Məhkəmə qərarları › İş №2-1(105)-96/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-96/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-96/2025 13.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(118)-2345/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərara əsasən JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə xx.xx.1998-ci il tarixli 14 saylı qərarı əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 5 saylı Xaçmz Ərazi İdarəsinin 3-21-3-34/2-13035/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə ona verilmiş imtinasını qanunsuz hesab edilməsi və cavabdehin üzərinə Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərara əsasən JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə xx.xx.1998-ci il tarixli 14 saylı qərarı əsasında İddiaçı və X6 adına daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınması və Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsini və öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək JN- 972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-ci il tarixli 14 saylı qərarına əsasən JN-972A, KOD 30225018 şəhadətnamə əsasında iddiaçıya 0,10 ha torpaq sahəsi verilmişdir və bu barədə arxiv çıxarışları da mövcuddur. İddiaçı həmin torpaq sahəsinin 0.05 ha hissəsini alqı-satqı müqaviləsinə əsasən X2. Yerdə qalan 0.05 ha hissəsinə mülkiyyət hüququnun qeydə alınması üçün bölgü sxemi tələb edilmişdir. O, həmin bölgü sxeminin tərtib edilməsi üçün cavabdeh idarəyə müraciət etmişdir, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN-972A nömrəli (KOD 30225018 seriyalı) “Torpaq mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. JN-972A nömrəli (KOD 30225018 seriyalı) “Torpaq mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində (DWG) və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Bu səbəbdən də, torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN-972A KOD 30225018 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998- ci il tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonu, Yalama kəndi ərazisindən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 0,10 ha torpaq sahəsindən 0,05 torpaq sahəsini X3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən topaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı protokolundan “Yalama” sovxozuna aid hissəsinin və adlı siyahıdan İddiaçı Yəhya oğluna aid hissənin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədi ilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərarına əsasən JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin 0.05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi bağlı torpaq sahəsinə baxış keçirilmşdir. Baxış zamanı məlum olmuşdur ki, Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədi ilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərarına əsasən JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin 0.05 ha hissəsi torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİs) sistemində xx.xx.2012-ci il tarixində AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi öz əksini tapmışdır. Lakin JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamışdır, kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində yaşayış məntəqələrinin torpaqlarına aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Müayinə zamanı mübahisə qeydə alınmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(118)-2345/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN-972A KOD 30225018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X12 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması torpaq sahəsinin mövcudluğunu, bir hissəsini üçüncü şəxsə satıldığını və vətəndaşların qanuni istifadəsində olmasını təkzib etmir. Həm iddiaçının, həm də üçüncü şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət gözləntisi vardır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-2345/2024 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclaslarında iştirak etsə də, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, sübutlara düzgün qiymət verilməmiş, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, hazırkı mübahisənin predmetini JN-972A, KOD 30225018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı JN-972A, KOD 30225018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissəsinin dövlət reyestrində qeydinə, bunun üçün də ilkin olaraq bölgü sxeminin tərtib edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, iddiaçı qanuni sahibliyində olan torpaq sahəsinin 0.05 ha hissəsini üçüncü şəxs D.Əliyevə satmışdır. Hazırda aralarında hər hansı mübahisə mövcud deyildir. Cavabdeh Torpağa mülkiyyətə dair şəhadətnamənin TEKUİS sistemində qeydiyyata alınmadığını bildirsə də, alqı-satqı müqaviləsinin həmin sistemdə öz əksini tapdığını bildirmişdir. Torpaq sahəsi üzərində hər hansı mübahisə mövcud deyildir, başqa şəxslərin torpaq sahələrinin koordinaları ilə üst-üstə düşmür. Alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl cavabdeh idarə tərəfindən 1 saylı forma üzrə arayış verilmişdir. Məhkəmə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması torpaq sahəsinin mövcudluğunu, bir hissəsini üçüncü şəxsə satıldığını və vətəndaşların qanuni istifadəsində olmasını təkzib etmir. Həm iddiaçının, həm də üçüncü şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət gözləntisi vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışın sürətindən görünür ki, Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən topaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin arayışda hüquq müəyyənedici sənəd qismində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-972A nömrəli, xx.xx.2005-ci il tarixli şəhadətnamə qeyd olunmuşdur. JN-972A KOD 30225018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonu, Yalama kəndi ərazisindən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsindən 0,05 torpaq sahəsi İddiaçı tərəfindən X1. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sənədlərin surətinə istinad edərək iddianı təmin etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2345/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərardadına əsasən X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Lakin iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 24 yanvar 2024-cü il tarixli, 3-21-3-02/2-679/2024 nömrəli məktubundan görünür ki, arxivdə JN-972A nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə” və onun verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Aparılmış araşdırma zamanı İddiaçı Yəhya oğlunun adının yalnız JN-493 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” üzrə adlı siyahıda aşkar edildiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli müayinə aktından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədi ilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərarına əsasən JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin 0.05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi bağlı torpaq sahəsinə baxış keçirilmşdir. Baxış zamanı məlum olmuşdur ki, Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədi ilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərarına əsasən JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin 0.05 ha hissəsi torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində xx.xx.2012-ci il tarixində AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi öz əksini tapmışdır. Lakin JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamışdır, kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində yaşayış məntəqələrinin torpaqlarına aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Müayinə zamanı mübahisə qeydə alınmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi icraat zamanı sorğular edərək iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi JN-972A, KOD 30225018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə dair məlumatların olmamasını, eyni zamanda elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamasını müəyyən etsə də, iddiaçıya aid sənədlərin mötəbərliyi müəyyən edilməsə də, ancaq sənədlərin surətlərinə istinad etmiş və hüquq normalarının tətbiq edilməsi zamanı yalnışlığa yol vermişdir. Apellyasiya icraatı zamanı da sözügedən məsələnin araşdırılması məqsədilə əlavə zəruri sorğular edilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 "xxxx" MMC-nin 04 dekabr 2024-cü il tarixli, 3-21-3-60/2-2917/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, mərkəzin arxivində JN-972A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, vətəndaşın adı JN-493 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə subyektlərin siyahısında X5 ailəsinin üzvü kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası tərəfindən JN-972A, KOD 30225018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsi ilə JN-493, KOD 30225018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsinin eyni eyni torpaq sahəsi, yoxsa ayrı-ayrı torpaq sahələri olması barədə məlumat verilməsi məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsinin 30 yanvar 2025-ci il tarixli, 3-21-3-34/2-1150/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Xaçmaz rayonu, Yalama kəndində fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən JN-972A, KOD 30225018 “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsi ilə JN-493, KOD 30225018 “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə göstərilən torpaq sahəsi eyni torpaq sahəsi deyildir və ayrı-ayrılıqda yerləşən torpaq sahələridir. Göründüyü kimi iddiaçının istinad etdiyi JN-972A, KOD 30225018 “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə elektron baza məlumatlarında və arxivdə mövcud deyildir. Eyni zamanda iddiaçının iddia etdiyi torpaq sahəsinin Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən ayrılması təkzib olunur. Eyni zamanda müəyyən olunur ki, iddiaçının adı JN-493 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə subyektlərin siyahısında X5 ailəsinin üzvü kimi qeydiyyata alınmışdır. Bu qeyd edilənlər isə onu göstərir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ona Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasında ayrılmamışdır. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən cavabdeh inzibati orqanın xx.xx.2012-ci il tarixli arayışının surətinə və iddiaçının təqdim etdiyi JN-972A, KOD 30225018 “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin surətinə istinad etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi sənədlərdəki məlumatlar arasında uyğunsuzluqlar araşdırılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd arxivdə və elektron baza məlumatlarında mövcud deyildir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi mövcudluğu dəqiq müəyyən edilməyən sənəd əsasında torpaq sahəsi ilə bağlı iddianı təmin etmiş, yalnız torpaq sahəsi üzərində hər hansı mübahisənin mövcud olmaması, başqa şəxslərin torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməməsi, alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl cavabdeh inzibati orqan tərəfindən 1 saylı forma üzrə arayış verilməsi halına istinad etmiş, lakin nəzərə almamışdır ki, torpaq sahəsi ilə bağlı mübahisələr həll olunarkən həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin mötəbərliliyi şübhədənkənar olmalıdır. Habelə 31 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi ona kənd sakini olduğu üçün bələdiyyə tərəfindən ayrılmışdır. Əlavə olaraq iddiaçının tələbi “JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məlumat bazasında olan xəritə üzərində əksini tapmayan və arxivdə mövcud olmayan JN-972A, KOD 30225018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinin yeri göstərilə bilməz. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi JN-972A, KOD 30225018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamənin mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(118)-2345/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-972A, KOD 30225018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsindən 0,05 ha hissədə ayrılmasına dair bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar