Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-94/2025 09.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, ərizəçi Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X10, X7, X8 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 5 saylı Ərazi İdarəsinə qarşı “cavabdeh vəzifəli şəxslərin hüquqa zidd hərəkətlərinin (hərəkətsizliyinin) aradan qaldırılması, xx.xx.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və Dövlət Aktı ilə Şahadətnamədəki koordinatların arasındakı ziddiyyətlərin araşdırılıb 1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” tələbinə dair 2-1(118)-216/2021 nömrəli inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərarından Maraqlı şəxs tərəfindən verilmiş iş üzrə zəruri cəlbetmə (3-cü şəxs qismində) ilə bağlı icraatın təzələnməsi haqqında ərizəyə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-216/2021 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X10, X7, X8 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, Quba rayonunun Qaraçay kəndində yerləşən ümumi sahəsi 1,95 ha olan torpaq sahəsinin yerinin naturada təhkim aktı ilə tanıdılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş, qərar icra olunması üçün icraya göndərilmişdir. Həmin qərarın icrası cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək onun iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci tarixli qərarını ləğv edib, məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1 (118)-216/2021 nömrəli qərarı onun qanunla qorunan maraqlarına toxunur. Belə ki, qərarın qəbul edilməsinə əsas olmuş ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, lakin nəticədə onun torpaq sahəsinin bir hissəsi iddiaçıların torpaq sahəsi kimi göstərilmişdir. Halbuki daha əvvəl İddiaçı2 ona qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və həmin mübahisə ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətində olan Quba rayonu, Qaraçay kəndində yerləşən 0,727 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6486 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Başqa sözlə, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Nəticədə, İddiaçı2 iddiası Quba Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Həmçinin iş üzrə iddiaçının apellyasiya və kassasiya şikayətləri də təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İddia ərizəsində və cavabdehin iddiaya etirazında torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı aralarında mübahisə olduğu qeyd edilməsinə baxmayaraq məhkəmə onu işin baxılmasına cəlb etməmişdir. O, belə bir məhkəmə qərarının olması barədə yalnız son günlərdə məlumat almışdır. Hesab edir ki, onun cəlb edilmədiyi iş üzrə qəbul edilmiş qərarla qanuni mənafeləri pozulmuşdur. Vəsatətə dair etirazın dəlilləri İddiaçılar vəsatətə yazılı etiraz edərək qeyd etmişdirlər ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətlərində olan Quba rayonu, Qaraçay kəndində yerləşən 0.727 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Quba rayonu İ Nügədi kəndində yerləşən 0.6486 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Bu səbəbdən daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən şikayətləri təmin edilməmiş və Quba rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Yalnız bundan sonra onlar əvvəlcə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, onlara məxsus Dövlət Aktı ilə mülkiyyətlərində olan 1.95 ha torpaq sahəsinin mərzlərlə müəyyən edilərək təhkim aktı ilə tanıdılması barədə tələblərinə baxılmadığından, iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Hesab edirlər ki, bu tələb heç bir halda Maraqlı şəxs hüquqlarına toxunmadığından üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatəti təmin edilə bilməz. Bundan başqa, Quba rayon Məhkəməsində mübahisələndirilən torpaq sahəsi 0.727 hektardır ki, həmin torpaq sahəsi ilə bağlı ekspert rəyi və məhkəmə qərarına etiraz etmirlər. Sonradan Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə mübahisələndirilən 0.727 ha torpaq sahəsi onlara mərzlərlə ölçülərək təhkim aktı ilə verilmişdir. Bu da Quba rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinin, həmçinin ekspert rəyinin doğruluğunu bir daha təsdiq edir. Qeyd edirlər ki, həmin torpaq sahəsi ilə bağlı heç bir tələbləri qalmamışdır. Lakin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən birgə mülkiyyətlərində olan Quba rayon Məhkəməsində mübahisələndirilməyən və ekspert rəyinə aid olmayan 1.2189 ha torpaq sahəsi ilə bağlı naturada təhkim aktı tanıdılan zaman məlum oldu ki, Maraqlı şəxs və digər qonşu X3 tərəfindən mülkiyyətlərində olan həmin torpaq sahəsinin bir hissəsi zəbt olunub, Maraqlı şəxs zəbt etdiyi torpaq sahəsində meyvə ağacları əkməklə ondan istifadə edir. Bu səbəbdən, torpaq sahəsi ilə bağlı mərz nişanları qoyularkən həmin şəxsləri də dəvət etmiş və mübahisənin sülh yolu ilə həll edilməsini təklif etmişlər. Torpaq sahələrini zəbt edən bu şəxslər onların dəvətini qəbul etməmiş, lakin sonradan mərz nişanlarını sökərək yenidən onlara aid torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Bu səbəbdən, onlar Quba rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Polis Şöbəsinin tədqiqatçısı tərəfindən qəbul edilən qərarla Maraqlı şəxs və Bəhruz Əmiraslanov tərəfindən birgə mülkiyyətlərində olan 1.2189 ha torpaq sahəsinin bir hissəsinin 2000-ci ildən bəri zəbt edərək istifadə etmələri torpaq sahəsinə keçirilmiş baxış zamanı DƏDRX-in Xaçmaz Ərazi İdarəsinin Quba rayon şöbəsinin yer quruluşu üzrə texniki X1 GPS aparatı ilə ölçmə işləri aparılarkən öz təsdiqi tapmasına baxmayaraq cinayət işinin başlanılması rədd edilmişdir. Zəbtin hansı həcmdə müəyyən olunması və söküb çıxarılan mərz nişanlarının yerinə basdırılması barədə yenidən Quba rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Quba rayon Məhkəməsi 28 yanvar 2022-ci il tarixli, 2(027)-360/2022 nömrəli qərardadı ilə ekspertiza təyin etmiş və bu zaman iş üzrə cavabdehlər mülkiyyətində olan torpaq sahələri ilə bağlı sübutları, Dövlət Aktlarını və yaxud çıxarışları qəsdən təqdim etməmişlər. Hesab edir ki, Maraqlı şəxs yalnız bundan sonra, yəni onların birgə mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək meyvə ağacları əkməklə istifadə etməsi faktı ekspert rəyi ilə müəyyən ediləcəyi, sonradan basdırılmış mərz nişanlarının qəsdən sökülüb torpaq sahəsini zəbt etməsi faktı yenidən öz təsdiqini tapacağı səbəbindən maraqlarına toxunmağı barədə vəsatətlə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, Maraqlı şəxs mülkiyyətlərində olan 1.2189 ha torpaq sahəsinin bir hissəsini zəbt etməklə 2000-ci ildən meyvə ağacları əkib qanunsuz gəlir əldə etməsinə baxmayaraq mərz nişanları ilə tanıdılmış torpaq sahəsinin bir hissədən mütəxəssis X4 ilə birlikdə döngə nöqtələrini yerində GPS aləti vasitəsilə ƏMDX-nin vahid elektron baza məlumatlarında olan xəritə materiallarına və **********30 reyestr nömrəli çıxarışdakı koordinatlara və çıxarışın yaranmasına əsas olmuş JN-0020 kod 30319028 nömrəli Dövlət Aktına əsasən onların mülkiyyətində olan torpaq sahəsini tanıdılaraq basdırılmış mərz nişanlarını hasara alınmış məftilləri söküb çıxarmaqla qanunsuz, törətdiyi cinayət əməlinə hüquqi qiymət verilmədən zəbt etdiyi torpaq sahəsindən çıxmaq istəmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ilə maraqlı şəxsin vəsatəti təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-379/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov). Maraqlı şəxs kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2-1(105)-70/2022 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (hakimlər: R.Nəbizadə - sədrlik edən və məruzəçi, Z.Quliyev və S.Kərimov). Təkrar apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-211/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, E.Əhmədov və E.Rəhimov). İşə təkrar baxan Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)- 216/2021 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat iddia tələbi üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahələrini dövlət qeydiyyatına almış və qeydə alınmış torpaq sahələrinin yerində təhkim aktı əsasında iddiaçılara tanıtmışdır. Hazırki, iddia tələbi üzrə özünü 3-cü şəxs qismində cəlb edilməsini tələb edən Maraqlı şəxs qarşı İddiaçı2 və digərləri tərəfindən Quba Rayon Məhkəməsində qaldırılmış iddia tələbi Maraqlı şəxs zəbt olunmuş torpaq sahəsindən çıxarılması ilə əlaqədar olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs mülkiyyətində olan torpaq sahəsi İddiaçı2 mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Buna görə də Quba Rayon Məhkəməsinin 2(057)-223/2019 saylı 08 may 2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı2 və digərlərinin iddia tələbi təmin edilməmiş və yuxarı instansiya məhkəmələrinin qərarları əsasında Quba Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Nəzərə alınmalıdır ki, qeyd olunan məhkəmə qətnamələri əsasında İddiaçı2 və digərlərinin adına verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı deyil. Hal-hazırda İddiaçı2 və digərlərinin adlarına verilmiş çıxarışlar qüvvədədir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Quba Rayon Məhkəməsində iddia tələbi araşdırılan zaman keçirilmiş ekspertiza rəyinə əsasən Maraqlı şəxs mülkiyyətində olan 0,6486 ha torpaq sahəsinin İddiaçı2 və digərlərinin mülkiyyətində olan 0,727 ha torpaq sahəsi ilə üst-üstə düşməməsi öz təsdiqini tapmışdır. Bu isə bir daha ona dəlalət edir ki, İddiaçı2 və digərlərinin mülkiyyətində olan torpaq sahələrinə dair olan hüquqlar Maraqlı şəxs maraqlarına toxunmur. Ona görə də məhkəmə hesab edir ki, Maraqlı şəxs iddiaçılar İddiaçı2 və digərlərinin cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı 1.95 ha torpaq sahəsinin yerində naturada təhkim aktı ilə tanıdılması barədə iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilməsinə dair vəsatəti təmin edilə bilməz. Maraqlı şəxs nümayəndəsi və vəkillərinin vəsatəti əsasında iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2-6414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və ailə üzvlərinə aid Quba rayonu, Qaraçay kəndində yerləşən ümumi sahəsi 0.95 hektar olan torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində(ilkin dövlət aktlarında) göstərilmiş plan və ölçü sənədlərinin koordinatları ilə DƏDRX-in iddiaçılara təqdim etdiyi çıxarş, plan və ölçü sənədlərinin koordinatları ilə eynilik təşkil edir. Eyni zamanda Maraqlı şəxs aid Quba rayonu, Qaraçay kəndində yerləşən və DƏDRX tərəfindən təqdim edilmiş (5 ədəd) çıxarış, plan və ölçü sənədlərinin koordinatları ilə həmin çıxarışlara əsas olmuş torpaq sahələrinin ilkin torpaqayırma sənədlərində (dövlət aktlarında) göstərilmiş plan və ölçü sənədlərinin koordinatları eynilik təşkil edir. Belə olan halda iddia tələbi Maraqlı şəxs hüquqlarının pozulmasına gətirib çıxarmamış və onun iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi məqsədəmüvafiq deyildir. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, vəsatət Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ilk dəfə rədd edilərkən də, qərardad eyni dəlillər əsaslandırılmışdır. Hesab edilir ki, məhkəmənin gəldiyi hüquqi nəticə hazırki vəsatətlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2-l(105)-70/2022 saylı qərarı ilə aşağı instansiya məhkəməsinin üzərinə qoyduğu göstərişlərə ziddir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-211/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadı ilə Sumqayıt inzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadını ləğv edərək hüquqi mövqe olaraq qeyd etmişdir ki, maraqlı şəxsin mülkiyyətində olan 0.6486 ha torpaq sahəsi ilə iddiaçıların birgə mülkiyyətində olan 0,727 ha torpaq sahəsinin üstüstə düşməməsi İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin naturada təhvil verilərək tanıdılması zamanı Maraqlı şəxs məhkəmə icraatı zamanı iştirakını birmənalı olaraq istisna etməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində icraata cəlb edilməsi zərurəti kifayət qədər ətraflı araşdırılmamışdır. Beləliklə, yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsi qarşısında müvafiq sübutların toplanılması göstərişi qoymuş, həmçinin vəsatətin rədd edilməsinin əsaslılığının yalnız "maraqlı şəxsin mülkiyyətində olan 0.6486 ha torpaq sahəsi ilə iddiaçıların birgə mülkiyyətində olan 0,727 ha torpaq sahəsinin üst-üstə düşməməsi" ilə əsaslandırılmasının yetərli olmaması barədə hüquqi mövqe diktə etmişdir. Birinci instansiya məhkəməsi isə əlavə araşdırma aparmadan, yalnız "təkrar ekspertiza" keçirməklə qərardad qəbul etmişdir ki, ekspert qarşısına qoyulmuş sualların hazırki mübahisənin həllinə heç bir təsiri olmamışdır. Halbuki, maraqlı şəxsin vəsatəti əsasında ekspertiza təyin edilmiş, maraqlı şəxs ekspert qarşısında qoyulmalı olan sulların siyahısını vəsatətə əlavə etmiş, məhkəmə vəsatəti təmin etmiş, lakin ekspert qarşısına əlaqəsiz sual qoymaqla mübahisənin həlli üzün zəruri olan sübutu əldə etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qərarının icrası zamanı, yəni təhkim aktının tərtibi zamanı iddiaçılar tərəfindən onun mülkiyyətindəki torpaq sahəsinə, orada yaratdığı təsərrüfata müdaxilə olur. Bununla da ona məxsus torpaq sahəsi (təsərrüfat) iddiaçıların mülkiyyəti kimi qərarın icrası qaydasında icra orqanı tərəfindən onlara verilir. Bu isə birbaşa onun maraqlarına toxunur, lakin birinci instansiya məhkəməsi subyektiv mülahizələrlə bunu görməzdən gəlir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ərizəçinin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçılar və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, Maraqlı şəxs hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ünvanlayaraq Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci tarixli qərarını ləğv edib, məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizəni təmin etməyərək gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 28.1-ci maddəsinin tələbinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin maddənin digər bəndlərində isə aşağıdakılar qeyd olunmuşdur. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 saylı qərardadının 23-cü bəndinə əsasən inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır. Həmin qərardadın 53-cü bəndinə əsasən İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Sözügedən qərardadın 52-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. Hazırki iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X10, X7, X8 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Quba rayonunun Qaraçay kəndində yerləşən ümumi sahəsi 1,95 ha olan torpaq sahəsinin yerinin naturada təhkim aktı ilə tanıdılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********37 nömrəli məktubundan görünür ki, sözügedən qərar icra edilmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışlarda göstərilən Quba rayonu, Qaraçay kəndində yerləşən 0.727 ha və 1.2189 ha ümumi sahəsi 1.95 ha olan torpaq sahəsinin yeri naturada təhkim aktı ilə tanıdılmışdır. Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ilə maraqlı şəxsin vəsatəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-379/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2-1(105)-70/2022 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-211/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsində təkrar məhkəmə araşdırması zamanı Maraqlı şəxs nümayəndəsi və vəkilinin vəsatəti əsasında iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2-6414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və ailə üzvlərinə aid Quba rayonu, Qaraçay kəndində yerləşən ümumi sahəsi 1.95 hektar olan torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində(ilkin dövlət aktlarında) göstərilmiş plan və ölçü sənədlərinin koordinatları ilə DƏDRX-in iddiaçılara təqdim etdiyi çıxarş, plan və ölçü sənədlərinin koordinatları ilə eynilik təşkil edir. Eyni zamanda Maraqlı şəxs aid Quba rayonu, Qaraçay kəndində yerləşən və DƏDRX tərəfindən təqdim edilmiş (5 ədəd) çıxarış, plan və ölçü sənədlərinin koordinatları ilə həmin çıxarışlara əsas olmuş torpaq sahələrinin ilkin torpaqayırma sənədlərində (dövlət aktlarında) göstərilmiş plan və ölçü sənədlərinin koordinatları eynilik təşkil edir. Hazırki ərizəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunanlara əsasən iddia tələbi Maraqlı şəxs hüquqlarının pozulmasına gətirib çıxarmamışdır. Bu isə onu deməyə əsas verir ki, hazırda Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Yuxarıda qeyd olunan normalardan da aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi üçün üçüncü şəxsin zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı əsas mövcud olmalıdır. İş materiallarından da görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********37 nömrəli məktubundan görünür ki, sözügedən qərar icra edilmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışlarda göstərilən Quba rayonu, Qaraçay kəndində yerləşən 0.727 ha və 1.2189 ha ümumi sahəsi 1.95 ha olan torpaq sahəsinin yeri naturada təhkim aktı ilə tanıdılmışdır. Əlavə olaraq məhkəmə kollegiyasının iclasında ərizəçinin vəkili və nümayəndəsinə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla hüquqi yardım edilərək izah olunmuşdur ki, mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə bağlı mübahisə olduğu halda, torpaq sahəsinin təhvil veriməsi mülki məhkəmə icraatı qaydasında tələb edilə bilər. Sənəd üzrə torpaq sahəsinin naturada tanıdılması yaradacağı hüquqi nəticə yerin tanıdılmasından ibarətdir . Bu cür iddianın icrası da torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi formasında ola bilməz. Torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi ancaq mülki məhkəmə icraatı qaydasında baxılan iddianın icrası zamanı mümkün ola bilər. Həmçinin torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin qanuniliyi barədə mübahisə olduğu halda müvafiq iddia ilə digər hüquq müdafiə vasitələrindən istifadə edilə bilər. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməyərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-216/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(105)-94/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-94/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver