Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-95/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı torpaq sahəsinin icarəyə verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2-1(118)-892/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, dönər köşkünün tikilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xəstədir, sağ ciyəri bütövlüklə yoxdur. O, dövlətin yaratdığı şəraitdən yararlanmaq üçün torpaq sahəsinin icarəyə verilməsi üçün Sumqayıt bələdiyyəsinə müraciət etmişdir. Belə ki, o, həmin torpaq sahəsində dönər köşkü quraşdıraraq işlətmək istəyir. Lakin ona imtina cavabı verilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iddiaçının Sumqayıt Bələdiyyəsinə etdiyi müraciətdən görünür ki, o,dönər satışının həyata keçirilməsi məqsədi ilə dönər evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Həmin müraciətə 02 mart 2020-ci il tarixli, 715 saylı məktubla cavab verilərək Sumqayıt şəhəri ərazisində şəhərin yeni Baş planına uyğun olaraq aparılan şəhərsalma və planlaşdırma işləri çərçivəsində, eləcə də memarlıq norma və qaydalarına müvafiq olaraq bu cür kommersiya obyektlərinin yerləşdirilməsinin halhazırda nəzərdə tutulmadığı bildirilmişdir. Həmçinin adı çəkilən cavab məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, gələcəkdə bu cür sahələrinin yaradılmasına tələbat meydana gələcəyi təqdirdə, həmin məqsədlə ayrılmaq üçün torpaq sahələri qanunvericiliyə uyğun şəkildə torpaq hərracına, yaxud müsabiqəsinə çıxarılacaqdır ki, o da digər şəxslər kimi bu tədbirlərdə iştirak etmək hüququna malikdir. Qanunvericilikdə bələdiyyə torpaqları üzərində bələdiyyənin mülkiyyət hüququ təsbit olunmuşdur ki, bu hüquq bələdiyyənin öz əmlakı üzərində sahib olmaq, əmlakdan istifadə etmək və həmin əmlak barəsində öz mülahizəsinə əsasən sərəncam vermək hüquqlarından ibarətdir. Bələdiyyənin mülkiyyət hüququ bütün mülkiyyət hüquqları kimi, dövlətin qoruması və təminatı altındadır və heç kim bələdiyyəni öz mülkiyyətində olan əmlak barəsində sərəncam verməyə məcbur edə bilməz. Bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarına edilmiş əlavə və dəyişikliklərə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində hüquqlar 2007-ci ilin dekabrın 1-dən etibarən yalnız torpaq hərracları, yaxud müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu səbəbdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsinin bələdiyyənin bilavasitə qərarı ilə ona ayrılmasını və həmin torpaq sahəsinin istifadəsinə verilməsini tələb etməkdə iddiaçı haqlı deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(118)- 892/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2020ci il tarixli 2-1(118)-892/2020 saylı qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, ümumi xəstəlik ( tənəffüs çatışmamazlığı ikinci dərəcə. Xroniki respirator çatmamazlıq. Tənəffüs çatmamazlığı İİ dərəcə) səbəbindən 05.12.2019-cü il tarixdən iddiaçıya İİ dərəcəli əlillik verilmişdir. Əlilliyin müddəti 05.12.2024-cü il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Sumqayıt şəhər Məşğulluq Mərkəzinin 01.02.2020-ci il tarixli aktından görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs İddiaçı özünəməşğulluğa kömək göstərilməsi üçün dönər köşkünün işlədilməsi üçün aşağıdakı avadanlıqlar təhvil verilmişdir: - 3 gözlü elektrikli dönər ocağı-1 ədəd - çalışma masası, dolablı, siyirməli, paslanmaz metaldan-1 ədəd - toster (qızdırıcı)-1 ədəd - vitrin soyuducusu marka:Uğur-1 ədəd - dönər bıçağı-1 ədəd - dönər kürəyi-1 ədəd - maşat-1 ədəd - paslanmaz yuma avadanlığı (moydadır), 1 gözlü, ayaqlı-1 ədəd - PVC stul-4 ədəd - Pvc masa (4 nəfərlik)-1 ədəd - Gril sobası (toyuq çevirmə)-1 ədəd - Toyuq kəsmə qayçısı-1 ədəd - qızartma sobası, elektrikli-1 ədəd - Free avadanlığı, elektrikli-1 ədəd İş materiallarından görünür ki, iddiaçı dönər köşkünün tikilməsi üçün torpaq sahəsinin icarəyə ayrılması məqsədilə cavabdeh müraciət etmiş, sonuncu 02.03.2020-ci il tarixli 715 saylı məktubla Sumqayıt şəhəri ərazisində şəhərin yeni Baş planına uyğun olaraq aparılan şəhərsalma və planlaşdırma işləri çərçivəsində, eləcə də memarlıq norma və qaydalarına müvafiq olaraq bu cür kommersiya obyektlərinin yerləşdirilməsinin hal-hazırda nəzərdə tutulmadığı bildirərək imtina cavabı verilmişdir. Verilən cavabla razılaşmayan iddiaçı 12 mart 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istfiadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Məhkəmə öz qərarında onu da qeyd etmişdir ki, hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya icarəyə verməsi öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmır və aşağıdakıları qeyd edir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: - 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində ....... sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası......... üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. - 7-ci bəndinə əsasən, ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. - 11-ci bəndə əsasən, bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. - 14-cü bəndə əsasən, Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır. Əsasnamənin yuxarıda sadalanan müddəalarına əsasən, torpaq sahəsinin icarə hüququ əsasında ayrılmasını tələb etmək iddiaçının hüququdur. Lakin, bununla bağlı qərarın verilməsi qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğuna bağlıdır. Bu şərtlərin mövcudluğunu müəyyən etmək isə qanunvericiliyə əsasən cavabdeh inzibati orqanın vəzifəsi olaraq müəyyən edilmişdir. İddiaçı tələbində ticarət obyektinin (dönər köşkünün) yerləşdirilməsi məqsədilə torpaq sahəsinin ona icarəyə verilməsini tələb etsə də, kollegiya qeyd edir ki, Bələdiyyənin üzərinə torpağın icarə hüququ əsasında iddiaçıya ayrılması barədə konkret öhdəlik qoyula bilməz. Çünki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 4-cü bəndinə görə, torpaq sahəsinin fiziki şəxslərin icarəsinə verilməsi yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Lakin, bununla yanaşı, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini ətraflı araşdırmamış, qanunvericiliklə Bələdiyyəyə verilən hüquq və vəzifələri tam icra etmədən, əsaslandırılmış qərar qəbul etmədən iddiaçıya imtina cavabı vermişdir. Belə ki, yuxarıda qeyd edilən Əsasnamənin: - 15-ci bəndə əsasən, bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşutəsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. - 16-cı bəndə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 6.7-ci maddəsinə əsasən, bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, iddiaçının müraciətinə əsasən, Bələdiyyə tərəfindən iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilməmiş, cavabdehin bildirdiyi kimi, iddiaçının göstərdiyi ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsinin təklif edilməsinin mümkünlüyü araşdırılmamış, eyni zamanda torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İşin hallarından görünür ki, iddiaçı İİ qrup əlildir, özünəməşğulluğa cəlb edilməsinə kömək məqsədilə Sumqayıt Məşğulluq Mərkəzi tərəfindən ona dönər köşkün işlədilməsi üçün zəruri olan avadanlıqlar təqdim edilmiş, iddiaçı həmin avadanlıqlar istifadə etmək məqsədilə torpağın icarə hüququ əsasında ayrılmasını cavabdehdən xahiş etsə də, cavabdeh inzibati orqan qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əməl etmədən, iddiaçının müraciətini ətraflı araşdırmadan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, cavabdehin 02.03.2020-ci il tarixli 715 saylı imtinası qanunsuz hesab edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla dönər köşkünün tikilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının müraciətinə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2-1(118)-892/2020 saylı qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2-1(118)- 892/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 02.03.2020-ci il tarixli 715 saylı imtinası qanunsuz hesab edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla dönər köşkünün tikilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının müraciətinə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-95/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-95/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver