Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-971/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X6 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(118)- 3379/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktla müəyyən olunur ki, Köhnə Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə həmin bələdiyyənin ərazisində 0,10 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. İddiaçı tərəfindən ******* manat haqq ödənilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. DTXK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyində qeyd edilmişdir ki, fərdi mənzil tikintisi məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi Köhnə Xudat bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Köhnə Xudat bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarına aid olmaqla satılması məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Köhnə Xudat bələdiyyəsinin bank hesabına ******* manat məbləğində ödəniş edilmişdir. Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 121 nömrəli arayışından görünür ki, Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə satılmış 0,10 ha torpaq sahəsinin qərarı qüvvədədir və çıxarış verilməsinə bələdiyyənin etirazı yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı və 19 oktyabr 2007-ci il tarixli torpaqların alqı- satqısına dair aktına əsasən ayrılmış Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb adına çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə həmin torpaq sahəsinə dair İddiaçı hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb çıxarış və plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Köhnə-Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı bələdiyyənin ehtiyat fondundan 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərar əsasında İddiaçı Köhnə-Xudat bələdiyyəsinin sədri A.Babayev və DT və XK Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanov arasında 19 oktyabr 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt bağlanmış, həmin akt İddiaçı, bələdiyyənin sədri və torpaq şöbəsinin müdiri tərəlmdən imzalanmaqla, göstəlilən idarələrin möhürləri ilə təsdiq edilmişdir. Alqı-satqısına dair aktda qeyd olunur ki, akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 19 oktyabr 2007-ci il tarixdə 5360 saylı qeydə alınmışdır. Torpaq sahəsinin dəyəri olan 1110 000 manat İddiaçı tərəfindən Köhnə-Xudat bələdiyyəsinin hesabına ödənilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqlarımın dövlət reyestrində qeydiyyata alınıb müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün bütün sənədləri əlavə etməklə xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin rəisi Qərib Həsənovun imzası ilə X1 xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-15953/2024 saylı məktubla rədd cavabı verilmişdir. Məktubda qeyd olunur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi 0,10 ha torpaq sahəsi üçün tərəfinizdən Xaçmaz rayonu, Köhnə-Xudat bələdiyyəsinin xx.xx.2007- ci il tarixli, 12 saylı qərarı və torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş Xaçmaz rayonu, Köhnə Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı, torpaqların alqı-satqısına dair aktın Xaçmaz rayon Dövlət Arxivinə təqdim edilibedilməməsi barədə məlumatın verilməsini və təqdim edildiyi halda həmin sənədlərin arxiv surətlərinin Ərazi İdarəsinə göndərilməsi baıədə sorğu göndərilmişdir. Sorğuya verilmiş cavab məktubuna əsasən bildirilmişdir ki, Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinin sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir. Bundan əlavə, ərizənizə əlavə olunmuş 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışda isə torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçməmişdir. Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışda torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(118)- 3379/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsi satılmış, sonuncu tərəfindən bələdiyyənin bank hesabına müfaviq qaydada ödəniş edilmişdir və bununla bağlı qəbz iş materiallarına əlavə edilmişdir. Hazırkı halda cavabdeh orqanın etirazı alqı-satqı aktının ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsinə əsaslanır. Həmin aktın qanunvericiliyə uyğun şəkildə tərtib olunması ilə bağlı öhdəlik iddiaçının deyil, bələdiyyənin vəzifəsi olmaqla onun üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı qanunvericiliyə və alqı-satqı müqaviləsinin tələblərinə cavab verməklə müvafiq qaydada ödənişi həyata keçirmişdir ki, bu da öz növbəsində onun etibarlı olmasına dəlalət verir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib, onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə digər imtina səbəbi olan 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışda isə torpaq sahəsinin ölçüləri göstərilməməsinə münasibətdə qeyd edir ki, yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. İddiaçıya müvafiq qərarla torpaq sahəsi ayrılan zaman yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçülərinin göstərilməməsində iddiaçının təqsiri yoxdur. Həmin çıxarışda torpaq sahəsinin yerləşdiyi yer qeyd edilmişdir. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda ölçülərin göstərilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır. Həmçinin Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinin müvafiq qərarı arxivə təhvil verilməsə də, məhkəmənin sorğusuna cavab olaraq Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsi tərəfindən bələdiyyənin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı və digər sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla ilə eyni məzmundan əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin daxildən diametri 300 mm olan qaz xətti keçir. Qaz xəttinin mühafizə zolağı çıxıldığqan sonra torpaq sahəsi 550 kv m təşkil edir. 550 kv m ölçüdə torpaq sahəsi üzrərində çıxarışın verilməsi ilə əlaqədar iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizə təqdim etmişdir. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən göstərilənlərlə bağlı müayinə aktı təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən torpaq sahəsində faktiki azalma və qaz xəttinin qoruma zolağı nəzərə almadan 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququ müəyyən edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəitinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş hallarından görünür ki, Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı fərdi ev tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin torpaq sahəsinin mqabilində ddiaçı tərəfindən Köhnə Xudat bələdiyyəsinin bank hesabına ******* manat məbləğində ödəniş edilmiş, torpaqların alqısatqısına dair akt tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının müvafiq kitabda qeydiyyatdan keçməməsi, yerquruluşu plandan çıxarışda torpaq sahəsinin ölçüləri kimi dəlillər özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. İşin hallarından müəyən edilir ki, İddiaçı ilə Köhnə Xudat bələdiyyəsi arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair akt DTXK-nin Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanov tərəfidən də imzalanmış və həmin şöbədə xx.xx.2007-ci il tarixdə 5360 sayla qeydə alınmışdır. Hazırda həmin qeydin aşkar edilməməsi və ümumiyyətlə sənədlərin Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid məsələr deyildir. Bundan başqa sənədlər arxivə təhvil verilməsə də, torpaq sahəsini ayıran orqan – Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsi torpaq sahəsinin həqiqətən də iddiaçıya satılmasını təsdiq edir və mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmədiyini bildirir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən torpaq sahəsinin ölçüləri ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, 0.10 ha torpaq sahəsi naturada mövcuddur, mütəxəssis müayinə aktında torpaq sahəsinin qaz xəttinin mühafizə zolağına düşən hissəsini çıxdıqdan sonra yerdə qalan hissəsinin 0.0550 ha olmasını qeyd etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq, verilən və istifadə olunan qazın miqdarını təyin etmək və ya qaz nəqli və təchizatı tələb olunmayan halda qaz qurğularını açmaq məqsədilə podratçının müvəkkil edilmiş əməkdaşları və qaz ekspertləri xüsusi mülkiyyətdə olan sahəyə daxil olmaq hüququna malikdirlər. Podratçı və qaz ekspertləri həmin fəaliyyəti ilə mülkiyyətçiyə vurulan ziyanı ödəməlidir. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyəməxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir. Qəza halları istisna olmaqla, torpağın və ya binanın sahibi tərəfindən onun mülkiyyətində olan sahəyə müdaxiləyə və qaz fəaliyyəti göstərməyə icazə verilməyə bilər. Bu, qaz fəaliyyəti göstərmək istəyən şəxsin iş vaxtından kənar müdaxilə etmək istədiyi və ya podratçının və ya müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun ona mülkiyyətində olan sahəyə müdaxilə etmək icazəsi haqqında yazılı sənədin əslini təqdim etmədiyi və ya müdaxilə etmək istəyən şəxs öz şəxsiyyətini təsdiqləyə bilmədiyi hallarda baş verə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən Qanunda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına və mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Həmçinin, qeyd edilən qanunvericilik normasının təhlilindən aydın olur ki, torpaq sahəsinin qaz xəttinin mühafizə zonasına düşməsi halı onun torpaq sahəsinə dair hüququndan məhrum etmir, sadəcə olaraq torpaq sahəsinin mülkiyyətçiləri, istifadəçiləri, icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olmaqla, həmin sənədlərin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsaslar müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(118)-3379/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-971/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-971/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver