Məhkəmə qərarları › İş №2-1(105)-939/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-939/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-939/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvülərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli,1 saylı Fərmanına əsasən mərhum qardaşı X5 adının həmin 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahısına salınması vəzifəsininin cavabdehin üzərinə qoyulmasına” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1584/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə iddiaçının qardaşı X5 Qarabağ uğrunda müharibədə şəhid olmasının tanınması və şəhidlərimizin sığortası kimi nəzərdə tutulmuş 11000 manat pulun ona ödənilməsi öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvülərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli,1 saylı Fərmanına əsasən mərhum qardaşı X5 adının həmin 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların Siyahısına salınması vəzifəsininin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qardaşı X9 xx.xx.1994-cü ildə Qarabağda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oğlunu itirən anaları X7, xx.xx.2005-ci il tarixdə hipertoniya xəstəliyindən dünyasını dəyişmişdir. Anasından sonra ailənin yeganə sağ qalan üzvüdür,varisidir. Yoldaşı yoxdur, yaşlı qadındır, maddi çətinlik çəkir. Prezidentimiz ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvülərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı hər bir şəhid ailəsinə 11 000 manat məbləğində birdəfəlik yardım edilməsi ilə bağlı Fərman vermişdir. Anası sağlığında çox çalışmışdır, bu yardımı ala bilməmişdir. İddiaçı da pulu hələ də ala bilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 oktyabr 2019-cu il tarixli, **********8 saylı məktubundan aydın olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda qardaşı X5 adı aşkar olunmamışdır. Müdafiə Naziri cənab Zakir Məmmədova ərizə yazıb göstərmişdir ki, qardaşı xx.xx.1994-cü il tarixdə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş və Sumqayıt şəhər "Şəhidlər Xiyabanında" dəfn olunmuşdur. Onun şəhid olmasını Sumqayıt Şəhər Hərbi Komissarlığı və Sumqayıt şəhər vətəndaşlara xidmət idarəsinin rəisi verdikləri arayışla təsdiq edirlər. Ərizəyə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Əjdər Babazadənin imzası ilə 04 və 08 11.2022-ci il tarixlərdə aldığı xx.xx.2022- ci il tarixli,R/4302 saylı və xx.xx.2022-ci il tarixli,R/4362 saylı məktublardan aydın olur ki, 11 000 manatı ödəməkdən imtina edilmişdir. Səbəbi kimi "1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş,ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahı"sında mərhum qardaşı X5 adı keçməməsi göstərilir. Görünür ərizəsi araşdırılmamışdır. 1992-ci ildə Qarabağda günahsız soydaşlarımıza qarşı erməni silahlı seperatçıların qəddar davranışlarına qardaşı dözməmiş, Sumqayıt Şəhər icra Hakimiyyətinə ərizə verib könüllü Qarabağa getmişdir. Aradan bir neçə ay keçmiş qardaşı evə gəlmişdir. Bədəni yara tökmüşdü, pal paltarı bit birə ilə dolu idi. Evdə müalicə edib yaralarını sağaltmışdırlar. Aradan bir ay keçmiş yenə müharibəyə getmişdir. 1994-cü ilin avqust ayının 26-da xəbər tutmuşdurlar ki, bud və xaya nahiyyəsindən ağır yaralanmış,Sabunçu xəstəxanasına gətirilmişdir. Onlar xəstəxanaya çatanda qardaşı artıq ölmüşdü. Hərbçilər meyidini maşına qoyub Sumqayıta gətirmişdilər. Əvvəl şəhər qəbirstanlığında dəfn olunmuş, sonradan mərhum X2 göstərişi ilə Şəhidlər Xiyabanı yaradılmış, Sumqayıtdakı bütün şəhidlərin, qardaşı Şahinin də qəbri həmin Xiyabana köçürülmüşdür. Qardaşı şəhid deyilsə, bəs niyə qəbri Şəhidlər Xiyabanındadır. Bundan böyük cavabdehə nə sübut olar? Qardaşı Ağdərə bölgəsində ağır yaralanmışdır. Qardaşının Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmasını öncə onun Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunması faktı təsdiqləyir. Daha sonra Sumqayıt şəhər Hərbi Komissarı, polkovnik leytenant Aydın Mikayılovun 4-cü Bölmənin Rəisi mayor Kənan Məmmədovla birgə imzalayıb anasına verdikləri xx.xx.2007 tarixli arayışdır. Arayışda qardaşının "həqiqəqtən erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə xx.xx.1994-cu il tarixdə şəhid olmuşdur”. 14 oktyabr 1994-cü il tarixdə Sumqayıt şəhər WAQ (Qeydiyyat) Şöbəsinin 1309 saylı Reesterində qeydə alınmış Ölüm haqqında verdiyi arayışlarda təsdiq olunur ki, qardaşı ağ ciyər xəstəsi olmuş və Qarabağda döyüş zamanı aldığı güllə yarasından Bakı şəhərində ölmüşdür. Sumqayıt şəhəri Vətəndaşlara Xidmət İdarəsinin rəisi F.M.Əsədovun xx.xx.2019- cu il tarixli, 07 saylı arayışında qardaşının 26 avqust 1994-cü il tarixdə şəhid olduğunu və Sumqayıt Şəhidlər Xiyabanında dəfn olduğunu təsdiqləyir. -Sumqayıt şəhər Hərbi Komissarı polkovnik A.Q.Ələsgərovun anasına verdiyi xx.xx.1995-ci il tarixli, 5/594 saylı arayışında qardaşı X5 həqiqətən erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının Müdafiəsi uğrunda gedən döyüşdə xx.xx.1994-cü ildə şəhid olmuşdur. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin verdiyi 13 sentyabr 2018-ci il tarixli, 05/70- 3075/69 saylı Şəhadətnamədə göstərilir ki, qardaşı X9 26 avqust 1994-cü il tarixdə ölmüşdür. Ölüm haqqında 14 oktyabr 1994-cü 11 tarixli 1309 saylı akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbı: Ağ ciyər vərəmi. Qarabağ döyüşlərində iştirak etmiş və odlu silah yaralanması olmuşdur. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun Dpvlət notariusu T.M.Mustafazadənin 20 aprel 2007-ci ii tarixdə verdiyi və 2V-60 saylı Reyesterdə qeydə alınmış "X11 Hüququ Haqqında" Şəhadətnamə ilə anası X4 vərəsəsi kimi tanınmışdır. Sumqayıt şəhər məhkəməsinin 2-2958 saylı,09 noyabr 2006-cı il tarixli qətnaməsi ilə iddiaçının və X5 anabir, ataayrı ögey bacı-qardaş olduğu təsdiqlənir. Qardaşı şəhid olandan sonra anası Qarabağa döyüş bölgəsinə getmişdir. Yevlaxda bir hərbiçi anasına demişdir ki, düşmən mərmisi qərargahı dağıtmış, od düşmüş və bütün sənədlər yanmışdır. Sonra anasına Rzayev Şahin ün:374450. QŞuşa - 50,P/ya yazılmış zapiska verərək deyiblər qərargah buradır oda yanmışdır. İndi heç ora getmək belə olmur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1584/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işi mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 15S4/2023 saylı, xx.xx.2023- cü İl tarixli qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiası bir il öncə icraata qəbul edib, iş üzrə 3-4 dəfə məhkəmə hazırlıq iclası keçirərək aparılan araşdırmadan sonra xx.xx.2023-cü il tarixdə tamamilə əsaslı olan iddiamın mümkün sayılmaması anlaşılmır. Qərardaddan göründüyü kimi məhkəmə bu qərara aşkar yanlış sənədlərə (sübutlara) görə gəlmişdir. Məhkəmə qərardadında şərh etdiyi çoxsaylı mötəbər sübutlardan aydın görsənir ki, qardaşı X9 26 avqust 1994-cü il tarixdə Qarabağ uğrunda döyüşlərdə aldığı ağır yaradan ölmüşdür. Qardaşı yaralandığı gün Bakı şəhəri Sabunçu xəstəxanasına gətirilmiş, gətirildikdən bir qədər sonra burada ölmüş, Sumqayıt şəhidlər xiyabanında dəfn olunmuşdur. Ancaq məhkəmə sorğusuna SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyası tərəfindən xx.xx.1968-ci ii təvəllüdlü qardaşı Rzayev Şahinin hərbi xidmətə yararlı hesab edilərə xx.xx.1995-ci il tarixdə yaşa görə ehtiyata verilmişdir cavabına, eləcədə arxiv sənədlərinə görə qardaşının Azərbaycan Respublikasının Silahlı qüvvələrinə səfərbər edilməməsi ilə bağlı və digər bu kimi yanlış və yalan cavablara hüquqi münasibətini bildirməmişdir. Qardaşı 1994-cü il tarixdə şəhid olmuşdursa, 1995-ci il tarixdə necə ehtiyata buraxıla bilərdi. Həmin vaxt qardaşı şəhidlər xiyabanında uyuyurdu. Eləcə də qardaşı hər iki dəfə Qarabağa vətənini Ermənistanın işğalından müdafiə etməyə könüllü getdiyi halda necə Silahlı Qüvvəyə səfərbər olə bilərdi. Məhkəmə işi iclasında müzakirə etmədən cavabdeh quruma məktublar yazmış, aldığı yanlış və qərəzli cavablara, eləcə də qeyri ciddi məktublara söykənərək və bunlan məhkəmə iclaslarında müzakirə predmeti kimi araşdırmayaraq yanlış nəticəyə gəlmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə qardaşının xx.xx.1994-cü ildə ağ ciyər vərəmi xəstəsinin qəbul edilərkən anamnezində Qarabağ döyüşlərində iştirak etmiş və orada odlu silah yaralanması olmuşdur və yeri Bakı şəhəri qeyd edilməklə Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən 14 oktyabr 1994-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Ölüm haqqında 14 oktyabrl994-cü il tarixdə 1309 Akt qeydi tərtib edilmişdir” kimi qarışıq mücərrəd, məntiqsiz “seçmələr” yazmış, ardıncada işdə olan arayışlarda “ailəsi Respublika Nazirlər Kabinetinin 16 mart 1992-ci il tarixli 131 saylı Qərarına uyğun olaraq nəzərdə tutulmuş güzəştlərdən tam istifadə etmək hüququna malik hesab edilmişdir" Anası NK-nin 10 saylı,xx.xx.1994-cü il tarixli şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına uyğun olaraq imtiyazlardan istifadə etmək hüququna malik hesab edilmişdir. Qardaşının faktiki olaraq şəhidlər xiyabanında dəfn edildiyini yazır. Bu iki halı ziddiyyəti hesab edərək yanlış nəticəyə gəlir. Öncə qardaşında ağ ciyər xəstəliyi olmamışdir. Olubsa da yüngül olub heç bizə bildirməyib. İkincisi qardaşı ağ ciyər xəstəliyindən yox, gerçəkdən bədəninin xaya nəhiyyəsindən aldığı ağır yaradan ölmüşdür. Düzdür dərhal ölməmişdir, təxminən yarım gün sonra xəstəxanaya çatdırılarkən aldığı ağır yaranın ucundan ölmüşdür. Qardaşı xx.xx.1994-cü il tarixdə şəhid olduğu halda Sumqayıt VVAQ şöbəsi ölüm haqqında 14 oktyabr 1994-cü il tarixdə1309 №-li Akt qeydi necə, nə üçün tərtib edir. Məhkəmə bunları və qərardadda söykəndiyi digər "ziddiyyətləri” məhkəmə iclaslarında, eləcədə aidiyyəti qurumların nümayəndələrini məhkəməyə dəvət etməklə araşdırmaq əvəzinə, təəssüflər ki, sorğulara qərəzli cavabları məhkəmə iclasında araşdırmadan belə onlara və digər qeyri ciddi sənədlərə əsaslanaraq əsassız və yanlış nəticəyə gəlmişdir. Məkəməyə yazılı və şifahi vəsatət verərək Bakı şəhəri Sabunçu xəstəxanasına sorğu verib qardaşının xx.xx.1994-cü il tarixdə oraya yaralı halda gətirilib, orada dünyasını dəyişib dəyişməməsi ilə bağlı cavab alması xahiş etsə də, məhkəmə bu tutarlı sübut vasitəsini almaq əvəzinə, cavabdehə lazımsız sorğular verərək cavabı öncədən bəlli olan məktubları almışdır. İş materiallarında qardaşının xx.xx.1994-cü il tarixdə Qarabağın müdafiəsi uğrunda döyüşərkən ağır güllə yarası alıb, bu yaradan ölməsi ilə bağlı kifayət qədər mötəbər sübutlar var. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının mərhum qardaşının adının 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların Siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilmiş, gəldiyi qənaətin əsası kimi məhkəmə araşdırması zamanı iddiaçının mərhum qardaşının yaşa görə ehtiyata buraxılması barədə rəsmi məlumat qeydiyyatının aparılması, onun şəhid statusunun olması barədə dövlət qurumunda saxlanılan məlumatlarda öz təsdiqini tapmaması, belə olan halda isə cavabdehin onun müraciətini təmin etmək kimi səlahiyyətinin olmaması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması əsası ilə razılaşmasa da, iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, hazırki iş üzrə cavabdeh inzibati orqanın imtina əsası kimi mərhum şəxsin adının məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən göndərilmiş Siyahıda keçmədiyindən onun adının həmin Siyahıya daxil edilməsinin mümkün olmaması qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2018-ci il tarixli 1№li Azərbaycan Respublikası Fərmanın 6.2-ci bəndində hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adının bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etməsi qeyd edilmişdir. Həmçinin, həmin Fərmanın 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Göründüyü kimi, müvafiq Fərmanda həmin siyahı yalnız Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən deyil, məhz müvafiq icra hakimiyyəti orqanları ilə (hazırki işə münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə) birgə müəyyən edilməsi qeyd edilmişdir. Qeyd edilməlidir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı qeyd edilən tələblə bağlı ilk növbədə məhz səlahiyyətli inzibati orqana müraciət etməli, müraciətinə baxılmasının nəticəsindən narazı olduğu halda, bununla bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. İndiki halda iddiaçının hüquqi marağı məhz mərhum qardaşının məhz həmin Fərmana uyğun olaraq tərtib edilmiş Siyahıya daxil edilməsindən ibarət olmuşdur. Yuxarıda istinad edilən normanın məzmunundan görünür ki, hazırki iddia tələbi üzrə tələbə dair cavab verməli orqan qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə yanaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi də çıxış etmişdir, iddiaçının isə həmin inzibati orqanlardan yalnız birinə etdiyi müraciəti məhkəməyə təqdim edilmiş, digər inzibati orqan (Azərbaycan Respublikası Müdafiə Nazirliyi) müraciət etməsi halı müəyyən edilməmişdir. Bu halda məhkəmə kollegiyası qeyd edilən halları əsas götürərək, hesab edir ki, indiki halda hazırki mülki iş üzrə iddia tələbi məhz əvvəlcə müvafiq tələb üzrə müraciətlə müvafiq inzibati orqana müraciət etməsi halı müəyyən edilmədiyindən, bu əsasla mümkünsüz hesab edilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı gəldiyini nəticə düzgün olsa da, mümkün sayılmama ilə bağlı istinad etdiyi hallar yalnış olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi üzrə iddiaçının məhz müvafiq inzibati orqana müraciət etməsi halı müəyyən edilmədiyindən, iddia tələbi bu əsasla mümkün sayılmamalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələblə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə yanaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də müraciət etməli, müraciətinə baxılmasının nəticəsindən narazı qaldığı (bununla bağlı imtina olunması və ya hərəkətsizlik edilməsi) halda iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1584/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar