Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-935/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(118)-1720/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətləri və ya hərəkətsizliyi səbəbindən işlə təmin edilmədiyi üçün işlə təmin edilənədək iki il üzrə hər ay üçün 829 manat orta aylıq nominal əmək haqqı nəzərə alınmaqla, 19.896 manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07 dekabr 2020-ci il tarixdə işlədiyi "xxxx" MMC-dən işdən azad edilmişdir. Bu səbəbdən, 03 yanvar 2021-ci il tarixdən cavabdeh orqanın mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində iş axtaran vətəndaş kimi qeydiyyata alınmışdır. İşsiz kimi sosial sığorta ödənişinin verilməsi ilə bağlı dəfələrlə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh DƏMX-nin X8 "xxxx" MMC-də fəaliyyəti 2016-cı il əvəzinə 2018-ci ildən qeyd edildiyindən əmək sığortası üçün iş müddətinin kifayət etmədiyini, nöqsan aradan qaldırılacağı təqdirdə sığorta ödənişinin veriləcəyini bildirərək müraciətinin icrasından imtina etmişdir. Son iki ildə cavabdehin hərəkətləri və ya hərəkətsizliyi səbəbindən iki ildir işsiz qaldığından maddi vəziyyəti pisləşmiş, hər ay üçün 260 (iki yüz altımış) manat məbləğində aliment borcu toplanaraq on üç min manata çatmışdır. 17 noyabr 2022 tarixdə cavabdehə müraciət edərək maddi vəziyyətinin pisləşməsi, aliment öhdəliyini yerinə yetirə bilməməsi nəticəsində ona dəymiş ziyanın hesablanaraq 19,896 (on doqquz min səkkiz yüz doxsan altı) manat məbləğində kompensasiyanın ödənilməsini, işlə təmin edilməsini və işlə təmin edilənədək hər ay üçün 829 manat pul vəsaitinin ödənilməsini xahiş etmişdir. Kompensasiya məbləğinin hesablanmasına münasibətdə qeyd edir ki, ötən iki il (24 ay) ərzində cavabdeh tərəfindən işlə təmin edilmədiyi üçün 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının 829 manat olduğu nəzərə alınaraq 24 ay X 829 manat = 19,96 (on doqquz min səkkiz yüz doxsan altı) manat təşkil edir. Bildirir ki, sonuncu iş yerində aldığı əmək haqqı 878,21 manat təşkil etmişdir. Ona cavabdeh tərəfindən yalnız şifahi olaraq əvvəllər işlədiyi sahələrə aid olmayan və aşağı əməkhaqqı olan işlər təqdim edilmişdir. Belə ki, təqdim edilən işlər - fəhlə işi (əmək haqqı 300 manat), aqronom işi (əmək haqqı 500 manat) və “Şahdağ” otelində ambardar işi (əmək haqqı 800 manat) təklif edilmişdir. Sonuncu işlə razılaşsa da, daha sonra ona cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının dövlət qurumlarında, digər müəssisə və təşkilatlarda işlə təmin olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı formada təsir göstərilməsi yolverilməzdir. Həm AR Konstitusiyasının, həm də Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq əmək müqaviləsinin bağlanması ilə bağlı məcburiyyət qanunla qadağandır və iddia icraatı üzrə cavabdeh qismində inzibati orqan tərəfindən işəgötürənlərə münasibətdə bu cür tələblə çıxış edilə, habelə işəgötürənlərin üzərinə belə bir öhdəlik qoyula bilməz. İddiaçının hazırki kompensasiya ödənişi tələbi də qanunvericiliklə tənzimlənməməkdədir. İddiaçının işsiz olduğu müddətdə aylıq kompensasiya tələbi əsasızdır və bu məsələ Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” Qanununun müvafiq müddəaları ilə tənzimlənir. Yuxarıda qeyd edilənlərə əsasən, iddia tələbinin uğurluluq ehtimalı istisna edilməkdədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(118)-1720/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azəbaycan Respublikası Prezidentinini 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X4 Nizamnaməsinin tələblərindən müəyyən edilir ki, vətəndaşı işlə təmin etmək cavabdeh Agentliyin vəzifələrinə aid edilməmişdir. Həmçinin, cavabdeh orqan vətəndaşı işlə təmin edən orqan deyil, o, işaxtaran və işəgötürən arasında bir növ vasitəçi rolunu oynayır ki, iddiaçıya bu məqsədlə dəfələrlə iş yerləri təklif etmiş, özünüməşğulluğa cəlb etmiş, müəyyən avadanlıqla təmin etmişdir. İddiaçı müəyyən səbəblərdən hər dəfə həmin təklifləri qəbul etməkdən imtina etmiş, lakin cavabdeh agentlik yenə də onu uçotdan çıxarmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyi üçün iddia təmin edilməməlidir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Məşğulluq haqqında” Qanunda vətəndaşın işlə təmin edilmısi, sosial durumunun yaxşılaşdırılması qeyd edildiyi halda artıq üç ildir ki, cavabdeh onun sosial vəziyyəti ilə maraqlanmır. İddiaçının aliment öhdəliyi də artaraq hazırda 13805 manat təşkil edir. İddia ərizəsində kompensasiya tələbi ilə yanaşı, işlə təmin edilməsi tələbini qeyd etmiş, lakin məhkəmə qərarında yalnız kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi qeyd edilmişdir. Hesab edir ki, cavabdehin hərəkətlərinə düzgün hüquqi qiymət verməməklə, iş üzrə prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, işə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdilər. TƏTBİQ EDİLƏN HÜQUQ “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs; ... Maddə 2. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 2.1. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 5. İşaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi müddəalar 5.1. İşaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 5.2. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. ... 5.5. Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. ... Maddə 9. Məşğulluq sahəsində şəxslərin hüquqları 9.1. Məşğulluq sahəsində şəxslər aşağıdakı hüquqlara malikdirlər: 9.1.1. fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst seçmək; 9.1.2. işəgötürənlərə bilavasitə müraciət etmək yolu ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) pulsuz vasitəçiliyi ilə və ya əmək yarmarkaları, əmək birjaları, mediada və internet resurslarında elanlar verilməsi yolu ilə və qanunla qadağan edilməyən digər vasitələrlə iş yerini sərbəst seçmək; 9.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədi ilə pulsuz peşəyönümü məsləhətləri almaq, peşə hazırlığına və əlavə təhsilə cəlb olunmaq, habelə əmək bazarına dair məlumat əldə etmək; 9.1.4. əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərində iştirak etmək; 9.1.5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmaq və sığorta ödənişi almaq; 9.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və yaxud onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət etmək. Maddə 10. Əmək hüququnun həyata keçirilməsində dövlət təminatları 10.1. Dövlət hər bir şəxsə əmək hüququnun həyata keçirilməsində aşağıdakı təminatları verir: 10.1.1. məşğulluq növünün, o cümlədən müxtəlif rejimli işin sərbəst seçilməsinə; 10.1.2. işdən əsassız çıxarılanların və ya işə qəbuldan əsassız imtina olunanların Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hüquqi müdafiəsinə; 10.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmasına. 10.2. Dövlət işaxtaranlara və işsiz şəxslərə aşağıdakı təminatları verir: 10.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə; 10.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığına; 10.2.3. şəxsin yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla haqqı ödənilən ictimai işlərdə iştirakına; 10.2.4. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta ödənişinin ödənilməsinə; 10.2.5. özünüməşğulluğa köməklik göstərilməsinə; 10.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən digər aktiv məşğulluq tədbirlərində iştirakına; 10.2.7. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə işə qəbul olunarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallarda pulsuz tibbi müayinədən keçməsinə. Maddə 14. İşədüzəltmədə vasitəçilik fəaliyyəti 14.1. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti (bundan sonra – işədüzəltmədə vasitəçilik fəaliyyəti) yalnız hüquqi şəxslər tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 14.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçı 06 iyun 2018-ci il tarixdən 07 dekabr 2020-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş, əmək müqaviləsinin müddəti bitdiyindən 07 dekabr 2020-ci il tarixdən işdən azad edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində 03 yanvar 2021-ci il tarixdən işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsinin dəlillərində 03 yanvar 2021-ci il tarixdən işaxtaran kimi qeydiyyata alınmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iki ildir işlə təmin edilmədiyini bildirərək, hazırda 2022-ci il üzrə 829 manat orta aylıq nominal əmək haqqı nəzərə alınmaqla, ümumilikdə 19.896 manat (829 manat x 24 ay) kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan olan X4 fəaliyyət dairəsi, səlahiyyətləri və vəzifələri Azəbaycan Respublikası Prezidentinini 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X4 Nizamnaməsi ilə tənzimlənir. Həmin Nizamnamənin 1.1-ci bəndinə əsasən X6 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək; 2.1.5. işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən təyinatı üzrə istifadəni, o cümlədən, aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini və sığorta ödənişlərinin verilməsini təmin etmək; 2.1.6. işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək; 2.1.7. qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması, o cümlədən qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 2.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək; 2.1.9. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək; 2.1.10. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Qeyd edilən hüquq normalarının tələblərindən göründüyü kimi Agentliyin əsas fəaliyyət istiqamətlərinə “Məşğulluq haqqında” Qanunla müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək, habelə işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən təyinatı üzrə istifadəni, o cümlədən aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini və sığorta ödənişlərinin verilməsini təmin etmək aiddir. Həmçinin, Nizamnamənin 3.1, 3.1.1-3.1.34-cü bəndlərində müvafiq fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri göstərilmişdir. Hansı ki, Agentliyin əsas vəzifəsinə “Məşğulluq haqqında” Qanuna uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək aid edilmişdir. Göründüyü kimi X4 vəzifəsi işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərə iş seçimində köməklik edilməsi və bundan sonra onların məşğulluğunun təmin edilməsinin təşkilidir. Yəni, qanunvericilikdə cavabdeh orqan tərəfindən qeyd edilən kateqoriyalardan olan şəxs kimi qeydiyyata alınmış şəxslərin mütləq şəkildə işlə təmin edilməsi, edilmədiyi təqdirdə isə həmin müddət üzrə şəxsə müvafiq ödənişin, o cümlədən orta aylıq nominal əmək haqqının verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, iddiaçı özü də dəlillərində bildirir ki, cavabdeh orqan tərəfindən 03 yanvar 2021-ci il tarixdən işaxtaran kimi qeydiyyata alındığı vaxtdan etibarən ona müxtəlif vaxtlarda işlər təklif edilmiş, lakin əmək haqqı məbləğinin aşağı olması səbəbindən iddiaçı tərəfindən həmin iş təkliflərindən imtina edilmişdir. Həmçinin, işdən görünür ki, iddiaçı 2021-ci ilin avqust ayından cavabdeh tərəfindən arıçılıq təsərrüfatı üzrə özünüməşğulluğa da cəlb edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Qeyd edilən normanın mənasından göründüyü kimi hazırkı halda cavabdehin vurulmuş ziyana görə məsuliyyətinin yaranması üçün iddiaçıya münasibətdə inzibati orqan tərəfindən qanunsuz hərəkətə yol verilməli və bu hərəkət iddiaçıya ziyan vurulması ilə nəticələnməlidir. Lakin yuxarıda sadalanan işin hallarından gğründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə ziyan vurulmasına gətirib çıxardan qanunsuz hərəkətə(və ya hərəkətsizliyə) yol verilməmiş, cavabdeh X3raq qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, iddiaçını özünüməşğulluğa cəlb etmiş, habelə ona dəfələrlə iş yerləri təklif etmişdir. Bu səbəbdən də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, o, iddia ərizəsində kompensasiya tələbi ilə yanaşı, işlə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini də qeyd etmiş, lakin işə baxan məhkəmə onun ikinci tələbini qiymətləndirməmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi səbəbindən işlə təmin edilmədiyi üçün işlə təmin edilənədək iki il üzrə hər ay üçün 829 manat orta aylıq nominal əmək haqqı nəzərə alınmaqla, 19.896 manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, yəni tələbində əlavə olaraq işlə təmin edilməsini istəməmiş, birinci instansiya məhkəməsi də iddiaçının tələbinə iddia olunan məzmunda baxaraq hüquqi qiymət vermişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(118)-1720/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-935/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-935/2023
29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver