Məhkəmə qərarları › İş №2-1(105)-93/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-93/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-93/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-1186/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Xaçmaz Meyvə-Tərəvəz Tədarükü və X5 Kombinatının tabeliyində ünvan 1 ünvanında yerləşən ağac emalı sexinə dair Kombinatın adına Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixli texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1122 nömrəli sərəncamına əsasən AR Kənd Təsərrüfatı Nazirliyinin ünvan 2i ünvanında yerləşən Xaçmaz Meyvə-Tərəvəz Tədarükü və X5 Kombinatının bazasında İddiaçı Səhmdar Cəmiyyəti təsis edilmiş, Cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus əmlak kompleksinin yerləşdiyi Xaçmaz şəhəri, Nəsrəddin Tusi küçəsi, 40 ünvanındakı 26593,0 kv.m (2,6593 ha) torpaq sahəsi iddiaçı Cəmiyyətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış “Özəlləşdirilən obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 17 iyun 2022-ci il tarixli, 2516 nömrəli müqavilə əsasında müəssisənin icarəsinə verilmişdir. İddiaçı 25 iyul 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı ünvan 4 ünvanında yerləşən qeyriyaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş qeyri-yaşayış binasına məxsus tikililərin bir hissəsi sökülmüşdür. Yerdə qalan tikilinin ölçüləri ərizəyə əlavə olunmuş texniki pasportda göstərilən ölçülərdən fərqlidir. İddiaçı ASC-yə məxsus torpaq sahəsinin 0,1766 ha hissəsi vətəndaşlar tərəfindən hasarlanaraq istifadə olunur və həmin əmlaklara dair dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 5 ünvanındakı əmlak kompleksinin mövcud tikililəri üzrərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən əmlak kompleksi iddiaçı tərəfindən uzun müddət əvvəl özəlləşdirilsə də, həmin əmlak kompleksi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla bağlı, ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qeyri-yaşayış binasının “A” tikilisinin bir hissəsi 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Həmçinin, iddia ərizəsində mübahisələndirilən qeyri-yaşayış binasının sənəd üzrə göstəriciləri faktiki vəziyyətdən fərqlidir. Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2-1(118)-1186/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-1186/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 5 ünvanında yerləşən əmlak kompleksinin mövcud tikililəri üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh orqan tərəfindən veilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus inzibati və yardımçı binaların ölçüsü ilkin olaraq 523.70 kv.m təşkil etmiş, sonradan həmin qeyriyaşayış binasının A tikilisi sökülərək tikilinin ölçüsü 476.2 kv.m olmuşdur. Göründüyü kimi, əmlak kompleksinin A-literli tikilisi sökülmüşdür və iddiaçı da həmin əmlakdan imtina edir. Başqa sözlə, iddiaçının ona məxsus əmlak kompleksinin hazırda mövcud olan tikililəri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir. Cavabdehin A tikilisinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, A tikilisi mövcud olmadığından və həmin tikili üzərində mülkiyyət hüququnun tanınması mübahisə predmeti olmadığından həmin dəlil də əsassızdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində mübahisələndirilən qeyri-yaşayış binasının sənəd üzrə göstəriciləri faktiki vəziyyətdən fərqlidir. Bununla bağlı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Xaçmaz rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində işə cəlb olunması ilə bağlı tərəflərindən vəsatət verildiyi halda, həmin qurumlar məhkəmə tərəfindən icraata cəlb olunmamışdılar. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, hazırki işdə mübahisələndirilən qeyri-yaşayış binasının sahəsi ilə başqa şəxslərə məxsus daşınmaz əmlakların sahələrinin üst-üstə düşməsi halı mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 7 ünvanındakı əmlak kompleksinin (binanın) texniki pasportda eni 10,8 metr, uzunluğu 8,0 metr göstərilən, faktiki eni isə 10,1 metr, uzunluğu 8,7 metr olan 1 nömrəli otağı, texniki pasportda eni 3,4 metr, uzunluğu 4,2 metr göstərilən, faktiki eni isə 2,85 metr, uzunluğu 4,2 metr olan 2 nömrəli otağı, texniki pasportda eni 3,1 metr, uzunluğu 4,2 metr göstərilən, faktiki eni isə 4,7 metr, uzunluğu 4,2 metr olan 3 nömrəli otağı, texniki pasportda eni 3,1 metr, uzunluğu 4,2 metr göstərilən, faktiki eni isə 2,25 metr, uzunluğu 4,2 metr olan 4 nömrəli otağı, texniki pasportda eni 3,1 metr, uzunluğu 4,2 metr göstərilən, faktiki eni isə 3,0 metr, uzunluğu 4,2 metr olan 5 nömrəli otağı, texniki pasportda eni 4,5 metr, uzunluğu 4,2 metr göstərilən, faktiki eni isə 3,55 metr, uzunluğu isə 4,2 metr olan 6 nömrəli otağı, texniki pasportda eni 2,0 metr, uzunluğu 4,2 metr göstərilən, faktiki eni isə 3,35 metr, uzunluğu isə 4,2 metr olan 7 nömrəli otağı, texniki pasportda eni 7,6 metr, uzunluğu 25,2 metr göstərilən, faktiki eni ise 8,0 metr, uzunluğu 30,6 metr olan 8 nömrəli otağı, texniki pasportda eni 7,6 metr, uzunluğu 6,0 metr göstərilən, faktiki eni isə 8,0 metr, uzunluğu 6,9 metr olan 9 nömrəli otağı üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı müəssisə hazırda mövcud olan binaların sahəsinə uyğun olaraq əmlak kompleksi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq niyyətindədir. Tərəflərindən iddia tələbinə heç bir etiraz edilmir. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında 29 sentyabr 1995ci il tarixli, 1120 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı:

2. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və onların özəlləşdirilməsi haqqında qərarların qəbulu qaydaları

1. Özəlləşdiriləcək dövlət müəssisələri kiçik, orta və iri müəssisələrə bölünür.

2. Özəlləşdiriləcək bütün orta və iri müəssisələr əvvəlcə səhmdar cəmiyyətlərə çevrilir və sonradan özəlləşdirilir. (-).

Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-1 Q saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamə:

1. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir. (-)

4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir. (-)

6. Dövlət müəssisəsinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətinə çevrilməsi əsasında yaradılmış səhmdar cəmiyyətinin fəaliyyəti bu Əsasnamədə müəyyən edilən xüsusiyyətlər nəzərə alınmaqla qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir. (-) 7.2. Müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin edir. 7.3. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə). Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. 12-ci bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işin hallarından görünür ki, iddiaçı ilkin olaraq tələbində ünvan 5 ünvanındakı əmlak kompleksinin mövcud tikililəri üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı isə iddiaçı tərəf tələbini dəqiqləşdirərək sözügedən əmlak kompleksinin “A” literli tikilisinin ümumi faktiki sahəsi 476,2 m2 olan 5, 6, 7 və 9 nömrəli əsas sahələri, həmçinin, 1, 2, 3, 4, 8 və 10 nömrəli köməkçi sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Odur ki, hazırki mübahisənin predmetini cavabdehin ünvan 5 ünvanında yerləşən əmlak kompleksinin “A” literli tikilisinin ümumi faktiki sahəsi 476,2 m2 olan 5, 6, 7 və 9 nömrəli əsas sahələri, həmçinin, 1, 2, 3, 4, 8 və 10 nömrəli köməkçi sahələri üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İşdən görünür ki, hazırki iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1122 nömrəli sərəncamına əsasən Xaçmaz Meyvə-Tərəvəz Tədarükü və X5 Kombinatının bazasında təsis edilmiş, Cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir. Eləcə də, müəssisə kommersiya qurumu kimi Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alınmışdır. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 noyabr 2023-cü il tarixli məktubundan da görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1122 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi, Xaçmaz Meyvə-Tərəvəz Tədarükü və X5 Kombinatının bazasında İddiaçı ASC yaradılmış və xx.xx.2016-cı tarixinə səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Göründüyü kimi Xaçmaz Meyvə-Tərəvəz Tədarükü və X5 Kombinatının özəlləşdirilməsi prosesinə 1998-ci ildə başlanılaraq onun bazasında İddiaçı ASC yaradılmış və özəlləşdirmə 2016-cı ildə başa çatmışdır. Kollegiya işin hüquqi halları ilə bağlı müəssisənin özəlləşdirildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının, eləcə də həmin dövrdə və hazırda qüvvədə olan “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamənin tələblərini qeyd etməyi zəruri hesab edir. Belə ki, qeyd olunan normativ-hüquqi aktların yuxarıda göstərilən normalarının qarşılıqlı təhlilindən aydın olur ki, dövlət müəssisəsinin özəlləşdirilməsi prosesi onun səhmdar cəmiyyətinə çevrilməsi qaydasında həyata keçirilir, hansı ki, müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş cəmiyyət dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. Hazırki iş üzrə iddiaçı müəssisə də qanunvericiliyin sadalanan tələblərinə uyğun olaraq 1998-2016-cı illərdə özəlləşdirilmiş, o cümlədən, mübahisə predmeti olan əmlak kompeksi də onun balansına verilmiş hesab edilmişdir. İşin qeyd olunan halları cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlili 3 hissədən ibarətdir: 1) Qeyri-yaşayış binasının tikililərinin bir hissəsi sökülməsi, qalan hissəsinin ölçülərinin isə texniki pasportda göstərilən ölçülərdən fərqli olması; 2) Qeyri-yaşayış binasının “A” tikilisinin bir hissəsinin 10 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi; 3) Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 0,1766 ha hissəsinin vətəndaşlar tərəfindən hasarlanaraq istifadə olunması. Kollegiya cavabdehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyriyaşayış binasının ölçüləri ilə bağlı qeyd edilmişdir ki, xx.xx.1998-ci ildə tərtib olunmuş texniki pasportda göstərilmiş “A” literli tikilinin 10 nömrəli otağı tamamilə sökülmüş, qalan otaqların ümumi forması faktiki vəziyyətlə uyğun gəlsə də, otaqların eni və uzunluq ölçüləri faktiki ölçülərdən tam fərqlidir. Belə ki, binanın 1 nömrəli otağın texniki pasportda eni 10,8 metr, uzunluğu 8,0 metr göstərilsə də, faktiki eni 10,1 metr, uzunluğu isə 8,7 metr təşkil edir. 2 nömrəli otağın texniki pasportda eni 3,4 metr, uzunluğu 4,2 metr göstərilsə də, faktiki eni 2,85 metr uzunluğu isə 4,2 metr təşkil edir. 3 nömrəli otağın texniki pasportda eni 3,1 metr, uzunluğu 4.2 metr göstərilsə də, faktiki eni 4,7 metr, uzunluğu isə 4,2 metr təşkil edir. 4 nömrəli otağın texniki pasportda eni 3,1 metr, uzunluğu 4,2 metr göstərilsə də, faktiki eni 2,25 metr, uzunluğu isə 4,2 metr təşkil edir. 5 nömrəli otağın texniki pasportda eni 3,1 metr, uzunluğu 4,2 metr göstərilsə də, faktiki eni 3,0 metr, uzunluğu isə 4,2 metr təşkil edir. 6 nömrəli otağın texniki pasportda eni 4,5 metr, uzunluğu 4,2 metr göstərilsə də, faktiki eni 3,55 metr, uzunluğu 4,2 metr təşkil edir. 7 nömrəli otağın texniki pasportda eni 2,0 metr, uzunluğu 4,2 metr göstərilsə də, faktiki eni 3,35 metr uzunluğu isə 4,2 metr təşkil edir. 8 nömrəli otağın texniki pasportda eni 7,6 metr, uzunluğu 25,2 metr göstərilsə də, faktiki eni 8,0 metr, uzunluğu isə 30,6 metr təşkil edir və qarşı divar qalınlığı fərqlidir. 9 nömrəli otağın texniki pasportda eni 7,6 metr, uzunluğu 6,0 metr göstərilsə də, faktiki eni 8,0 metr uzunluğu isə 6,9 metr təşkil edir. Mütəxəssis rəyindən və rəyə əlavə edilən sxemdən müəyyən edilir ki, mübahisələndirilən qeyri-yaşayış binasının “A” tikilisinin 10 nömrəli otağı sökülmüşdür, hazırda binada “A” tikilisinə aid 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 nömrəli otaqlar mövcuddur. 1 nömrəli otağın faktiki sahəsi 87,9 m2, 2 nömrəli otağın faktiki sahəsi 12,0 m2, 3 nömrəli otağın faktiki sahəsi 19,7 m2 , 4 nömrəli otağın faktiki sahəsi 9,5 m2, 5 nömrəli otağın faktiki sahəsi 12,6 m2, 6 nömrəli otağın faktiki sahəsi 14,9 m2, 7 nömrəli otağın faktiki sahəsi 14,1 m2, 8 nömrəli otağın faktiki sahəsi 250,3 m2, 9 nömrəli otağın faktiki sahəsi isə 55,2 m2 olmaqla, otaqların cəmi faktiki sahəsi 476,2 m2 təşkil edir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib edilmiş “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportu” ndan isə görünür ki, qeyri-yaşayış binası “A” və “B” tikililərindən ibarət olmaqla, “A” tikilisi 1 (dəhliz – 86,40 m2), 2 (anbar - 14,30 m2), 3 – 4 (soyunub-geyinmə otaqları – 13,00 m2x2=26,00 m2), 5 (kabinet – 13,00 m2), 6 – 7 (iş otaqları – 27,30 m2), 8 (anbar – 191,50 m2), 9 (iclas zalı), 10 (anbar – 91,50 m2) nömrəli otaqlardan ibarətdir. 1, 2, 3, 4, 8 və 10 nömrəli köməkçi sahələrin ümumi sahəsi 409,70 m2, 5, 6, 7 və 9 nömrəli əsas sahələrin ümumi sahəsi isə 85,90 m2 olmaqla, 1-10 nömrəli sahələrin cəmi sahəsi 495,60 m2 göstərilmişdir. “B” tikilisi isə 1 (ağac emalı sexi), 2 (yeməkxana) və 3 (ağac emalı talvarı) nömrəli otaqlardan ibarət olmaqla, otaqların cəmi sahəsi 523,70 m2 qeyd edilmişdir. İşin müəyyən edilən faktiki hallarından göründüyü kimi texniki pasportda göstərilən tikililərdən hazırda yalnız “A” tikilisinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 nömrəli otaqları mövcuddur, 10 nömrəli otağı sökülmüşdür. Texniki pasportda ümumi sahəsi 523,70 m2 göstərilən “B” tikilisi isə hazırda yerində mövcud deyildir. Qeyri-yaşayış binasının hazırda mövcud olan otaqlarının faktiki sahələri ilə texniki pasportda göstərilən sahələri arasında əhəmiyyətli fərq müəyyən edilmir. Belə ki, “A” tikilisinin 1 nömrəli otağının texniki pasportdakı sahəsi 86,40 m2, faktiki sahəsi 87,9 m2, 1 nömrəli otağının texniki pasportdakı sahəsi 14,30 m2, faktiki sahəsi 12,0 m2, 3 və 4 nömrəli otaqların texniki pasportdakı sahələri hər ikisinin ayrı-ayrılıqda 13,00 m2, faktiki sahələri müvafiq olaraq 19,7 m2, 9,5 m2 təşkil edir, eləcə də digər 5, 6, 7, 8, 9 nömrəli otaqlara münasibətdə də oxşar hal müşahidə edilir. Həmçinin, qeyri-yaşayış obyektində əvvəlcə cəmi sahələri 283,00 m2 olan 8 (191,50 m2) və 10 (91,50 m2) nömrəli anbarlar olmuş, daha sonra 10 nömrəli anbar sökülmüş, 8 nömrəli anbarın isə sahəsi genişləndirilmişdir, belə ki, 8 nömrəli anbarın faktiki sahəsi hazırda 244,8 m2 təşkil edir. İşin təhlil edilən hallarından belə nəticəyə gəlinir ki, texniki pasportda “A” tikilisinə daxil olan 1-10 nömrəli əsas və köməkçi sahələrdən ibarət otaqların cəmi sahəsi 495,60 m2 göstərildiyi halda, hazırda mövcud olan 1-9 nömrəli otaqların cəmi faktiki sahəsi texniki pasportda göstərilən sahədən daha az - 476,2 m2 təşkil edir. İddiaçı da hazırki dəqiqləşmiş tələbi üzrə qeyri-yaşayış binasının “A” literli tikilisinin ümumi faktiki sahəsi 470,61 m2 olan 5, 6, 7 və 9 nömrəli əsas sahələri, həmçinin, 1, 2, 3, 4, 8 və 10 nömrəli köməkçi sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Belə olan halda, kollegiya hesab edir ki, qeyri-yaşayış binasının otaqlarının hazırki faktiki sahəsi texniki pasportda göstərilən sahədən daha az olduğundan otaqların ölçülərinə münasibətdə uyğunsuzluqların olması iddiaçının mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınmasına maneə təşkil edə bilməz. Odur ki, kollegiya cavabdehin 1-ci dəlilini əsassız hesab edir. “A” tikilisinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 kV) mühafizə zonasında yerləşməsi ilə bağlı cavabdehin 2-ci dəlilini də əsassız hesab edən kollegiya qeyd edir ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın yuxarıda sadalanan normalarının tələblərinə görə, torpaq sahəsi elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda, həmin sahədən istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahə üzərində hüququn qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur və cavabdeh tərəfindən də mübahisələndirilmir. Kollegiya cavabdehin 3-cü, yəni qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 0,1766 ha hissəsinin vətəndaşlar tərəfindən hasarlanaraq istifadə olunması dəlilini də əsassız hesab edərək bildirir ki, iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqanın özü tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, qeyri-yaşayış binasında mövcud olan tikililər mübahisələndirilən 0,1766 ha torpaq sahəsi üzərində yerləşmir. Həmçinin, cavabdehin nümayəndəsi də məhkəmə iclasında izahatında mövcud tikililərin başqa şəxslərə məxsus daşınmaz əmlaklarla üst-üstə düşməsi halının akar edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını yekun nəticəyə gəlməyə imkan edən həcmdə araşdırsa da, məhkəmə qərarında həmin halları düzgün qeyd etməmişdir. Belə ki, işə baxan məhkəmə qərarında “A” tikilisinin sökülərək mövcud tikilinin ölçüsünün 476.2 m2 olduğunu qeyd etmiş, bu baxımdan, həmin “A” tikilisinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı cavabdehin dəlilinə də düzgün hüquqi qiymət verməyərək həmin tikili mövcud olmadığından və onun üzərində mülkiyyət hüququnun tanınması mübahisə predmeti olmadığından cavabdehin dəlilini əsassız hesab etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin özü tərəfindən aparılmış icraat çərçivəsində alınmış mütəxəssis rəyi ilə işdə olan sübutların məcmusunun qarşılıqlı təhlilindən yuxarıda qeyd edildiyi kimi hazırda əmlak kompleksinə texniki pasportda göstərilən “A” tikilisinin 10 nömrəli otağı istisna olmaqla, ümumi faktiki sahəsi 476,2 m2 olan 1-9 nömrəli otaqlardan ibarət əsas və köməkçi sahələrin daxil olduğu, 10 nömrəli otağın söküldüyü, pasportda göstərilən “B” tikilisinin isə mövcud olmadığı müəyyən edilmişdir. Yəni, “A” tikilisi bütövlükdə deyil, yalnız onun 10 nömrəli otağı sökülmüş, hazırda mövcud ümumi sahəsi 476,2 m2 olan tikililərin “A” tikilisinə aid olduğu mütəxəssis rəyində dəqiq vurğulanmışdır. İşə baxan məhkəməsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olsa da, kollegiya hesab edir ki, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətininin dəlillərində əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Xaçmaz rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində işə cəlb olunması ilə bağlı tərəflərindən birinci instansiya məhkəməsinə vəsatət verildiyi halda, həmin qurumlar məhkəmə tərəfindən icraata cəlb olunmamışdılar. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə bildirir ki, işdən görünür ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək qeyri-yaşayış binasının sənəd üzrə göstəricilərinin faktiki göstəricilərdən fərqli olduğunu bildirmiş, bu baxımdan, adıçəkilən dövlət orqanlarının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə 17 mart 2023-cü il tarixli, 2- 1(118)-1186/2023 nömrəli qərardadla həmin orqanlardan yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini qərara almış, digər orqanların məhkəmə icraatına cəlb edilməsindən imtina etdiyi halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin, eləcə də Ali Məhkəmənin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli Qərardadının tələblərinə zidd olaraq cəlbetmədən imtina haqqında ayrıca akt formasında qərardad qəbul etməmişdir. Lakin, məhkəmə tərəfindən yol verilən sözügedən prosessual hüquq normasının pozuntusu məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan və təhlil edilən hallarından birinci instansiya məhkəməsinin qərarının həmin dövlət orqanlarının qanunla qorunan maraqlarına toxunmadığı, eləcə də mübahisə hüquq münasibəti onlara münasibətdə vahid qərarın qəbul olunmasını şərtləndirmədiyindən sonuncuların üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə zərurət yoxdur. Bu baxımdan, kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir. Beləliklə, işə apellyasiya qaydasında məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işə tətbiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində ünvan 7 ünvanındakı əmlak kompleksinin 1-10 nömrəli otaqlarının hər birinin ayrı-ayrılıqda en və uzunluq ölçülərini sadalayaraq, həmin tikililər üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin məzmununa əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. Qeyd edilən normanı rəhbər tutaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, ünvan 7 ünvanında yerləşən əmlak kompleksinin “A” literli tikilisinin ümumi faktiki sahəsi 476,2 m2 olan 5, 6, 7 və 9 nömrəli əsas sahələri, həmçinin, 1, 2, 3, 4, 8 və 10 nömrəli köməkçi sahələri üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-1186/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. ünvan 7 ünvanında yerləşən əmlak kompleksinin “A” literli tikilisinin ümumi faktiki sahəsi 476,2 m2 olan 5, 6, 7 və 9 nömrəli əsas sahələri, həmçinin, 1, 2, 3, 4, 8 və 10 nömrəli köməkçi sahələri üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar