Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-96/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı Aydinəli oğlunun iştirakı ilə İddiaçı İddiaçı Aydinəli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli 2-1(118)-18/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1.“Rayonun Altıağac-Xızı zonasında keçmişdə yaşayan vətəndaşların ata-baba yurdlarının bərpa edilməsi haqqında” Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli 203 saylı qərarına əsasən, bir sıra vətəndaşlara, o cümlədən, İddiaçı Pirəkeşkül kəndində ata-baba yurdunun bərpa edilməsinə icazə verilmişdir. Sərəncamın ikinci bəndinə əsasən, Giləzi, Xızı qəsəbə Sovetləri icraiyyə komitələrinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailələrinin pasport qeydiyyatının təmin edilməsi tapşırılmışdır.
2. Qeyd edilən sərəncamın iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.11.2013-cü il tarixli F-937 saylı arxiv surətindən görünür ki, siyahının 41-ci bəndində iddiaçının adının qarşısında 0.25 ha qeyd edilmişdir.
3. İddiaçı həmin sərəncamı əsas tutaraq, Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 aprel 2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 03.05.2019-cu il tarixli **********36 nömrəli məktubu ilə iddiaçının müraciətinə imtina cavabı verərək bildirilmişdir ki, aparılan araşdırma zamanı, müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən və baxış keçirilmiş torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi aşkar edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon XDS İK-nin 25.08.1989-cu il tarixli 203 saylı qərarına əsasən Perekəşkül kəndində ona ayrılmış sahəsi 0,25 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İK-nin 25 avqust 1989-cu il tarixli 203 saylı Qərarına əsasən, ata-baba yurdlarının bərpa edilməsi məqsədilə vətəndaşların arzusunu nəzərə alaraq, bir sıra vətəndaşlara, eləcə də iddiaçıya Perekəşkül qəsəbəsində 0,25 ha torpaq sahəsi ayrılmış və yerində iddiaçıya təhvil verilmişdir. Həmin yerin koordinatları müəyyən edilərək hazırda Abşeron rayon X2 yerquruluşu planında da əks edilmişdir. Hazırda həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə aldırmaq istəyir. Bu məqsədlə cavabdehə müraciət etsə də, imtina cavabı almışdır. Hesab edir cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, torpaq sahəsinin ayrılmasına dair qərarın məzmunundan da aydın olur ki, həmin torpaq sahələri o ərazidə yaşamış vətəndaşların ata-baba yurdları olmuşdur və məhz bu ata-baba yurdlarının bərpa edilməsi məqsədilə o ərazilər ayrılmış və qərarın 2-ci bəndində hətta bu qəsəbələrin İcraiyyə Komitələrinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailə üzvlərinin pasport qeydiyyatlarının təmin edilməsi də tapşırılmışdır. Bu Qərarın məzmununda da görünür ki, həmin torpaq sahələri yaşayış məskənləri olmuş və həmin torpaqlar da məhz ata-baba evlərini bərpa etmək üçün vətəndaşlara verilmişdir. Hesab edir ki, cavabdehin heç bir hüquqi əsas olmadan bu hüquqların qeydə almasından imtina etməsi qanunsuz olmuşdur.
6. Cavabdeh orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılması zamanı fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi aşkar edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli 2-1(118)-18/2021 nömrəli qərardadı ilə Abşeron rayon Perekeşkül-Qobustan bələdiyyəsi üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli 2-1(118)-18/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim İ. Quliyev)
9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 20.08.2021-ci il tarixli 2-1(118)-18/2021 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, torpağın kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu qeyd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi.
13. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
15. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (İPM maddə 62.3).
TƏTBİQ EDİLƏN HÜQUQ:
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
19. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
21. Birinci instansiya məhkəməsi qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinə- fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənziltikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərə istinad edərək, hesab etmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli 203 saylı qərarı həmin torpaq sahəsinə dair qanuni istifadə ilə bağlı sənəd hesab olunmaqla iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə adiyyəti inzibati orqanlara edilmiş sorğu nəticəsində iddia ərizəsində sadalanan xüsusatların öz təsdiqini tapmadığı müəyyən edilmişdir.
24. Belə ki, Pirəkeşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən kollegiyanın sorğusuna cavab olaraq verilmiş 10.12.2021-ci il tarixli 57 nömrəli məktubdan görünür ki, iddiaçı Pirəkəşkül kəndində yaşamır, onun və ailəsinin adına kənddə ata-baba yurdunun olub-olmaması barədə nümayəndəlikdə məlumat yoxdur.
25. Mübahisə predmeti olan torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən yerində müayinə edilmiş və torpaq sahəsinin X4 və X1 mülkiyyətində olan torpaq sahələri ilə həmsərhəd olduğu müəyyən edilmişdir. Qonşuların mülkiyyətlərində olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyesytrindən çıxarışdan və çıxarışın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, hər iki torpaq sahəsi statusuna görə Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olmuş, alqı-satqı yolu ilə sonuncuların adlarına özgəninkiləşdirilmişdir.
26. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən də görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, elektron kadastr məlumat bazasına əsasən, kənd təsərrüfatı təyinatlı örüş sahəsidir.
27. Məhkəmə kollegiyası tərəfindən həmçinin Abşeron rayon Dövlət Arxivinə sorğu ünvanlanaraq, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli, 203 nömrəli qərarı üzrə Pirəkeşkül kəndində ata-baba yurdlarının bərpa edilməsinə icazə verilən vətəndaşların adlı siyahısının tam mətninin; Abşeron rayon XDS İcraiyyə Komitəsinin həmin qərarı ilə rayonun Altıağac-Xızı zonasında keçmişdə yaşayan vətəndaşların ata-baba yurdlarının bərpa edilməsi ilə bağlı ayrılmış torpaq sahəsinə dair ayrıc aktının təqdim edilməsi tələb edilmişdir.
28. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Abşeron rayon Dövlət Arxivi tərəfindən 17.12.2021-ci il tarixli H389 nömrəli məktubla Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli, 203 nömrəli qərarının tam mətni təqdim edilmişdir.
29. Təqdim edilmiş qərardan görünür ki, Pirəkeşkül kəndi üzrə 126 vətəndaşa, o cümlədən 41-cı sırada qeyd edilən iddiaçıya Pirəkeşkül kəndi ərazisində ata-baba yurdunu bərpa etmək üçün icazə verilmişdir. Lakin həmin qərardan görünür ki, ata-baba yurdunu bərpa etməyə icazə verilən vətəndaşlara, o cümlədən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair heç bir qeydiyyat aparılmamışdır.
30. Halbuki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş (iş vərəqə 6) XDS İcraiyyə Komitəsinin sözügedən qərarından arxiv çıxarışında isə, iddiaçının adı qarşısında 0.25 ha qeydi aparılmışdır.
31. Məhkəmə kollegiyası qeyd edilən ziddiyyətə aydınlıq gətirilməsi məqsədilə təkrarən Abşeron rayon Dövlət Arxivinə sorğu ünvanlamışdır.
32. Abşeron rayon Dövlət Arxivi 24 fevral 2022-ci il tarixli H64 nömrəli məktubunda sorğuya cavab olaraq bildirmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 1989-cu il tarixli, 203 saylı qərarı ilə rayon Altıağac-Xızı zonasında keçmişdə yaşayan vətəndaşların ata-baba yurdlarının bərpa edilməsi üçün vətəndaşlara icazə verilmiş, bu qərarda heç bir vətəndaşa torpaq sahəsinin ayrılması göstərilməmişdir.
33. Beləliklə, iddiaçı öz tələbinin əsası olaraq Abşeron rayon XDS İcraiyyə Komitəsinin 1989-cu il tarixli, 203 saylı qərarı ilə Pirəkeşkül kəndində ata-baba yurdunu bərpa etmək məqsədilə ona 0.25 ha torpaq sahəsi ayrıldığını bildirsə də, məhkəmə kollegiyasında yuxarıda qeyd edilən araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçının istinad etdiyi sərəncama əsasən, ümumiyətlə heç bir vətəndaşa, o cümlədən iddiaçıya torpaq sahəsi ayrılmamış, sərəncamda yalnız adları qeyd edilən vətəndaşlara ata-baba yurdunu bərpa etməyə icazə verilmiş və Giləzi, Xızı qəsəbə Sovetləri icraiyyə komitələrinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailələrinin pasport qeydiyyatının təmin edilməsi tapşırılmışdır.
34. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
36. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir.
37. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür.
38. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).
39. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli 2-1(118)-18/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.