Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-944/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin onun adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2369/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN-0031 Kod 30800108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı əsasında X2 və onun ailə üzvlərinə 0.70 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Abşeron rayon 1 saylı Dövlət Notariat Konturunun 19 fevral 2003-cü il tarixli, 3M/119 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 tərəfindən 0.70 ha torpaq sahəsindən yalnız 0.25 ha torpaq sahəsini iddiaçıya satılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina bildirişindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə dair təqdim edilmiş Abşeron rayon 1 saylı Dövlət Notariat Konturunun 19 fevral 2003-cü il tarixli, 3M/119 reyestr nömrəli alqı-satqı müqaviləsində dövlət aktında qeyd edilən hüquq sahiblərinin hamısının adlarının qeyd edilmədiyi, Torpaq sahəsinin notarial qaydada təsdiqlənmiş bölgü planın İdarəyə təqdim edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayonu, Məhəmmədi kəndi, Südçülük Sovxozunda yerləşən 0.25 ha torpaq sahəsinin onun adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məhəmmədi kəndi, Südçülük Sovxozunda yerləşən 0.25 ha torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, torpaq sahəsini əldə etdiyi gündən faktiki olaraq 20 ildən artıqdır ki, istifadəsindədir. Torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, İdarə tərəfindən müxtəlif bəhanələr gətirilərək torpaq sahəsi bugünədək sənədləşdirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə dair təqdim edilmiş Abşeron rayon 1 saylı Dövlət Notariat Konturunun 19 fevral 2003-cü il tarixli, 3M/119 reyestr nömrəli alqı-satqı müqaviləsində dövlət aktında qeyd edilən hüquq sahiblərinin hamısının adlarının qeyd edilmədiyi, Torpaq sahəsinin notarial qaydada təsdiqlənmiş bölgü planın İdarəyə təqdim edilmədiyi müəyyən olunmuşdur. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2369/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Məhəmmədi kəndi, Südçülük Sovxozunda yerləşən 0.25 ha torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən alqı-satqı aktı notariat orqanlarında rəsmiləşərək qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi notariat kontorunda rəsmiləşdirilən alqı-satqı müqaviləsi mübahisə predmeti deyil, yəni həmin müqavilənin preyudisiallığı mövcuddur. Belə ki, iddiaçı 20 ildən çox müddətdir ki, həmin torpaq sahəsinin istifadəsiçidir və bu günə qədər mübahisə predmeti olan torpaq sahəsinə dair tərəflər arasında hər hansı mübahisə mövcud olmamışdır. İddiaçının tələbi torpaq sahəsinə yalnız çıxarışın alınmasına dair iddiadır və cavabdehin qeyd etdiyi müvafiq arqument torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi üçün zəruridir. Yəni, indiki halda müvafiq arqument ilə bağlı cavabdehin üzərinə hər hansı bir öhdəlik məhkəmə tərəfindən qoyulmur. Məhkəmə iclasında iddiaçıya torpaq sahəsinin bölgü planına dair sübutun təqdim edilməsi üçün vaxt verilməsinə baxmayaraq, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə də cavabdeh təşkilat tərəfindən iddiaçıya satılmış 0.25 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaması Ofeyla Ataşovanın konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin imtinasında və etirazında gətirdiyi arqument əsassızdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə araşdırması zamanı müvafiq və zəruri araşdırmalar aparılmamış, vətəndaşın istifadəsində olan torpaq sahəsinin faktiki yerləşməsinin barəsində alqı-satqı müqaviləsi bağlanmış torpaq sahəsi ilə əlaqəsinin olub-olmaması, olduğu təqdirdə mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsinin hansı hissəsindən satıldığı, həmin torpaq sahəsinin faktiki yerləşməsinin sənəd üzrə başqa torpaq sahələri ilə üst-üstə düsmə halının mövcud olub olmaması araşdırılmamışdır. İddiaçı 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərkən 0.2151 ha torpaq sahəsinə dair bələdiyyənin verqurulusu planından çıxarış təqdim etmişdir. Qeyd olunan ərazidə yerləşən torpaq sahələri ilə ələqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanın icrası ilə əlaqədar torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydada salınması istiqamətində müvafiq dürüstləşmə isləri aparılmış, lakin qonsu torpaq sahələri barədə mülkiyyətçilərin müvafiq müraciətləri olmadığından texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstericiləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması işi tamamlanmamışdır. Bu sebəbdən da mübahisə predmeti olan torpaq sahəsinin faktiki yerləşmə koordinatları ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin sənəd üzrə üst-üstə düsmə halı mövcuddur. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi 0.25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsində dövlət aktında adları qeyd edilən hüquq sahiblərinin hamısının adları qeyd edilməmiş, notarial qaydada təsdiq edilmiş bölgü planı əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən sözügedən torpaq sahələri notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın alınmış, müqavilənin predmeti qismində məhz 0,25 ha torpaq sahəsi çıxış etmişdir. Qeyd edilən müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilməklə, təsdiq edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin predmeti ola torpaq sahəsi satıcı qismində çıxış edən şəxsə Dövlət Aktı əsasında məxsus olmuşdur. X9 məzmunundan torpaq sahəsinin sahibi kimi satıcının adı ilə yanaşı, iki şəxsin adı da qeyd edilmiş, həmin şəxslər satıcı qismində çıxış edən şəxsin atası və anası olmuş, torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanan vaxtda hər iki şəxs vəfat etmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində müvafiq dürüstləşmə işlərinin aparıldığını,lakin qonşu torpaq sahələrinin mülkiyyətçilərinin müvafiq müraciətləri olmadığından texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması işi tamamlanmamışdır, bu səbəbdən də mübahisə predmeti olan torpaq sahəsinin faktiki yerləşmə koordinatları ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin sənəd üzrə üstüstə düşməsi halı mövcud olduğunu qeyd etmişdir. Göründüyü kimi indiki halda sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən əldə edilməsinin əsası qismində məhz notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi çıxış etmişdir. Hazırda da həmin müqavilə qüvvədə olmaqla, yuxarıda istinad edilən qanunvericilik normasının təəbinə əsasən əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edir. Nəticə etibarilə iddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan alqı-satqı müqaviləsinin predmeti qismində çıxış edən torpaq sahəsinin müvafiq Dövlət Aktı əsasında satıcıya məxsus olduğunu, həmin Dövlət Aktında satıcı ilə yanaşı digər iki şəxsin də adının qeyd edildiyini, lakin alqı-satqı müqaviləsində həmin şəxslərin adının qeyd edilməməsi halına istinad edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən müqavilə hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi və ya etibarsız sayılması halı müəyyən edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, həmin müqavilə bağlandığı vaxtda müvafiq dövlət aktında adları qeyd edilmiş iki nəfər şəxs artıq vəfat etmişdir, habelə həmin şəxslər dövlət aktında adı qeyd edilmiş və müqavilə üzrə satıcı qismində çıxış edən şəxsin valideynləri olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtina əsası kimi həmin hala formal olaraq istinad etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi digər hallarla bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən torpaq sahəsinə dair notarial qaydada bölgü planının təqdim edilməməsi halı iddiaçının əmlak üzərində mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etmir. belə ki, hazırki halda iddiaçının iddia tələbi məhz mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmaqla, həmin əmlaka dair plan və ölçü sənədinin tərtib edilməsi ilə bağlı olmamışdır. Cavabdehin istinad etdiyi hal məhz torpaq sahəsinin texniki vəziyyətinin müəyyən edilməsi və texniki göstəricilərini əks etdirən sənədlərin tərtib edilməsi zamanı zəruri olmuşdur. İndiki halda isə iddiaçının bunula bağlı tələbi olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi həmin arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı onu qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə faktiki istifadə vəziyyəti ilə sənəd üzrə uyğunsuzluqların mövcud olduğu, hableə həmin halların aradan qaldırılması ilə bağlı işlərin tamamlanmadığı müəyyən edilmişdir. İndiki halda isə iddiaçının tələbi yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olduğundan, həmin torpaq sahəsinin texniki vəziyyəti və ona dair sənədlərin tərtibi ilə bağlı hal iddia predmeti qsimində çıxış etmədiyindən həmin hissədə cavabdehin şikayətin dəlili kimi istinad etdiyi hallar əsassız olmuşdur. Əks yanaşmanın tətbiq edilməsi halı özlüyündə iddiaçının mövcud olan mülkiyyət hüququnun əsassız olaraq (onun təqsiri ilə əhatə olunmayana hallara istinad edilməklə) məhdudlaşdıırlmasına gətirib çıxarda bilər. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2369/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-944/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-944/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver