Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-956/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003-cü il tarixli, 02 nömrəli qərarına əsasən Qusar rayonu Piral bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün satılmış 2,0 ha torpaq sahəsinin 0,94 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(118)-748/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003cü il tarixli, 02 nömrəli qərarına əsasən Qusar rayonunun Piral bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün ona satılmış 2,0 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyət hüququnun qeydə alınaraq, həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003-cü il tarixli, 02 nömrəli qərarına əsasən Qusar rayonuun Piral bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün İddiaçı satılmış 2,0 ha torpaq sahəsinin hal-hazırda faktiki istifadəsində qalmış 0,94 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003-cü il tarixli, 02 nömrəli qərarına əsasən iddiaçıya Qusar rayonunun Piral bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün 2,0 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya yerində təhkim edilmiş və həmin akt 30 dekabr 2004-cü il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində qeydə alınmışdır. Həmin torpaq sahəsi 20 ildən çoxdur ki, iddiaçının qanuni sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinə öz adına mülkiyyət hüququnu qeydə aldırıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi 08 may 2023-cü il tarixdə ona yazılı cavab verməklə həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almaqdan və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 2,0 ha torpaq sahəsi Qusar rayon Piral bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçıya satılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Eyni zamanda torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nın Quba rayon şöbəsinin rəyi ərizəyə əlavə olunmamışdır. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003-cü il tarixli, 02 nömrəli qərarından görünür ki, İddiaçı Qusar rayonu Piral kəndinin bələdiyyə fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,0 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Qusar rayonu Piral bələdiyyəsi ərazisində 2,0 ha torpaq sahəsi İddiaçı satılmışdır. Qusar rayonu Piral bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 2,0 ha torpaq sahəsinə dair tərtib edilmişdir. 21 dekabr 2002-ci il tarixli, 64 saylı qəbzdən görünür ki, İddiaçı Qusar rayonu Piral bələdiyyəsinin hesabına 950,000 manat köçürmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur və həmin koordinatlar daxilində torpaq sahəsinin 0,94 ha olması məlum olmuşdur (sxematik xəritə və ortofoto görüntüləri əlavə olunmuşdur). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Qusar rayonu Piral kənd ərazisindən İddiaçı Mehrəli oğluna kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planına uyğunluğunu müəyyən etmək mümkün deyildir, belə ki, sənədlərə əlavə olunmuş həmin yerquruluşu planında torpaq sahəsinin hər hansı dəqiq qonşu torpaq sahələrinin istifadəçi və ya mülkiyyətçiləri barəsində məlumatın və torpaq sahəsinin döngə nöqtələri arasındakı məsafələri qeyd olunmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olmaqla, uqodiyası şərti yararsız torpaq sahələrinə aiddir. Məhkəmənin sorğusuna əsasən Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Piral bələdiyyəsinin xx.xx.2003-xx.xx.2003-cü il tarixləri əhatə edən Torpaqların alqı-satqı sənədlərinə baxış keçirilmiş, İddiaçı kənd təsərrüfatı məqsədləri üçün 2,0 ha torpaq sahəsinin satılması barədə qərar və digər torpaqayırma sənədlərin olması aşkar edilməmişdir. Piral bələdiyyəsinin xx.xx.2003-xx.xx.2004-cü il tarixləri əhatə edən bələdiyyənin iclas protokolları sənədləri qovluğunda isə İddiaçıh Mehyəddin oğluna kənd təsərrüfatı məqsədləri üçün 2,0 ha torpaq sahəsinin satılması barədə 25 yanvar 2003-cü il tarixli 02 nömrəli iclas protokolu aşkar edilmişdir. Həmin protokolundan tərtib edilmiş arxiv çıxarışı məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(118)-748/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003-cü il tarixli, 02 nömrəli qərarı ilə ayrılmış 2.0 ha torpaq sahəsinin 0,94 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrılmasına əsas olmuş inzibati akt - Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003-cü il tarixli, 02 qərarı yuxarıda qeyd edildiyi kimi hazırda qüvvədədir və hüquqi cəhətdən etibarlı sənəddir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olsa da, kənd təsərrüfatına yararsızdır və bu hal iddia tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin normalarından görünür ki, kənd təsərrüfatına az yararlı və yararsz torpaq sahələrinin alqısatqı qaydasında satılması üçün hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Torpaq sahəsinin iddiaçıya ayrılmasına dair bələdiyyə qərarında torpaq sahəsinin “az yararlı” olması qeyd edilmiş, mütəxəssis rəyi ilə isə ümumiyyətlə “yararsız” olması müəyyən edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış, Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(118)- 748/2024 saylı saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003-cü il tarixli, 02 nömrəli qərarına əsasən Qusar rayonunun Piral bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədləri üçün İddiaçı satılmış 2,0 ha torpaq sahəsinin hal-hazırda faktiki istifadəsində qalmış 0,94 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır və işin araşdırılan halları ilə iddia tələbininin əsassız olması ilə bağlı cavabdeh inzibati orqanın dəlilləri əsaslı hesab edilmir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, eyni zamanda torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nın Quba rayon şöbəsinin rəyi ərizəyə əlavə olunmamışdır. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması ilə əlaqədar cavabdeh inzibati orqanın dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003-cü il tarixli, 02 nömrəli qərarından görünür ki, Qusar rayonu Piral kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqısatqı qaydasında İddiaçı 2,0 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur və həmin koordinatlar daxilində torpaq sahəsinin 0,94 ha olması məlum olmuşdur (sxematik xəritə və ortofoto görüntüləri əlavə olunmuşdur). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Qusar rayonu Piral kənd ərazisindən İddiaçı Mehrəli oğluna kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planına uyğunluğunu müəyyən etmək mümkün deyildir, belə ki, sənədlərə əlavə olunmuş həmin yerquruluşu planında torpaq sahəsinin hər hansı dəqiq qonşu torpaq sahələrinin istifadəçi və ya mülkiyyətçiləri barəsində məlumatın və torpaq sahəsinin döngə nöqtələri arasındakı məsafələri qeyd olunmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olmaqla, uqodiyası şərti yararsız torpaq sahələrinə aiddir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən verilmiş mütəxəssis rəyi ilə apellyasiya şikayətinin istinad olunan dəlili təkzib edilmiş olur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 7.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmçinin torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan Torpaq Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə əsasən sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Odur ki, kollegiya, bu baxımdan, cavabdehin sözügedən dəlilini əsassız hesab edir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin növbəti dəlili torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nın Quba rayon şöbəsinin rəyinin ərizəyə əlavə olunmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində müvafiq rəyin əlavə edilməməsi halının mövcudluğu özüözlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin halların torpaq sahəsinin ayrılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırkı iş üzrə isə cavabdeh apellyasiya şikayətində qeyd edilən xüsusatları ümumiyyətlə qeyd etməmişdir. Odur ki, kollegiya bu baxımdan cavabdehin dəlillərini əsassız hesab edir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003-cü il tarixli, 02 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Qusar rayonu Piral bələdiyyəsinin 25 yanvar 2003-cü il tarixli, 02 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(118)-748/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.