Məhkəmə qərarları › İş №2-1(105)-969/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-969/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-969/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 avqust 2025ci il tarixli, 2-1(118)-5723/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, 4 uşaq anasıdır. Əmək kitabçasında olan məlumatlara görə o, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Sumqayıt 35 saylı texniki peşə məktəbində təhsil almış, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt Superfosfat zavodunda laborant, xx.xx.1983cü il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan SSR Sənaye Tkinti Nazirliyinin Mənzil Kommunal Kontorunda xadimə, xx.xx.1987-ci il tarixdən 08.11.191-ci il tarixədək 1 №-li Yeni Bakı Broyler Fabrikində, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "Azərmənziltəmir-tikintilayihə" Respublika İB-nin Qeyri-standart avadanlıq və əşyalar istehsalı müəssisəsində anbardar, xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək həmin müəssisənin kadrlar şöbəsində işləmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubuna əsasən,təqdim edilmiş sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 15 il 1 ay 5 gün təşkil edir. Fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 1 ay 5 gün sığorta stajına uyğun olaraq, 14517,54 manat, xx.xx.2007-ci il tarixindən xx.xx.2007-cı il tarixinədək 412,53 manat olmaqla, ümumilikdə 14930,07 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətindəki xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək(əmək fəaliyyəti qeydində qaralamalar var) və xx.xx.1999-cu il tarixindən xx.xx.2007-cu il tarixinədək (əmək fəaliyyəti qeydlərində latın və kiril əlifbasından qarışıq istifadə edilmişdir) olan dövrləin doldurulma qaydası pozulmuşdur. Eyni zamanda bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən, xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999cu il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmiş və iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasındna imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, "Azərmənziltəmir-tikintilayihə" Respublika İB-nin Qeyristandart avadanlıq və əşyalar istehsalı müəssisəsində işlədiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci il tarixədək dövrlərin sığortalı staja daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı "Azərmənziltəmirtikintilayihə" Respublika İB-nin Qeyri standart avadanlıq və əşyalar istehsalı müəssisəsində işlədiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999- cu il tarixindən xx.xx.2007-ci il tarixədək dövrlərin sığortalı staja daxil edilməklə xx.xx.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 4 uşaq anasıdır. O, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Sumqayıt 35 saylı texniki peşə məktəbində təhsil almış, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt Superfosfat zavodunda laborant, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan SSR Sənaye Tkinti Nazirliyinin Mənzil Kommunal Kontorunda xadimə, xx.xx.1987-ci il tarixdən 08.11.191-ci il tarixədək 1 №-li Yeni Bakı Broyler Fabrikində, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "Azərmənziltəmirtikintilayihə" Respublika İB-nin Qeyri-standart avadanlıq və əşyalar istehsalı müəssisəsində anbardar, xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək həmin müəssisənin kadrlar şöbəsində işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə rəsmi qaydada müraciət etmişdir. Lakin cavabdeh özünün xx.xx.2025-ci il tarixli 3-171/2-21- 43701/2025 saylı məktubu ilə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən xx.xx.2025-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 15 il 1 ay 5 gün təşkil edir ki, bu da yuxarıda qeyd edilən Qanunun 7-ci maddəsində təsbit olunmuş 25 il sığorta stajından azdır. Eyni zamanda, İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 1 ay 5 gün sığorta stajına uyğun olaraq, 14517,54 manat, xx.xx.2007-ci il tarixindən xx.xx.2007-cı il tarixinədək 412,53 manat olmaqla, ümumilikdə 14930,07 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildiririk ki, Mərkəzi Filial tərəfindən İddiaçı sığorta stajı ilə bağlı iki hal mübahisələndirilmişdir: Əmək fəaliyyəti qeydində qaralamalar olduğundan xx.xx.1991 -ci il tarixindən xx.xx.1998- ci il tarixinədək olan dövr; Əmək fəaliyyəti qeydlərində latın və kiril əlifbasından qarışıq istifadə edildiyindən xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövr. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasında qeyd edilmiş illərə dair doldurulma qaydaları müəyyən edilmiş və onların pozulması qanunla qadağan edilmişdir. Lakin buna baxmayaraq iddiaçının əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulmuş, əmək fəaliyyəti qeydində qaralamalar mövcuddur və əmək fəaliyyəti qeydlərində latın və kiril əlifbasından qarışıq istifadə edilmişdir. Bununla bağlı iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(118)-5723/2025 nömrəli nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı əmək kitabçasında əksini tapmış "Azərmənziltəmir-tikintilayihə" Respublika İB-nin Qeyri standart avadanlıq və əşyalar istehsalı müəssisəsində işlədiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci il tarixədək dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. (hakim Mehriban Mahmudlu- Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulması həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil deyildir. Belə ki, əmək kitabçasının düzgün və qanunverciliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır. Mübahisəli dövr iddiaçının sosial sığorta stajına daxil edildikdə onun sosial sığorta stajı 26 ilə yaxın təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas yaradır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdhein nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etid. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 16 yanvar 2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtina cavabını əsaslandırarkən iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına və ya pensiya kapitalına malik olmaması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) şəxsin 65 yaşına (hazırki halda 64 yaşına) çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilmişdir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, onun xx.xx.2025-ci il tarixdə pensiya yaşına - 64 yaşa çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr qeyd edilərkən qaralamaya yol verilmiş və xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrə aid qeydlərdə latın və kiril əlifbasından qarışıq istifadə edilmişdir. Bu səbəbdən həmin dövrlər cavabdeh tərəfindən sığorta stajına qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının göstərilən dövrlərdə həmin müəssisədə işləməsi mötbərə sübut olan əmək kitabçası ilə təsdiq edilir. xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrə aid qeyddə iki hərf qaralanmış (bir hərfin üstü iki dəfə qələm ilə aparılmış), digər qeyddə isə «и» hərfinin üstündə nöqtə qoyulmasını cavabdeh latın qrafikası kimi qiymətləndirilmişdir. Əvvəla məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bununla bağlı qiymətləndirilməsini düzgün hesab edərək qeyd edir ki, əmək kitabçasınını doldurulması işəgötürənin vəzifəsidir, bu səbəbdən işçinin uzun illər işlədiyi stajı rədd edilə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, bu nöqsanlar cüzi olmaqla, Azərbaycan Respublikasının kiril əlifbasından latın qrafikalı əlifbasına keçid dövrünə aiddir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərə aid iddiaçının işə qəbul və işdən azad olunması barədə qeydlər məhz ona məxsus olan əmək kitabçasında qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qeydlərin mötəbərliyi şübhə altına alınırsa, məhz sübutetmə öhdəliyi də onun üzərinə düşür Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi hal ilə bağlı qeyd edir ki, əmək kitabçasının qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə doldurulması məhz işəgötürənin vəzifəsi kimi çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının həmin müəssisədə işləməsi halı iş materialları əsasında təsdiq edildiyi halda, yalnız qeyd edilən əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşıdırlması ilk növbədə qanunvericiliyin norma prinsiplərinin tələbinə zidd olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)- 594/2021 saylı qərarı) Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Məhkəmə kolegiyası hesab edir ki, cavabdehin göstərdiyi dəlillər iddiaçının ziyanına təfsir edilə bilməz. Belə ki, indiki halda iddiaçının həmin müəssilərdə işlədiyi dövrlərə aid əmək kitabçasında müvafiq qeydlər olduğundan, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən sosial sığorta stajının müəyyən edilməsində əsas rəsmi sənəd qismində əmək kitabçası çıxış etdiyindən, indiki halda həmin qeydlərin mötəbər olmaması halı müəyyən edilmədiyindən və bu hal təsdiq edilmədiyindən, dolayısı ilə həmin qeydləri təkzib edən hər hansı hal müəyyən edilmədiyindən, həmin dövrlər iddiaçının iddia tələbinə uyğun olaraq, sosial sığorta stajına daxil edilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyindən, iddiaçının 25 ildən artıq sosial sığorta satjı tamamlanmış olur. Nəticə etibarilə iddiaçı qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatdığından və 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, habelə mübəhisəli dövrlərə aid əmək kitabçasında qeydlər olduğundan, həmin qeydləri təkzib edən hal müəyyən edilmədiyindən, apellyasiya şikayəti əsassız hesab edilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bununla yanşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddia tələbi təmin edilməli və İddiaçı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fodnu publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(118)-5723/2025 nömrəli nömrəli qərarı dəyişdirilsin, iddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fodnu publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar