Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-965/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: dövlət mənzil fonduna aid mənzilin özəlləşdirilməsi, mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3247/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 287 nömrəli, xx.xx.2024-ci il tarixli sərəncamından görünür ki, yaşayış sahəsi 12,17 kv.metr olan 1 otaqlı ünvan 1-də yerləşən 24 saylı mənzil vətəndaş İddiaçı 3 nəfərdən ibarət tərkibinə təqdim edilmişdir və həmin mənzilə dair onlarla kirayə müqaviləsi bağlanmışdır. Dövlət mənzil fondu yaşayış sahəsinin 08 nömrəli, xx.xx.2024-cü il tarixli kirayə müqaviləsindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB ilə İddiaçı arasında ünvan 1-də yerləşən yaşayış sahəsi 12,17 kv.metr olan 1 otaqlı, 24 saylı mənzilə dair müddətsiz istifadə üçün kirayə müqaviləsi bağlanmışdır. X4 və X5 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, ünvan 1-də yerləşən 24 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazları yoxdur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina bildirişindən görünür ki, müraciətə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (1 oktyabr 2009-cu il) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi, o cümlədən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış və razılıq ərizələri əlavə olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 55, 24 saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 287 N-li, xx.xx.2024-ci il tarixli Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 55, 24 saylı mənzil onun 3 nəfərdən ibarət tərkibinə təqdim edilmişdir və həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanmışdır. Onun 08 nömrəli xx.xx.2024-ci il tarixli müqavilə ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X1 Birliyinin rəisi ilə arasında Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 55, 24 yaşayış sahəsi 12, 17 kvadratmetr olan 1 otağını müddətsiz (daimi) istifadə üçün müqavilə imzalmışdır. Bundan sonra o, 2 saylı Sumqayıt Ərazi İdarəsinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. Lakin, 2 saylı Sumqayıt Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərmişdir. Cavabdehin imtinası tam əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla bağlı olaraq müraciətə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (1 oktyabr 2009-cu il) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi, o cümlədən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış və razılıq ərizələri əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. Qeyd olinanlara əsasən iddia tələbi mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3247/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil 2024-cü ildən İddiaçı və ailə üzvlərinin istifadəsindədir. Həmin mənzil ilə bağlı müvafiq icra hakimiyyəti ilə bağlı kirayə müqaviuləsi bağlanmışdır. İddiaçı həmin mənzili üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh təşkilat imtinanın əsası kimi mənzilə dair verilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 287 nömrəli, xx.xx.2024-cü il tarixli Sərəncamının qanunauyğun şəkildə verilməməsidir. Cavabdehin imtinası qanuni olduğundan iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, müvafiq mənzil iddiaçıya və onun ailə üzvlərinə dövlət mənzil fondu yaşayış sahəsinin kirayəsi kimi verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 287 nömrəli, xx.xx.2024-cü il tarixli Sərəncamın ilə həmin mənzilin iddiaçının adına rəsmiləşdirilməsi təsdiqlənmişdir. Qeyd edilən sərəncam xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 may tarixli, 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 1.3 Bəndi). Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində dövlət nəzarətini həyata keçirən qurumdur. Göründüyü kimi, yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılmasının müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında deyil, məhz Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı əsasında həyata keçirilməsi dəqiq, imperativ və birmənalı şəkildə qeyd edilmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsanamədə də yerli icra hakimiyyəti orqanının belə bir səlahiyyətə malik olmasına, o cümlədən bununla bağlı istisna qaydaya dair hər hansı norma nəzərdə tutulmamışdır. Belə olan halda hazırkı iş üzrə müvafiq icra hakimiyyəti orqanının yaşayış sahəsinə dair sərəncamı qanunauyğun olmamışdır. Bu səbəbdən də həmin sərəncam indiki halda müvafiq yaşayış sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün əsas hesab edilə bilməz. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında ona 1-ci qrup əlilliyinə və yoldaşının 2-ci qrup əlilliyinə görə ömürlük kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsində uzun illərdir yaşayır. Həmin evdə rəsmi qeydiyyatda ailə üzvləri - oğlu X9 və həyat yoldaşı X3 yaşayırlar. Evin özəlləşdirmək üçün bütün zəruri sənədləri toplayıb, ailə üzvlərinin notarial qaydada razılıq ərizələrini təqdim etmişdir. Lakin Sumqayıt İnzibati Məhkəməsi işə baxaraq onun xeyrinə qərar qəbul etməmişdir. Halbuki, qanunvericiliyə əsasən ömürlük kirayə müqaviləsi ilə verilmiş mənzillərin özəlləşdirilməsi mümkündür və vətəndaş həmin hüquqdan istifadə edə bilər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... Maddə 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ..... “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 48. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1. bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Maddə 56.4. Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Maddə 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Maddə 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Maddə 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; .... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı birinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığından, bu əsasla dövlət mənzil fondundan ona verilmiş mənzili özəlləşdirmək, mənzilə dair öz adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən müraciətə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (1 oktyabr 2009-cu il) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi, o cümlədən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış və razılıq ərizələri əlavə olunmadığından, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən birinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qimsində uçota alınmışdır. Daha sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının növbədənkənar mənzillə təmin edilməsi öhdəliyi müvafiq icra hakimiyyəti orqanının üzərinə qoyulmuşdur. Bundan sonra müvafiq icra hakimiyyəti orqanının 05 aprel 2024-cü il tarixli 287 №li sərəncamı ilə iddiaçı ilə sözügedən mənzilə dair mənzil kirayə müqaviləsinin bağlanılması və mənzilin təqdim edilməsi qərara alınmışdır. Daha sonra idiaçı ilə müvafiq icra hakimiyyəti orqanı arasında xx.xx.2024-cü il tarixdə dövlət mənzil fonduna aid yaşayış sahəsinin kirayə verilməsinə dair müqavilə bağlanılmış, həmin müqavilə əsasında sözügedən mənzil iddiaçının ailə üzvləri ilə birlikdə yaşaması üçün daimi istifadəsinə verilmiş, həmin müqavilənin məzmununda mənzilin mülkiyyətə verilməsi ilə bağlı hər hansı əsaslar və ya şərtlər nəzərdə tutulmamışdır. Göründüyü kimi indiki halda iddiaçı məhz yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındığından, növbədənkənar mənzillə təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının 2024cü il tarixli sərəncamı əsasında onunla mənzil kirayə müqaviləsi bağlanılmışdır. Kollegiya işin mübahisəli halları ilə bağlı ilk növbədə onuq eyd edir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzillə təmin edilməsi ilə bağlı mübahisəli münasibətlər 2024-cü il tarixdə (növbədənkənar mənzilə təmin edilmə üçün əsaslar 2022-ci ildə yaranmış, mənzil kirayə müqaviləsi 2024-cü ildə bağlanılmış) yarandığından, mübahisəli hüquq münasibətləri məhz 1 oktyabr 2009-cu il tarixdən sonra qüvvəyə minən Mənzil Məcəlləsinin normaları əsasında tənzimlənir. Yuxarıda istinad edilən mənzil qanunvericiliyi normasına əsasən 1 oktyabr 2009-cu il tarixdən sonra verilmiş sosial və xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələri özəlləşdirilmir, yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər (Mənzil Məcəlləsinin 146.2, 146.3-cüi maddəsi). Həmçinin, Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməs barədə Azərbaycan respublikası Prezidentinin 2009-cu il 27 avqust 153 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən həmin maddədə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Məhkəmə kollegiyası yuxarıda istinad edilən qanunvericilik normalarını qarşılıqlı təhlil edərək, onu qeyd edir ki, indiki halda dövlət mənzil fonduna aid olan mənzilin özəlləşdirilməsi üçün həmin mənzilin Mənzil Məcəlləsinin qanuni qüvvəyə mindiyi vaxtadək (1 oktyabr 2009-cu il tarixədək) mənzili özəlləşdirmək hüququ mövcud olduğu halda və ya Mənzil Məcəlləsi qanuni qüvvəyə mindiyi tarixdən sonra isə verilmiş mənzilin özəlləşdirilməsinin qanunla yol verildiyi halda mümkündür. İndiki halda iddiaçıya münasibətdə Mənzil Məcəlləsinin 146.1-ci maddəsində qeyd edilmiş hallar mövcud olmamışdır (mənzil 2024-cü il tarixli mənzil kirayə müqaviləsi əsasında verilmişdir). Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi Mənzil Məcəlləsinin 146-ci və 59-cu maddəsinin dispoztiv şərtəri ilə uzlaşmamışdır. Başqa sözlə desək, qeyd edilən yaşayış sahəsi imtiyazlı şəxsə Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra verildiyindən və dövlət mənzil fonduna aid mənzil kimi çıxış etdiyindən, həmin mənzilin özəlləşdirilməsi yalnız qanunla müəyyən edildiyi qaydada və hallarda mümkündür. İndiki halda iddiaçıya münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi norma halı da mövcud olmamışdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, sözügedən yaşayış sahəsi dövlət mənzil fonduna aid olduğundan, həmin mənzil imtiyazlı şəxsə Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra verildiyindən, habelə mənzilin özəlləşdirilməsini mümkün edən xüsusi normanın mövcudluğu müəyyən edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, iddia tələbi əsaslı olmamışdır. Eyni zamanda kollegiya iddiaçının istinad etdiyi arqumenti ilə bağlı onu qeyd edir ki, sözügedən mənzilin iddiaçının daimi istifadəsinə verilməsi halı mənzil qanunvericilik normasında təsbit edilmiş mənzil kirayə müqaviləsinin mahiyətindən irəli gəlməklə, həmin hal qanunvericilikdə həmin mənzilin özəlləşdirilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Başqa sözlə desək, mənzil kirayə müqaviləsi məhz həmin mənzilin iddiaçının daimi istifadəyə verilməsi halını tənzimləyir, həmin hal mənzilin özəlləşdirilməsinə əsas olan qanunla müəyyən edilmiş hal kimi çıxış etmir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3247/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-965/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-965/2025
23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver