Məhkəmə qərarları › İş №2-1(105)-95/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-95/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-95/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2-1(118)-154/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. X1 rayonu, Hökməli Bələdiyyəsinə müraciət edərək, uzun müddət istifadəsində olan 1.000 kv m torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Rəy verilməsi məqsədilə Bələdiyyə tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə müraciət edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 2424 saylı, 17 iyul 2009-cu il tarixli rəyində Hökməli Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 22 saylı qərarı ilə X4 1.000 kv.m olmaqla fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinin qanunamüvafiq olduğu qeyd olunmuş və torpaq sahəsinin İntiqam Səlimovun adına sənədləşdirilməsinə etiraz edilməmişdir.

3. Hökməli Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 22 saylı qərarı ilə Bələdiyyənin alqı-satqı predmeti olmaqla 0,10 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir.

4. Bələdiyyənin nümayəndəsi ilə X7 arasında 09 iyul 2009-cu il tarixdə torpaqların alqı-satqısına dair akt imzalanmış, İntiqam Səlimov tərəfindən bununla bağlı bələdiyyənin hesabına 900 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən 17 iyul 2009cu il tarixdə təsdiq edilmişdir.

5. 05 avqust 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən ayrılmış torpaq sahəsinə dair A№212232 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

6. AZ-İ № 777178 ölüm haqqında şəhadətnaməyə əsasən X7 07 oktyabr 2015-ci il tarixdə ölmüşdür.

7. Mərhumun həyat yoldaşı İddiaçı 15 fevral 2020-ci il tarixdə cavabdehə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.

8. Cavabdeh 06.03.2020-ci il tarixli, **********20 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli 07 saylı iclas protokolunun 22 nömrəli qərarından çıxarışı ilə fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha torpaq sahəsinin X4 bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və va müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır. Həmçinin, Abşeron rayon Hökməli bələdiyyəsinin sözügedən qərarından çıxarışı ilə fərdi yaşayış evi tikmək məqsədilə 0,10 ha torpaq sahəsinin İntiqam Səlimova fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmasına baxmayaraq, kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmiş, bu səbəbdən cavabdeh iddiaçının ərizəsinin icrasından imtina etmişdir.

9. Bununla razılaşmayan iddiaçı AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunazidd hesab edilməsi, Abşeron rayonu, Hökməli bələdiyyəsinin 25.06.2009-cu il tarixli qərarına əsasən, X4 Hökməli qəsəbəsinin ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,10 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X7 iddiaçının əridir və o, 07.10.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı əri İntiqam Səlimov öldükdən sonra, ondan qalmış miras əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən 11.02.2020-ci il tarixdə verilmiş 29 saylı məktubla və ona əlavə etdiyi yuxarıda sadaladığı sənədlərlə həmin torpaq sahəsinə çıxarış verilməsi üçün AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh 06.03.2020-ci il tarixli **********20 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildirişi ilə həmin torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılmaması və torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmasına baxmayaraq, ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasını əsas gətirərək, çıxarışın verilməsindən imtina etmişdir.

11. Mərhum əri X2 qəsəbəsində anadan olub, orada yaşamaqla qeydiyyatda olmuş və həmin qəsəbədə vəfat etmişdir. Göründüyü kimi, iddiaçının mərhum əri 5 ildən yuxarı Hökməli bələdiyyəsinin ərazisində qeydiyyatda olmaqla yaşadığından, torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması şərti ona şamil edilmir.

12. İddiaçı ayrılmış torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, mərhum əri tərəfindən həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilmək şərtilə alınarkən, həmin torpaq sahəsinin qeyd olunan məqsədlər üçün ayrılmasının qanuna müvafiq olması barədə rəsmi dövlət qurumları tərəfindən ona təsdiq edilmiş şəkildə ayrılmış torpaq sahəsinin kooradinatları ilə bağlı Abşeron rayonu Hökməli Bələdiyyəsinin yerquruluşu planından çıxarış və mövcud sənədlər əsasında AR DTXK tərəfindən 05 avqust 2009-cu il tarixdə 12779 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı 212232 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" (kadastr planı) verilmişdir.

13. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

14. Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2-1(118)-919/2020 nömrəli qərardadı ilə Abşeron rayon Hökməli bələdiyyəsi üçüncü şəxs qismində icraata cəlb edilmişdir.

15. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2-1(118)-154/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim İ. Quliyev)

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2-1(118)-154/2021 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, torpağın kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu qeyd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi.

20. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (İPM maddə 62.3).

TƏTBİQ EDİLƏN HÜQUQ:

22. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. (-). Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi

1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.

2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.

3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (-).

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-).

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.

24. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

25. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ:

28. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

29. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

30. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

31. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin hazırda kənd təsərrüfatına yararlı ola bilməsi, həmin torpaq sahəsi ayrılan zaman da yararlı olması kimi qiymətləndirilə bilməz. Bu vəziyyət torpaq sahəsinə sahiblik edən şəxsin torpağa qulluğu nəticəsində meydana gələ bilər. Məhkəməyə cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərə əsasən mübahisə predmeti olan torpaq sahəsi elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi görünür. Mübahisə predmeti olan torpaq sahəsi hazırda kənd təsərüfatına yararlı torpaq sahəsi olsa belə, bu iddianın rədd edilməsi üçün əsas təşkil edə bilməz. Buna görə də məhkəmə torpaq sahəsinin təyinatının, yararlılıq vəziyyətinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmasına ehtiyac görməmişdir. Eyni zamanda məhkəmə qərarda qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktı və torpaq sahəsinin ortofoto görüntülərindən görünür ki, mübahisəli ərazi faktiki olaraq yaşayış məntəqəsi kimi istifadə olunur. Mübahisəli torpaq sahəsinin bütün ətrafı fərdi yaşayış evləri ilə əhatə olunub və həmin ərazinin kənd təsərrüfatı təyinatlı torpaq kimi istifadə oluna bilməsi real görünmür.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:

33. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər.

34. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir.

35. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.

36. Həmin Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

37. Mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır.

38. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 2424 saylı, 17 iyul 2009-cu il tarixli rəyindən görünür ki, torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu barədə rəy verilərkən, torpağın kateqoriyası barədə heç bir məlumat qeyd olunmamışdır.

39. Lakin, Bələdiyyə tərəfindən 25 iyun 2009-cu il tarixdə ayrılmış torpaq sahəsinə dair 05 avqust 2009-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədindən görünür ki, torpaq sahəsinin kadastr göstəriciləri hissəsində torpağın bonitet balı 100 göstərilmişdir.

40. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən, Abşeron-Qobustan kadastr qiymət rayonu üzrə bonitet şkalası 100-81 olan torpaq sahələri birinci keyfiyyət qrupuna daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələri hesab edilir.

41. Göründüyü kimi, torpaq sahəsi 2009-cu il tarixdə İntiqam Səlimova ayrılarkən torpağın bonitet balı 100 olmaqla birinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına tam yararlı torpaq sahəsi olmuşdur.

42. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 30.12.2021-ci il tarixli **********80 nömrəli məktubdan görünür ki, Abşeron rayon Hökməli Bələdiyyəsinin 25.06.2009-cu il tarixli qərarı ilə fərdi yaşayış evi tikintisi məqsədi ilə X4 ayrılmış Hökməli qəsəbəsinin ərazisində yerləşən 0.10 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir və idarənin elektron kadastr xəritəsinə əsasən, sözügedən torpaq sahəsinin keyfiyyət qrupu 3, bonitet balı 45 kimi qeyd olunmuşdur. 43.Məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi gedən torpaq sahəsinin kateqoriyası və kənd təsərrüfatına yararlılıq dərəcəsi torpaq sahəsi ayrılan vaxt səlahiyyətli dövlət orqanı tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədinə əsasən, müəyyən edildiyindən, həmçinin hazırda da həmin torpaq sahəsi elektron kadastr xəritəsinə əsasən, keyfiyyət qrupu 3, bonitet balı 45 olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğundan, torpaq sahəsinin hazırda kənd təsərrüfatına yararlılıq dərəcəsi ilə bağlı əlavə olaraq "xxxx" MMC-dən əlavə mütəxəssis rəyinin alınması zəruri deyildir.

44. Beləliklə, məhkəmə kollegiyasında işin halları araşdırılarkən müəyyən edildi ki, iddiaçının mərhum ərinə fərdi yaşayış evi tikintisi üçün satılmış torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına deyil, ayrıldığı zaman birinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına yararlı torpaqlara aid olmuş, həmçinin hazırda da, həmin torpaq sahəsinin bonitet balı 45 olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsidir.

44. Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.

46. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

47. Həmin Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür.

48. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən fərdi yaşayış evi tikintisi üçün iddiaçının mərhum ərinə satılması qərara alınmışdır. Halbuki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə icarəyə verilə bilərdi.

49. Belə ki, Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz.

50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.”

51. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçının ərinə torpaq sahəsinin satılması qərara alınmış sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmir. Belə olan halda bu hal həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh, iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur.

52. Beləliklə də müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün bələdiyyənin qərarına əsasən satılması, qanunvericiliyə uyğun aparılmamışdır.

53. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).

54. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, bu isə qərarın ləğvi üçün əsasdır.

55. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2-1(118)-154/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar