Məhkəmə qərarları › İş №2-1(105)-947/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-947/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-947/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)- 4422/2024 nömrəli qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində görünür ki, Nurəddinova Mirvari Rəcəb qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60-da yerləşən 29 nömrəli mənzili İddiaçı bağışlamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.1976-cı il təvəllüdlü X8 mübahisəli mənzildə qeydiyyatdadırlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nurəddinova Mirvari Rəcəb qızının X4 qarşı iddiası təmin edilmiş, X2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 60 saylı evin 29 nömrəli mənzilinə istifadə hüququ itirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)- 2163/2022 nömrəli qərardadı ilə iddiaçı Nurəddinova Mirvari Rəcəb qızının iddiadan imtinası qəbul edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-4536/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Nurəddinova Mirvari Rəcəb qızının cavabdeh X4 qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Cavabdehin imtina məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxanlmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, X3, X10, X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. Odur ki, ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X9, X10 və X6 Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60, mənzil 29 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması (həvalə edilməsi) barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60, mənzil 29 ona məxsusdur. Həmin mənzil xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət resyter xidmətinin çıxarışına əsasən ona məxsusdur. Lakin ondan başqa X9, X10 və X6 formal olaraq qeydiyyatda vardır. Həmin şəxslər bu ünvanda yaşamır. Ona məxsus mənzildə hələ də formal olaraq qeydiyyatda qalmağı hüquqlarının pozulmasına, əlavə kommunal xərclər ödəməyimə səbəb olur. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina olunaraq qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olması bildirilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-4422/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxslər X9, X10 və X2 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60-da yerləşən 29 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə onun məhkəmə prosesində iştirakını təmin etmədən işə baxmış və üçüncü şəxslərin-onun və 2 azyaşlı uşaqlarının iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60-da yerləşən 29 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmağı öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi barədə Qərar qəbul etmişdir. Mənzilin əvvəlki sahibi onun anası, hazırki sahibi isə bacısı qızıdır. Lakin mənzillə bağlı bağışlama müqaviləsi onun iştirakı olmadan bağlanmış və hazırda həmin müqaviləni də mübahisələndirmişdir. İnzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Hazırkı iş üzrə isə məhkəmə yuxarıda qeyd olunan ümumi yurisdiksiyalı məhkəmələr üzrə xarakterik olan halların inzibati orqan tərəfindən araşdırılmamasının qanunsuz hesab etməsi inzibati orqanın səlahiyyətindən kənar hallara qiymət verməsinin gözlənilməsi ilə eynilik təşkil edir. Həmçinin, inzibati məhkəmələr məhz inzibati orqanların qərar və ya faktiki xarakterli hərəkət və hərəkətsizliyinə qiymət verən məhkəmə qismində çıxış etdiyindən inzibati məhkəmə icraatı qaydasında üçüncü şəxsin istifadə hüququna xitam verilməsi və ya itirilmiş hesab edilməsinə də qiymət verən məhkəmə və ya itirilmiş hesab edilməsinə də qiymət verən məhkəmə qismində çıxış etmirlər. Bu səbəbdəndir ki, istifadə hüququna xitam və ya itirilmiş hesab edilmə və ya ümumiyyətlə istifadə hüququnun olmaması barədə ayrıca məhkəmə qətnaməsinin mövcudluğu inzibati icraatın düzgün aparılıbaparılmamasına qiymət verilməsi əsası qismində çıxış edir. Təbii haldır ki, həmin qərarın mövcud olmasına baxmayaraq inzibati orqanın həmin qətnaməni nəzərə almaması və qeydiyyatdan şəxsi çıxarmaması inzibatı və ya inzibati məhkəmə mübahisəsinin yaranması əsası qismində çıxış etməklə polis orqanının yuxarıda istinad olunan Qanunun tələblərini pozması qismində dəyərləndirilir. Həmin qərar yoxdursa, deməli üçüncü şəxsin istifadə hüququna xitam və ya itirilmə əsaslarının mövcud olub-olmaması da qeyri-müəyyəndir. İnzibati orqan onun və uşaqlarının qeydiyyatdan çıxarılmasına xidmət edən məhkəmə qətnaməsinin artıq mövcud olmadığını və mənzilin tərkib hissəsinə istifadə hüququnun bərpa olunduğunu bildiyi üçün onun qeydiyyatını da bərpa etmiş və bu səbəbdən də iddiaçı onun və uşaqlarının həmin mənzildən qeydiyyatdan çıxarılmağı ilə bağlı müraciət etdikdə həmin ərizəni təmin etməmişdir. Mübahisəli mənzildə yaşadığı halda iddiaçı onun xəbəri olmadan qeydiyyatdan çıxarmaqla bağlı cavabdehə müraciət etmişdir. İddiaçının dəlillərindən biri guya onun və azyaşlı uşaqlarının qeyd edilən mənzildə yaşamamağıdır. Bununla bağlı mənzilin əvvəlki sahibi anası olmuş və bu mənzil dövlət tərəfindən order əsasında verilmiş, həmin orderdə onun da adı vardır. O keçmiş mülkiyyətçinin ailə üzvü olmaqla bu mənzilə qeydiyyatda olmaqla bu gün də yaşayır. O bir müddət müalicə ilə bağlı xaricdə olan zaman anası Nürəddinova Mirvari Rəcəb qızı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək bu mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. O qayıtdıqdan sonra bundan xəbər tutmuş və həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsində işə baxılarkən iddiaçı olmuş anası iddia tələbindən imtina barədə ərizə vermiş və nəticədə qarşı tərəfin hazırki işdə sübut kimi əsaslandığı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edildi və iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olundu. Bu isə o deməkdir ki, onun istifadə hüququ bu mənzillə bərpa olundu. İddiaçı ilə anası istifadə hüququna xitam verilmiş, lakin sonradan ləğv edilmiş həmin qətnamə əsasında onun qeydiyyatdan çıxardıqdan sonra öz aralarında bağışlama müqaviləsi bağlamış və belə bir müqavilənin bağlanıldığından xəbər tutan kimi həmin müqavilənin ləğvi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırdı. Lakin məhkəmə prosesində anası iddia tələbini geri çəkməyini və bu mənzili sataraq ona 1/3 pay verəcəyini bildirmiş və onun sözlərinə inanaraq gözləmişdir. Lakin iddiaçı anası ilə bu mənzili satıb onun payını vermək əvəzinə bu mənzildən qeydiyyatdan çıxarılmağını iddia etmişlər. Uşaqları ilə heç vaxt bu mənzildən çıxmamış və bu gün də bu mənzildə yaşayır. Hazırki iş üzrə cavabdeh Sumqayıt şəhər Polis İdarəsi onun qətnamə əsasında qeydiyyatdan çıxarılmağını və sonradan yenidən qeydiyyata bərpa olunduğunu, mənzilin mülkiyyətçisi olan atasının ailə üzvü kimi uzun illər bu mənzildə yaşadığını bildiyi üçün iddiaçının ərizəsini təmin etməmişdir. Lakin iddiaçı guya həmin mənzildə faktiki yaşamamağı və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə məhkəmə qətnaməsinin olması barədə məhkəməyə yalan məlumatlar verməklə hazırki qərarın qəbul edilməsinə nail olmuşlar. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. ... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müvafiq yaşayış yeri hazırda xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı qeyd edilən yaşayış sahəsini notarial qaydada təsiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında əldə etmişdir, həmin müqaviləyə əsasən hədiyyəverən qismində məhz üçüncü şəxs X2 anası çıxış etmişdir. Üçüncü şəxslər həmin yaşayış sahəsinin bağışlanmadan əvvəlki mülkiyyətçisinin qızı və nəvələri (qızının övladları) olmuşdur. Üçüncü şəxslər həmin mənzildə pasport qeydiyyatında olmaqla yanaşı, yaşamış və hazırda da yaşayırlar. Bundan əlavə, həmin yaşayış sahəsinin əvvəlki mülkiyyəçisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,üçüncü şəxs X2 istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmiş, müvafiq məhkəmə qətnaməsi (xx.xx.2021-ci il tarixli) ilə iddia təmin edilmişdir. Lakin daha sonra həmin mülki iş üzrə cavabdeh qismində çıxış edən X8 tərəfindən həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən iddia tələbindən imtina edilmiş, bu əsasla iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin, üçüncü şəxs X8 iddiaçının sözügedən yaşayış sahəsinə dair mülkiyyət hüququnun yaranmasının əsası qismində çıxış edən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı üçüncü şəxslərin həmin evdə əvvəl yaşamaları və hazırda da yaşamaları halını qəbul etsə də, müəyyən müddət xarici ölkədə yaşamaları halına istinad edərək, həmin yaşayış yeri üzrə pasport qeydiyyatında qalmalarının formal olduğunu qeyd edərək, hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki iş üzrə araşdırılmalı olan hal məhz üçüncü şəxslərin həmin yaşayış yeri üzrə istifadə hüququnun olub-olmaması və faktiki yaşayıbyaşamaması ilə bağlı hallardır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin əvvəlki dövrdə və hazırda həmin yaşayış sahəsində yaşamaları işin mübahisəsiz halıdır. Həmçinin, məhkəmə kollegiyası digər hissədə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İşin müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxslər əvvəlki mülkiyyətçinin ailə üzvləri hesab edilməklə, həmin mənzildə yaşamış və hazırda da yaşamaqda davam edir. İndiki mülkiyyətçiyə münasibətdə üçüncü şəxslər tərəfindən mənzilin bağışlanması zamanı iradə ifadəsinin əks etdirməsi müəyyən olunmur. Bundan əlavə, üçüncü şəxs X2 qeyd edilən yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair məhkəmə qətnaməsi məhz əvvəlki mülkiyyətçi qismində çıxış edən üçüncü şəxsin anasının iddia tələbindən imtina etməsi əsası ilə ləğv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki,yuxarıda istinad edilən mülki və mənzil qanunvericiliyinin tələbi baxımından üçüncü şəxslərin yaşayış sahəsinə dair istifadə hüququnun olmaması aşkar görünmədiyindən və hazırda da həmin şəxslər qeyd edilən yaşayış sahəsində yaşamaqda davam etdiyindən, faktiki yaşaması halı müəyyən edildiyindən, iddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürməkdə haqlı olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına mülki və mənzil qanunvericiliyinin tələbi baxımından düzgün hüquqi qiymət verilməmiş, habelə həmin şəxslərin faktiki mənzildə yaşaması halını nəzərə alınmadan, formal yaşama tətbiq edilməklə, işin halları tam aydınlaşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış və qanunvericiliyin tələbinə zidd olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin şikayəti əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-4422/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar