Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-94/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N-cu il tarixli, 2-1(085)-1606/20N saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan xx.xx.20N-cu il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya aid arxiv sənədləri Müdafiə Nazirliyində yoxdur. Ona görə də müharibə veteranı vəsiqəsinin təkrar verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s. sənədləri), hərbi komissarlıq tərəfindən verilmiş vəsiqənin itirmə səbəbini göstərən izahatı, itirilmiş vəsiqənin etibarsız sayılması barədə elan çap olunmuş qəzetin nüsxəsi, itmiş vəsiqənin tapılmaması barədə polis idarəsinin tapıntı bürosunun arayışı, hansı hərbi hissələrdə nə vaxt xidmət etməsini qeyd etməklə ətraflı ərizəsini Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərdiyi təqdirdə komissiyasının iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. Bundan narazı qalan iddiaçı xx xxxxxxxx 20N-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N92-ci ilin mart ayının 18-dən N92-ci ilin iyul ayının 9-dək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət etmiş və xx.xx.N92-ci ildən xx.xx.N92-ci il tarixə kimi bir sıra qaynar döyüş bölgələrində-Ağdərə, Gülüstan, Buzluq və s.ərazilərdə gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən ona “müharibə veteranı” statusu və veteran vəsiqəsi verilsə də, lakin sonradan həmin vəsiqə itirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N-cu il tarixli, 2-1(085)- 1606/20N saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. (hakim Z.Pirverdiyev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunması müəyyən olunduğundan “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən onun müharibə veteranı adı və vəsiqəsi almaq hüququ vardır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilib iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 5 №-li Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr mümkünlük şərtlərini yoxlayarkən qanunvericilikdə nəzərdə tutulduğu halda cavabdehin imtinasının olub-olmamasını da yoxlamalıdırlar. Cavabdehə təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinin müvafiq komissiyasının imtinası olmamışdır. Nümayəndə1 qardaşı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciətlərini isə nə imtina kimi, nə də cavabdehin hərəkətsizliyi kimi qəbul etmək olmaz. Məhkəmə iddianın əsaslığının yoxlanılmasında da səhvlərə yol vermişdir. Qərarda göstərilir: “məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı xx xxx N90-cı il tarixdə hərbi hissəyə göndərilmiş, xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət etmiş, xx xxx N92-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx xxxxx N92-ci il tarixli fərmanı əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.N92-ci ildən xx.xx.N92-ci il tarixədək Buzluq, Gülüstan, Madagiz, Ağdərə yüksəklikləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir”. Məhkəmə qərarında bir tərəfdən iddiaçının xx xxx N92-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını göstərir, digər tərəfdən onun xx.xx.N92-ci ildən xx.xx.N92-ci il tarixədək döyüşlərdə iştirak etdiyini qeyd edir.Məhkəmə belə bir ziddiyyətə aydınlıq gətirmir ki, 28 gün öncə hərbi xidmətdən ehtiyata buraxılmış şəxs necə, hansı əsaslarla hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib. İddiaçının N nömrəli hərbi hissədə xidmət etməsini təsdiq edən hər hansı birbaşa sübut yoxdur. Məhkəmə iddiaçının hərbi xidməti və döyüşlərdə iştirakı, ilə əlaqədar yalnız Sumqayıt şəhər Hərbi Komissarlığının xx xxxx 2000-ci il tarixli 4/1048 və Öx xxxx 2000-ci il tarixli 4/1070 saylı arayışların surətlərinə istinad etmişdir. Həmin arayışların surətlərində məlumatların tərtib olunmasının istinad edildiyi müharibə veteranı vəsiqəsi və hərbi bilet itirilmişdir. Törəmə sübutların əsaslandığı ilkin mənbələr mövcud olmadığından istinad olunan sübutlar mötəbər sayıla bilməz. Apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(105)-136/2020 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N-cu il tarixli, 2-1(085)-1606/20N nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx xxx N92-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx xxxxx N92-ci il tarixli fərmanı əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı və yenidən könüllü olaraq xx xxxx N92-ci il tarixdən xx xxxx N92-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət edərək xx xxxx N92-ci ildən xx xxxx N92-ci il tarixədək Buzluq, Gülüstan, Maqadiz, Ağdərə yüksəklikləri uğrunda gedən döyüşlərdə iştirak etməsi və bunun əsasında iddiaçıya xx xxx 2000-ci ildə M/V seriyalı 039798 saylı müharibə veteranı vəsiqəsi verildiyi müəyyən edilmişdir. İddiaçıya aid məlumatların Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, bu hal, iddiaçının təqsiri səbəbindən olmamışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib işin yeni baxışa qaytarılmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-1(102)-1342/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(105)-136/2020 saylı qərarı ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edlməsinə dair yeni qərar qəbul edilməlidir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, iddiaçının xx xxx N92-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx xxxxx N92-ci il tarixli fərmanı əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı və yenidən könüllü olaraq xx xxxx N92-ci il tarixdən xx xxxx N92-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət edərək xx xxxx N92-ci ildən xx xxxx N92-ci il tarixədək Buzluq, Gülüstan, Maqadiz, Ağdərə yüksəklikləri uğrunda gedən döyüşlərdə iştirak etməsi və bunun əsasında iddiaçıya xx xxx 2000-ci ildə M/V seriyalı 039798 saylı müharibə veteranı vəsiqəsi verildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Veteranlar haqqında» AR Qanunun: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə 3 Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, -həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Ali Məhkəmənin qərarda əks edilmiş göstərişində deyilir ki: “Azərbaycan Respublikası vətəndaşlarının N92-ci ilin aprel-iyun aylarında həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdırmış əsgərlərin, matrosların, serjantların, starşinaların ehtiyata buraxılması haqqında” N92-ci il tarixli 686 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının iddiaçıya şamil edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün məhkəmə müəyyən etməlidir ki, iddiaçı həmin vaxt Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxs olmuşdur, yoxsa Azərbaycan Respublikasının vətəndaşı kimi bir il yarım və daha çox xidmət edib başqa respublikalardan Azərbaycan Respublikasına qayıtmış şəxs olmuşdur. Digər tərəfdən, apelyasiya məhkəməsi iddiaçının xx xxxx N92-ci il tarixdən xx xxxx N92-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət edərək xx xxxx N92-ci ildən xx xxxx N92-ci il tarixədək Buzluq, Gülüstan, Maqadiz, Ağdərə yüksəklikləri uğrunda gedən döyüşlərdə iştirak etməsinə istinad etmişdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əgər işin faktiki halları deyilən qaydadadırsa, o zaman iddiaçının tələbinin təmin edilə bilməsi üçün onun məhz xx xxxx N92-ci il tarixdən sonra qanuni əsaslarla tərxis olunması müəyyən edilməlidir. Apellyasiya məhkəməsi isə həmin tarixdən sonra qanuni əsaslarla tərxis olunmanın baş verib-verməməsi istiqamətində araşdırma aparmamışdır.” “Azərbaycan Respublikası vətəndaşlarının N92-ci ilin aprel-iyun aylarında həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdırmış əsgərlərin, matrosların, serjantların, starşinaların ehtiyata buraxılması haqqında” N92-ci il tarixli 686 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndində göstərilmişdir ki, həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdıran əsgərlər, matroslar, serjantlar, starşinalar, habelə Azərbaycan Respublikasının vətəndaşı olan, bir il yarım və daha çox xidmət edib başqa respublikalardan Azərbaycan Respublikasına qayıtmış müddətli xidmət hərbi qulluqçuları N92-ci ilin aprel-iyun aylarında ehtiyata buraxılsınlar. xx.xx.20N-cu il tarixli, SX seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx xxx N90-cı il tarixdə hərbi hissəyə göndərilmiş, xx xxx N92-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx xxxxx N92-ci il tarixli fərmanı əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göstərilən hərbi bilet itirilmiş NZ seriyalı ******* saylı hərbi biletin əvəzinə verilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasında hərbi xidmət keçmiş, xx xxx N90-cı il tarixdə həqiqi hərbi xidmət keçirilməsi üçün hərbi hissəyə göndərilmiş və xx xxx N92-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx xxxxx N92-ci il tarixli fərmanı əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sumqayıt şəhər Hərbi Komissarlığının xx xxxx 2000-ci il tarixli, 4/1070 saylı arayışına əsasən İddiaçı xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət etmiş, xx.xx.N92-ci ildən xx.xx.N92-ci il tarixədək Buzluq, Gülüstan, Maqadiz, Ağdərə uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. İşdən görünür ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra iddiaçı təkrarən hərbi xidmətə qayıtmış, belə ki, xx.xx.N92-ci ildən xx.xx.N92-ci ilədək Buzluq, Gülüstan, Maqadiz, Ağdərə yüksəklikləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə də, o həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra tərxis edilsə də, sonradan yenidən hərbi xidmətə çağırılmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd edilən faktı iddiaçının nümayəndəsi özü də məhkəmə iclasında təsdiqləmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçının xx xxxx N92-ci il tarixdən sonra qanuni əsaslarla tərxis olunması barədə hər hansı işdə heç bir sənəd mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli, 9/2-20296 saylı məktubundan görünür ki, N №li hərbi hissə komandirinin aprel-iyul N92-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, N92-ci ilə dair “Yaralananların qeydiyyatı” kitabında, iyun-iyul N92-ci il tarixli şəxsi heyətə “Pul təminatının ödənilməsi” cədvəllərində İddiaçı xidməti, yaralanması və pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Qeyd edilmişdir ki, N №li hərbi hissə komandirinin mart N92-ci il tarixli nizami hissə üzrə əmrləri və mart-may N92-ci il tarixli şəxsi heyətə “Pul təminatının ödənilməsi” cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun döyüş əməliyyatlarında iştirak etdikdən sonra hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Lakin qeyd edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir və cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan iddianın təmin edilməsi nəticəsinə gəlmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N-cu il tarixli, 2-1(085)- 1606/20N saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1N3-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-94/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-94/2021
19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver