Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-942/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(118)-2005/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: AZ-İİ seriyalı, 238786 “Nikah haqqında şəhadətnamə” yə əsasən İddiaçı ilə X7 04 avqust 1988-ci il tarixdə nikah bağlamışlar. Quba rayonu Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 02 dekabr 2004-cü il tarixli 4-Ə-311 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X1 göstərilən Quba şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə dair onun adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 21 iyun 2005-ci il tarixli, JN-435 KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. AZ-İİ seriyalı, 190462 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən X7 09 oktyabr 2021-ci il tarixdə ölmüşdür. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək JN-435 KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 23 may 2023-cü il tarixli, 3-21-3-34/2-X-0038-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan JN-435 KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır. Verilən imtina ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 21 iyun 2005-ci il tarixli JN-435 KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0,06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X7 ilə birgə nikah dövründə Quba rayon Notariat Kontorunun təsdiq etdiyi 02 dekabr 2004-cü il tarixli 4-Ə311 saylı alqısatqı müqaviləsinə əsasən Quba şəhəri ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi satın almış və mərhum ərinin adına keçmiş DT və XK-nın Quba rayon sahəsi tərəfindən mülkiyyətini təsdiq edən JN-435 KOD ******* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. O, hal-hazırda həmin torpağa sahiblik edir, istifadə edir. Torpaq sahəsinə dair reyestrdən çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədləri cavabdeh təşkilata təqdim etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə onun ərizəsinin icrasından imtina etmişdir. Ona görə də pozulmuş hüquqlarını bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(118)-2005/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Ceyhun Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-5/6- 11-439/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən arxiv məlumatlarında iddiaçının mərhum həyat yoldaşının adına verilmiş Quba rayonu Dövlət Notariat Konturunda 4-Ə-311 saylı, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi aşkarlanmamışdır. Həmçinin, məhkəməyə təqdim olunmuş cavabdehin imtinasında qeyd olunan JN-435 KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin İdarənin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış və eyni zamanda təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin qanunauyğun qaydada verilməməsi öz təsdiqini tapmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi torpaq üzərində hüquqlara dair dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini JN-435 KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən Quba şəhərində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum əri X4 məxsus olmasının tanınmasından cavabdehin imtinası təşkil edir. Birinci instansiya məhkəməsi məhkəmə tədqiqatı zamanı xx.xx.2004-cü il tarixli, 4-Ə- 311 reyestr nömrəli alqı-satqı müqaviləsinin Quba rayonu Dövlət Notariat Kontorunda aşkar edilmədiyi, bununla da, torpaq sahəsi üzərində mülkiyyət hüququnun İ.D.Xələfova məxsus olmasını təsdiq edən qanunvericilikdən irəli gələn əsasların olmadığı əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Həmin əsaslardan biri də, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir(Qanunun 8.0.3-cü maddəsi). İddiaçı da tələbinin əsası kimi notariat qaydasında bağlanmış xx.xx.2004-cü il tarixli, 4-Ə-311 reyestr nömrəli alqı-satqı müqaviləsinə istinad edərək mübahisəli 0,06 ha torpaq sahəsinin mərhum əri İ.D.Xələfov tərəfindən alqı-satqı qaydasında əldə edildiyini və həmin müqavilə əsasında sonuncunun adına JN-435 KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edildiyini bildirir. Cavabdehin imtina məktubunun dəlillərindən müəyyən edilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Həmçinin, iş materiallarında olan sözügedən Şəhadətnamənin özündə də “Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və ______ nömrə ilə kitabda qeydə alınmışdır” kimi göstərilmiş, yəni Şəhadətnamədə onun qeydiyyat kitabında olan nömrə hissəsi boş saxlanılmışdır. Bununda da bir daha təsdiq edilir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət kadastr kitabında qeydiyyata alınaraq ona müvafiq nömrə verilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin Quba rayonu Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixli, 4-Ə-311 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə və onun bağlanması üçün əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 05 aprel 2024-cü il tarixli, 3-16-5/6-11-439/24 nömrəli məktubundan görünür ki, arxivə təhvil verilmiş 4-Ə-311 reyestr nömrəli müqavilə 29 iyun 2004-cü il tarixdə digər şəxslər barəsində rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası tərəfindən də JN-435 KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X2 Kadastr X6 (TEKUİS) qeydə alınıb-alınmaması barədə cavabdeh orqana sorğu verilmiş və cavabdeh tərəfindən 20 noyabr 2024-cü il tarixli məktubla məhkəməyə təqdim alınmış arayışdan görünür ki, sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə TEKUİS-də qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının tələbinin əsası kimi istinad etdiyi JN-435 KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə dövlət aktlarının qeydiyyat kitabında, nə də X5 X6 (TEKUİS) qeydə alınmışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərində Şəhadətnamədə göstərilən torpaq sahəsinin faktiki istifadəsində olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilən müayinə aktından görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, həmin sahə digər şəxs və ya şəxslər tərəfindən dəmir tor ilə hasarlanaraq onların istifadəsindədir. Hətta, qeyd edilən səbəbdən həmin şəxslər tərəfindən torpaq sahəsinin ölçülməsinə maneçilik yaradılmış, bu baxımdan, torpaq sahəsinin müayinəsinin aparılması mümkün olmamışdır. JN-435 KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 0,06 ha torpaq sahəsinin xx.xx.2004-cü il tarixli, 4-Ə-311 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mərhum əri X1 göstərilsə də, həm birinci instansiya, həm də məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edildi ki, şəhadətnamə dövlət qeydiyyatına alınmamış, eləcə də, TEKUİS-də qeydiyyatı aparılmamış, həmçinin, şəhadətnamədə istinad edilən sənədin mötəbərliyi müəyyən edilməmiş, alqı-satqı müqaviləsi üzrə iddia tələbinə aidiyyəti olmayan torpaq sahəsinin alqı-satqısı aparılmış, həmin müqavilələrdə iddiaçı alıcı qismində çıxış etməmiş, həmçinin, iddia olunan torpaq sahəsinin özü də başqa şəxslərin istifadəsindədir. Beləliklə, işin qeyd olunan hallarından göründüyü kimi iddiaçının tələbinin əsası kimi istinad etdiyi JN-435 KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki məlumatların həqiqiliyi – həqiqətən də, Şəhadətnamədə qeyd edilən torpaq sahəsinə dair ilkin mülkiyyətçi ilə X7 arasında qeyd edilən tarixdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, Şəhadətnamədə göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Sadalanan hüquq normalarının hazırkı mübahisəyə tətbiqi baxımdan kollegiya hesab edir ki, JN-435 KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtinası əsaslı olmuşdur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum əri X4 məxsus olmasını təsdiq edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(118)-2005/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-942/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-942/2024
28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver