Məhkəmə qərarları › İş №2-1(105)-956/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-956/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-956/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2-1(118)-3911/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 20315 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”yə əsasən onun “mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya ilə. Gərginlik tip baş ağrısı” diaqnozunun səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Vertebrogen mənşəli lumbalgiva, remissiya mərhələsində. L5-S1 fəqərələrarası diskin protruziyası” diaqnozun səbəb əlaqəsi isə “ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçıya xx.xx.2022-ci il tarixdən “postkontuzion sindrom, posttravmatik stress pozuntusu, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, dissosiativ amneziya, baş-beyin silkələnməsi” diaqnozu ilə orqanizmin funksiyalarının 35% pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 2 (iki) il müddətinə xx.xx.2024-cü il tarixədək əlillik təyin edilmişdir.

3. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli, G00234799ELİ nömrəli göndəriş tərtib edilmişdir.

4. Həmin göndərişə əsasən, əsas diaqnozu: XBT 10 S06.0 “Baş beyin silkələnməsi, barotravma”, ağırlaşmaları: F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə”, F07.2 “Postkontuzion sindrom, postkommosion sindrom”, F43.1 “Posttravmatik stress pozuntusu”, F62.0 “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi”, yanaşı xəstəlikləri: G44.3 “Xroniki posttravmatik baş ağrısı”, H90.3 “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli İ dərəcəli xroniki neyrosensor ağıreşitmə” qeyd edilmişdir.

5. Həmin göndəriş əsasında onun əlilliyi TSEK-də xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və ona “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

6. Sözügedən imtina qərarından iddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar cavabdeh orqanda onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 17-4/3-3-9288/2024 nömrəli qərar qəbul edilmişdir. Əyani müayinə zamanı iddiaçının psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, simulyativ davranış (kəkələmə, axsama)" kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir.

7. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə İİ Qarabağ döyüşlərində iştirak etmiş, döyüşlərdə travma aldığına görə xx.xx.2022-ci il tarixində 2 (iki) il müddətinə İİİ dərəcə əlillik müəyyən edilmiş və əlilliyə görə təqaüd almışdır. Aldığı təqaüdlə davamlı olaraq səhhətinin ağırlaşmaması üçün iynə, dərmanlar alaraq müalicə olunmuşdur, lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində əlilliyinin müddəti bitdiyi üçün əlilliyi ləğv edilmişdir. İddiaçı yenidən ona əlilliyin təyin edilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Xəstə olduğu halda, TSEK onun xəstəliyinin ciddiliyini nəzərə almamış, diaqnoz əlillik əlaməti təyin etmir səbəbindən əlilliyin təyinindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

9. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı obyektiv vəziyyətinin müayinəsi zamanı kəkələmə, əsəbilik, başda küt ağrı, gecələr yuxusuzluqdan şikayətlənmişdir. Müayinə zamanı əzginlik, kəkələmə nümayiş etdirmiş, gedişatda kəkələməni unutmuşdur. Həyəcan, utanma, əllərin əsməsi müşahidə edilmiş, narahat oturmuş, şiddətli tərləmə müşahidə edilmişdir. Yaddaşı, məntiqi pozulmamış, verilən suallara adekvat cavablar vermişdir. Psixi şikayətləri heç bir xəstəliyə uyğun olmamışdır. Özünəxəsarət izləri müşahidə edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Simulvativ davranış (kəkələmə, axsama)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2-1(118)-3911/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Mehriban Mahmudlu-Abbaszadə).

11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz “Əlilliyin müəyyən olunması meyarları” na “Ağırlaşma - üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” kimi öz əksini tapmışdır. Meyarların 6-cı bənd - Sinir sistemi xəstəlikləri - 6.6.2-ci bənd - digər ekstrapiramid və hərəki pozuntular, 6.7-ci bənd – Epilepsiya, 7-ci bənd - Psixi və davranış pozuntuları - 7.6.2-ci bənd - üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik (orqanizmin funksiyalarının pozulmasını), 9-cu bənd qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri - 9.1-ci bənd qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, 10-cu bənd görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları, 10.1-ci bənd görmənin və eşitmənin kombinə olunmuş tam itirilməsi təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla, iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, sırf ekspert rəyinə əsasən iddiaçıda F07.0 kodlu diaqnozun olması səbəbindən ona əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ...

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

25. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə imtina cavabı verilmiş, bundan sonra iddiaçı bu qərardan yuxarı inzibati orqana şikayətlə müraciət etmiş, şikayətlə əlaqədar cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-9288/2024 nömrəli “diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir.

26. İddiaçı verilən imtina ilə razılaşmayaraq, ona əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

27. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyi və ekspert rəyini tərtib etmiş həkim-psixiatrın izahatı ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.

28. Hazırkı qərarın 28-ci bəndində qeyd edilən Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, G00234799ELİ nömrəli göndərişdən göründüyü kimi onda əsas diaqnozu: XBT 10 S06.0, ağırlaşmaları: F07.0, F07.2, F43.1, F62.0 kodlu xəstəliklər mövcuddur.

29. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməpsixiatrik ekpertizasının xx.xx.2025-ci il tarixli, 1665 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıda F07.0 kodlu “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyalar enməsi və depressiv daxilolmalarla” diaqnozlu xəstəlik aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” da “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.

30. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 185 nömrəli rəydən də görünür ki, iddiaçı xəstəxananın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona F07.0 “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış Qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu qoyulmuşdur.

31. Beləliklə, tibb müəssisəsi tərəfindən tərtib edilmiş G00234799ELİ nömrəli göndəriş, ekspert rəyi, o cümlədən, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən verilmiş rəyin qarşılıqlı təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə göstərilən əsas diaqnozun ağırlaşması olan F07.0 kodlu xəstəlik aşkar edilir.

32. Həmin xəstəlik isə AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2.1, 7.6.2.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.

33. “Əlilliyin müəyyən olunması meyarları” nın həmin bəndlərindən görünür ki, F07.0 kodlu xəstəlik: - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə; - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.

34. Birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında F07.0 kodlu xəstəliyin yuxarıda qeyd olunan patofunksional əlamətlərindən iddiaçıda hansının müşahidə edildiyinə dair suallar qoyulsa da, məhkəmə-psixiatrik ekpertizasının rəyində bu suallar cavablandırılmamışdır.

35. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən həmin ekspertiza tədqiqatını aparan həkim-psixiatr X3 videokonfrans əlaqə sistemi vasitəsilə dindirilərək izahat vermişdir. Həkim-psixiatr izahatında bildirmişdir ki, iddiaçıda F07.0 kodlu “üzvi travma mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” diaqnozlu xəstəliyi aşkar edilir, həmin xəstəlik isə xroniki olduğundan heç vaxt tam sağalma ilə müşahidə edilmir. Şəxsiyyət pozuntusuna malik olan şəxslər gündəlik həyatlarında müəyyən çətinliklərlə qarşılaşır. Baş ağrısı, səs və işığa qarşı həssaslıq, deyilən sözə əsəbi reaksiya bildirmək kimi əlamətləri mövcuddur. Davranış pozuntusu, ağıl zəifliyi kimi hallar müalicəyə rezistent simptomlardır. Bu simptomlar iddiaçıda da aşkar edilmişdir. Belə ki, dəfələrlə intihara cəhd etmişdir ki, bu əlaməti depressiv daxilolmalar olaraq hesab etmişdirlər. Bütün bu amillər iddiaçının kənar şəxslərin köməyinə ehtiyacı olması qənaətinə gəlməyə imkan verir. Müayinə zamanı onda ağır simptomlar, tez-tez kəskinləşən psixotip epizodlar, dekompensasiyalar isə aşkar edilməmişdir.

36. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda F07.0 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.1-ci bəndində qeyd olunduğu kimi - müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi müəyyən edilir.

37. İddiaçının əlilliyinin səbəb əlaqəsinə münasibətdə kollegiya qeyd edir ki, hazırda iddiaçıda aşkar edilən F07.0 kodlu “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyinin ağırlaşması olan “mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozlu xəstəliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir.

38. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

39. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

40. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

42. Bu mənada, apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

43. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2-1(118)-3911/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar