Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-932/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X10, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona ailə başçısının itirməyə görə hüququ yaranan andan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3235/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür AZ-İ № 986361 saylı, 20 fevral 2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 xx.xx.2010-cü ildə ölmüşdür. Cavabdehin iddiaçıya ünvanladığı 18 noyabr 2023-cü il tarixli imtina məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşınız (63 yaş 6 ay) tamam olmadığından və orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs hesab edilmədiyinizdən sizə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Sığorta stajınızı təsdiq edən sənədləri (əmək kitabçası, əyani təhsil haqqında diplom) və ya notariat qaydada təsdiq olunmuş surətlərini DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında yaşa görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona ailə başçısının itirməyə görə hüququ yaranan andan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Zizik kənd sakini X3 ilə 25 may 1979-cu ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.1980-cı ildə X5, xx.xx.1982-ci ildə Nurəngiz Məmmədəmi qızı, xx.xx.1985-ci ildə X7, xx.xx.1990-cı ildə X4, və xx.xx.1994-cu il tarixdə X8 adlı övladları anadan olmuşdur. Həmin övladlarını o, boya-başa çatdırmışdır. Həyat yoldaşı X3 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşı M.Ələkbərov 1971-cı ildə Əmək fəaliyyəyinə başlamış və xx.xx.1999-cu il tarixə kimi müxtəlif təşkilatlarda işləyərək 27 ilə yaxın əmək stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub, övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüquqa vardır. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh təşkilata 2023-cü il tarixdə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən ona hərəkətsizlik göstərilməklə, müaciəti təmin edilməmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə Filialın 18 noyabr 2023-cü il tarixli 3- 17-1/2-Ə-270119/2023 nömrəli imtina məktubu ilə iddiaçının qanunvericiliklə müəyyən edilmiş pensiya yaşının (63 yaş 6 ay) tamam olmadığı və orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs hesab edilmədiyindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsinsə qeydə alınmış pensiya kaptalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyul 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilmişdir. İddiaçı isə xx.xx.1961-ci il təvəllüdlü olmaqla hazırda 63 yaşındadır. İddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir. 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1.18 yaşına çatmamış; 14.1.1.2.18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3.təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyqun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsəj 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Göründüyü kimi, Qanunda əmək pensiyasının növləri fərqləndirilməldə yanaşı, hər birinin təyin edilməsi üçün fərqli şərtlər müəyyən olunmuşdur. Qanunun 14.1.2-ci maddəsindən də görünür ki, ata, ana, ər, arvada ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Qanunun 7-ci maddəsinə uyqun olaraq müəyyən edilmiş pensiya yaşına çatması şərt kimi müəyyən edilmişdir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsi ilə tələb olunan yaşı (63 yaş 6 ay) tamamlandığı tarixdən hüququ yara bilər. Qanunun 8-ci maddəsində nəzərdə tutulan şəxslərə münasibətdə Qanunun 7-ci maddəsinə uyqun şərtlər daxilində yaş həddinin 5 il azaldılması həmin şəxslərə edilən güzəşt olmaqla, məhz yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün belə güzəşt nəzərdə tutulmadığından və birbaşa şəxsin qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatması şərti irəli sürüldüyündən hesab edirik ki, iddia tələbi əsassızdır. Eyni zmanda iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün vəfat etmiş ailə başçısının tələb olunan minimum sığorta stajı 13 il 8 aydır (TxK—118,08). İddiaçının təqdim etdiyi mərhum X1 xx.xx.1975-ci il tarixdə tərtib olunmuş əmək kitabçasının surətinə əsasən onun xx.xx.1974-cu il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il taridən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək ümumi iş stajı 24 il 6 ay 6 gün təşkil edir. Göründüyü kimi, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün vəfat etmiş ailə başçısının tələb olunan minimum sığorta stajı olsa da iddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsi ilə müəyyən olunmuş şəxslər kateqoriyasından hər hansı birinə aid olmadığı üçün onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri yə işin hallarına nəzərən göründüyü kimi verilən imtina qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3235/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. 5 il azaldılmaqla pensiyanın təyin edilməsi yalnız yaşa görə əmək pensiyasının təyin edilməsi halına şamil edilmişdir. Qanunvericilikdə ailə başçısını itirmə halına görə yaş həddinin azaldılması nəzərdə tutulmadığından, cavabdeh orqanın imtinası qanunauyğun olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ..... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;... Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. ... Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi ailə başçısının itirməyə görə hüququ yaranan andan yaşa görə əmək pensiyası təyin edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqanın imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının qanunla tələb olunan 63 yaş 6 ay pensiya yaş həddi tamam olmamış və əlilliyi müəyyən edilmiş şəxs olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında qanunvericiliyin normalarının tələbinə əsasən indiki halda ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün zəruri şərtlər bundan ibarətdir: a) iddiaçının mərhum şəxsin arvadı olmaqla, qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatması və ya orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasıb) mərhum şəxsin vəfat etdiyi tarixə “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən müəyyən edilmiş tələb olunan sosial sığorta stajına malik olması İşin mübahisəsiz hallarından görünür ki, mərhum şəxs qanunla tələb olunan sosial sığorta stajına malik olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı qanunla müəyyən edilən pensiya yaş həddinə çatmamış və əlilliyi müəyyən edilmiş şəxs qismində çıxış etməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kateqoriyasına aid olmamışdır (bu halı hər iki tərəf təsdiq edir). Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, pensiya təyin edilməsi ilə bağlı 13 oktyabr 2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən onun müraciətinə dair 18 noyabr 2023-cü il tarixdə imtina cavabı verilmişdir.Qeyd edilən vaxtda qanunla müəyyən edilmiş pensiya yaş həddi 63 yaş 6 ay olduğu halda, iddiaçının 62 yaş 8 ay olmuşdur. Göründüyü kimi iddiaçı münasibətdə ailə başçısını itirməyə görə qanunla müəyyən edilmiş pensiya yaş həddinə aid şərt ödənilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda da iddiaçıya münasibətdə pensiya yaş həddinə aid şərtin ödənilməsi müəyyən edilmir. Belə ki, hazırda qanunla müəyyən edilmiş pensiya yaş həddi 64 yaş müəyyən edilmişdir. İddiaçı isə hazırda 63 yaş 6 ay yaşda olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı beş uşağının olması ilə bağlı hala istinad edərək, həmin halın da nəzərə alınmasını qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi həmin halla bağlı qeyd edir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə beş uşağının olması ilə bağlı hər hansı güzəştin olması nəzərdə tutulmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, müvafiq Qanunun 8-ci maddəsinin dispozitiv şərtində həmin hal pensiya yaş həddinin 5 il azaldılmaqla, Qanunun 7-ci maddəsində müəyyən edilmiş şərtlər daxilində yaşa görə pensiyanın təyin edilməsi üçün nəzərdə tutulmuşdur. Müvafiq Qanunun 7-ci maddəsinin dispoztiv şərtlərinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş pensiya yaş həddiinin tamamlanması və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olması müəyyən edilmişdir. İndiki halda isə iddiaçıya münaisbətdə qanunla tələb olunan azı 25 il sosial sığorta stajına malik olması şərti ödənilməmişdir. İddiaçı bununla bağlı şərtin ödənilməsinin əsası kimi özünün sosial sığorta stajına malik olmasa da, mərhum həyat yoldaşının 27 ildən artıq sosial sığorta stajına malik olması və həmin stajın əsas götürülməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş stajına aid şərtin ödənilməsi məhz pensiya təyin edilən şəxsə münasibətdə mövcud olmalıdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olmuş, birinci instanisya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3235/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-932/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-932/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver