Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-96/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mehdiabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum həyat yoldaşı X2 adına arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2- 1(118)-1436/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon Mehdiabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mehdiabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən sahibkarlıq-tikinti məqsədilə X3 adına ayrılmış 0,66 ha torpaq sahəsinin yerinin naturada müəyyən olunması, mərzlərin vurulması, plan və ölçüsünün hazırlanması, həmçinin, cavabdeh tərəfindən sənədləşdirilməsi və müvafiq çıxarışın verilməsinin cavabdehlərə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra, iddiaçı dəqiqləşmə barədə ərizə verərək, Mehdiabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum həyat yoldaşı X2 adına arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X5 10 noyabr 2006-cı ildə ərizə ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinə müraciət etmiş və Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən ona sahibkarlıq məqsədilə bələdiyyə mülkiyyətindən 0,66 ha torpaq sahəsi ayrılması barədə qərar verilmişdir. X5 xx.xx.2019-cu il tarixdə vəfat etdiyi üçün iddiaçıya 16 fevral 2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Uzun illərdir ki, iddiaçı ona ayrılmış torpaq sahəsini özəlləşdirə və onun üzərində tikinti işləri apara bilmir. Torpaq sahəsinin ayrılmasına dair rəy alınması üçün 04 iyun 2007-ci ildə 222 saylı məktubla Abşeron rayonu Mehdiabad bələdiyyəsi tərəfindən DT və XK-nın Abşeron rayon şöbəsinə müraciət olunmuşdur. DT və XK-nin Abşeron rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 721 saylı rəyindən görünür ki, Binəqədi-Novxanı şossesinin sağ tərəfində pay torpaqları arasında yerləşməklə, yararsız torpaq sahəsinin sahibkarlıq məqsədilə X1 etiraz edilməmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpağın plan ölçüsünün verilməsi ilə əlaqədar 08 avqust 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh qurum tərəfindən xx.xx.2018-ci il tarixli **********22 saylı məktubla torpağın qeydiyyata alınmasından imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15 mart 2002-ci il tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq torpaq sahəsinin sahibkarlıq-tikinti məqsədilə satılması üçün rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, torpaq sahəsinin yeri dəqiqləşdirilməmiş, yerquruluşu işləri (planalma) aparılmamış, yerin plan və ölçüsü hazırlanmamış, qanunvericiliklə müəyyən olunmuş qaydada alğı-satqı aktı tərtib edilməmişdir. Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixli 721 nömrə ilə uçota alınmış rəy məktubundan göründüyü kimi, Abşeron rayon Mehdiabad bələdiyyəsi tərəfindən ayrılacaq 0,66 ha torpaq sahəsi Binəqədi-Novxanı şossesinin sağ tərəfində pay torpaqları arasında yerləşməklə, yararsız torpaq sahəsidir. DT və XK-nın Abşeron rayon şöbəsinin 313 saylı arayışından da göründüyü kimi, ayrılan torpaq sahəsi 20 ballı V keyfiyyət qrupuna daxil olan yararsız torpaq sahəsidir. Rəyin 3-cü bəndində deyilir ki, fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin etsin. Yuxarıda qeyd edilənlərə əsasən imtina məktubu qanunsuz və əsassız hesab edilir. Ona görə ki, ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarış verilmiş və Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”na əlavəyə əsasən torpaqların alğı-satqısına dair akt tərtib edilərək, Mehdiabad bələdiyyəsinin büdcəsinə 10020 (on min iyirmi) manat məbləğində pul vəsaiti köçürülmüş və 20 fevral 2018-ci il tarixdə təsdiq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən edilmiş imtina qərəzlidir və buna görə də həmin qurumun rəhbərliyi barədə xüsusi qərardad qəbul olunmalıdır.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Mehdiabad bələdiyyəsi tərəfindən X4 0,66 ha torpaq sahəsinin 14 iyun 2007-ci il tarixdə, 13 nömrəli qərarla ayrıldığı halda, alğı-satqı aktının 20 fevral 2018-ci ildə, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 03 dekabr 2020-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi qeyd edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”na əlavədə torpaqların alğı-satqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə “Torpaqların alğı-satqısı Qaydaları”na əlavədə - “Torpaqların alğı-satqısına dair akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəllənin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə görə Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uygün olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Eləcə də, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1436/2021 saylı qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2007ci il tarixli iclasının 13 saylı protokoluna əsasən iddiaçının mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına arayış verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva)
6. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrılarkən həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, həm də Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyi alınmış və həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Mehdiabad bələdiyyəsinin hesabına köçürülmüş, bununla bağlı torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərtib edilmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi də verilmişdir. Müvafiq rəylər sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı müsbət rəylər olmuş, qeyd olunan orqanlar tərəfindən həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Həmçinin, qüvvədə olan qanunvericiliyin tələbinə görə DƏDRX və onun ərazi idarələri, bir qayda olaraq, mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Yəni, qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur.
7. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(105)-288/2022 nömrəli qərarı ilə (sədrlik edən F.Ə.Məmmədov, hakimlər H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1436/2021 nömrəli qərarı dəyişdirilmiş, Abşeron rayonu, Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən iddiaçının mərhum arvadı X4 ayrılmış 0,66 ha. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına arayış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (sədrlik edən hakim Hökümə Babayeva, hakimlər Zahid Məmmədov, Fuad Məmmədov).
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının tarixini 14 iyul 2007-ci il kimi göstərmişdir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində icraat:
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1485/2022 nömrəli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər K.Bədəlov və N.Rəsulbəyova) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli 2-1(105)-288/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
17. ²Daşınmaz əmlakın dövlət reyestri haqqında² Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. Azərbaycan Respublikası Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 07, maddələr 464, 465, № 10, maddə 640, № 12, maddə 775, 2002, № 08, maddə 480, 2003, № 10, maddələr 545, 577, 581, 583, 2006, № 5, maddə 409, № 7, maddə 590, 2010, №7, maddə 610) ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: (...)
3. “Torpaqların alğı-satqısı Qaydaları”na Əlavə - “Torpaqların alğı-satqısına dair Akt” çıxarılsın.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir.
22. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DT və XK-nın verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registerini həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DT və XK-nın müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Nəzərə alınmalıdır ki, müvafiq rəyi verməyə səlahiyyətli olmuş qurum həmin müsbət rəyin sonradan verməsi onun iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qədər təsir göstərmir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq rəyin DT və XK-dan (əvvəlcədən və ya sonradan) alınmadan torpaq sahəsinin ayrılması ciddi qanun pozuntusu hesab olunardı. Yəni, qanunvericiliyin tələbinə görə həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, həm də Abşeron rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyinin alınması şərt idi. Hazırki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən qeyd olunan orqanların rəyi alınmış və həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Mehdiabad bələdiyyəsinin hesabına köçürülmüş, bununla bağlı torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərtib edilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi də verilmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını İPM-in 12.1, 12.2 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir. Belə ki, bu qərarın 18-ci bəndində istinad olunan normanın məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə “Torpaqların alğı-satqı Qaydaları”ndan “Torpaqların alğısatqısına dair Akt” çıxarılmışdır.
24. Birinci instansiya məhkəməsinin istinad etdiyi akt isə 20 fevral 2018-ci il tarixində tərtib edilmişdir. Digər tərəfdən, həmin akt alıcı tərəfindən də imzalanmamışdır. Beləliklə, bələdiyyə qərarında nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçının hüquq sələfinə verilməsi baş tutmamışdır ("Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 6.2-ci maddəsi). Buradan, alıcının həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan mülkiyyət hüququ yaranmamışdır.
25. Bundan başqa, işə əlavə edilmiş, fərqli qurumlar (keçmiş DTXK-nin Abşeron rayon torpaq şöbəsi, Abşeron RİH memarlıq və tikinti şöbəsi) və vəzifəli şəxslər (şöbə müdirləri, bələdiyyə sədrləri) tərəfindən təsdiqlənmiş 2 ədəd “Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışlar”da ayrılan 0.66 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və konfiqurasiyası da fərqli göstərilmişdir (iş v. 10, 11).
26. Bununla da müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır və bu səbəbdən də cavabdehin apellyasiya şikayəti əsaslıdır.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X2 adına arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1436/2021 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mehdiabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum həyat yoldaşı X2 adına arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.