Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-943/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(118)- 2860/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli 969 saylı arayışına görə İddiaçı xx.xx.1977ci il tarixdən xx.xx.1979-cu ilə tarixdək SSRİ Silahlı Qüvvələrində əsgər, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci ilə tarixdək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmətdı olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “A" bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına verilmişdir. Ehtiyatda olmanın son yaş həddinə çatdığına görə hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli 970 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci ilin oktyabrın 9-dan 1994-cü ilin mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinin müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısında iddiaçının adı qeyd edilmişdir. Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Prokurorluğun arxivində saxlanılan qeydiyyat kitablarında xx xxxxxx 1958-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissənin N may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ehtiyatda olan leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 1 nömrəli əmri (§ 1, rabitə taqımı üzrə, sıra nömrəsi 1) ilə tağım komandiri vəzifəsinə təyin edilmiş və xx.xx.1995-ci il tarixdə N nömrəli hərbi hissənin bazasında N nömrəli hərbi hissə təşkil edildiyindən həmin hərbi hissənin şəxsi heyəti tam tərkibdə xidmətini davam etmək üçün N nömrəli hərbi hissənin tərkibinə verilmişdir. Ehtiyatda olan leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 1 nömrəli əmri (§ 1, sıra nömrəsi 83) ilə vəzifəyə təyin olunmuş, xx.xx.1996-cı il tarixli N nömrəli əmri (§ 3, sıra nömrəsi 1) ilə hərbi hissəni icazəsiz tərk edərək hərbi hissəyə qayıtdığı üçün hərbi hissənin bütün növ təminat qeydiyyatlarına salınmış (tərketmə əmri yoxdur) və xx.xx.1997- ci il tarixli 222 nömrəli əmri (§ 1, sıra nömrəsi 6) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirilir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1997-ci il tarixdə təsdiq etdiyi siyahıya əsasən N nömrəli hərbi hissə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüşən hərbi hissə hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, təkrarən müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək mühairbə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi SSRİ Silahlı Qüvvələrində əsgər qismində, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29.07 1997-ci il tarixli müvafiq əmrinə əsadən “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına verilmişdir. Bu onun Müdafiə Nazirliyinin arxivində 1902 saylı arxivində saxlanılan şəxsi işində öz əksini tapmışdır. Ona bu barədə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmtə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən verilmiş 969 saylı xx.xx.2020-ci il arayış da verilmişdir. X4 Respublikasının Səfərbərlik və Hərbi Xidmtə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən verilmiş 970 saylı xx.xx.2020-ci il digər arayışdan da məlum olur ki, aşağıdakı siyahıda adları qeyd olunan 1991-ci ilin oktyabrın 9-dan 1994-cü il may ayının 10-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişlər. İddiaçının adı həmin siyahıda qeyd olunmuş və iddiaçının xx.xx.1993- xx.xx.1994-cü illərdə Şahbuz döyüş bölgəsinin N hərbi hissəsinin tərkibində döyüşlərdə iştirak etməsi həmin siyahıda qeyd olunmuşdur. Onun adı həmçinin müharibə veteranı adının verilməsi siyahısında da öz əksini tapmışdır. Müdafiə Nazirliyində Xidməti barədə xidmət siyahısında adı qeyd olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştira etdiyi üçün müharibə veteranı vəsiqəsi verilmişdir. Lakin vəsiqənin əslini itirmişdir. Sonradan veteran vəsiqəsinin dublikatının verilməsinə də müsbət cavab verilməmişdir. Müdafiə Nazirliyində bu barədə məlumat aşkar edilmədiyindən ona mühairbə veteranı adı və vəsiqəsinin verilməsini tələb edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1- dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən komissiyaya təqdim edilmiş müharibə veteranı adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərə və N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 2205 nömrəli arxiv arayışına əsasən İddiaçı “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(118)-2860/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, iddiaçının döyüşən ordunun tərkibində iştirak etməsi və qanuni əsaslarla tərxis olunması iş materialları ilə müəyyən olunur. Həmçinin iddiaçının hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi halı məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 2205 nömrəli arxiv arayışından da görünür ki, iddiaçı hərbi xidmətdə olduğu müddət ərzində müxtəlif tarixlərdə hərbi hissəni (xidmət yerini) özbaşına tərk etmişdir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar əlil omuş şəxslər istisna olmaqla, Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər müharibə veteranı sayılmırlar. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinin və birinci instansiya məhkəməsinin qərarının dəlillərinə istinad etməklə əsaslandıraraq, apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd olunmasın və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olarkən ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi halına istinad etmişdir. Məhkmə kollegiyası iş materiallarının araşdırması zamanı həmin faktın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 969 nömrəli arayış, xidməti vərəqəsi və Azərbaycan Respublikası Müdfaiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2025-ci il tarixli 3-25/210/2-1851/2025 saylı məktubu ilə təsdiq edilməsi müəyyən edilmişdir. Belə ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissənin təkibində xidmət keçməsi və həmin hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüşən hərbi hissə olması işin mübahisəsiz hallarına aiddir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubuna görə iddiaçının xidmət etdiyi dövrdə müxtəlif vaxtlarda hərbi hissəni icazəsiz tərk etməsini qeyd etmişdir. Lakin buna görə iddiaçının hər hansı şəkildə cəzalandırılması cinayət məsuliyyətinə cəlb edilməsi görünmür və cavabdeh bununla bağlı sübut təqdim etməmişdir. İstinad olunan məktubun məzmumundan görünür ki, iddiaçı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 1 nömrəli əmri ilə vəzifəyə təyin olunmuş, xx.xx.1996-cı il tarixli N nömrəli əmr əsasında hərbi hissəni icazəsiz tərk edib hərbi hissəyə qayıtdığı üçün hərbi hissənin bütün növ təminan qeydiyyatlarına salınıb (tərketmə əmri yoxdur) və xx.xx.1997-ci il tarixli 222 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Müvafiq qanunvericilik normalarının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır, həmin şərtlərə şəxsin müvafiq döyüş əməliyyatlarını həyata keçirən hərbi hissənin tərkibində olması (bununla da aparılmış döyüş əməliyyatlarında iştirak etməsi) və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması halı daxildir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən hərbi bilet yalnız hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adı verilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə veteranı statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması öz təsdiqini tapmışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməklə düzgün nətcəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(118)-2860/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-943/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-943/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver