Məhkəmə qərarları › İş №2-1(105)-96/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-96/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-96/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili X5 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X4rşı Abşeron rayonu Görədil kəndində yerləşən 0,02 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-894/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 04-xx xxxxxx 2021-ci il tarixlərdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu Görədil kəndində yerləşən 0,02 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Abşeron rayon Görədil bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün ona 0,02 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması barədə qərarın qəbul edilməsindən əvvəl keçmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 202 saylı rəydə həmin torpaq sahəsi alqı-satqı predmeti olduğuna görə onun satılmasına şöbənin etirazının olmadığı bildirilmişdir. Bundan başqa Görədil kəndi ərazisindən ayrılması nəzərdə tutulmuş 0,02 ha ölçüdə olan torpaq sahəsi barədə yerquruluşu planından çıxarışda onun Abşeron rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi ilə razılaşdırıldığı göstərilmişdir. Tərəfindən torpağın dəyəri qismində Görədil bələdiyyəsinə 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra həmin torpaq sahəsi naturada mərz nişanları qoyulmaqla ona təhvil verilmişdir. Ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi məqsədilə bütün lazımi sənədləri əlavə etməklə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan bundan imtina etmişdir. Bununla əlaqədar olaraq məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-894/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Həmin qərardan İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi haqqında qərarı əsassızdır. Qərar apelyasiya qaydasında ləğv edilməlidir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istifadəsində olan daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasına maneçilik törədilib. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslıdır. Konstitusion prinsip olan qanun qarşısında bərabərlik prinsipi hər bir halda nəzərə alınmamışdır. Məhkəmə qərarı əsaslandırarkən qeyd etmişdir ki, ona torpaq sahəsi ayrılması zamanı bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Ola bilsin ki, bələdiyyənin qanunvericiliyə tam əməl etməməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Lakin, nəzərə almaq lazımdır ki, eyni əsaslarla ayrılmış torpaq sahələri üzərində hüququn dövlət qeydiyyatına alınması halları vardır. Digər tərəfdən məhkəmə nəzərə almalı idi ki, torpaq sahəsinin ayrılması üçün müraciət etmək və müvafiq olaraq torpaq sahəsinə görə müəyyənləşdirilmiş pul məbləğini ödəməklə o, öz üzərinə düşən öhdəlikləri tam olaraq və ən əsası qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun etmişdir. Digər tərəfdən həmin torpaq sahəsinin ona ayrılması proseduru müəyyən müvafiq rəylərin verilməsi ilə həyata keçirilmişdir. Və artıq uzun müddətdir ki, o, həmin torpaq sahəsini təyinatına uyğun istifadə edir. Əgər torpaq sahəsinə dair hüquqlar qeydiyyata alınmayacaqsa bu işin nəticəsini, torpaq sahəsinin hüquqi statusunun mülkiyyətçisinin müəyyənləşdirilməsi hansı şəkildə həll olunmalıdır? Bütün bu qeyd etdikləri əsas verir ki, cavabdehin qərəzli mövqeyi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Ona məxsus olan torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış massividir. Orada onun istifadəsində və sahibliyində olan torpaq sahəsi kimi yüzlərlə torpaq sahəsi fərdi yaşayış məqsədilə istifadə olunur. Bəs necə olmuşdur ki, qonşulara məxsus torpaq sahələri dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilib. O halda ki, ona məxsus torpaq sahəsi həmin torpaq sahələri ilə eyni hüquqi statusdadır. Hesab edir ki, birinci instansiya məhkəməsi onun cavabdehə qarşı iddia ərizəsinə münasibətdə ədalətli qərar qəbul etməmiş, işin hallarını araşdırmadan və onlara düzgün qiymət vermədən qərar qəbul etmişdir İşə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi-vəkili X5 apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Abşeron rayonu Görədil bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 16 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün 0,02 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 202 saylı, xx xxxxxxxx 2007-ci il tarixli rəydən görünür ki, bir sıra vətəndaşlara, o cümlədən İddiaçı Həsəbala oğluna 0.02 ha torpaq sahəsinin ayrılmasına etiraz etmir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X7 xx xxxxxx 2020ci il tarixli, **********64 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası Görədil bələdiyyəsi tərəfindən iddiaçıya 0,02 ha torpaq sahəsinin xx.xx.2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının və rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edildiyi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi göstərilmişdir. İşdən görünür ki, İddiaçı Abşeron rayonu Görədil kəndində yerləşən 0,02 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması və torpağın dəyərinin əvvəlcədən ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşdən görünür ki, torpağın alqı-satqısına dair akt və rayon memarlıq xidmətinin rəyi ümumiyyətlə, mövcud deyildir. İddiaçı sözügedən Qanunun 8.0.1 və 10.2.1-ci maddələrində nəzərdə tutulan əsas kimi Abşeron rayon Pirəkeşkül-Qobustan bələdiyyəsinin 178 saylı xx.xx.2008-ci il tarixli qərarına istinad edir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutur (bənd 3); Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. - 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. İddiaçının torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar mövcud olsa da, torpağın satılmasına dair rayon memarlıq xidmətinin rəyi alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin qanunun 6.5-ci maddəsinin tələbinə görə (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (kənd təsərrüfat və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında və razılaşdırılması qaydaları haqqında‖ Əsasnamənin: - 7-ci bəndinin tələbinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qanunun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur), Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş müvafıq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlar həyata keçirirlər (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Göründüyü kimi sadalanan normalara əsasən müvafiq bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması üçün əvvəlcə Memarlıq və Şəhərsalma İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul etməli idi. Lakin iş materiallarından da göründüyü kimi, bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə sonuncu tərəfindən əməl olunmamış, yəni bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamış, eyni zamanda iddiaçıya ayrılmış torpağa dair alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyəti hüququ əsasında qeydiyyatdan keçirilməsindən imtina etməkdə haqlı olmuşdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının müraciətinə cavabdehin verdiyi imtina cavabı qanunidir və deməli, cavabdehin üzərinə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması üçün əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya verdiyi imtina cavabı qanuna zidd deyildir və buna görə də iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-894/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar