Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-954/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X50 qızının katibliyi, İddiaçı X4, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, “Aqro Met" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi və əlavə vergi məbləğinin silinməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(118)- 1906/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********858600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2022-ci il üzrə üzrə “Aqro Met" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 256.704,93 manat mənfəət vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas riskli vergi ödəyiciləri – X16 (VÖEN: **********), X29 (VÖEN: **********), X17 (VÖEN: **********), X11 (VÖEN: **********), X19 (VÖEN: **********), X5 (VÖEN: **********), X2 (VÖEN: **********), X20 (VÖEN: **********), X8 (VÖEN: **********), X34 (VÖEN: **********), X21 (VÖEN: **********), X22 (VÖEN:**********), X23 (VÖEN: **********), X35 (VÖEN:**********), X12 (VÖEN:**********), X24 (VÖEN: **********), X30 (VÖEN:**********), X13 (VÖEN: **********), X9 (VÖEN:**********), X3 (VÖEN:**********), X25 (VÖEN: **********), X18 (VÖEN: **********), X31 (VÖEN:**********), X36 (VÖEN: **********), X6 (VÖEN:**********), X7 ilə aparılmış alqı-satqı əməliyyatlarına dair tərtib edilmiş ümumi ƏDV-siz dəyəri 1.283.524,67 manat olan elektron qaimə-fakturalar üzrə çəkilən xərclərin nəzərə alınmaması olmuşdur. Həmin qərarla razılaşmayan “Aqro Met" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qərardan inzibati şikayət vermişdir. Dövlət Vergi Xidmətinin 12 oktyabr 2023-cü il tarixli, **********638500 saylı qərarı ilə MMC-nin inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********858600 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra İddiaçı MMC cavabdeh DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********858600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı” nın ləğv edilməsi və mənfəət vergisi üzrə hesablanmış 256.704,93 manat əlavə vergi məbləğinin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müəssisə 2022-ci ildə dəmir satışı ilə məşğul olmuşdur. Tərəflərindən müxtəlif fiziki şəxslərdən elektron qaimə əsasında mallar alınmış və həmin qaydada da satılmışdır. Mal satdıqları müəssisələr də iri müəssisələrdir. Onlardan biri Sumqayıt Texnologiyalar Parkı MMC (VÖEN **********), digəri isə "xxxx" MMC-dir (VÖEN **********). 2022-ci il üzrə satışdan əldə etdikləri 151133,8 manat mənfəətin 30226,76 manat hissəsi məbləğində vergi ödənilmişdir. Lakin, vergi orqanı 2022-ci il mənfəət vergisi bəyannaməsində yuxarıda adları çəkilən fiziki şəxslərdən E-qaimə əsasında aldıqları 1.283.524,67 manatlıq malları sonradan xərc kimi tanımamışdır. Səbəbi isə həmin fiziki şəxslərin riskli vergi ödəyicisi siyahısında olmaları ilə əlaqələndirilmişdir. Göstərilənlərlə bağlı qeyd edir ki, həmin mallar alınarkən, yəni iddiaçı ilə əməliyyat aparılarkən qeyd olunan fiziki şəxslərin heç biri riskli vergi ödəyicisi olmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vergi ödəyicisinin 2022-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı riskli vergi ödəyicilərindən ümumi ƏDV-siz dəyəri 1283524,67 manat olan elektron qaiməfaktura əldə edildiyi və mənfəət vergisi bəyannməsində xərc maddələrində göstərildiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********906000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci il üzrə 256.704,93 manat mənfəət vergisi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********858600 nömrəli Qərarı göndərilmişdir. Əlavə olaraq bildirir ki, riskli hesab edilən qərarlar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktar isə mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(118)-1906/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********858600 saylı qərar ləğv edilmiş və həmin qərar əsasında hesablanmış 256.704,93 manat əlavə vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərarı alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin etirazının yeganə dəlili ondan ibarətdir ki, iddiaçının 2022-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş vergi ödəyicilərindən əldə edilmiş elektron fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Sadalanan alqı-satqı əməliyyatları üzrə satıcı qismində çıxış edən vergi ödəyiciləri həmin əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə qərarında alqı-satqı əməliyyatları üzrə satıcı qismində çıxış edən hüquqi şəxslərin heç birinin həmin əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmadığını və iddiaçının bu barədə məlumatlı olmadığını qeyd etmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, həmin vergi ödəyiciləri məhz iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyicisinin əldə etdiyi 1.283.540 manat 67 qəpik məbləğində mallar aparılmış yoxlamalar zamanı onun alışında və idxalında aşkar edilməmişdir. Aparılmış əməliyyatlara görə malları aldığını təsdiq edən sənədlər olmadığından iddiaçı riskli vergi ödəyicisi hesab olunur. İddiaçı vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satılan mallar həqiqətən də onun riskli vergi ödəyicilərindən aldığı mallar olmuşdur, lakin, reallıqda mövcud olan vəziyyət barədə cavabdehin məlumatı yoxdur. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. ... Maddə 14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 109. Gəlirdən çıxılmayan xərclər ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********858600 nömrəli qərarının ləğvinə yönəlmişdir. Bu qərarla iddiaçı barəsində 2022-ci il üzrə 256.704,93 manat mənfəət vergisi hesablanmış və verginin hesablanmasına əsas kimi riskli vergi ödəyicilərindən - X16, X29, X17, X11, X19, X5, X2, X20, X8, X34, X21, X22, X23, X35, X12, X24, X30, X13, X9, X3, X25, X18, X31, X36, X6, X1 ümumi ƏDV-siz dəyəri 1.283.524,67 manat olan elektron qaimə-fakturalar üzrə çəkilən xərclərin nəzərə alınmaması olmuşdur. Birinci instansiya məhkəməsi müvafiq qərarlarla iddiaçı barəsində vergilərin hesablanmasına əsas olmuş alqı-satqı əməliyyatları zamanı malları satan şəxslər riskli vergi ödəyicisi olmadığından vergi orqanının qərarını qanunsuz sayaraq iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının tələbinə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı yuxarıda adıçəkilən vergi ödəyiciləri olan fiziki şəxslərdən 1.283.524,67 manat dəyərində elektron qaimə-fakturalar əsasında mal (metal qırıntıları) almışdır. İşdən görünür ki, X16 barəsində iddiaçı ilə aparılmış yuxarıda qeyd olunan əməliyyatlara görə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********257800 nömrəli, X29 barəsində xx.xx.2023-cü il tarixli, **********257600 nömrəli, X17 barəsində xx.xx.2023-cü il tarixli, **********316800 nömrəli, X11 barəsində xx.xx.2023-cü il tarixli, **********396200 nömrəli, X19 barəsində xx.xx.2023cü il tarixli, **********014300 nömrəli, X5 barəsində xx.xx.2023-cü il tarixli, **********357100 nömrəli, X2 barəsində xx.xx.2023-cü il tarixli, **********368500 nömrəli, X20 barəsində xx.xx.2023-cü il tarixli, **********868000 nömrəli, X8 barəsində xx.xx.2023-cü il tarixli, **********608600 nömrəli, X34 barəsində xx.xx.2023-cü il tarixli, **********267700 nömrəli, X21 barəsində xx.xx.2023-cü il tarixli, **********271200 nömrəli, X22 barəsində xx.xx.2023cü il tarixli, **********269100 nömrəli, X23 barəsində xx.xx.2023-cü il tarixli, **********268400 nömrəli, X35 barəsində xx.xx.2023-cü il tarixli, **********102700 nömrəli, X12 barəsində xx.xx.2023-cü il tarixli, **********101000 nömrəli, X24 barəsində xx.xx.2023cü il tarixli, **********900700 nömrəli, X30 barəsində xx.xx.2023-cü il tarixli, **********099200 nömrəli, X13 barəsində xx.xx.2023-cü il tarixli, **********896500 nömrəli, X9 barəsində xx.xx.2023-cü il tarixli, **********899600 nömrəli, X3 barəsində xx.xx.2023-cü il tarixli, **********898900 nömrəli, X25 barəsində xx.xx.2023-cü il tarixli, **********895800 nömrəli, X18 barəsində xx.xx.2023-cü il tarixli, **********095400 nömrəli, X31 barəsində xx.xx.2023-cü il tarixli, **********490500 nömrəli, X36 barəsində xx.xx.2023-cü il tarixli, **********556200 nömrəli, X6 barəsində xx.xx.2023-cü il tarixli, **********557900 nömrəli, X7 barəsində xx.xx.2023-cü il tarixli, **********889800 nömrəli qərarlar qəbul edilmiş və həmin qərarlarda vergi ödəyicisinin riskli hesab edilməsinin əsası kimi – vergi ödəyicilərinin təsərrüfat subyektinin obyektinin qeydə alınmadığı, təqdim edilmiş elektron qaimə fakturalarda əks olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı malları satdığının müəyyən edildiyi qeyd olunmuşdur. Həmin müəssisələr iddiaçı MMC-yə də mal (iş, xidmət) təqdim etdiyindən, onlarla 1.283.524,67 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin iddiaçı MMC-nin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunan hal, həmçinin, iddiaçı barəsində Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əlavə mənfəət vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Göründüyü kimi, vergi orqanı iddiaçıya mənfəət vergisini Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən hesablamışdır. Hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə kollegiyası riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82-ci, o cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin, İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicisinin vəzifələri təsbit edilmişdir. Həmin maddəyə xx.xx.2024-cü il tarixdən əlavə edilən 16.1.11-14-cü bəndə əsasən təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Göründüyü kimi malları təqdim edən vergi ödəyicilərindən onların qanuni sahibliyində müvafiq malların mövcudluğuna dair təsdiqedici sənədlərin tələb edilməsi ilə bağlı vergi ödəyicilərinin vəzifəsi hazırki iş üzrə mübahisəli hüquq münasibətləri yarandıqdan sonra - xx.xx.2024-cü il tarixdən müəyyən edilmişdir. Odur ki, həmin norma iddiaçı barəsində tətbiq edilə bilməz. İşin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutubtutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsinin dəlillərində və nümayəndəsi məhkəmə iclasında izahatında hazırkı vergi məbləğinin hesablanmasına əsas olmuş alqı-satqı əməliyyatları zamanı əldə etdikləri malları müxtəlif iri müəssisələrə - Sumqayıt Texnologiyalar Parkı MMC-yə, eləcə də, "xxxx" MMC-yə satdıqlarını bildirmiş və bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Belə ki, təqdim edilmiş xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 632767 nömrəli və 632960 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 191852 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 300221 nömrəli elektron qaimə-fakturalara əsasən iddiaçı "xxxx" MMC-yə, xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 127830 nömrəli, xx.xx.2022-cü il tarixli, EBCD seriyalı, 706589 nömrəli elektron qaimə-fakturalara əsasən "xxxx" MMC-yə müxtəlif məbləğlərdə qara metal, metal qırıntıları satmışdır. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında izahatında vergi ödəyicisi tərəfindən sözügedən elektron qaimə-fakturalar üzrə təqdim edilmiş malların riskli vergi ödəyicilərindən aldığı mallar olduğunu təsdiq etmişdir. Bununla yanaşı həm də qeyd olunmalıdır ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini VM-nin 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddənin vergi orqanının qərarı qəbul edilən zaman qüvvədə olan redaksiyasına görə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi normada təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20 faizlə mənfəət vergisi hesablamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki halda iddiaçı barəsində Vergi Məcəlləsinin 109.9-cu maddəsi tətbiq edilə bilməz, o, yuxarıda adıçəkilən vergi ödəyiciləri ilə apardığı əməliyyatlar nəticəsində çəkdiyi xərcləri mənfəət bəyannaməsinin xərc maddələrində qeyd edərək vergi orqanına təqdim etməkdə haqlı olmuşdur. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(118)-1906/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-954/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-954/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver