Məhkəmə qərarları › İş №2-1(105)-96/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-96/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-96/2024 19.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 qarşı iş üzrə (Açar sözlər: sağlamlıq imkanları məhdud uşağa qulluğa görə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin olunması, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 qarşı “sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün ona 55 yaşının tamam olduğu, yəni 01 oktyabr 2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)- 844/2022 nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixli müayinə Aktına əsasən sağlamlıq imkanları məhdud olan xx.xx.1982-ci il təvəllüdlü X6 anadan olduğu gündən 18 yaşı tamam olanadək anası İddiaçı himayəsində olmuşdur. İddiaçı sağlamlıq imkanı məhdud uşağı 8 yaşınadək tərbiyə etdiyinə görə 55 yaşı tamam olan tarixdə güzəştli şərtlərlə pensiya hüququ əldə etdiyi üçün pensiyanın təyin edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh 17 noyabr 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilmiş sənədlərdən iddiaçının sığorta stajının 20 il 2 ay 22 gün təşkil edilməsi və bu halın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qeyd edilmişdir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs "Abşeron rayon mərkəzi xəstəxanasi" publik hüquqi şəxsin 7 noyabr 2023-cü il tarixli, 18-1-20/2-2057/2023 nömrəli məktundan görünür ki, Akhtar (Qayıtmazova) Xəyalə Rauf qızı xx.xx.1993-cü il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə, xx.xx.2015-ci il tarixdən “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi” xx.xx.2022-ci il tarixdən isə “Birincili açıqbucaqlı qlaukoma. Müştərək xarici çəpgözlük. Monokulyar korluq” diaqnozları ilə dispanser qeydiyyatdadır. 1993-cü ilin oktyabr ayından İİ qrup müddətsiz əlillik təyinatı verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemindən əldə olunan məlumata əsasən 1982-ci il təvəllüdlü Akhtar (Qayıtmazova) Xəyalə Rauf qızına ümumi xəstəlik səbəbindən xx.xx.2000-ci il tarixdən (Diaqnoz:debillik dərəcəsində olan ağıl zəifliyi, şəxsiyyətin psixopataloji dəyişkiliyi ilə) təkrar ikinci dərəcə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. 2000-ci ildən öncə şəxsin sağlamlıq imkanlarının məhdudluğu barədə həm “Əlillik” altsistemində, həm də Agentliyin arxiv sənədləri sırasında məlumat aşkarlanmadı. Məlumat üçün bildirilir ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 16 yaşına kimi uşaqların sağlamlıq imkanları məhdudluq vəziyyətinin qiymətlədirilməsi 1995-ci il tarixinə qədər Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin səlahiyyətlərinə aid olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün ona 55 yaşının tamam olduğu, yəni 01 oktyabr 2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1962-ci ildə anadan olmuş, əmək fəaliyyətinə 02 iyul 1978-ci ildə Qusar rayonu, Vəliyev adına kolxozda başlamış, 01 dekabr 2009-cu ildə işdən azad edilmiş, ümumi iş stajı 26 ildən artıqdır. O, 4 uşaq anasıdır, uşaqlarından X6 1982-ci ildə anadan olmuşdur. İddiaçı anadangəlmə ruhi xəstədir, İİ qrup müddətsiz əlildir. Hal-hazırda iddiaçının 59 yaşı tamam olmuşdur. İddiaçı sağlamlıq imkanı məhdud uşağı 8 yaşınadək tərbiyə etdiyinə görə 55 yaşı tamam olan tarixdə güzəştli şərtlərlə pensiya hüququ əldə etmişdir. Bu məqsədlə o pensiya təyini üçün DSMF-nin 1 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh 17 noyabr 2021-ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi məktubda sığorta stajının 20 il 2 ay 22 gün olduğu qeyd edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iş materiallarından məlum olur ki, iddiaçının sağlamlıq imkanları məhdud olan uşağı İddiaçı 1982-ci il tarixdə anadan olmuşdur. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının övladı Xəyalə Qayıtmazova ilkin müayinədən xx.xx.1995-ci il tarixdə keçmiş və həmin tarixdən ona ikinci qrup uşaqlıqdan əlillik təyin edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 3-cü maddəsində əmək pensiyası almaq hüququ olan şəxslərin kateqoriyasına İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslər aid edilmişdir. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının övladı Xəyalə Qayıtmazovanın əlilliyi xx.xx.1995-cı il tarixdə, yəni 13 yaşında müəyyən olunmuşdur. Buna görə də iddiaçının sağlamlıq imkanları məhdud olan qızına qulluq etdiyi dövr 1995-1998-ci il aralığı (Xəyalə Qayıtmazovanın 13-16 yaş aralığı-keçmiş qanunvericiliyə əsasən yetkinlik yaşı 16 yaş hesab edilirdi) hesab edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanundan da göründüyü kimi, sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən aşağıdakı 2 şərt ödənilməlidir: sığortaolunan bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmalı; sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Belə ki, iddiaçı hal-hazırda Qanunun 7-ci maddəsinə uyğun olaraq, yaş həddinə çatmamışdır. İddiaçı hal-hazırda Qanunun 8-ci maddəsinin şərtləri daxilində ona pensiya təyin edilməsini tələb edir. Qanunda isə birbaşa olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 7-ci maddəyə uyğun olaraq qanunla müəyyən olunmuş yaş həddinə çatmaq tələb olunur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(118)-844/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya 01 oktyabr 2017-ci tarixdən (20 oktyabr 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənilməsi şərti ilə) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ və iddiaçının işlədiyi müddətləri onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Bundan başqa, əmək kitabçasında göstərildiyi müəssisələrdə işlədiyi illər və sağlamlıq imkanları məhdud uşağına qulluğa görə iddiaçının əmək stajı 25 ildən çox təşkil edir. 2021-ci ilin 01 iyul ayından 30 iyun 2022-ci ilədək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 62 il 6 aydır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğundan və sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır, yəni 55 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən. Belə olduğu təqdirdə hesab olunur ki, iddiaçıya yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2- 1(105)-491/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. İddiaçı qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1046/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(105)-491/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Cavabdeh apellyasiya şikayətinə əlavə verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikəyətinə əlavəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, 01,09.2000-ci il tarixindən 01,09.2002-ci il tarixinədək, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA-03380-2021 nömrəli arxiv arayışına əsasən xx.xx.2003- cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləri və X2 xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan qulluq dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 9 il 3 ay 1 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın əmək kitabçasında qeyd edilən xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü işdənçıxma qeydinin tarixində qaralamalar olduğundan, xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü möhür oxunaqlı olmadığından və xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əlilliyi müəyyən edilmiş uşağa qulluq dövrü 025001 nömrəli xx.xx.1998-ci il tarixli TSEK arayışında ananın adı qeyd olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından 01.01,2004-cü il tarixindən 01,12.2009-cu il tarixinədək olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. 1 Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (qüvvədən düşmüşdür) ..... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ......d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; ..... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1046/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(105)-491/2022 nömrəli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərildiyindən, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə edib böyütməsi halının nəzərə alınaraq, yaş həddinin 5 il azaldılmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtina əsası kimi iddiaçının malik olduğu sosial sığorta stajının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta staj müddətindən az olması (20 il 2 ay 22 gün) halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiya hüququnun yaranması üçün ümumi şərtlər qanunla müəyyən edilmiş yaş həddinə çatmaq, ən azı 25 il sosial sığorta stajına malik olmaq və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaqdan ibarətdir. Həmçinin, qeyd olunan qanunvericilik normasının tələbinə əsasən əlilliyi müəyyən edilmiş uşağı səkkiz yaşınadək tərbiyə etməsi halı anaların yaşa görə pensiya hüququnu müəyyən edən yaş həddinin beş il azaldılmasına əsas olan hal kimi çıxış edir. Bundan əlavə, qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq müddəti sosial sığorta stajına daxildir. Eyni zamanda uşağa qulluq edildiyi dövrdə qüvvədə olan pensiya