Məhkəmə qərarları › İş №2-1(105)-958/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-958/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-958/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1997-1999-cu illər üzrə məvacibin ödənilməsi və əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-272/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdaifə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərəncamda olduğu müddətdə ödəniləsi məvacibin ödənilməsi və təqaüdünün yenidən - 1999-cu il tarixdən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1997- 1999cu illər üzrə məvacibin ödənilməsi və əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ilin iyun ayından 24.12.199-cu il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin sərəncamında olmuş və N saylı hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli, 371 saylı əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmış və Ağdam rayon hərbi komissarlığına göndərilmişdir. Sərəncamda olduğu müddət ərzində məvacib almamış, ehtiyata təxris olunduğu zaman isə ona təqaüd hesablanmamış və təyin edilməmişdir. Yalnız 2021-ci ilin dekabr ayında ona təqaüd təyin edilmiş və həmin tarixdən də hesablanmışdır. Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Sosial təminat və pensiya şöbəsində saxlanılan İddiaçı şəxsi (pensiya) işi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, o, Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli, 0226 nömrəli əmri ilə N nömrəli hərbi hissədə motoatıcı tabor komandirinin silahlandırma üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Lakin İddiaçı hərbi hissəyə gəlməmişdir, hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısına daxil olmamışdır və bütün növ təminatlara (pul, ərzaq və əşya təminatına) qoyulmamışdır. Bu səbəbdən də İddiaçı müdafiə nazirinin xx.xx.1997-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissə komandirinin sərəncamına çıxarılmışdır. İddiaçının hərbi hissəyə gətirilməsi mümkün olmadığı üçün barəsində toplanmış ilkin təhqiqat materialları hərbi prokurorluğa göndərilmişdir. Füzuli qarnizonu hərbi prokurorluğunun xx.xx.1999-cu il tarixli, 28058 nömrəli məktubuna əsasən müdafiə nazirinin xx.xx.1999-cu il tarixli 0853 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli 171 nömrəli əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin “ə” bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuşdur. Hərbi qulluqçulara pul təminatının ödənilməsi qaydaları, 05 iyun 2002-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası müdafiə nazirinin 3 avqust 1993-cü il tarixli 249 nömrəli əmri ilə qüvvəyə minmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə ilə tənzimlənir. Qeyd olunan Əsasnamənin tələblərinə uyğun olaraq zabitlərə pul təminatı, hərbi hissələrdə xidmət edən və Müdafiə nazirinin əmri ilə təyin olunduqları vəzifənin icrasına başladıqları (hərbi hissə komandirinin əmri ilə elan edilir) gündən ödənilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı Əsgərov X3 nazininin müvafiq əmri ilə vəzifəyə təyin olunsa da, o hərbi hissəyə gəlməmişdir, orada xidmət etməmişdir, həmçinin əmrlə hərbi hissənin pul təminatına qoyulmamışdır, təyin olunduğu vəzifənin icrasına başlamamışdır və icra etməmişdir. Bu səbəbdən də İddiaçı sərəncamda olduğu dövrə görə ona pul təminatının ödənilməsi tələbi qanunsuz və əsassızdır. Eyni zamanda bildirilir ki, Müdafiə nazirinin 3 avqust 1993-cü il tarixli 249 nömrəli əmrinin tələblərinə uyğun olaraq tutduqları vəzifədən azad edilərək sərəncama çıxarılmış zabitlərə pul təminatı aşağıdakı qaydada ödənilir: birinci 2 ay üçün - hərbi rütbə və axırıncı əsas vəzifə maaşı; sonrakı 2 ay üçün - yalnız hərbi rütbə maaşı. Sərəncamda olmanın 4 ayı bitdikdən sonra zabitlərə pul təminatı ödənilmir. Əlavə olaraq bildirilir ki, zabitlər, onları vəzifəyə təyin etmə səlahiyyətinə malik olan rəislərin (Müdafiə nazirinin və ya Azərbaycan Ordusunun Baş Qərargah rəisinin) sərəncamında olurlar. İddiaçı hər hansı bir vəzifəyə təyin olunması üçün yuxarıda qeyd edilən vəzifəli şəxslərin sərəncamına çıxarılmamışdır. Vəzifəyə təyin olunmuş zabitlər sərəncamda hesab edilmirlər.Bundan əlavə, İddiaçı xx.xx.1997-ci il tarixdən əmək pensiyasi təyin olunması üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsi tərəfindən MN-15822 nömrəli xx.xx.2021-ci il tarixli "Məlumat vərəqi" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin Mərkəzi Filialına göndərilmişdir. O da qeyd edilir ki, İddiaçı təcrübəli və savadlı bir hərbi qulluqçu kimi əgər hesab edirdisə bu ödəniş qanunla ona ödənilməlidir, bu halda sərəncamda olduğu zaman ona ödəniləsi məvacibin ödənilməsini xidmətdə olduğu dövrdə, həmçinin 1999-cu ildə hərbi xidmətdən tərxis olunduqdan sonra tələb edib almaya bilməzdi. İddiaçı hərbi xidmət vaxtı, eləcə də 1999-cu ildə hərbi xidmətdən ehtiyata tərxis olunandan sonra hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ 1999-cu ilə aid olsa da o, 23 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla həm ümumi, həm də xüsusi iddia müddətini ötürmüşdür. Onu da nəzərə almaq lazımdır ki, mübahisələndirilən dövrdə qanuni qüvvədə olmuş prosessual qanunvericiliyə görə də iddia müddəti də 3 ildir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Qeyd olunanlara əsasən hesab edilir ki, İddiaçı sərəncamda olduğu dövrə görə pul təminatının ödənilməsi, habelə ona pensiyanın 1999-cu il tarixdən hesablanması məqsədilə tərəflərindən yeni “Məlumat vərəqi”nin tərtib olunaraq göndərilməsi qanunauyğun deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-272/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur, lakin iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyü şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Hazırkı halda, iddiaçı məhz cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Belə ki, iş materialları ilə müəyyən edildi ki, Əsgərov X3 Nazirliyinin 16 mart 1997-ci il tarixli, 0226 saylı əmri ilə N saylı hərbi hissənin motoatıcı taborunun silahlandırma üzrə komandiri vəzifəsinə təyin olunmuş, lakin təyin olunduğu hərbi hissəyə hərbi qulluqdan boyun qaçırmaq məqsədi ilə gəlmədiyindən onun barəsində xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 241-ci maddəsinin “a” bəndi ilə cinayət işi başlanmışdır, daha sonra barəsində axtarış elan edilmişdir və s. İddiaçının 1997-1999-cu illərdə sərəncamda olması faktı öz təsdiqini tapmır və nəticə etibarı ilə onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün hüquqi əsasın olmadığı müəyyən olunur. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. İşdən isə görünür ki, iddiaçı 1997-1999-cu illər üçün məvacibin ödənilməsini mübahisələndirərək xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPMin 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, 1997-ci ilin iyun ayından xx.xx.1999-cu il tarixədək AR Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin sərəncamında olmuş və N №-li hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli, 371 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam rayon Hərbi Komissarlığına göndərilmişdir. Sərəncamda olduğu müddət ərzində məvacib almamış, ehtiyata tərxis olunduğu zaman isə ona təqaüd hesablanmamış və təyin edilməmişdir. Yalnız 2021-ci ilin dekabr ayında ona təqaüd təyin edilmiş və həmin tarixdən də hesablanmışdır. Bu məsələyə aydınlıq gətirilməsi, sərəncamda olduğu zaman ona ödəniləsi məvacibin ödənilməsi və təqaüdünün yenidən - 1999-cu il tarixdən hesablanması barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Lakin, AR Müdafiə Nazirliyindən verilmiş 8/2837 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona imtina edilmişdir, ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qərardadla iddianı mümkün saymamışdır. Mübahisəli məhkəmə qərarında göstərilmişdir ki, guya onun 1997-1999-cu illərdə sərəncamda olmağı faktı öz təsdiqini tapmamış və nəticə etibarı ilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün hüquqi əsasın olmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş 4/2-1329 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən AR Müdafiə Nazirinin xx.xx.1997-ci tarixli əmrilə o, Silahlı Qüvvələrdən ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin sərəncamında olmuş və N №-li hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli, 371 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam rayon Hərbi Komissarlığına göndərilmişdir. Sərəncamda olduğu müddət ərzində məvacib almamış, ehtiyata tərxis olunduğu zaman isə ona təqaüd hesablanmamış və təyin edilməmişdir. Yalnız 2021-ci ilin dekabr ayında ona təqaüd təyin edilmiş və həmin tarixdən də hesablanmışdır. Mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırki iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmadığına görə bu hissədə iddia tələbi mümkün hesab edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024cü il tarixli, 2-1(118)-272/2024 nömrəli qərardadı qismən (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair hissəsində) ləğv edilməli, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilməli, qərardad qalan hissədə (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1997-1999-cu illər üzrə məvacibin ödənilməsi”nə dair tələb hissəsində) dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 1997-1999-cu illər üzrə məvacibin ödənilməsi və əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmamışdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə almaq lazımdır ki, prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi, eləcə də mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki iş üzrə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı 1997-1999-cu illər üzrə məvacibin ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllə 01 yanvar 2011-ci il tarixində qanuni qüvvəyə minmişdir. Həmin tarixə qədər mövcud olmuş inzibati hüquq münasibətləri ilə bağlı tələblər Mülki Prosessual Məcəllənin ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı) adlanan ikinci yarımbölməsində yerləşən fəsillərlə tənzimlənirdi. Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən isə ümumi iddia müddəti 10 ildir. Eyni zamanda Mülki Məcəllənin 551.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Bu səbəbdən iddia tələbinin 1997-1999-cu illər üzrə məvacibin ödənilməsi hissəsində iddia müddəti ötürüldüyündən iddianın həmin hissədə mümkün sayılmaması əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Yəni, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 20 iyul 2022-ci il tarixli, 8/2837 nömrəli məktubundan görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması məqsədi ilə tərəflərindən yeni “Məlumat vərəqi” tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanuna müvafiq deyildir. Bu isə o deməkdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq olaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, inzibati orqana müraciət ilə bağlı xüsusi mümkünlük şərti ödənilmişdir. Qeyd olunan hallarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbinin həmin hissədə mümkün sayılmaması üçün hazırkı şərtlərdə əsaslar mövcud deyil. Belə ki, iddiaçı tərəfindən müvafiq olaraq cavabdeh inzibati orqana müraciət edilmiş, imtina məktubu alınmışdır. Eyni zamanda iddia tələbi üzrə cavabdeh inzibati orqan da düzgün müəyyən edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbinin əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkünsüz sayılması əsassız olmuşdur və məhkəmə kollegiyası hesab edir ki, qərardad həmin hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-272/2024 nömrəli qərardadı qismən (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair hissəsində) ləğv edilsin, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilsin. Qərardad qalan hissədə (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1997-1999-cu illər üzrə məvacibin ödənilməsi”nə dair tələb hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan (qərardadın Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-272/2024 nömrəli qərardadının qüvvədə saxlanılan hissəsindən) təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar