Məhkəmə qərarları › İş №2-1(105)-95/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-95/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-95/2024 15.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2023cü il tarixli, 2-1(118)-2600/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Novxanı üzümçülük sovxozunun 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmrinə əsasən İddiaçı kənd təsərrüfatına yararsız sahədən 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Novxanı kənd X6 İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə Novxanı üzümçülük sovxozunun 02 avqust 1991-ci il tarixli 93 nömrəli əmri nəzərə alınaraq sovxozun həmin tarixli, 226 nömrəli məktubuna əsasən İddiaçı sözügedən 0,08 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İddiaçı 18 yanvar 2023-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-Ə-0010-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə olunmadığı aşkar edilmiş, bundan başqa, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 KVT) elektrik xəttinin, bir hissəsinin isə "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Bu baxımdan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon Novxanı kənd X6 İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə ona ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Novxanı kənd X6 İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə ona ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının müvafiq orqan tərəfindən təqdim edilməməsi iddiaçının təqsiri deyildir və bu hal onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün maneə olmamalıdır. Bundan başqa, tərəfindən cavabdeh orqana bu torpaq sahəsinə dair Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış təqdim edilmişdir, həmin çıxarışda torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmiş, çıxarış Novxanı bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən möhürlə təsdiq edilmişdir. Həmçinin, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etməmələri barədə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış, eləcə də torpaq sahəsi yerləşən ərazidən "xxxx" ASC-nin balansında olan su və kanalizasiya şəbəkəsinin mövcud olmadığı barədə ASC tərəfindən verilmiş arayış tərəfindən cavabdehə təqdim edilmişdir. Bundan əlavə, torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin, habelə su kəmərinin mühafizə zonasında yerləşməsi heç bir qanunvericilik aktında torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün maneə kimi qeyd edilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(118)-2600/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon Novxanı kənd X6 İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə iddiaçıya ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın 1.4-cü bəndinə əsasən səlahiyyətli orqanın - Abşeron rayon X6 İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə ayrılmışdır. Torpaq sahəsinə dair yerquruluşu işlərinin aparılması cavabdehin qanunvericilikdən irəli gələn öhdəliyidir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış görünür ki, ASC daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına heç bir etirazı yoxdur, "xxxx" ASC tərəfindən verilmiş arayışdan mübahisəli torpaq sahəsinin müvafiq qurumun mühafizə zolağının yerləşdiyi ərazidə yerləşmədiyi müəyyən olunur. Bu baxımdan, cavabdeh imtinası əsassızdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından məhkəmə qərarı ləğv olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. 12-ci bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 800 m2 torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinatəşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı o əsaslarla təmin etmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya hüquqmüəyyənedici sənəd olan Abşeron rayon X6 İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə ayrılmışdır, eləcə də, "xxxx" və "xxxx" X4 tərəfindən verilmiş müvafiq arayışlarla torpaq sahəsinin "xxxx" ASC-nin mühafizə zolağında olan su kəmərinin olduğu ərazidə yerləşmədiyi, "xxxx" ASC tərəfindən də həmin sahənin üzərində hüququnun qeydiyyata alınmasına etiraz etmədiyi müəyyən edilmişdir. İşə baxan məhkəmənin iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna münasibətdə hüquqmüəyyənedici sənədin rayon X6 İcraiyyə Komitəsinin qərarı olduğu ilə bağlı hüquqi mövqeyi yanlış olsa da, məhkəmə iddia tələbini təmin edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdən görünür ki, Novxanı üzümçülük sovxozunun 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmrinə əsasən iddiaçıya 0,08 ha torpaq sahəsi ayrılması qərara alınmış, Novxanı kənd XDS İK-nin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə sovxozun sözügedən əmrinin nəzərə alınaraq iddiaçıya həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Yəni, göründüyü kimi torpaq sahəsi iddiaçıya sovxozun 02 avqust 1991-ci il tarixli əmri əsasında ayrılmış, bundan 8 gün sonra qəbul edilmiş XDS İK-nin qərarı ilə isə həmin əmr nəzərə alınaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikintiyə icazə verilmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək – 1991-ci ildə əldə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı tətbiq edilməlidir. Həmin Siyahının: - 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış. İstinad olunan normadan göründüyü kimi sovxoz rəhbərinin əmri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ siyahının 2.5-ci bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Novxanı üzümçülük sovxozunun 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmrinə əsaslanır. Bu baxımdan, hüquqmüəyyənedici sənəd olan sovxoz rəhbərinin əmri iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlilləri isə üç hissədən ibarətdir: 1) Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmaması; 2) Sahənin bir hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zonasında yerləşməsi; 3) Bir hissəsinin isə "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşməsi. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə qeyd edir ki, 30 avqust 1991-ci il tarixdə iddiaçıya ayrılmış 800 m2 torpaq sahəsinə dair Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmiş, sənəd Novxanı bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmiş, eləcə də səlahiyyətli orqanların vəzifələri şəxsləri tərəfindən imzalanmışdır. Bu formada sənəd isə torpaq sahəsinin ayrıc aktına bərabər sayılır. Qeyd olunanlara əsasən, kollegiya cavabdehin 1-ci dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdehin 2-ci, yəni torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli arayışdan, eləcə də kollegiyanın sorğusuna cavab olaraq verilmiş 22 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın 5 a saylı bəndinə əsasən iddiaçıya məxsus Abşeron rayon Novxanı kəndində yerləşən 800 m2 torpaq sahəsi ASC-nin balansında olan 6 kv-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Həmin torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyindən həmin sahə üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilməmişdir. “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın yuxarıda sadalanan normalarının tələblərinə görə, torpaq sahəsi elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda, həmin sahədən istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahə üzərində hüququn qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir. Digər tərəfdən, belə məhdudiyyətlər binaların və qurğuların tikintisi, əkin işlərinin aparılması və s. fəaliyyətlərin həyata keçirilməsi zamanı mühafizə zonalarında yerləşən şəbəkələrin istismarçılarının rəsmi razılığı ilə şərtləndirilmişdir. Hazırki halda da, mübahisəli torpaq sahəsinin mühafizə zonasında yerləşdiyi elektrin xəttinin istismarçısı olan "xxxx" ASC yuxarıda qeyd olunan məktubları ilə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına rəsmi razılığını bildirmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur və cavabdeh tərəfindən də mübahisələndirilmir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin sözügedən dəlili əsassızdır. Cavabdehin torpaq sahəsinin bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşməsi ilə bağlı 3-cü dəlilini də əsassız hesab edən kollegiya qeyd edir ki, bununla bağlı sorğuya cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi Abşeron rayon Novxanı kəndi, 20 Yanvar küçəsi ərazisində "xxxx" ASC-yə məxsus su kəməri mövcud deyil. İşdə olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 03 fevral 2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,08 hektar, faktiki isə 0,2881 hektar təşkil edir. Torpaq sahəsində bir ədəd fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsinin koordinatları yeruquruluşu planına uyğundur. Göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən yerində müayinə edilmiş, müayinə nəticəsində torpaq sahəsinin sənəd üzrə sahəsinin 0,08 hektar, faktiki isə 0,2881 hektar olduğu, sahənin sənəd üzrə koordinatlarının yerquruluşu planından çıxarışa uyğun olduğu müəyyən edilmişdir. Hazırda da iddiaçı məhz sənəd üzrə istifadəsində olan 0,08 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq niyyətindədir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində Abşeron rayon Novxanı kənd X6 İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də iddiaçının bu məzmunda iddiasını təmin etmişdir. Yuxarıda qeyd edilən təhlillə isə mübahisəli torpaq sahəsinin iddiaçıya XDS-nin qərarı ilə deyil, Novxanı üzümçülük sovxozunun 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmri ilə ayrıldığı müəyyən edildiyindən qərarın nəticə hissəsində XDS-nin qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququn qeydə alınması qərara alınmış, bununla da aşkar yanlışlığa yol vermişdir. Lakin, həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Belə olan halda yanlışlıq İPM-in 76.1-ci maddəsinə əsasən aradan qaldırılmalı, “Abşeron rayon Novxanı kənd X6 İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə iddiaçıya ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi” sözləri “Novxanı üzümçülük sovxozunun 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmri ilə iddiaçıya ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi” sözləri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(118)-2600/2023 nömrəli nömrəli qərarı – qərarın nəticə hissəsində “Abşeron rayon Novxanı kənd X6 İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı ilə iddiaçıya ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi” sözləri “Novxanı üzümçülük sovxozunun 02 avqust 1991-ci il tarixli, 93 nömrəli əmri ilə iddiaçıya ayrılmış Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi” sözləri ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar