Məhkəmə qərarları › İş №2-1(105)-97/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-97/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-97/2022 04.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əhmədov Elman Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1100/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 may 1992-ci ildən 20 mart 199Ncü ilə qədər 706, 810, N və N saylı hərbi hissələrin tərkibində leytenant rütbəsində bölük komandirinin müavini vəzifəsində hərbi xidmət kecmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Buna baxmayaraq müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 05.12.2019-cu il tarixli cavab məktubu ilə ona imtina edilmiş və N (, 850) saylı hərbi hissə komandirlərinin may, avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumatın aşkar olunmaması və N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyi Mərkəzi Arxivinə daxil olmaması bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1100/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər X4 -məruzəçi, Babayeva Hökümə Çingiz qızı və X1 2-1(105)- 104/2021 saylı iş) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1100/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021ci il tarixli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1276/ 2021 saylı, 04 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2- 1(105)-104/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir (sədrlik edən və məruzəçi hakim X2, hakimlər XN və X5). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin döyüşlərdə iştirak etmiş və hərbi xidmətdən qanuni əsaslarla buraxılan şəxslərə münasibətdə müharibə veteranı adı vermək öhdəliyi var. İddiaçı iddia ərizəsində 25.05.1992-ci il tarixdən 20.0N.199N-cü il tarixədək 706,810, N və N saylı hərbi hissələrin tərkibində leytenant rütbəsində bölük komandirinin müavini vəzifəsində xidmət keçdiyini, döyüşlərdə iştirak etdiyini göstərmişdir. İddiaçı zabit olmuşdur, zabitlərin hərbi xidmətdən ehtiyata buraxılması fərdi qaydada, müvafiq səlahiyyətli şəxsin əmri İlə həyata keçirilir. N saylı hərbi hissə komandirinin N №-li 04.01.9N-cü il tarixli əmrində göstərilir ki, aşağıda adları çəkilən könüllü olaraq N-cü taburda hərbi xidmətdə olan hərbiçilər Müdafiə nazirinin könüllülər haqda əmrinə müvafiq olaraq 01.01.9N-cü ildən tutduqları vəzifələrdən azad edilsindlər. Şəxsi heyətin siyahısından çıxarılıb qeydiyyat üçün hərbi komissarlıqlara göndərilsin. N9. İddiaçı. Məhkəmə Müdafiə nazirinin istinad olunan əmrini tələb edib işin materiallarına əlavə etməmiş, onun mahiyyətini araşdırmamışdır. Halbuki, belə əmrlər hərbi hissədən, xidmət yerlərindən özbaşına getmiş hərbi qulluqçuların şəxsi heyətin siyahısından çıxarılması məqsədi ilə verilirdi. Məhkəmənin qərarında istinad etdiyi sübutlarda da ziddiyyətlər vardır. Məhkəmə həmin ziddiyyətlərin səbəbini araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. Belə ki, qərarda qeyd olunur ki, QR 048409 N°-li hərbi biletdən görünür ki, İddiaçı 25.05.1992-ci ildən 20.0N.199N-cü il tarixədək hərbi xidmət keçərkən Laçın və Qubadlı rayonlarının bir sıra kəndləri uğrunda gedən döyüşlərdə bölük komandirinin müavini kimi fəal iştirak etmişdir. Məhkəmə qərarında göstərir ki, İş materiallarında olan N saylı hərbi hissə komandirinin 1N1 saylı N0.08.1992-çi il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı 01 avqust 1992-ci ildən N nömrəli hərbi hissədə müqavilə şərti ilə xidmət etmişdir. N və N nömrəli hərbi hissə komandirlərinin əmrləri ilə iddiaçının 01 avqust 1992-ci ildən 01 yanvar 199N-cü ilə kimi xidmətdə olması müəyyən olunur. Belə bir məqama da diqqət yetirilməlidir ki, iddiaçının şəxsi heyətin siyahısından çıxarılması barədə əmr 04 yanvar 199N-cü ildə verilsə də, onun şəxsi heyətin siyahısından çıxarılmasının əvvəli 01 yanvar 199N-cü il göstərilmişdir. İddiaçının uzun müddət müharibə veteranı adı alması üçün müraciət etməməsinin səbəbi də araşdırılmamışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv olunmaqla iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının hərbi xidmət dövrünə aid onun xidmət etməsini göstərən sübut və dəlil olmadığına görə ona veteran statusunun verilməsi əsassızdır. Həmçinin iddiaçı hərbi xidmət zamanı xidmət yerində olmamış və şəxsi heyətin siyahısından çıxarılmışdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmaqla iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1100/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməklə iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Birinci inctansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sübutlarla onun döyüş əməliyyatlarında iştirak etməsi təsdiqlənir və onun hərbi xidmətə daxil olması barədə məlumatın təsdiq edilməməsi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının hərbi biletində apardığı qeydlər, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv arayışı ilə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və qanunauyğun şəkildə təxris edilməsi təsdiq edilir. Göstərilən sübutlar mövcud olduğundan onun hərbi xidmətə qəbul edilməsi barədə sübutun təqdim edilməsi formal xarakter daşıyır. Lakin birinci inctansiya məhkəməsi iddiaçının qanuni əsaslarla hərbi xidmətdən buraxılmasına və zabit kimi şəxsi heyətin siyahısından qanuni əsaslarla çıxarılmasına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı birinci inctansiya məhkəməsində verdiyi izahatında qeyd etmişdir ki, 1992-ci ilin qış aylarında xəstələnmiş, bununla əlaqədar Bakıya göndərilmiş, xəstəliklə əlaqədar hərbi xidmətini davam etdirə bilməmişdir (i/v 25). Bununla əlaqədar iddiaçı məhkəmə kollegiyasının iclasında həmin verdiyi izahata aydınlıq gətirərək göstərmişdir ki, həmin vaxt xəstə olduğundan Bakıya hərbi qospitala müalicə üçün göndərilmiş, lakin o bundan imtina etmiş və fərdi qaydada müalicə olunmuş, bundan sonra isə hərbi xidmətini davam etdirməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının qanuni əsaslarla hərbi xidmətdən buraxılması, yəni tərxis olunması iş materialları ilə təsdiq olunmur. Budan əlavə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsi məhkəmə kollegiyasının sorğusuna cavab olaraq 27.01.2022-ci il tarixli 176 №-li məktubuda qeyd etmişdir ki, 1965-ci il təvəllüdlü istefada olan zabit leytenant İddiaçı şəxsi işinin xidmət dəftərçəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsi aşkar olunmamışdır. Budan əlavə leytenant İddiaçı müraciəti ilə əlaqadar, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər idarəsi Mərkəzi arxivindən onların sorğusuna əsasən daxil olmuş məktubun surəti məhkəmə kollegiyasına göndərilmişdir. Həmin məktubda aşağıdakılar qeyd olunmuşdur: “Sizin 21.11,2019-cu il tarixli N121 №-li sorğunuza cavab olaraq bildiririk ki, Müdafiə nazirinin könüllülər haqqında əmrinə əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin 04.01.199N-cü il tarixli N №-li əmrilə (əsas: səh.9, §7, sıra-N9, qeyd: əmrdə hərbi rütbəsi qeyd olunmamışdır) 01.01.199N-cü il tarixdən tutduğu vəzifədən azad olunaraq şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyat üçün hərbi komissarlığa göndərilmişdir”. Yuxarıda şərh olunanlardan göründüyü kimi iddiaçının qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması iş materialları ilə təsdiq olunmur. Buna görə iddianın təmini üçün hüquqi əsaslar mövcud deyildir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1100/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməklə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1100/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 119N-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar