Məhkəmə qərarları › İş №2-1(105)-933/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-933/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-933/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim) Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı və iddiaçının vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “doğulma faktının qeydə alınması, doğum haqqında şəhadətnamə ilə təmin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2- 1(118)-4959/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə ərizə ilə müraciət edərək, onun doğum faktının qeydə alınıbalınmaması barədə məlumat verilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2023-cü il tarixli, 3-16-5/4-15-Ş-17-6 nömrəli məktubu ilə müraciətə cavab olaraq bildirmişdir ki, araşdırma zamanı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin, Səbail rayon Qeydiyyat şöbəsinə ünvanlanmış analoji müraciəti əsasında sonuncu qurum yoxlama aparmış və doğumu haqqında akt qeydinin aşkar olunmaması haqqında arayış təqdim olunmuşdur. Daha sonra İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək, onun doğum faktının qeydə alınması və ona doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2024-cü il tarixli, 3-16-5/7-1389-S/15 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarinin dövlət qeydiyyatı qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Araşdırma zamanı məlum olmuşdur ki, şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Şəxsiyyətini təsdiq edən sənədi olmadığından doğumunun qeydə alınmasından imtina edilir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin 13 iyul 2022-ci il tarixli, 80 nömrəli dublikatı əsasında iddiaçının 4 noyabr 1969-cu il təvəllüdlü, Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Yadrin rayonunun Streletskaya kəndində anadan olmuş, milliyyətcə çuvaş olan və 9 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X3 31 may 1996-cı il tarixdə Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində doğulmağı faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdə Qazaxıstan Respublikasının Aktobe şəhərində anadan olmuşdur. X5 İvanovna xx.xx.1969-cu il tarixdə Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Yadrin rayonunun Streletskaya kəndində, atası İen adlı şəxsdir. Aanasına sonuncu dəfə 1996-cı ildə RF X8 Orqanı tərəfindən pasport verilsə də, sonradan yeni pasport almaq üçün RF-nin Azərbaycandakı Səfirliyinə müraciət edərkən ona xx.xx.1992-ci il tarixdə RF-də yaşayış yeri üzrə qeydiyyatının olmaması səbəbindən imtina cavabı verilmişdir. Anası xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçı doğulduqdan sonra bir müddət anası ilə birlikdə RF-də yaşamış, daha sonra Azərbaycana qayıtmışlar, həmin vaxtdan etibarən daimi olaraq burada yaşayır. Hazırda iddiaçının 28 yaşı var, lakin şəxsiyyətini və hər hansı ölkəyə mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Bu baxımdan, Azərbaycan Respublikasının hüdudlarını tərk edə bilmir. Doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün hazırda vətəndaşsızlıq vəziyyətinə düşmüş şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən himayəyə götürülmüşdür. Onun doğum haqqında akt qeydi nə doğulduğu Qazaxıstan Respublikasında, nə RF-da, nə də AR-da qeydə alınmışdır. Cavabdehnə ərizə ilə müraciət edərək doğulmağı faktının qeydə alınmasını və ona doğum haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, onun doğum faktı qeydə alınmalı və ona doğum haqqında şəhadətnamə verilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-4959/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, “... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Məhkəmə hazırkı iş üzrə təqdim edilmiş sənədlər çərçivəsində cavabdehin iddiaya cavab verməli olan orqan olubolmaması istiqamətində yoxlama aparmaqla belə nəticəyə gəlir ki, Cavabdeh hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddia mümkün sayılmamalıdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə Sumqayıt səhər Qeydiyyat Şöbəsinin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianı mümkün saymamışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, işə baxan məhkəmə Cavabdeh hazırkı iş cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi əsası ilə iddianı mümkün saymasa da, onun məhz hansı səbəbdən cavabdeh qismində çıxış etməli orqan olmadığını əsaslandırmamışdır. Hesab edir ki, cababdeh Cavabdeh doğumun qeydiyyata alınmasını həyata keçirməli olan səlahiyyətli orqandır və bunu qeydə almaqdan imtina etdiyinə görə bu iş üzrə cavabdeh qismində çıxış etməlidir. İşin hallarından bəlli olur ki, cavabdeh orqan onun müraciətinin icrasından imtina edərkən özünün bu hərəkətin icrası (iddiaçının doğumunun qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunması) üçün səlahiyyətli qurum olmaması əsasında deyil, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 1.7-ci bəndinə istinad etmiş və məhz onun şəxsiyyəti təsdiq edən sənədə malik olmadığına görə müraciətini təmin etməkdən imtina etmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın tələblərindən görünür ki, doğum bu barədə məlumat verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Təcrübədə də Azərbaycan Respublikasının ərazisindən kənarda doğulmuş, lakin doğumu heç bir ölkədə qeydə alınmamış və hazırda Azərbaycan Respublikasında yaşayan şəxslərin doğumlarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri tərəfindən qeydiyyata alınmasına dair praktika möcuddur. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh hazırki iddiaya cavab verməli olmaması əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmə Cavabdeh hazırkı iddia tələbinə cavab verməli olan orqan olmadığı qənaətinə gələrək bu səbəblə iddianı mümkün saymasa da, bununla bağlı hər hansı əsaslandırma aparmamış, eləcə də hazırkı tələb üzrə iddiaya cavab verməli olan orqanın hansı orqan olduğunu göstərməmişdir. Qanunveriliyin tələbinə görə iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yəni, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. İşdən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü iddiaçının doğum faktı heç bir ölkənin müvafiq dövlət orqanında qeydə alınmamış və ona doğum haqqında şəhadətnamə verilməmişdir. O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan şəxsdir və bu barədə ona BMT QAK-nın Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 14 may 2024-cü il tarixli, 9xx-xx-00129 nömrəli himayə sənədi verilmişdir. Hazırda iddiaçının tələbi onun doğum faktının Cavabdeh tərəfindən qeydə alınması və ona bu barədə doğum haqqında şəhadətnamənin verilməsi barədədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin qaydanın: - 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 1.6. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, bir qayda olaraq, Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin yerləşdiyi binada (otaqda) həyata keçirilir. - 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. - 1.12. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Sadalanan normaların tələbindən göründüyü kimi doğumun dövlət qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri tərəfindən aparılır və bununla bağlı müraciət edən şəxslərə doğum haqqında şəhadətnamə verilir. Həmçinin, işdən görünür ki, iddiaçı hazırkı tələblə əvvəlcə Cavabdehnə müraciət etmiş, həmin inzibati orqan müraciətin icrasından onun müraciətdə qeyd edilən məsələyə münasibətdə səlahiyyətli orqan olmadığı əsası ilə deyil, yalnız iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyindən onun doğumunun qeydə alınmasından imtina etmişdir. Bundan əlavə, mövcud məhkəmə təcrübəsindən də görünür ki, hazırkı iş üzrə iddiaçının kateqoriyasından olan şəxslərin (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan) cavabdeh qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələrinə qarşı “doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi, eləcə də, doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iddialarına mahiyyəti üzrə baxılaraq müvafiq qərarlar qəbul edilir. İşin qeyd olunan hallarını nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh hazırkı iddiaya cavab verməli olan orqan olduğu aşkar görünür. Beləliklə, məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-4959/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “doğulma faktının qeydə alınması, doğum haqqında şəhadətnamə ilə təmin edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar