Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-94/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, iddiaçının satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kvadrat metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)-390/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 472 nömrəli cavabdehə ünvanlanmış məktubundan görünür ki, iddiaçıya bələdiyyənin qərarı ilə 18 sentyabr 2012-ci il tarixli çıxarışla 375 kv.m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya hərrac keçirilmədən, bilavasitə satılmasının səbəbi bələdiyyənin qərarınadək 1999-cu ildən torpaq sahəsinin üzun illər iddiaçının istifadəsində olması və satın almaqda üstünlük hüququna malik olmasıdır. Eyni zamanda Xırdalan Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 407 nömrəli məktubunda müəyyən edilmişdir ki, iddiaçıya fərdi yaşayış evi tikintisi məqsədilə satılmış 375 kv.metr torpaq sahəsinin yerquruluşu planından çıxarışı çəkilərkən həmin sahənin 360 kv.metr olduğu müəyyən edilmişdir.
2. İddiaçının notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, ona Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış 375 kv.metr torpaq sahəsinin yerquruluşu planından çıxarışı çəkilərkən 360 kv.metr olması səbəbindən məlum olan həmin sahəsi ilə razılaşmış, yerdə qalan 15 kv.metr torpaq sahəsindən imtina etmişdir.
3. Abşeron rayon Xırdalan bələdiyyəsinin 03 sentyabr 2012-ci il tarixli iclasının 03 saylı qərarından çıxarışa əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə bələdiyyənin mülkiyyətində olmuş 375 kv.metr torpaq sahəsi ərazinin planlaşdırılması və tikintisi layihəsinə uyğun olduğundan, həmin yer başqa fiziki və hüquqi şəxsin mülkiyyətinə və icarəsinə verilmədiyindən iddiaçıya bilavasitə satılmışdır.
4. Torpaqların alqı-satqısına dair akta əsasən iddiaçı tərəfindən bank hesabına müvafiq haqq ödənilmiş və akt Abşeron rayon Torpaq şöbəsi tərəfindən təsdiq edilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 779 nömrəli rəyindən görünür ki, iddiaçının istifadəsində olmuş 375,0 kv.metr torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir və torpaq sahəsinin bilavasitə iddiaçıya satılmasına DTXK-nin Abşeron rayon şöbəsi etiraz etmir.
6. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin Xırdalan bələdiyyəsinin müraciətinə əsasən torpaq sahəsinin sənədləşdirilməsinə dair 11 sentyabr 2012-ci il tarixli, 203 nömrəli rəyinə əsasən iddiaçıya torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə onun adının sənədləşdirilməsinə etiraz edilməmişdir.
7. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 2032 nömrəli sərəncamına əsasən iddiaçıya bələdiyyə qərarına əsasən 0,0375 ha torpaq sahəsində iki mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir.
8. 18.08.2012-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Xırdalan bələdiyyəsinin hesabına müvafiq haqqı köçürmüşdür.
9. AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bələdiyyə mülkiyyətində olan 470 ha torpaq sahəsinin 0,0375 ha hissəsinin iddiaçıya satıldığı müəyyən olunur.
10. Abşeron rayon Xırdalan Bələdiyyəsinin yerquruluşu planından çıxarış iş materiallarına əlavə edilmişdir.
11. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-2074/2013 saylı qətnaməsinə əsasən Əhmədova (Muradova) Vəsilə Cəlil qızına məxsus KOD JN 542A 30800106 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0,0475 ha hissədə ləğv edilməsi qət edilmişdir.
12. Məhkəmə sorğusu nəticəsində cavabdeh tərəfindən ünvanlanmış məktubda qeyd olunmuşdur ki, JN 542A (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı arxivdə aşkar edilməmişdir. Belə ki, həmin şəhadətnamənin təsdiq edilmiş surətində Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarına əsasən Vəsilə Muradovaya 0,12 ha torpaq sahəsinin ayrılması göstərilmişdir.
13. İddiaçı xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ona ayrılmış 0.0375 ha (faktiki 9.9360 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
14. Cavabdeh xx.xx.2019-cu il tarixli bildirişlə ərizənin icrasından imtina etmişdir.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, iddiaçının satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kvadrat metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, eləcə də, X11 adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı olmadığından onun adına olan şəhadətnamənin bütövlükdə və ya iddiaçının Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə satın aldığı 360 kvadrat metr torpaq sahəsi ilə üst-üstə düşən 320 kvadrat metr hissədə etibarsız sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı Qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Xırdalan şəhərində yerləşən 375 kvadrat metr ölçüdə torpaq sahəsi satılmışdır. İddiaçı həmin torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihə əsasında bir ədəd iki mərtəbəli fərdi yaşayış evi tikdirmiş, hasara aldırmışdır. Lakin qanunvericiliklə müəyyən edilmiş qaydada ona notarial qaydada satılmış həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması və çıxarış verilməsi üçün DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etdikdə, xx.xx.2018-ci il tarixli imtina bildirişi ilə məlumat verdilər ki, aldığı torpaq sahəsinin bir hissəsi digər mülkiyyətçi X7 torpağın mülkiyyətə verilməsinə dair KOD 30800106, JN-542A nömrəli şəhadətnamə ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin imtina bildirişində göstərilmişdir ki, torpaq sahəsi iddiaçıya hərrac yolu ilə deyil, bilavasitə satılmışdır. Ona görə də ərizənin icrası və çıxarış verilməsi mümkün deyil. İddiaçının aldığı 375 kvadrat metr torpaq sahəsi azalmış, istifadədə cəmi 360 kv.m torpaq sahəsi qalmışdır. İddiaçı notarial qaydada ərizə yazaraq azalmış 15 kv.m torpaq sahəsindən imtina etmişdir. Aldığı 360 kv.m torpaq sahəsinə çıxarış almaq üçün bütün ətrafdakı qonşularla birlikdə mövcud vəziyyəti diqqətlə öyrənməyə çalışmışdır. Çünki DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin imtina bildirişi real vəziyyəti əks etdirmirdi və şübhə doğururdu. Belə ki, iddiaçının aldığı torpaq sahəsinin bir hissəsinin X5 torpaq sahəsi ilə üst-üstə düşməsi üçün Vəsilə Muradovanın torpağı onun qonşuluğunda olmalı idi. Lakin həmin torpaq sahəsinin ətrafında, qonşuluqda Vəsilə Muradova adlı şəxs yox idi. Ona görə də iddiaçı təkrar ərizə ilə 2-ci dəfə müraciət edərək həmin torpaq sahəsinə baxış keçirilməsini xahiş etmişdir. DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinin mütəxəssisləri və qonşuların iştirakı ilə aldığı torpaq sahəsinə təkrar baxış keçirilərkən məlum oldu ki, torpağın sağ tərəfində Vaxtanq Pançulidzenin və Qamilya Abıyevanın fərdi yaşayış evləri, sol tərəfində isə Kənan Həmzəyevin fərdi yaşayış evi yerləşir. Qonşular çıxarışlarını təqdim etdilər. İddiaçının aldığı torpaq sahəsinin ətrafında, dövrəsində Vəsilə Muradova adlı şəxsin torpaq sahəsi aşkar olunmamışdır. İddiaçı tərəfdən akt tərtib edilmiş, qonşuların çıxarışlarının surətləri akta əlavə edilmişdir. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri Vəsilə Muradovanın torpaq sahəsini tapıb göstərə bilməmişlər və müdiriyyətin qəzəbindən qorxub aktı imzalamaqdan imtina etmişlər. Lakin qonşular akta imza etmişlər. Bundan sonra şəxsi araşdırmalar davam etdirilmiş, DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarının şifahi məlumatları əsasında Vəsilə Muradovanın yaşadığı Xırdalan şəhəri, R.Rza küçəsi 26 saylı ev axtarılaraq məlum olmuşdur ki, həmin küçədə 25 saylı evdən sonrakı ərazi Xırdalan şəhərindən kənara, çöllük hissəyə düşür, iddiaçının torpağından təxminən 1 km aralıdadır və 26 saylı ev mövcud deyildir. X8 heç kim tanımırdı. Ətrafdakı çıxarışı olan qonşular da ondan torpaq sahəsi almamışdılar. Ona görə də xx.xx.2019-cu il tarixdə cavabdeh orqana 3-cü dəfə müraciət etdikdən sonra yenidən torpaq sahəsinə baxış keçirilmiş, həmin idarənin əməkdaşları qəsdən sürüşmə, süni surətdə mübahisə yaratdıqları torpaq sahəsini tapıb göstərə bilməmişlər. Lakin iddiaçının aldığı torpaq sahəsini qeydiyyata almaqdan təkrar olaraq imtina etmiş və imtina bildirişində göstərmişdilər ki, guya “idarənin elektron baza məlumatı əsasında” müəyyən edilmişdir ki, onun aldığı 360 kv.metr torpaq sahəsinin 320 kv.metr hissəsi X5 torpaq sahəsi ilə üst-üstə düşür. Buradan tam aydın olmuşdur ki, DƏDRX-in əməkdaşları X5 12 sot torpaq sahəsinin 320 kv.metr hissəsini iddiaçının satın aldığı 360 kv.metr torpaq sahəsində “axtarıb tapıblar”. Qalan 11 sot 680 kv.metr hissəsini isə başqa ölkədə axtaracaqlar. Çünki qonşuların hamısının çıxarışları olduğundan 12 sot torpaq sahəsini onun qonşuluğuna və torpaq sahəsinə yerləşdirmək mümkün deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, X11 haqqında heç bir məlumat yoxdur. Qeyd olunur ki, DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinin imtina bildirişində cavabdeh X5 adına JN524A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olması göstərilməsinə baxmayaraq, bu günə kimi heç kim, o cümlədən cavabdeh tərəfindən iddiaçıya və ətrafdakı qonşulara qarşı hər hansı iddia və ya tələb irəli sürülməmişdir. İddiaçının aldığı torpaq sahəsi isə 1999-cu ildən onun istifadəsində olmuşdur (bu barədə Bələdiyyənin arayışının surəti əlavə olunur). Bundan başqa, Xırdalan Bələdiyyəsinin iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün 375 kv.m torpaq sahəsinin satılması barədə məktubuna Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi xx.xx.2012-ci il tarixli, 779 nömrəli rəyi ilə etiraz etməmişdir. Həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2012-ci il tarixli 203 nömrəli rəyi ilə və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 203/2 saylı Sərəncamı ilə torpağın iddiaçıya satılmasına və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Xırdalan Bələdiyyəsinin yer quruluşu planından çıxarışda da iddiaçıya satılmış torpağın hansısa başqa şəxsə aid olduğu göstərilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
17. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən İddiaçı ayrılmış 0.0375 ha (faktiki 0.0360 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 26 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, torpaq sahəsinin bilavasitə mülkiyyətə verilməsi barədə Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli iclasının 03 saylı qərarından xx.xx.2012-ci il tarixli çıxarışın 1-ci bəndində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək həyətyanı təyinatlı olaraq İddiaçı tərəfindən istifadə olunması, bələdiyyənin mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinin hərrac və ya müsabiqəyə çıxardılmasının qeyrimümkünlüyü, torpaq sahəsinin üzərində bələdiyyə yaranan dövrə qədər tikilmiş evin olduğunun qeyd edildiyi aşkar edilmişdir. Lakin müraciətə torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək istifadə olunmasına dair sənəd əlavə edilməmiş və həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin müddəalarına zidd olaraq bilavasitə satılmışdır. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Bundan başqa, müayinə olunan torpaq sahəsinin 0.032 ha hissəsinin digər mülkiyyətçiyə (X11) torpağın mülkiyyətə verilməsinə dair JN542A nömrəli şəhadətmamə ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, X7 Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmış və bu qərar əsasında JN-542A, KOD 30801006 "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilmişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
18. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
19. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi X11 adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı olmadığından onun adına olan şəhadətnamənin bütövlükdə və ya iddiaçının Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə satın aldığı 360 kvadrat metr torpaq sahəsi ilə üst-üstə düşən 320 kvadrat metr hissədə etibarsız sayılması haqqında qərar qəbul edilməsi hissəsində mümkün sayılmamışdır.
20. Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 390/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, İddiaçı satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kvadrat metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsini Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə satın almış, həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmiş, habelə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən torpağın fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasına etiraz edilməmişdir. Torpaq sahəsinin yer quruluşu planından çıxarış hazırlanmışdır. Yəni, torpaq sahəsi qanunvericiliyə uyğun olaraq iddiaçının istifadəsinə verilmişdir. Bundan əlavə, üçüncü şəxs X9 aid olan Şəhadətnamənin verilməsinə əsas olmuş Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı arxivdə aşkar edilməmiş və ona məxsus torpaq sahəsinin 320 kv.metr hissəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi cavabdeh orqan və üçüncü şəxs tərəfindən sübut edilməmişdir.
22. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
23. İddiaya etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilir ki, aparılmış araşdırma nəticəsində torpaq sahəsinin bilavasitə mülkiyyətə verilməsi barədə Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli iclasının 03 saylı qərarından xx.xx.2012-ci il tarixli çıxarışın 1-ci bəndində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək həyətyanı təyinatlı olaraq İddiaçı tərəfindən istifadə olunması, bələdiyyənin mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinin hərrac və ya müsabiqəyə çıxardılmasının qeyri-mümkünlüyü, torpaq sahəsinin üzərində bələdiyyə yaranan dövrə qədər tikilmiş evin olduğunun qeyd edildiyi, müraciətə torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək istifadə olunmasına dair sənədin əlavə edilmədiyi, həmin torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin müddəalarına zidd olaraq bilavasitə satıldığı, müayinə olunan torpaq sahəsinin 0,032 ha hissəsinin sənəd üzrə digər mülkiyyətçiyə (X11) torpağın mülkiyyətə verilməsinə dair JN-542A nömrəli şəhadətnamə ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. 20 dekabr 2022-ci il tarixdə İddiaçı apellyasiya şikayətinə dair etirazı məhkəməyə daxil olmuşdur. Etirazda bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərarından şikayət verən inzibati orqan və işə cəlb edilmiş üçüncü şəxs tədqiqat obyektinə baxış keçirilməsi barədə birinci instansiya məhkəməsinin tapşırığını boykot etmişlər. Onlar dəqiqləşdirmə aparılması üçün onların iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməsindən imtina edərək iddia ərizəsinə qarşı əsaslandırılmış etiraz verə bilməmişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından məlum olur ki, X11 adlı şəxs mövcud deyil. Ona çıxarış verilməsi heç kimin mənafeyini pozmadığından hər hansı üçüncü şəxs apellyasiya şikayəti verməmiş, yalnız cavabdeh inzibati orqanın nümayəndələrinin “mənafeyi” pozulduğundan birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişlər. Cavabdeh inzibati orqan ona verdikləri imtina bildirişində JN-542A nömrəli, kodu 30800106 olan 0,12 ha torpaq sahəsinin X7 məxsus olduğunu göstərmiş, digər vətəndaşa verdikləri imtina bildirişində isə həmin torpaq sahəsinin X10 məxsus olduğunu göstərmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın nümayəndələrinin davranışları qeyri-səmimidir və dələduzluq etməyə cəhd kimi qiymətləndirilməlidir. Vəsilə adlı qadının ərə gedib soyadını dəyişdirdiyini bəhanə edə bilərlər. Ancaq atalarının adlarının fərqli olduğunun heç bir izahı yoxdur. Cavabdeh inzibati orqanın bildirdiyinə görə guya onun satın aldığı 360 kv.metr torpaq sahəsinin 320 kv.m hissəsi X5 torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh inzibati orqan JN-542A nömrəli 0,12 ha torpaq sahəsini zorla onun 360 kv.metr torpaq sahəsinin içərisinə və çıxarışı olan qonşuların ərazisinə yerləşdirmək istəyir, ancaq sığışmır. Torpaq sahəsinin üst-üstə düşməsi üçün JN-542A nömrəli torpaq sahəsi qonşuluqda yerləşməlidir. Həmin torpaq da qonşuluqda yoxdur. Cavabdeh inzibati orqanın nümayəndələrinin torpaq sahələrini “sürüşdürmək” imkanları da yoxdur. Çünki, onun satın aldığı torpaq sahəsi sol tərəfdən Kənan Həmzəyevin, sağ tərəfdən Vaxtanq Pançulidizenin və Qamiliya Abıyevanın fərdi yaşayış evlərinin əhatəsindədir. Həmin qonşuların çıxarışlı torpaq sahələri imkan vermir ki, JN-542A nömrəli 0,12 ha torpaq sahəsi onun və qonşuların ərazisinə zorla yerləşdirilsin. Torpaq sahəsinin “sürüşməsi və üst-üstə düşməsi” mümkün deyil. Qonşularının da heç biri Vəsilə adlı qadını tanımır və ondan torpaq sahəsi almamışlar. Ona görə də qonşularla tərtib etdikləri akt və onların çıxarışlarının surətlərini iddia ərizəsinə əlavə etmişlər. O, cavabdeh inzibati orqandan tələb edəndə ki, Vəsilə Muradovanın torpaq sahəsinin qalan hissəsini də göstərsinlər, onlar V.Muradovanın torpaq sahəsinin yerini bilmirlər, ancaq ona verdikləri imtina bildirişində “idarənin elektron bazasında olan məlumatlara” əsaslanırlar. Cavabdeh inzibati orqanın nümayəndələrinin bildirdiklərinə görə onlar X5 0,12 ha torpaq sahəsinin 320 kv.m hissəsini onun satın aldığı 360 kv.hissədə “axtarıb tapıblar, qalan hissəsini isə kosmosda axtaracaqlar”. Birinci instansiya məhkəməsində X11 mövcud olmadığından onun əvəzinə X12 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Həmin şəxsin nümayəndələri onlara bildirdilər ki, X3 torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin binasının yaxınlığında, Təzə bazarla üzbəüz yolun əks istiqamətində yerləşir. X4 satın aldığı torpaq sahəsi isə həmin yerdən təxminən 7-10 km.uzaqda yerləşir. xx.xx.2022-ci il tarixdə saat 14:30-da iş üzrə tədqiqat obyektinə baxış keçirilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinin təyin etdiyi yerə gəlmişlər. İşə üçüncü şəxs qismində cəlb edilmiş X6 nümayəndəsinə zəng edərək təklif etmişlər ki, məhkəmənin təyin etdiyi yerə gəlsinlər. Üçüncü şəxsin JN-542A nömrəli şəhadətnamə ilə məxsus olan 0,12 ha torpaq sahəsinin yerini onlara və mütəxəssisə göstərsin və torpaq sahələri arasında olan məsafəni dəqiqləşdirib sənədləşdirsinlər. Gəlmədiyi halda, üçüncü şəxsin hər hansı bir tələbi olarsa, bu cavabdeh inzibati orqanın təhriki ilə əsassız varlanma cəhdi kimi qiymətləndirilməlidir. İşə cəlb edilmiş üçüncü şəxsin nümayəndəsi “onların torpağı tut ağacının altındadır” deyib gəlməkdən və araşdırmada iştirak etməkdən imtina etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir.
28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;
31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.
32. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: 10-cu bənd. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
33. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
35. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
36. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
37. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
40. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Hazırki mübahisənin predmetini cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, iddiaçının satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kvadrat metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin, çıxarışın verilməsindən cavabdehin imtinası təşkil edir.
43. Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılarla bağlı olmuşdur: 1) Torpaq sahəsinin iddiaçıya hərrac keçirilmədən, bilavasitə satılması; 2) Torpaq sahəsinin 0,032 ha hissəsinin digər mülkiyyətçiyə (X9) torpağın mülkiyyətə verilməsinə dair JN-542A nömrəli şəhadətnamə ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilk dəlili ilə bağlı aşağıdakıları qeyd edir.
45. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir.
46. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
47. Qanunun 16.3-cü maddəsində qeyd edilmişdir ki, həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.
48. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
49. Göründüyü kimi bələdiyyə torpaqlarının ayrılmasının xüsusiyyətləri qanunvericiliklə imperativ olaraq müəyyən edilmiş və müəyyən hallar istisna olmaqla bələdiyyə torpaqlarının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunmuşdur. Torpaqların açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, birbaşa vətəndaşlara satılması ilə bağlı istisna hallara Azərbaycan Respublikası vətəndaşının bələdiyyənin ərazisində daimi yaşaması və ya beş il müddətində qeydiyyatda olması, torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi halları və torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir. Qeyd olunan halların hər biri ayrıayrılıqda bələdiyyə tərəfindən torpaq sahəsinin vətəndaşlara birbaşa ayrılması üçün əsasdır.
50. Beləliklə, Xırdalan bələdiyyəsinin 07 dekabr 2018-ci il tarixli məktubundan da göründüyü kimi torpaq sahəsinin iddiaçıya hərrac keçirilmədən, bilavasitə satılmasının səbəbi 1999-cu ildən həmin torpaq sahəsinin iddiaçının istifadəsində olması və satın almaqda üstünlük hüququnun olması ilə bağlıdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
52. Həmçinin, qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın (bələdiyyələr publik idarəçiliyi həyata keçirən inzibati orqanlardır) deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən, inzibati orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir.
53. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
54. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə- Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.
55. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
56. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı Qərarı iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.
57. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
58. Cavabdehin ikinci dəlili ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
59. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.
60. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
61. İşdən göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsini Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə satın almış, həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmiş, habelə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən torpağın fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasına etiraz edilməmişdir. Torpaq sahəsinin yer quruluşu planından çıxarış hazırlanmışdır. Yəni, torpaq sahəsi qanunvericiliyə uyğun olaraq iddiaçının istifadəsinə verilmişdir.
62. Cavabdehin dəlillərinin araşdırılması məqsədilə torpaq sahəsi ilə bağlı aşağıdakı suallar cavablandırılmaqla mütəxəssis rəyinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur: Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı Qərarı və AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış 375 kv.metr (0.0375 ha ) torpaq sahəsinin naturada koordinatları müəyyən edilsin. Həmin torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları qeyd edilən torpaq sahəsinə dair Xırdalan Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlarla üst-üstə düşürmü? Əgər düşmürsə fərq nə qədərdir, Əgər fərq mövcuddursa bu sürüşmə səbəbindən baş verə bilərmi? Torpaq sahəsinin Xırdalan Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatları X7 aid torpağın mülkiyyətə verilməsinə dair JN-542 A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşürmü? Əgər düşürsə hansı hissədə? Torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları X7 aid torpağın mülkiyyətə verilməsinə dair JN-542A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşürmü? Əgər düşürsə hansı hissədə? Əgər üst-üstə duşmə halı mövcuddursa bu sürüşmə səbəbindən baş verə bilərmi? Torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları daşınmaz əmlakın dövlət reyestrində başqa şəxslərin adına qeydə alınmış daşınmaz əmlakın (torpaq sahələrinin və s) koordinatları ilə üst-üstə düşürmü? Əgər düşürsə hansı hissədə? Əgər üst-üstə düşmə halı mövcuddursa bu sürüşmə səbəbindən baş verə bilərmi?
63. Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı və AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış 375 kv.metr (0.0375 ha ) torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşir və sxemdə göstərilmişdir. 2-ci sualın cavabı 1-ci sualda cavablandırılmışdır. Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı verilmiş torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin elektron baza məlumatlarına əsasən Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi X7 aid torpağın mülkiyyətə verilməsinə dair JN-542A nömrəli şəhadətnamənin (faktiki yeri ilə uyğunlaşdırıldıqdan sonra) yerləşdiyi torpaq sahəsinin koordinatları daxilində yerləşir və sxemdə göstərilmişdir. Elektron baza məlumatlarına əsasən İddiaçı tərəfindən tanıdılan torpaq sahəsi X7 aid torpağın mülkiyyətə verilməsinə dair JN-542A nömrəli şəhadətnamənin (faktiki yeri ilə uyğunlaşdırıldıqdan sonra) yerləşdiyi torpaq sahəsinin koordinatları daxilində yerləşir və sxemdə göstərilmişdir. Torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları daşınmaz əmlakın dövlət reyestrində başqa şəxslərin adına qeydə alınmış daşınmaz əmlakın (torpaq sahələrinin və s) koordinatları ilə üst-üstə düşmür. Qeyd: Sənəd üzrə X7 aid torpağın mülkiyyətə verilməsinə dair JN-542A nömrəli şəhadətnaməni faktiki yeri ilə uyğunlaşdırıldıqda, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.
64. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
65. Belə ki, iş materiallarından da görünür ki, üçüncü şəxs X9 aid olan Şəhadətnamənin verilməsinə əsas olmuş Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı arxivdə aşkar edilməmiş və ona məxsus torpaq sahəsinin 320 kv.metr hissəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi cavabdeh orqan və üçüncü şəxs tərəfindən sübut edilməmişdir. Belə ki, üçüncü şəxsə məhkəmə iclasları barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil edilməmiş, mübahisəli torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
66. Yəni, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
67. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından Abşeron rayonu Fatmayı Bələdiyyəsinin bələdiyyəyə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında 06/613 nömrəli, 14 may 2007-ci il tarixli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir.
69. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilə bilməz.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)-390/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.