Məhkəmə qərarları › İş №2-1(105)-94/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-94/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-94/2022 03.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “ünvan 1ndə mülkiyyətində olan “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin hər kvadrat metrinin 4 (dörd) manat olmaqla, cəmi 14400 (on dörd min dörd yüz) manata ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin qoyulması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Fuad Əlioğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “ünvan 1ndə mülkiyyətində olan “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin hər kvadrat metrinin 1(bir) manat olmaqla, cəmi 3600 (üç min altı yüz) manata ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(085)-820/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “ünvan 1ndə mülkiyyətində olan “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi üçün hər kv.metr üçün 1 manat məbləğində olmaqla ümumilikdə 3600 manat məbləğində müəyyən edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi 31.03.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində göstərilən torpaq sahəsinin bazar qiymətinin qiymətləndirmə rəyinə uyğun olaraq hər kv.metr üçün 1 manat 80 qəpik olmaqla ümumilkdə 6500 manata iddiaçıya satılması barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra hazırkı apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi 03.06.2022-ci il tarixdə yenidən məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsində göstərilən torpaq sahəsinin bazar qiymətinin sonuncu qiymətləndirmə rəyinə əsasən hər kv.metr üçün 4 manat olmaqla ümumilikdə 14400 manat qəbul edilməklə iddiaçıya satılması barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ndə yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsi 1998-ci ildən onun və qeyrilərinin mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsi ona bildiriş göndərərək həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin satın alanmasını təklif etmiş və razılıq olduğu halda torpağın satış qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəyini bildirmişdir. O, cavabdeh inzibati orqana müraciət edərək torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün təklif olunan qiymətləri barədə məlumat verilməsini xahiş etmiş və cavabdeh növbəti cavabında bildirmişdir ki, onun mülkiyyətində olan obyektin yerləşdiyi torpaq sahəsini hər kv.metri 10 manata, yəni cəmi 36.000 manata satın ala bilər. Təklif edilən qiymət həddindən artıq yüksək olduğundan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Mülki Məcəllənin, eləcə də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinin nəzərə alınaraq torpağın qiymətinin müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Cavabdehin etirazları:

5. İddiaya qarşı cavabdeh tərəfindən 27.06.2019-cu il tarixdə verilmiş etirazda göstərilmişdir ki, özəlləşdirməyə çıxarılmış dövlət mülkiyyətində olan əmlakın qiymətinin təyin edilməsi hüququ satıcı kimi dövlətə və onun adından çıxış edən səlahiyyətli icra hakimiyyəti orqanına məxsusdir və əmlakın dəyəri müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. İddiaçının iddia etdiyi torpaq sahəsinin dəyəri qiymətləndirici təşkilat tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016cı il tarixli 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin normaya əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd edilən norma qanunvericiliyə əsasən 05.10.2016-cı il tarixdən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinə münasibətdə tətbiq olunmalıdır. Qiymətləndirici təşkilat tərəfindən müəyyən edilmiş qiymətlər nəzərə alınmaqla iddiaçıya sözügedən torpaq sahəsinı 36.000 manata satın almaq təklif edilmiş və cavabdeh 30 gün müddətində məhkəməyə müraciət edə bilməsinə baxmayaraq 4 aydan sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsindəki icraat

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 820/2019 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddianın təmin edilməməsi qərara alınmışdır.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 820/2019 saylı qərarından narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2020-ci il tarixli, 2-1(105)-60/2020 saylı qərarı (sədrlik edən və məruzəçi N.M.Nəsibov, hakimlər V.C.Cəfərov və E.M.Əhmədov) ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(085)-820/2019 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilərək İddiaçı ünvan 1ndə yerləşən torpaq sahəsinin hər kv.metri 100 manat olmaqla, cəmi 3600 manata iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, apellyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2020-ci il tarixli, 2-1(105)-60/2020 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2-1(102)-1296/2020 saylı qərarı (sədrlik edən və məruzəçi N.İ.Rəsulbəyova, hakimlər İ.K.Hüseynov və K.N.Bədəlov) ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2020-ci il tarixli, 2-1(105)-60/2020 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(105)-340/2020 saylı qərardadı (sədrlik edən və məruzəçi H.Ç.Babayeva, hakimlər F.Ə.Məmmədov və M.Ə.Rzayev) ilə mübahisəsi gedən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyinin verilməsi “Ekspert” LTD firmasına həvalə edilməsi qərara alınmışdır.

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2021-ci il tarixli, 2-1(105)-34/2021 saylı qərardadı (sədrlik edən və məruzəçi H.Ç.Babayeva, hakimlər F.Ə.Məmmədov və M.Ə.Rzayev) ilə qeyri yaşayış sahəsinin birgə mülkiyyətçiləri - X2, X6 və X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-1(105)-34/2021 saylı qərarı (sədrlik edən və məruzəçi H.Ç.Babayeva, hakimlər M.Ə.Rzayev və Z.İ.Məmmədov) ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(085)-820/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməklə ünvan 1ndə “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 6500 (altı min beş yüz) manat müəyyən edilərək İddiaçı satılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-1(105)-34/2021 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2021-ci il tarixli, 2-1(102)-1335/2021 saylı qərarı (sədrlik edən və məruzəçi R.S.Nəbizadə, hakimlər Z.M.Quliyev və S.Ə.Kərimov) ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-1(105)-34/2021 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən daşınmaz əmlak uzun illərdir ki, daha dəqiq 1998-ci ildən iddiaçının mülkiyyətindədir. İndiyə qədər bir nəfər də olsun cavabdeh idarə tərəfindən gəlib bu ərazi ilə maraqlanmamışdır. Onlar mülkiyyətlərində olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsini mülkiyyətlərinə keçirmək qərarına gəlmişlər. Cavabdeh idarə tərəfindən gələn bildirişdə həmin torpaq sahəsinə görə 36.000 manat ödəməli olduqları bildirilmişdir. Hesab edir ki, bu həddindən artıq şişirdilmiş məbləğdir və həmin əmlakın yerləşdiyi yerə görə dəfələrlə artıq məbləğdir. Torpağın qiymətləndirilməsi barədə məhkəmədə ekspertiza təyin edilməsini xahiş edilsə də, məhkəmə zərurət görməmiş iş üzrə cavabdeh tərəfin təqdim etdiyi rəylə kifayətlənərək qərar qəbul etmişdir. Məhkəmə qərarını ona görə ədalətli hesab etmirlər ki, ən azından ekspertiza təyin edilməklə qarşı tərəflə olan fikir ayrılığının bəlkə də qarşılıqlı razılaşma əsasında bitməsinə şərait yaratmış olardı.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onu da əlavə olaraq qeyd etdi ki, artıq ikinci dəfə işə kassasiya instansiyasında baxılandan sonra Ali Məhkəmənin qərarında qoyulan hüquqi mövqeyə əsasən mübahisələndirilən torpaq sahəsinin qiymətləndirilməsinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə uyğun olaraq bazar qiymətinin müəyyən edilməsi məsələsi qoyulduğundan məhkəmə kollegiyası tərəfindən bu istiqamətdə görülmüş hərəkətlər nəticəsində müvafiq qiymətləndirmə rəyi əldə edilməklə bu günki bazar qiymətinin torpağın hər kv.metri üçün 4 manat müəyyən edilməsilə də iddiaçı razı olduğundan iddia tələbinin dəqiqləşdirərək həmin qiymətə uyğun olaraq torpaq sahəsinin ümumilikdə 14.400 manata satılmasına etirazlarının olmaması barədə ərizələrinin nəzərə alınmasını və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(085)-820/2019 saylı qərarının ləğv edilməklə torpaq sahəsinin hər kvadrat metrinin 4 (dörd) manat olmaqla, cəmi 14400 (on dörd min dörd yüz) manata iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirlər.

19. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək əlavə olaraq qeyd etdi ki, torpağın satış qiyməti təmsil etdiyi orqan tərəfindən 36.000 manat təyin edilməsi torpağın satıcısı kimi həmin orqanın hüququdur və bu məbləğ müvafiq audit qiymətləndirilməsilə təsdiq olunur. Ona görə də iş üzrə əldə edilmiş son qiymətləndirmə rəyilə də razı deyillər ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(085)-820/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.

20. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İİİ şəxslər X2, X5 və X1 məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişlər.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İİİ şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

23. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

24. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

25. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

26. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

27. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

28. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

29. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

30. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

32. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

33. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

34. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

35. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

36. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

37. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

38. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun: Maddə 5. Məcburi qiymətləndirmə halları aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır: (-); dövlət və bələdiyyə əmlakı satıldıqda və ya borc öhdəlikləri ilə bağlı olaraq başqasına verildikdə; (-). Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

39. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında ”Qanun: Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

40. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”:

1. Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir. (-).

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. (-).

8. Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. (-).

10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.

11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə:

1. Bu Əsasnamə “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir.

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri).

3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya, Sumqayıt və Gəncə şəhərləri 6 zonaya, Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri 4 zonaya, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri 3 zonaya, digər rayon mərkəzlərinin 2 zonaya bölünərək 1-5 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsalları tətbiq edilir. (-).

6. Sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir. 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd: “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissəsi, 5 oktyabr 2016-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1696) ilə əlavə edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hazırki qərarın 22-32-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

43. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin normativ qiyməti hal-hazırda bazar dəyərindən aşağı olduğu halda onun qiymətləndirilməsi düzgün olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilmiş və iddiaçıya təklif edilmişdir. Cavabdeh torpaq sahəsini onun hesablanmış dəyəri dövlət büdcəsinə ödənilməsi şərti ilə iddiaçıya satmaqdan imtina etmədiyindən iddia tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmir, bu səbəbdən də iddia rədd edilməlidir.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarın 40-cı bəndində istinad edilən Əsasnamənin tələblərinə müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi və ya satınalma hüququ ilə icarəyə götürülməsi 25.01.2019-cu il tarixli, **********39 nömrəli bildirişlə iddiaçıya və üçüncü şəxslərə (tikilinin digər mülkiyyətçilərinə) təklif edilmiş və təklifində Əsasnamənin 6-1-ci maddəsinə istinad edilmişdir.

45. Cavabdeh təklifini “X11” MMC tərəfindən verilmiş “Dövlət əmlakının qiymənləndirilməsi barədə” 01.08.2019-cu il tarixli KAK N522-li rəyinə əsaslanaraq ünvan 1ndə yerləşən 3600 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə bazar dəyəri həmin tarixə 36.000 manat təşkil etməsilə əlaqələndirmişdir.

46. Kollegiya qeyd edir ki, hazırkı işə kassasiya qaydasında baxılarkən Ali Məhkəmənin 11.08.2021-ci il tarixli qərarında vurğulanmışdır ki, “...apellyasiya instansiyası məhkəməsinin təşəbbüsü ilə keçirilmiş qiymətləndirmə zamanı “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş 27/E saylı 04 dekabr 2020-ci il tarixli rəydə ayrı-ayrı ekspertlərin, qiymətləndirici mütəxəssislərin ümumiləşdirilmiş rəylərinə, birja-bazar məmulatlarına, hüquqmüəyyənedici və texniki sənədlərə və s. məlumatlara istinad edilmiş, plan-sxem, fotoşəkillər çəkilmiş, internet məlumatlarından istifadə edilmiş, qiymətləndirmə zamanı uyğun satışların müqayisəsi metoduna üstünlük verilmiş olsa da, həmin hesabatı mötəbər hesab etmir, ona görə ki, qiymətləndirmə aktında 2020-ci ildə aparılmış 5 alqı-satqıya istinad edilmiş, istinad edilən alqı-satqıların həqiqətən mübahisə olunan əraziyə aid mövcudluğu, hesabatda göstərilən məbləğdə alqı-satqı məbləği olması, notariat ofislərində müqavilələrin təsdiq olunması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş rəy bir səhifədən ibarət olmaqla, qiymətləndirmə haqqında hesabat tərtib edilməmiş, hansı metodla qiymətləndirmənin aparıldığı, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə heç bir qeyd aparılmamış, aparılmış təhlillər nəticəsində torpaq sahəsinə 36.000 manat qiymət qoyulduğu qeyd edilmiş, bu təhlillərin nədən ibarət olması rəydə açıqlanmamışdır. Halbuki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsi, həm də Əsasnamənin 6-1-ci bəndi tələb edir ki, qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən Şabran şəhərində yerləşən mübahisə olunan 3.600 kv.metr torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi barədə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparılmamışdır...”.

47. Qeyd edilən xüsusatlarla bağlı məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - Şabran rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 12.11.2021-ci il tarixli məhkəmə sorğusuna ilkin olaraq notariusun fəaliyyət göstərməməsi səbəbindən məhkəmə sorğusu poçt tərəfindən geri qaytarıldığından, müvafiq sorğu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış və cavab olaraq Dövlət Notariat Arxivinin 22.12.2021-ci il tarixli 05/01-6229/11 saylı cavab məktubunda qeyd edilmişdir ki, 01.01.2007-ci il tarixdən fəaliyyətə başlamış “Elektron notariat” informasiya sistemində ünvan 1nə yaxın ərazidə yerləşən torpaq sahələrinə dair 2019-2021-ci illərdə rəsmiləşdirilmiş notariat hərəkəti barədə məlumatlar aşkar edilməmiş, o da vurğulanmışdır ki, torpaq sahələrinin bazar qiymətinin müəyyən edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin müvafiq idarələrinə müraciət edilməsi tövsiyyə olunur (cild 2, i.v. 16-26). - Şabran rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 10.02.2022-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq Şabran rayon Notariat Ofisinin 19.02.2022-ci il tarixli 17 saylı cavab məktubunda qeyd edilmişdir ki, ünvan 1, “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi ərazi üzrə son 2 il ərzində hər hansı alqı-satqı müqaviləsinin bağlanmasına “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində rast gəlinməmişdir (cild 2, i.v. 48-51). - mübahisələndirilən torpaq sahəsinin qiymətinin müəyyən edilməsi üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun müvafiq tədbirlərin nəticə vermədiyindən məhkəmə kollegiyası bu qənaətə gələrək hesab etmişdir ki, torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi üçün bilavasitə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin müvafiq idarələrinə müraciət edilməsi qanuna müvafiq hesab edilə bilməz (bu həm də cavabdeh Xidmətin nümayəndəsi tərəfindən də təsdiq edilərək mübahisə tərəfi olmaları səbəbindən torpağın təmsil etdiyi Xidmət tərəfindən qiymətləndirməsinin məqsədə müvafiq olmayacağı qeyd edilmişdir), ona görə də mübahisənin ədalətli həlli istiqamətində dolğun məlumatın əldə edilməsi məqsədilə 22.02.2022-ci il tarixli qərardadına əsasən mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyinin verilməsi "xxxx" MMCyə həvalə edilmiş və "xxxx" MMC-nin 22 aprel 2022-ci il tarixli,083/Mİ/22 saylı rəyindən görünür ki, ünvan 1ndə yerləşən həmin ərazidə satılan torpaq sahələrinin bir kv.metrinin bazar qiyməti 2019-cu ilin birinci rübü üçün 2 manat 90 qəpik, hazırki bazar qiyməti isə 4 manat təşkil etmişdir (cild 2, i.v. 62-75).

48. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin normativ qiyməti bazar dəyərindən aşağı olduğu üçün cavabdeh “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq torpağın satın alınmasını sözügedən Əsasnamənin 6-1-ci bəndində nəzərdə tutulan qaydada əsaslı olaraq təklif etmiş olsa da, tərəflər arasında mübahisəli hüquq münasibəti 2019-cu ildə yarandığından hazırkı iş üzrə həmin zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməli və bu maddi hüquq norması isə Əsasnamənin 6-1-ci bəndidir, hansı ki, həmin bəndə əsasən torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

49. Kollegiya qeyd edir ki, hazırkı qərarın 38-ci bəndində istinad edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7 və 8-ci maddələrinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər, qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır və bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

50. Cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsinin bazar qiymətinin 36.000 manat məbləğində müəyyən edilməsilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddia etdiyi qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun hesab edilmir ona görə ki, təqdim edilən rəy bir səhifədən ibarət olmaqla, qiymətləndirmə haqqında hesabatın tərtib edilməməsi, hansı metodla qiymətləndirmənin aparılması, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə heç bir qeydin aparılmaması, yalnız aparılmış təhlillər nəticəsində torpaq sahəsinə 36.000 manat qiymət qoyulmasının qeyd edilməsi və bu təhlillərin nədən ibarət olmasının rəydə açıqlanmaması göstərilmişdir.

51. Məhkəmə kollegiyasının ilkin iclasında cavabdehin nümayəndəsi X7 tərəflərindən təqdim edilmiş rəyin açıqlaması ilə bağlı məlumat əldə edib məhkəməyə məlumat verəcəyi bildirilsə də, bununla əlaqədar hər-hansı məlumat məhkəməyə təqdim edilməmiş, məhkəmə kollegiyasının 13.05.2022-ci il tarixli sorğusu ilə həmin məsələyə münasibət bildirilməsi cavabdeh Xidmətdən tələb olunsa belə, sorğuya heç bir rəsmi cavab verilməyərək cavabdehin nümayəndəsi tərəfindən hazırkı məhkəmə islasında bildirilmişdir ki, torpağın satış qiyməti təmsil etdiyi orqan tərəfindən 36.000 manat təyin edilməsi torpağın satıcısı kimi həmin orqanın hüququdur və bu məbləğ müvafiq audit qiymətləndirilməsilə təsdiq olunmuşdur.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Xidmət satılması nəzərdə tutulan 3600 kv.metr torpaq sahəsinin qiymətinin 36.000 (hər kv.metri 10 manat olmaqla) manat məbləğində dəyərləndirilməsinin qanuniliyi barədə məhkəmə kollegiyasına mötəbər sübutlarını təqdim edə bilmədiyindən, məhkəmə hazırkı qərarın 38-41-ci bəndlərində istinad edilən qanun və direktiv sənədlərin müddəalarına uyğun olaraq aparılmış prosessual hərəkətlərin nəticəsində əldə edilmiş qiymətləndirmə rəyi ilə müəyyən edilmiş torpağın bazar qiymətinin məbləğinin hər kv.metr üçün 4(dörd) manat olmasını mötəbər qiymət hesab edir.

53. Belə ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 6 nömrəli əlavəsinə əsasən Azərbaycan Respublikasının digər rayonlarının (Şabran rayonu da bura aid edilir) mərkəzində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsində tətbiq olunan zonalar və əmsallar üzrə 1-ci zona 1,7 əmsal, 2-ci zona 1,0 əmsal müəyyən olunub. Əsasnaməyə 7 nömrəli əlavə isə sonuncu zonalarda yerləşən torpaq sahələrinin 100 kv.metrinin bazis qiymətini rayon mərkəzlərinin 2-ci zonası üzrə 30 manat müəyyən edildiyi nəzərə alındıqda (1-ci zona Əsasnamənin 6-cı hissəsində nəzərdə tutulan qaydada hesablansa belə), hazırkı iş üzrə qiymətləndirmə rəyi ilə torpağın 100 kv.metrinin 400 manat müəyyən edilməsi, qüvvədə olan Əsasnamə ilə müəyyən olunmuş bazis qiymətindən təxminən səkkiz dəfəyə yaxın çoxdur və bu məbləğin iddiaçı tərəfindən qəbul edilməsi iddia tələbinin təmin edilməsinə əsas verir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 12-ci bəndində istinad edilən məhkəmə qərardadına əsasən qeyri yaşayış sahəsinin birgə mülkiyyətçiləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş olsalar da, onların 30.03.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizələrinə əsasən işə onların iştirakı olmadan baxılması xahiş edilmiş, həmçinin iddiaçı və cavabdehə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirilmiş, eyni zamanda üçüncü şəxslərin notariat qaydada təsdiq edilmiş ərizələrində ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya satılmasına etiraz etmədikləri bildirilmişdir (cild 1, i.v. 193-194).

55. Bütün qeyd edilənlər barədə hüquqi dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Xidmətin torpağın qiymətilə bağlı təklif etdiyi qiymətləndirmə rəyində hansı təhlillər nəticəsində torpaq sahəsinə 36.000 manat qiymət qoyulmasının müəyyən edilməməsi səbəbindən həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası tərəfindən isə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun aparılmış araşdırma zamanı notarial qaydasında müvafiq alqı-satqı müqavilələrinin əldə edilməsinin mümkün olmaması səbəbindən qeyd edilən qanunun tələbləri nəzərə alınmaqla müvafiq qiymətləndirmə rəyinin əldə edilməsi məqsədilə "xxxx" MMC-nin rəyi əsasında torpağın 1 kv.metrinin müəyyən olunmuş 4 manat qiyməti iddiaçı tərəfindən qəbul edilərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edildiyindən və bu qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun, habelə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin tələblərinə zidd olmamaqla mötəbər sübut kimi qəbul edilə bilindiyindən ünvan 1ndə “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 14400 (on dörd min dörd yüz) manat müəyyən edilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir.

56. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(85)-820/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə hazırkı qərarın 3-cü bəndində öz əksini tapan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əsasən iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 820/2019 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “ünvan 1ndə mülkiyyətində olan “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 14400 (on dörd min dörd yüz) manat müəyyən edilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar