığından onun iddia tələbi rədd edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. “Təhsil haqqında” 7 oktyabr 1992-ci il tarixli Qanun (19 iyun 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür): Maddə Maddə 3. Vətəndaşların təhsil hüquqları Dövlət, mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

9. Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin məzunları yuxarı pillədən olan növbəti təhsil müəssisəsinə qəbul olunarkən bərabər hüquqa malikdirlər. Maddə 8. Təhsil haqqında sənəd

1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə 13. Təhsil müəssisələri

1. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

3. Təhsil müəssisələrində proqramların mənimsənilməsi müvafiq əsasnamə əsasında attestasiya keçirilməsi ilə başa çatdırılır. Aralıq mərhələlərdə şagird və tələbələrin attestasiyalarının forması, qaydası və müddəti təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.

4. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. Maddə 19. Ali məktəblər Ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. ...Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Maddə 20. Ali təhsilin pillələri və ixtisas dərəcələri Ali təhsil tədris müəssisələrinin kadr potensialı, maddi-texniki bazası və ixtisasın xüsusiyyətindən asılı olaraq birpilləli, ikipilləli və üçpilləli ali məktəblərdə həyata keçirilir. Ayrı-ayrı pillələrdə təhsil müddəti tədris planı əsasında müəyyənləşdirilir və Xalq Təhsili Nazirliyi tərəfindən təsdiq edilir. Birpilləli ali məktəblərdə (institutlarda, konservatoriyalarda, ali kolleclərdə və s.) müəyyən peşə istiqaməti və ya konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlanır, sahə (fakültə) elmi şurasının qərarı ilə “bakalavr” ixtisas və elmi dərəcəsi verilir. Maddə 21. Ali və orta ixtisas məktəblərinə qəbul Ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Maddə 57. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaq hüququ Azərbaycan Respublikası vətəndaşları hökumətlərarası müqavilələrə, nazirliklər, təhsil müəssisələri arasında bağlanmış sazişlərə əsasən xarici ölkələrin tədris müəssisələrində təhsil ala bilərlər. Tək-tək şəxslər də fərdi müqavilələr əsasında xarici ölkələrin tədris müəssisələrində təhsil almaq hüququna malikdirlər.

18. “Təhsil haqqında” Qanun: Maddə 22. Ali təhsil 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. 44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. 44.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

19. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamə:

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 8.13. Ümumtəhsil məktəblərində sinifdən sinfə keçirmə və buraxılış imtahanların sayını, formasını və qiymətləndirmə mexanizmini, təhsil alanların bir təhsil müəssisəsindən digərindən köçürülməsi qaydalarını müəyyən edir (18 fevral 2011-ci ilə qədər qüvvədə olan redaksiya). 8.26. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. (5 fevral 2021-ci il ilə qədər qüvvədə olan redaksiya).

20. Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamə

1. Tələbələrin köçürülməsi.

1. Tələbələrin köçürülməsi. 1.1. Respublika daxilində: 1.1.1 Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. ... 1.2. Xarici ölkələrdən: 1.2.1. Tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir.

4. Akademik məzuniyyətin verilməsi. Həqiqi hərbi xidmətə çağırılmış tələbələrə xidmət müddəti başa çatanadək akademik məzuniyyət verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 1995-ci il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsi haqqında” Əsasnamə:

42. Ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir. Diploma əlavədə tədris edilmiş bütün fənlərin siyahısı, onların tədris edildiyi saatların miqdarı və uyğun imtahanlardan alınmış qiymətlər göstərilir. Tədris planındakı bütün fənlərdən qiymətlərinin ən azı 75%-i «əla», qalanları isə yalnız «yaxşı» olan, dövlət imtahanı və buraxılmış işinin müdafiəsindən «əla» qiymət alan məzunlar fərqlənmə diplomu alırlar.

22. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən nümayəndələrin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.

25. Belə ki, iddiaçı 2005-ci ildə qəbul olunduğu Rusiya Federasiyasının S.Stalski adına Açıq Sosial Universitetinin Fizika-riyaziyyat fakultəsinin qiyabi şöbəsindən 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin, habelə 2010-cu ildə həmin Universiteti bitirməsinin qanuniliyinə istinad etməklə dövlət nümunəli diplom blankının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının hüquqi marağı ali təhsil haqqında sənədinin (Azərbaycan Beynəlxalq Univesiteti tərəfindən verilmiş B № 192236 seriyalı diplomun) qanuniliyinin cavabdeh tərəfindən tanınmaqla ona dövlət nümunəli diplom blankının verilməsinə nail olmağa yönəlmişdir. Çünki, yuxarıda istinad edilən X7 iddiaçının dövlət qulluğunda olduğu Qobustan rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda Təhsil Nazirliyinə istinadən iddiaçının adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 192236 nömrəli diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir.

26. Kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən hazırkı iddia öhdəliyin icrası haqqında iddiaya aiddir. İddianın xüsusi mümkünlük şərti kimi iddiaçının Təhsil Nazirliyinə müvafiq müraciətinə cavab olaraq yuxarıda istinad edilən xx.xx.2022-ci tarixli məktubla məhkəməyə müraciət etməsi bildirilmişdir.

27. Cavaddehin iddia ərizəsinə etirazının əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilmişdir. İddiaçının ABU-ya köçürülməsi barədə sənədlər təhsil müəssisəsi tərəfindən qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir.

28. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, adıçəkilən diplomun iddiaçıya təqdim edilməsinə görə cavabdehliyi ali təhsil müəssisənin rəhbərliyi daşımışdır. Qanunvericilikdə həmin pozuntuların təqdim edilmiş diplomun etibarsızlığına səbəb olacağı nəzərdə tutulmamışdır. İddiaçı ali təhsilini başa vurması nəticəsində peşə ixtisası dərəcəsi əldə etməsinin sübutu olaraq diplom almaq hüququna malikdir. İddiaçının attestasiyası müvafiq dövlət orqanının, ona diplomun qanunvericliyə uyğun olaraq təqdim edilməsi isə ali təhsil müəsissəsinin öhdəliyidir və ola biləcək hər hansı pozuntuya görə məsuliyyəti həmin müəssisə daşıyır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ilə razılaşmayaraq hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış təcrübəsinə əsasən bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

30. Hazırkı işin hallarından, o cümlədən iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin məzmundan görünür ki, cavabdeh məhz iddiaçının 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin qanunsuz olmasına istinad etmişdir. Belə ki, iddiaçının köçürülməsi barədə əmrdə Təhsil Nazirliyinin 07.08.96-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş Əsasnaməyə və razılıq məktubuna istinad edilsə də, cavabdeh iddiaçının köçürülməsinə razılığın verilmədiyini bildirmiş, iddaçı isə belə bir razılığın mövcud olmasını sübut edə bilməmişdir.

31. Cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi xx.xx.2001-ci il tarixli, 96 saylı “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” əmrin birinci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaq bütün ali təhsil müəssisələrində tələbələrin bir ixtisasdan və ya tədris müəssisəsindən digərinə köçürülmələr müvəqqəti dayandırılmışdır. xx.xx.2002ci il tarixli “əmrdə qismən dəyişiklik haqqında” əmrin İ bəndinə əsasən xx.xx.2001-ci il tarixli, 96 saylı əmrin 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “1. Tələbələrin qeyridövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın.” Həmin əmrin İİ bəndinə görə köçürülmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürülmələr bu təhsil müəssisələrin tabe olduqları nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilməsi; əmrin İİİ bəndinə əsasən qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələri Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması nəzərdə tutulmuşdur. Əmrin V bəndinə əsasən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinə əmri işdə rəhbər tutulması göstərilmişdir.

32. Göründüyü kimi, qeyd olunan əmrlərdə qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələrinin Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması nəzərdə tutulmuş, əmrdə həmçinin qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinə əmri işdə rəhbər tutulması göstərilmişdir.

33. Lakin Azərbaycan Beynəlxalq Universitetinin Azərbaycan Beynəlxalq Univesitetinin xx.xx.2006-cı il tarixli əmrində iddiaçının “Riyaziyyat və informatika” fakültəsinin qiyabi şöbə üzrə İİ (ikinci) kursuna köçürülməsi üçün əsaslardan biri kimi cavabdehin razılq məktubuna istinad edilsə də, ümumiyyətlə həmin məktubun tarixi və nömrəsi göstərilməmiş, cavabdeh belə bir razılıq məktubunun olmadığını bildirmiş, iddiaçı isə bunun əksini sübut edən halı, yəni razılığın mövcudluğunu təsdiq edən hərhansı sübutu təqdim edə bilməmişdir.

34. Digər tərəfdən cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi müvafiq sənədlərə əsasən B№192236 nömrəli qeydə alınmış diplom iddiaçının adına deyil, 2010cu ildə “Maliyyə-kredit” ixtisası üzrə Odlar Yurdu Universitetinin məzunu X2 adına yazılmışdır.

35. Kollegiya eyni zamanda iddiaçının təqdim etdiyi köçürmə, akademik möhlət və bərpa barədə müvafiq əmrlərin tarixlərini, onun habelə müddətli həqiqi-hərbi xidmət dövrünü nəzərə alaraq cavabdehin apellyasiya şikayətinin iddiaçının hərbi xidmətdə olması nəzərə alındıqda onun 2010-cu ildə təhsilini başa vurmasının mümkün olmaması barədə dəlillərini də əsaslı hesab edir. Belə ki, qeyd edilən dəlillərlə bağlı iddiaçının nümayəndəsi iddiaçının Bakı şəhərinə yaxın ərazidə yerləşən hərbi hissədə hərbi xidmətdə olmaqla mütəmadi olaraq təhsil aldığı Universitetdə semestr imtahanlarında iştirak etdiyini bildirsə də, həmin dəlil ağlabatan olmamaqla yanaşı tələbələrə verilən akademik məzuniyyətin və müddətli həqiqi hərbi xidmətin mahiyyəti ilə də öz-özlüyündə ziddiyyət təşkil edir. Belə ki, həqiqi hərbi xidmətə çağırılmış tələbələrə akademik məzuniyyət məhz xidmət müddəti başa çatanadək verilir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1928/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “onun adına dövlət nümunəli diplom blankının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar