Məhkəmə qərarları › İş №2-1(105)-941/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-941/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-941/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı “AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, ekspertiza təyin olunaraq yenidən şəhadətləndirilməsi və Zəfər alt sisteminə yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(118)-958/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. xx.xx.2022-ci il tarixli 9318 saylı arayışa əsasən xəstədə periferik sinir sisteminin xəstəliyi sayılan “xroniki diskogen mənşəli bel-oma radikulitinin nadir hallarda kəskinləməsi müəyyən edilmişdir. Bu hal “Xəstəliklər Cədvəlinin 26 ”c" yarımbəndində nəzərdə tutulduğundan şəhadətləndirilmə zamanı məhz 26 "c" maddəsi tətbiq olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı iddia qaldıraraq AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, ekspertiza təyin olunaraq yenidən şəhadətləndirilməsi və Zəfər alt sisteminə yerləşdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o 2011-ci ildən AR Müdafiə Nazirliyinin milli ordu sıralarında hərbi qulluqçusu olmuşdur, N saylı hərbi hissədə xidmət göstərmişdir, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar dəfələrlə hərbi qospitallarda müayinə və müalicələr almışdır, lakin aldığı müalicələr nəticəsində sağalmamışdır. 2020-ci ilin axırından dəfələrlə etdiyi müraciətlərə baxmayaraq onu qospitala müalicəyə buraxmayıblar, məzuniyyət götürüb qospitala gedib özünü qeydiyyata salmışdır və sonradan müayinə və müalicə üçün 19 may 2021-ci il tarixindən 19 iyun 2021-ci il tarixindən hərbi qospitalda müalicə olunaraq kafi vəziyətində ordan buraxılmamış, lakin travmatoloqiya şöbəsində yer olmadığına görə bir aydan sonra əməliyyata gəlməsini yazıblar. Qospitaldakı müalicələr və müayinələrlə tam narazılığı var, ona xidmətə tam yararsız diaqnozun qoyulmasına söz verildiyinə baxmayaraq komissiyaya iki gün qalmış tərkibi dəyişdirilmişdir, qoyulmuş diaqnoza gorə aldığı xəstəliklərin hamısı hərbi xidmət dövründə olmuşdur, həm də hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi-həkim komissiyası tərəfindən hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır, halbuki dəfələrlə həkimlər bildiriblər ki, xəstəliklərinə görə hərbi xidmətə yararsızdır, hansı səbəblərə görə belə yazılması aydındır. Buna görə onlardan arayış alınmalı və ekpertiza təyin olunmalıdır. Anasının qan xəstəliyi ilə əlaqədar da əlilliyin təyin edilməsi üçün müraciət edəndə də eyni vəziyyəti görmüşdür, müvafiq təşkilatlara müraciətdən sonra və məhkəmə ekspertizası rəyinə əsasən də xeyrinə qərar çıxarılmışdır. Hal-hazırda da iddiaçının hərbi xidmət dövründə aldığı xroniki xəstəlikləri ilə bağlı vəziyyəti kafidir, hərbi xidmətə tam yararsızdır və qüvvədə olan qanunvericiliyə görə də ona əllilik təyin olunmalıdır. Rəsmi müraciətlərinə də rəsmi cavab verilmişdir ki, yaşadığı ərazi üzrə həkim komissiyasına müraciət olunmalıdır. Hərbi qospitalda komiissiyada olanda bu barədə maraqlanmaq istədikdə onları heç kim qəbul etməmiş, nə də cavab verməmişdirlər. Avqust ayının axırında cərrahiyə şöbəsində əməliyyatdan sonra eyni epikrizi yazıb vermişdirlər, lakin komissiyaya çıxarmamışdırlar. Məhkəməyə müraciət etməkdə qərəzli olaraq işlərə baxmırlar, ordudan tərxis olandan sonra Quba rayon hərbi komissarlığından göndəriş alaraq yenidən komissiyadan keçməyinə baxmayaraq 28 iyul 2022-ci il tarixli qərarı ilə şablon şəklində əvvəlki kimi sıradankənar hərbi xidmətə yararlıdır yazılmışdır, hərbi qospitalda tomoqrafiya və MRT olmadığından rayon xəstəxanasına yönləndirilmiş, qərarda da konsultasiya olunmuşdur sözləri yazılmışdır, aldığı travmlar və xəstəliklər yazılmamışdır. Qərəzli olaraq yararsızdır yazmamışdırlar. İnzibati məhkəməyə müraciət etdikdə yenidən ekspertizanın keçirilməsini təmin olunması üçün iddia ərizəsi ilə müraciət etməyi tövsiyə olunmuşdur. AR NK-nin 2008-ci il 59 nömrəli qərarı ilə təsdiq edilmiş "hərbi-həkim ekspertizası haqqında əsasnamənin" və HK-nin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamənin" 2.2 bəndinə əsasən iddiaçıya ikinci dərəcəli əllilik təvin olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddianı tamamilə əsassız və qanunsuz hesab edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.1. maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Əsasnamənin 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Əsasnamənin 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələri (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Əsasnamənin 7.4. maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya almast faktının təyin edilməsi üçün əsas ola bilməz. Vətəndaş İddiaçı xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda “Nadir hallarda kəskinləşən, xroniki diskogen mənşəli bel-oma radikulitı, natamam remissiya mərhələsində. Sağ əlin birinci barmağının enxondromasına görə aparılmış enxondromanın xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dən çapığı. Onurğa sütunun döş nahiyyəsinin təsbit olunmuş l(birinci) mərhələ 8°" (səkkiz) dərəcə skaliozu. Hər iki gözün Bleforokonyuktiviti. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində əlvan dəmirov, remissiya mərhələsində” diaqnozları müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər Cədvəli”nin 26 “c” maddəsinin İİ qrafası ilə “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunmuşdur. M.İsayevdə müayinə nəticəsində “Nadir hallarda kəskinləşən, xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində" diaqnozu təyin edilmiş və o, X1 26 “c" maddəsinin İİİ qrafası ilə “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunmuşdur. Qeyd etmək lazımdır ki, İddiaçı "gizir" rütbəsində xidmət etdiyinə görə Xəstəliklər Cədvəlinin İİİ qrafası ilə şəhadətləndirilmışdır. xx.xx.2022-ci il tarixli 9318 saylı arayışdan məlum olur ki, xəstədə periferik sinir sisteminin xəstəliyi sayılan “xroniki diskogen mənşəli bel-oma radikulitinin nadir hallarda kəskinləməsi müəyyən edilmişdir. Bu hal “Xəstəliklər Cədvəlinin 26 ”c" yarımbəndində nəzərdə tutulduğundan şəhadətləndirilmə zamanı məhz 26"c" maddəsi tətbiq olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Xəstəliklər Cədvəlinin 26 “c" maddəsi ilə periferik sinir sisteminin kəskinləşməsi nəticəsində ətrafların funksiyalarının cüzi dərəcədə pozulması halları və ya ətraflarda hərəki, hissi və trofiki pozulması halları müəyyən edilməmişdir. Ona görə də bir daha qeyd etmək vacibdir ki, İddiaçı haqqında çıxarılan qərar yuxarıda göstərilən hallar nəzərə alınmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında təlimata tam uyğundur və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin yararlılıq haqqında təyin olunmuş “SİRADANKƏNAR HƏRBİ XİDMƏTƏ YARARLİDİR" kateqoriyasının “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" kateqoriyasına dəyişdirilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(118)-958/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın mübahisələndirən qərar və hərəkətlərinin qanuni olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır və bu da iddianın əsassız olduğunu göstərir.

7. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunun tələblərini pozmuş, belə ki, məhkəmə çəkişmə prinsipinə əməl edərək analiz edəndən sonra qərar qəbul edir. Sumqayıt İnzibati Məhkəməsinə ekspert rəyinin qərəzli olaraq sifarişlə yazıldığına, zəruri müayinələrin təyin olunmamasına görə etirazını bildirərək AR MPM-nin 102-ci maddəsinə əsasən əlavə ekspertizanın təyin olunmasını, həmin məcəllənin 101-103 maddəsinə əsasən də ekspertin məhkəməyə dəvət edilməsi, bomba partlayışı nəticəsində aldığı kontuziya-kəllə beyin tavması, beyin hissəsində qəlpələrin təsirindən 04 sentyabr 2023-cü il tarixindən Respublika Psixatrık Xəstəxanasına göndərilməsi və müalicədə olduğuna görə məhkəmə iclasının təxirə salınması barədə ərizə və teleqramla müraciət etməsinə baxmayaraq qərar qəbul etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində ...Azərbaycan Ordusunda... Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. ... 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: ...hərbi qulluqçuların; ... ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi; 1.N. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. ...Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi: ... 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. ... 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ...c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. ...e) «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. ... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. 7.N. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

12. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-941/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda “Nadir hallarda kəskinləşən, xroniki diskogen mənşəli bel-oma radikulitı, natamam remissiya mərhələsində. Sağ əlin birinci barmağının enxondromasına görə aparılmış enxondromanın xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dən çapığı. Onurğa sütunun döş nahiyyəsinin təsbit olunmuş l(birinci) mərhələ 8°" (səkkiz) dərəcə skaliozu. Hər iki gözün Bleforokonyuktiviti. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində Əlvan dəmirov, remissiya mərhələsində” diaqnozları müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər Cədvəli”nin 26 “c” maddəsinin İİ qrafası ilə “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunmuşdur.

17. İddia ərizəsinin əsas dəlili ekspertiza təyin olunmaqla iddiaçının yenidən şəhadətləndirilməsi olmuşdur.

18. İş materiallarından görünür ki, iddiaçıda hansı xəstliklərin müəyyən olunması, həmin xəstəliklərin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28 iyul 2022ci il tarixli qərarı ilə müəyyən olunmuş xəstəliklərə uyğun olub-olmaması, həmin xəstəliklər əsasında iddiaçının hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi ilə bağlı xüsusatlar xüsusi bilik tələb edən hallar olduğundan birinci instansiya məhkəməsi müvafiq ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş ekspertizanın T 243/2023 saylı rəyindən görünür ki, 1.3. vətəndaş İddiaçı xx.xx.2023-cü ildə məhkəmə-tibbi müayinədən keçirilərkən müxtəlif tibb müəssisələrinə instrumental müayinələrə göndərilmiş və onların cavabları əsasında “M42; M51.2.-osteoxondroz, TH6-7; TH7-8; L3- 4; L4-5 fəqərəarası disklərin yırtıqları; zirvəsi Th 10-Th11 fəqərəarası sahə olmaqla onurğanın sola 8°-dək İ dərəcəli skoliozu; 12 barmaq barmağın xoraları, səthi qastrit, səthi duodenit, kardia çatmamazlığı” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən xəstəliklər xx.xx.2022-ci il tarixdə MN-nin Mərkəzi Hərbi Poliklinikası tərəfindən müəyyən edilmiş diaqnozla ümumən eynilik təşkil edir. 2.Vətəndaş İddiaçı xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən müəyyən edilmiş “Nadir hallarda kəskinləşən xroniki diskogen bel-oma radikuliti, natamam remissiya mərhələsində sağ əlin birinci barmağının enxondromasına görə aparılmış enxondromanın xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı, onurğa sütununun döş nahiyəsinin təsbit olunmuş İ (birinci) mərhələ 8° skaliozu, hər iki gözün bleforokonyuktiviti, xroniki qastroduodenit, natamam remissiya mərhələsində əlvan dəmirov remissiya mərhələsində” diaqnozları ilə əlaqədar şəhadətləndirilmişdir. Belə ki, həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin 26 “c” maddəsinin İİ qrafası ilə “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunmuşdur. Odur ki, vətəndaş İddiaçı “Xəstəliklər Cədvəli”nin 26 “c” maddəsinin İİ qrafasına və ƏXC-yə əsasən “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunur.

19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir.

20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(118)- 958/2023 nömrəli qərarı dəyişdirilmədən salanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar