Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-947/2025 30.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun planölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 4937/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin (35 KVT) mühafizə zolağında yerləşdiyi, faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur, bu səbəbdən də “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi mümkün olmamışdır. Cavabdehin 3-21-3-32/2-16483/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, elektron məlumat bazasına əsasən İddiaçı mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən yalnız sənəd üzrə **********90 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli tək çıxarış verilmiş, torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmədiyindən, sənəd üzrə torpaq sahəsinin yerini müəyyənləşdirmək mümkün olmamış, həmçinin, elektron məlumat bazasına əsasən, faktiki koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0.0537 ha hissəsi **********79 reyestr nömrəli torpaq sahəsi, 0.0101 ha hissəsi **********82 reyestr nömrəli torpaq sahəsi, 0.0091 ha hissəsi isə **********95 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun Abşeron rayonu, Saray qəzəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyülması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyğun olaraq, “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun bacısı X3 13 oktyabr 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi sahəsi 0,1 ha olan torpaq sahəsini ona bağışlamışdır. Bundan sonra, 30 oktyabr 2024-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövləıt reyestrindən çıxarış verilmişdir və onun mülkiyyət hüquqları **********90 saylı reyestr nömrəsi ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Daha sonra onun tərəfindən cavabdehə müraciət olunaraq, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi istənilmişdi. Cavabdeh inzibati orqan tərəfindən ona verilən 05 fevral 2025-ci il tarixli, 321332/2-1838/25 saylı cavab məktubunda Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı 28 yanvar 2025-ci il il tarixli (d/o**********) müraciətə baxıldığı, Abşeron rayonu, Saray ərazisində yerləşən mülkiyyətində olan 30 oktyabr 2024-cü il tarixli, **********90 reyestr nömrəli, 0,1 ha torpaq sahəsinə dair məlumatların idarənin elektron kadastr xəritəsi əsasında araşdırıldığı, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin (35 kvt) mühafizə zolağında yerləşdiyinin müəyyən edildiyi, həmçinin sənəd üzrə torpaq sahəsinin başqa şəxslərin sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü, bu səbəbdən də “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi mümkün olmayacağı qeyd olunmuşdur. Qeyd edilən torpaq sahəsi ilkin olaraq 07 oktyabr 1999-cu il tarixli 35 saylı Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə nümayəndəliyinin sərəncamı əsasında X2 adına ayrılmışdır. Ayrılmış toraq sahəsinin təyinatından da göründüyü kimi, torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aiddir. Qeyd edilən ərazidə daha əvvəlcədən də başqa şəxslərə torpaq sahəsi ayrılmış, müvafiq qaydada tikintilər aparılmaqla torpaq sahələri və tikililərə dair mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdeh orqan tərəfindən daha əvvəlcədən başqa şəxslərə verilmiş olan mülkiyyət hüququ haqqında çıxarışlarda və torpaq sahəsinin plan və ölçülərində qeyd edilən ərazidən neft kəmərinin keçməsi və yüksək gərginlikli elektrik ötürücü xətlərin qeyd edilən ərazidən keçdiyi qeyd olunmadığı halda, belə bir əsaslandırmanın ona dair verilmiş olan imtinada qeyd edilməsi başadüşülən deyildir. Bundan başqa, mülkiyyət hüquqlarının qeydiyyata alınıb çıxarışın verilməsi, ərazi üzrə plan və ölçünün verilməməsi, plan sxemin tərtib olunmasından imtina edilməsi mülkiyyət hüququ haqqında verilmiş olan çıxarışın, o cümlədən mülkiyyət hüququ anlayışının özünü əhəmiyyətsiz hala salmaqdadır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin (35 KVT) mühafizə zolağında yerləşdiyi, faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4937/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyğun olaraq plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər, lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü qeyd edilsə də, faktiki üst-üstə düşmə halı müəyyən edilməmişdir. Hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan plan-ölçü sənədinin verilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Torpaq sahəsinin faktiki və hüquqmüəyyənedici sənəd üzrə yeri bəllidir və sözügedən uyğunsuzluğu aradan qaldırması məhz cavabdehin vəzifələrindən biridir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. ....
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi . ...
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.Yerquruluşu- torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Maddə 8. Torpaqların texniki uçotu Torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir. Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 10. Torpaq-kadastr işlərinin yerdə (naturada) aparılması müddətləri Torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Maddə 12. Dövlət torpaq kadastrı fondu Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Maddə 17. Torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerqurluşu işləri nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan sözügedən torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsinin Neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin (35 KVT) mühafizə zolağında yerləşdiyi, başqa şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üstüstə düşməsi halı müəyyən etdiyindən, plan və ölçü sənədinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı həmin torpaq sahəsini notarial qaydada təsdiq edilmiş bağışlanma müqaviləsi əsasında əldə etmişdir. Sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd qismində Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə Nümayəndəsinin xx.xx.1999-cu il tarixli 35 nömrəli sərəncamı çıxış etmiş, torpaq sahəsinin yerini müəyyən edən sənəd əlavə edilməmişdir. Həmin sənəd əsasında ilkin olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir. Sözügedən məhkəmə qətnaməsi ilə yalnız ilkin mülkiyyətçinin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq çıxarışın verilməsi təmin edilmiş, torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi ilə bağlı hal müəyyən edilməmişdir. Eyni zamanda həmin məhkəmə qətnaməsinin məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin yerini müəyyən edən hər hansı sənədin olmasına (plan-sxem, ayrıc aktı, yerquruluşu planından çıxarış və s.) istinad edilməmişdir.Nəticə etibarilə sözügedən torpaq sahəsinin yerini müəyyən edən sənədin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq yerləşmə yerini müəyyən edən, onun texniki göstəricilərini əks etdirən plan və ölçü sənədinin əldə edilməsinə nail olmaqdan ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair başqa şəxslərin adına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, həmin şəxslərin adına müvafiq Çıxarış verilmiş, plan və ölçü sənədi tərtib edilmiş, (reyestr nömrələri **********79, **********82, **********95), indiki halda isə həmin sənədlər qüvvədədir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahələrinin üst-üstə düşməsi elektron kadastr məlumat bazasında texniki işlərin (dürüstləşmə işlərinin) aparılması və ya sürüşmə halının baş verməsi ilə bağlı ortaya çıxmamışdır. Başqa sözlə desək, faktiki istifadə vəziyyətində hər bir torpaq sahəsinin naturada (yerində) mövcudluğu müəyyən edilməmiş, faktiki olaraq iddiaçının iddia etdiyi torpaq sahəsi başqa şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahələri ilə üst-üstə düşmüşdür. Kollegiya iddianının əsaslılığı ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair onun yerini müəyyən edən sənəd mövcud olmamış, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair isə başqa şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, plan və ölçü sənədi verilmişdir. Başqa sözlə desək, indiki halda torpaq sahələrinin faktiki vəziyyətdə üst-üstə düşmə halı mövcud olmuş və bu hal elektron kadastr məlumat bazasında texniki işlərin görülməsi (dürüstləşmə işlərinin aparılması) ilə bağlı ortaya çıxmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı məhz başqa şəxslərin adına tərtib edilmiş müvafiq sənədlərin etibarlılığı və ya cavabdehin həmin sənədlərin tərtib edilməsi ilə bağlı hərəkətlərininin qanuniliyini mübahisələndirməklə, ona dair tələblə cavabdehə müraciət etməklə, müraciətindən imtina olunduğu halda, ona dair iddia tələbi ilə məhkəməyə müraciət etməklə, həmin iddia tələbi çərçivəsində qeyd edilən hallara hüquqi qiymət verilməklə, hazırki istəyinə nail ola bilər. Həmin hallara hüquqi qiymət verilmədən (hazırki icraat çərçivəsində həmin halların yoxlanılması iddia predmeti qismində çıxış etmədiyindən mümkün olmadığından) hazırki iddia tələbinin əsaslılığının yoxlanılması mümkün olmamışdır. Nəticə etibarilə hazırki icraat çərçivəsində işin yuxarıda müəyyən edilmiş halları (başqa şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında hazırki mərhələdə iddiaçı belə bir iddia tələbi irəli sürməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və onun əsasında mülkiyyət hüququnun yaranması üçün əsasların mövcud olub-olmaması halları qanunvericiliyin tələbi baxımından düzgün dəyərləndirilməmiş, cavabdehin imtina əsasları ətraflı araşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4937/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.