haqqında qanunvericilik normalarına əsasən 16 yaşınadək əlil uşağa qulluq müddəti iş stajına daxildir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan 1982-ci il təvəllüdlü uşağın əlilliyinin 13 yaşında (xx.xx.1995-ci i tarixdə) müəyyən edildiyini, uşağa qulluq dövrünün 1995- 1998-ci illəri əhatə etdiyini əsas götürərək, qanunla tələb olunan şərtin ödənilməməsi halını bildirir, habelə qanunvericilik normalarının və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının pensiya hüququnun yaranmaması halını qeyd edir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı ilk növbədə onu qeyd edir ki, iddiaçının sağlamlıq imkanları məhdud uşağı xx.xx.1982-ci il təvəllüdlüdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, uşaq həmin xəstəlik diaqnozu ilə xx.xx.1993-cü il tarixdən müvafiq poliknikada qeydiyyatda olmaqla, ona 1993-cü ilin oktyabr ayından ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmış, təkrar olaraq xx.xx.2000-ci il tarixdən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Həmçinin, iş materiallarında olan uşağın tibbi qeydiyyatına dair sənədlər, ambulator kartadan çıxarış və digər tibbi sənədlər, habelə uşağı əlilliyinin təyin edilməsi ilə bağlı inzibati icraat materialları tələb edilmiş, həmin sənədlərdən bir qisminin məzmununda əlilliyin təyin edilməsinə əsas olan diaqnoz xəstəliyin yaranması halı ilə bağlı “anadangəlmə”, “uşaqlıqdan” ifadələri qeyd edilmişdir (TSEK müayinə aktından çıxarış №025001 və digər). Eyni zamanda iş materiallarında olan qulluq müddəti barədə tərtib edilmiş aktın məzmununda da əsas kimi məhz TSEK-in xx.xx.1996-cı il tarixli uşaqlıqdan əlilliyə görə müayinə aktından çıxarış sənədinə istinad edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, uşağın sağlamlıq vəziyyəti ilə bağlı Azərbaycan SSR Səhiyyə Nazirliyinin Eşitmə, Səs və X7 tərəfindən tərtib edilmiş 1988-ci il tarixli tibbi sənəd iş materiallarına əlavə edilmiş, həmin sənədin məzmununda diaqnoz kimi lal-kar (eşitmə, nitq pozğunluğu və digər) qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan 1993-cü il tarixli ambulator kartadan çıxarışdan görünür ki, uşaq həmin diaqnozla stasionar müalicə almışdır. Məhkəməyə ünvanlanmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubunun məzmunundan görünür ki, müvafiq Əsasnaməyə uyğun olaraq 16 yaşa kimi sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş şəxslərə 16 yaşdan sonra əlillik təyin edildiyi hallarda əlilliyin səbəbi “uşaqlıqdan əlil” kimi göstərilirdi. 16 yaşadək uşaqlarda isə “əlil uşaq” termini istifadə edilirdi. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2007-ci il tarixli Qanuna əsasən uşaqların yaş həddi 18 yaşadək müəyyən edilmiş (16 yaşdan artırılaraq) və “əlil uşaq” termini “sağlamlıq imkanları məhdud uşaq” termini ilə əvəz edilmiş, “uşaqlıqdan əlillik” səbəbi də ləğv edilmişdir. Tibbi sənədlərdə qeyd edilən “uşaqlıqdan”, “anadangəlmə” ifadələri xəstəliyin başlanması tarixini bildirən terminlərdir. Şəxs 18 yaşa kimi “sağlamlıq imkanları məhdud uşaq” hesab edildiyi halda uşaqlıqdan əlil hesab olunur. Həmçinin, məhkəmə araşdırması zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti mütəxəssis qismində iştirak edərək, uşaqla bağlı iş materiallarında olan tibbi sənədləri (1988, 1993, 1995, 1998-ci il tarixli və digər) nəzərdən keçirmişdir. Mütəxəssisin verdiyi izahatın məzmunundan aydın olur ki, hazırki iş üzrə uşaq barəsində tərtib edilmiş 1988-ci ilə aid tibbi sənədlərdə qeyd edilən diaqnozun məzmunu lal-kar olması, eşitmə, səs və nitq pozğunluğu ilə bağlı xəstəliklə qeyd edilmiş, onun barəsində əlliyin ilkin təyinatı 1993-cü il tarixdə aparılmış, əlilliyin təyinatına əsas olan xəstəliyin başlanma tarixi anadangəlmə olsa belə, yeni doğulmuş uşaqlarda bu xəstəliklə bağlı əlilliyin müəyyən edilməsi mümkün deyildir, onu yalnız 10-12 yaş arasında müayinə aparıldığı halda əlilliyi müəyyən etmək mümkün ola bilərdi, məhz elə ona görədir ki, uşaq barəsində ilkin diaqnoz əvvəl qoyulmuş, əlillik təyinatı 11 yaşında aparılmışdır, məhz müayinə aparılmağın mümkün olduğu yaş dövrünə təsadüf etmişdir, əlilliyin təyinatına əsas olmuş xəstəlik 1988-ci il tarixli tibbi sənəddə qeyd edilmiş diaqnoz xəstəliyin davamı kimi ortaya çıxa bilər, çünki eşitmə və nitq qüsurunun körpə yaşlarda müəyyən edilməsi mümkündür, lakin əqli geriliyin o yaşda müəyyən edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası tibbi sənədlər, mütəxəssi rəyi və digər sənədləri tədqiq edərək, belə qənaətə gəlir ki, hazırki iş üzrə 1982-ci il təvəllüdlü iddiaçının uşağının əlillik təyinatı 1993-cü il tarixdə aparılsa da, onun xəstəliyinin başlanması tarixi anadangəlmə olmuşdur. Bununla da, indiki halda iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi halı öz təsdiqi tapmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı barəsində “əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinin dispozitiv şərtləri (Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır) mövcud olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan özünün təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubun məzmununda da iddiaçının pensiya yaş həddinə 1 oktyabr 2017-ci il tarixdə çatdığını qeyd etmişdir. Bu halda məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan digər şərtin (25 il sosial sığorta stajına malik olması ilə bağlı hissədə) ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki, cavabdeh əvvəlki məhkəmə araşdırması zamanı iddiaçının 20 il 02 ay 22 gün sosial sığorta stajına malik olduğunu qeyd etmişdir. Daha sonra ikinci apellyasiya məhkəmə icraatı zamanı apellyasiya şikayətinə əlavə təqdim edərək, iddiaçının 9 il 3 ay 1 gün mübahisələndirməyən sosial sığorta stajının olduğunu, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixədək olan əmək fəaliyyəti dövrünə aid qeydin tarixində qaralamalar olması, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan əmək fəaliyyəti dövrü möhür oxunaqlı olmaması, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan əlilliyi müəyyən edilmiş uşağa qulluq dövrü 025001 nömrəli xx.xx.1998-ci il tarixli TSEK arayışlarında ananın adının qeyd olunmaması halına istinad edərək, həmin dövrləri sosial sığorta stajına daxil etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa anadan olduğu vaxtdan yetkinlik yaşına çatanədək qulluq etməsi halı müəyyən edildiyindən, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən isə həmin dövr onun sosial sığorta stajına daxil edildiyindən, həmin müddət və cavabdeh tərəfindən mübahiəsləndirilməyən əmək kitabçasında qeyd olan əmək fəaliyyət dövrlər nəzərə alındıqda, iddiaçının 25 ildən artıq sosial sıorta stajına malik olması halı öz təsdiqini tapır. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş tibbi sənədlər, mütəxəssis rəyi və digər sənədlər əsasında iddiaçının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa anadan olduğu vaxtdan yetkinlik yaşına çatanədək qulluq etməsi halı öz təsdiqini tapdığından, bu hal özlüyündə cavabdehin xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan qulluq dövrünün nəzərə alınmaması ilə bağlı istinad etdiyi halı təkzib edir. Bu baxımından həmin hissədə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası digər dəlillərlə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçasına baxış keçirilmiş, xx.xx.1987-ci il tarixdən xx.xx.1995ci il tarixədək olan əmək fəaliyyəti dövrünə aid hissədə möhürün oxunaqlı olmaması halı müəyyən edilməmişdir, hətta bu hal müəyyən edilmiş olsa idi belə, həmin hal iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etmədiyi halda, həmin hala istinad edilməsi iddiaçının hüquqlarnın əsassız olaraq məhdudlaşdırılmasına səbəb ola bilərdi. Digər tərəfdən qeyd edilməlidir ki, əmək kitabçasında qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixədək olan əmək fəaliyyəti dövrünə aid yalnız işdən çıxma qeydin tarixində qaralamalar olması halı müəyyən edilsə də, həmin tarix ilə işəgötürənin əmrinin tarixi eynilik təşkil etməklə, Əmrin tarixində hər hansı düzəliş olunmamış, həmçinin, möhürlə təsdiq edilmişdir, bu hal isə özlüyündə onun mötəbərliyini müəyyən etməyə imkan verir. Bundan əlavə qeyd edilməlidir ki, hətta həmin əmək fəaliyyəti dövrü nəzərə alınmasa belə, iddiaçının əmək kitabçasında olan əmək fəaliyyəti dövrləri və uşağa qulluq müddəti nəzərə alındıqda, qanunla tələb olunan sosial sığorta stajı tamamlanır. Bu baxımından məhkəmə kollegiyası həmin hissədə əlavə məhkəmə araşdırmasının aparılmasının məqsədəmüvafiq hesab etməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, müvafiq ərizə ilə cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən, birinci instansiya məhkəməsi müvafiq Qanunun 32.1-1-ci maddəsinin tələbini əsas götürməklə, haqlı olaraq, pensiya ödənişinin xx.xx.2018-ci il tarixdən hesablanmasını qeyd etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verərək, iş üzrə gəldiyi nəticə düzgün olmuş, apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-844/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar