Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-962/2023 27.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-3313/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı əlilliyə görə əmək pensiyasının ötən dövrünün ödənilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı DOST Mərkəzindən daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 12.1-ci maddəsinin xx.xx.2014-cü il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq sizə həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlillik müddətinizin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyanızın ödənişi həmin tarixdən dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlilliyinizin müddəti xx.xx.2021-ci il tarixindən İİİ dərəcə olmaqla bərpa olunduğu üçün əlilliyə görə əmək pensiyanızın ödənişi həmin tarixdən 259,78 manat olmaqla bərpa edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 285.28 manat müəyyən edilib. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək 01.01,2023-cü il tarixindən 327,21 manata çatdırılmışdır.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd olunanlara əsasən bildiririk ki, sizin İİİ dərəcə əlilliyiniz xx.xx.2021-ci il tarixindən qüvvəyə mindiyi üçün (xx.xx.2021-ci il tarixindən əvvəl) xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinədək olan dövrlər üzrə fərq məbləğinin sizə ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021- ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə anadan olmuş, hazırda 63 yaşı vardır, ona xx.xx.2014-cü ildən 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş və həmin əlillik dərəcəsinə uyğun olaraq pensiya ilə təmin olunmuşdur. 2016-cı ilədək ildə bir dəfə müayinədən keçmiş və 2016-cı ildə isə ona 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuşdur.Həmin müddət 2021-ci ilin fevral ayında başa çatmış və onun təkrar müayinəyə çağırılmağı səbəbindən ona növbəti 5 il üçün əlillik xx.xx.2021-ci ildə təyin olunmuşdur. Göründüyü kimi arada 4 ay vaxt olmuşdur ki, həmin 4 ayın pensiyası ona ödənilməmişdir, bu da həmin vaxt aldığı pensiya məbləği ilə hesabladıqda 980 manat vəsait edir. Ona əvvəlki əlilliklə son əlillik təyinatı arasındakı müddət 6 aydan az olduğu üçün həmin ödənilməyən ayların da pensiyasının hesablanaraq ona ödənilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır təmin edilməməlidir: Belə ki, İddiaçı xx.xx.2021- ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. İddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilərkən ona xx.xx.2021-ci il tarixdən əlillik müəyyən edilmiş, müraciətində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişiklikdən əvvəlki tarixdə (xx.xx.2021-ci il) müəyyən edildiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3313/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində (xx.xx.2021 - xx.xx.2021) qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1960-ci il tarixdə Cəbrayıl rayonu, Maralyan kəndində anadan olmuşdur. Hazırda 63 yaşı var və xx.xx.2014-cü il tarixdən 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Həmin vaxtdan 2-ci qrup əlillik dərəcəsinə uyğun olaraq pensiya ilə təmin olunmuşdur. 2016-cı ilədək ildə bir dəfə olaraq müayinədən keçmiş və nəticədə hər müayinədən sonra ona yenidən 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2016-cı il tarixdə isə ona 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Həmin müddət isə 2021-ci ilin fevral ayında başa çatmışdır. Bundan sonra isə təkrar müayinəyə çağrılmağı səbəbindən növbəti 5 il üçün xx.xx.2021-ci il tarixdə 2-ci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Bu günə qədər hər bir müayinədən sonra təkrar olaraq 2-ci dərəcəli əlillik davamlı olaraq təyin olunmuşdur. Lakin göründüyü kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək arada qalan 4 ay vaxt olmuşdur ki, həmin 4 ayın pensiyası ödənilməmişdir. Bu da həmin vaxtın aylıq 2-ci qrup əlilliyə görə verilən pensiya məbləği ilə hesabladıqda 980 manat məbləğ olur. Buna görə də ona təyin edilmiş əvvəlki əlilliklə son əlillik təyinatı arasındakı müddət 6 aydan az olduğuna görə həmin ödənilməyən ayların da pensiyası hesablanaraq ona ödənilməlidir. Bütün bunlara əsaslanaraq bu məbləğlərin ödənilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin onu bu müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina verilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən məhkəməyə müraciət etməli oldu. Hazırki iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdi. Nəticədə isə, tamamilə qanunsuz və əsassız olaraq Sumqayıt İnzibati Məhkəməsinin 2-l(118)-3313/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Belə ki, hər kəsin qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə və başqa əsaslara görə sosial təminat almaq hüququ vardır. Bu isə bu hüququn konstitision əsasının olduğunu göstərir. 4 ay ərzində ona verilməli olan pensiya məbləği ödənilmədiyindən cavabdeh tərəfindən konstitision hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə isə göstərilən zaman kəsiyində bu hüququnun pozulmadığını qeyd etmişdir. Lakin məhkəmə bu məsələni əsaslandırmamış və nə üçün bu qənaətə gəldiyini qeyd etməmişdir. Yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur Bu da məhkəmə qərarında eyni şəkildə qeyd edilmişdir. Bu məsələni məhkəmə də eyni şəkildə qəbul etmişdir. Lakin bunun əksinə olaraq iddianı təmin etməmişdir. Həmçinin məhkəmə qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəanın nəzərdə tutulmadığını qeyd edib. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən normanın geriyə tətbiqi Konstitusiya ilə müəyyənləşir. Məhkəmənin özünündə qeyd etdiyi Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi bununla bağlı qayda müıəyyənləşdirib. Qanunlarda isə yeni normaların əvvəlki münasibətlərə tətbiq edilib-edilməməsinə dair çox zamanlarda göstəriş olmur. Əgər norma onun hüquqi vəziyyətinin yaxşılaşdırmasına xidmət edirsə, bu norma bir qayda olaraq geriyə tətbiq edilə bilər. Bütün bunlara baxmayaraq məhkəmə bu normaların əksinə çıxış etmişdir. Nəticədə isə onun konstitision hüquqlarım kobud şəkildə pozulmuşdur. Bundan başqa məhkəmə əlavə etmişdir: “ qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin-iddiaçınm hüquqi vəziyyətini yaxşdaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə özü də qanunun geriyə tətbiqinə yol açan halları ətraflı şəkildə qeyd etmişdir. Buradan da açıq şəkildə görünür ki, sözügedən norma geriyə tətbiq edilərək onun xeyrimə başa düşülməli idi. Lakin məhkəmə bunu düzgün nizamlamamışdır. Həmçinin məhkəmə normanın özündə geriyə tətbiqlə bağlı müddəanın olmamasını əsas gətirir. Lakin hazırki qanunlarda bu məsələylə bağlı geniş praktika yoxdur. Yəni qanunlara yeni norma gətirildikdə onun geriyə tətbiqi ilə bağlı ayrıca norma da qeyd edilmiş. Bu məsələ ümumi şəkildə, yəni Konstitusiya ilə nizamlanır. Məhkəmənin qeyd etdiyi kimi hər normada bu cür müddəanın olması özü də absurd bir məsələ olardı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etiraza uyun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərvaycan Respublikası Qanunun: Maddə 3. Əlilliyin müəyyən edilməsi ..... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 02 iyul 2021-ci il tarixli № 356-VİQD Azərbaycan Respublikası Qanununa əsasən əlavə edilmişdir). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtina və etirazın əsası kimi iddiaçı barəsində əlilliyin müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyindən, əlilliyə görə əmək pensiyasının ödənilməsinin dayandırılması, əlilliyin müddətinin xx.xx.2021-ci il tarixdə bərpa edildiyindən, ona görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edillməsinə dair qanunvericilikdə qeyd edilmiş normanın həmin vaxtı qüvvədə olmaması, sonradan qanunvericiliyə daxil edilməsi hallarına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, iddiaçı barəsində əlilliyin dayandırılması və sonradan əlillik vəziyyətinin qiymətləndirilməklə, əlilliyi olan şəxs hesab edildiyi vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən şəxs məhz müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərar qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, yalnzı müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında xx.xx.2021-ci il tarixdə əlilliyi olan şəxs hesab edilmişdir. Qeyd olunan qanunun normasının tələbinə əsasən iddiaçı məhz xx.xx.2021-ci il tarixdən əlilliyi olan şəxs hesab edilmiş, tələb etdiyi müddətdə əlilliyi olan şəxs qismində çıxış etməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyi bərpa edilmiş olsa da, həmin vaxtı qüvvədə olan qanunvericilikdə ötürülmüş müddət də daxil olmaqla, şəxsin əlilliyi olan şəxs hesab edilməsinə dair hər hansı norma mövcud olmamış, qeyd edilən norma qanunvericiliyə 02 iyul 2021-ci il tarixli müvafiq Qanunla əlavə edilmiş, 25 iyul 2021-ci il tarixdə isə qüvvəyə minmişdir. Qeyd edilən norma isə məhz onun qüvvəyə mindiyi tarixdən sonra yaranan hüquqlara münasibətdə tətbiq edilir. Belə ki, qanunun özündə onun geriyə şamil edilməsinə dair hər hansı norma ehtiva edilməmişdir. Həmçinin, qeyd edilən norma məhz əlilliyi bərpa edilmiş şəxslərlə bağlı yeni normativ tənzimləmə qismində çıxış etməklə, şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran amil kimi ortaya çıxmamışdır. Bu baxımından həmin hala istinad edilməklə, qeyd edilən normanın geriyə qüvvəsinin şamil edilməsi halı özlüyündə yeni normativ tənzimləmənin mahiyyətinə uyğun olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları əsasında müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı olmamışdır.. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. İnzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 3313/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-962/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-962/2023
27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver