Məhkəmə qərarları › İş №2-1(105)-973/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-973/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-973/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı iş üzrə (X2 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı “Qusar rayonu Yasab Bələdiyyəsinin 16 avqust 2010-cu il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-397/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayonu Yasab Bələdiyyəsinin 16 avqust 2010-cu il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu keçmiş Telman sovxoz direktorunun 318 saylı xx.xx.1994-cü il tarixli əmri ilə Qusar rayonu, Yasab kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona verilmişdir. Həmin torpaq sahəsinin eskiz-layihəsi hazırlanmaqla ona təhkim edilmişdir. Daha sonra isə onun tərəfindən həmin torpaq sahəsində layihəsi Qusar Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmaqla fərdi yaşayış evinin inşa olunmasına başlanmışdır. Əvvəlcə orada yarımçıq tikili inşa olunmuş, 2021-ci ildə isə onun tapşırığı ilə qardaşı X5 tərəfindən tikinti işləri davam etdirilmişdir. 2021-ci ildə X6 adlı şəxs qardaşı X7 barəsində Qusar rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus torpaq sahəsinin guya qardaşı tərəfindən zəbt olunmasını bildirmişdir. Həmin şəxsin ərizəsi əsasında araşdırma aparılmış, araşdırma zamanı o torpaq sahəsinə dair adına olan hüquqmüəyyənedici sənədləri təqdim etmiş və Qusar RPŞ-nin İB-nin xx.xx.2021-ci il tarixli qərarı ilə X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qusar RPŞ-nin İB-də araşdırma aparılarkən məlum olmuşdur ki, Qusar rayonu Yasab bələdiyyəsi ona məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsinə dair əvvəlcə öz adına Çıxarış almış, daha sonra isə həmin torpaq sahəsini Namiq Nəcəfova satmışdır. Bundan sonra vəkili vasitəsi ilə aidiyyəti qurumlara sorğular verilmiş və 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04 aprel 2023-cü il tarixli 3-21-3-34Ə2-3782/2023 saylı məktubu ilə bildirilmişdir ki, Qusar rayonu Yasab kəndində yerləşən, xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli çıxarışla Yasab bələdiyyəsinə məxsus 0.12 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli 4Ə/01-158 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş, lakin hal-hazıradək dövlət reyestrində X2 adına Çıxarış işlənməmişdir. Bundan sonra vəkil sorğusuna cavab olaraq 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-1051/2023 saylı məktubu ilə Qusar rayonu keçmiş Telman sovxoz direktorunun 318 saylı xx.xx.1994-cü il tarixli əmri ilə ona verilmiş, Qusar rayonu Yasab kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair Qusar rayonu Yasab bələdiyyəsinin adına Çıxarışın verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Həmin sənədlərə nəzər saldıqda məlum olur ki, Qusar rayonu Yasab bələdiyyəsi ona verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılması ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurana başlanılması barədə 16 avqust 2010-cu il tarixli 09 saylı qərar qəbul edilmişdir. Qusar rayon Dövlət Arxivinə vəkili tərəfindən sorğu verilərək Qusar Rayon Yasab Bələdiyyəsinin 16 avqust 2010-cu il tarixli 09 saylı qərarının təqdim edilməsi xahiş edilmiş və arxiv tərəfindən sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubu ilə cavab verilərək qeyd edilən 16 avqust 2010-cu il tarixli 09 saylı qərarın arxivdə aşkarlanmadığı bildirilmişdir. Qusar rayonu Yasab bələdiyyəsinin həmin qərarı qanunsuz və əsassız olmaqla iddiaçının qanuni mənafeyini, torpaq sahəsi üzərində malik olduğu əmlak hüququnu pozmuşdur. Həmin vaxt hələ bələdiyyələr mövcud deyildi və həmin torpaq sahəsi onun əvəzsiz mülkiyyətinə verilməli olan torpaq sahəsidir. Göründüyü kimi, yuxarıda qeyd etdiyi 0.12 ha həyətyanı torpaq sahəsi islahat zamanı onun mülkiyyətinə verilməli olan torpaq sahəsidir, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına hər hansı hüquqi maneə olmamış, hazırda da yoxdur. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu qanun əsasında əldə etmişdir. Belə olan halda, həmin torpaq sahəsi üzərində Qusar rayonu Yasab bələdiyyəsinin sərəncam səlahiyyəti olmamış və bu səbəbdən də, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi üçün müvafiq prosedurlara başlamaq barədə qərar qanunsuz və əsassızdır. Bələdiyyə mülkiyyətinə verilə bilməzdi. Həmin torpaq sahəsinin ona verilməsi, həmin torpaq sahəsinin məhz hansı torpaq sahəsi olması barədə Qusar rayonu Yasab bələdiyyəsinin özü tərəfindən də sxem çəkilib verilmişdir. Həmin torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahələrinin və fərdi yaşayış evlərinin sahibləri də yaxşı bilirlər ki, həmin torpaq sahəsi uzun müddətdir ki, ona məxsusdur, onun istifadəsindədir. Üçüncü şəxs iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Qusar rayonu Yasab Bələdiyyəsinin ərazisində yerləşən 2 torpaq sahəsi 1. 0.24 ha Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AA 016589 və şəhadətnamə və xx.xx.2011-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və 2. 0.12 ha Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestr nömrəsi **********38 çıxarış torpaq sahəsinin planı və ölçüsü BN-086682 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətindədir. 2021-ci il fevral-mart aylarında Qusar rayon Yasab kənd sakini X5 mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada 6 otaqlı ev inşasına başlamış və 15 daş hündürlüyündə perimetr üzrə tikinti işi aparmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Qusar rayon Prokurorluğuna, Qusar Rayon Polis idarəsinə dəfələrlə müraciətlər etmiş, müraciətilə Qusar Rayon Məhkəməsinin 2(029)-901/2022 icraatın dadır. 03 mart 2023-cü il tarixində Qusar rayon Məhkəməsi 2(029)- 901/2022 üzrə torpaq sahəsinə baxış keçirmiş və ekspertiza təyin etmişdir. 06 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/52 ekspert rəyi alınmışdır. Tədqiqatın nəticəsi göstərmişdir ki, cavabdeh Şiximov F.Q. İnşa etdiyi tikilinin altında mülkiyyətində oları **********42 reyestr nömrəli 0,24 ha torpaq sahəsi 1,5 kv.m, digər **********38 reyestr nömrəli 0,12 ha torpaq sahəsində isə 114,1 torpaq sahəsi qalmışdır.Cavabdeh tərəf iddia edir ki, guya həmin torpaq sahəsində əvvəllər tikili olmuşdur.xx.xx.2011-ci il tarixli Qusar rayon Yasab Bələdiyyəsinə mülkiyyətçilər haqqında arayışda həmin 0.12 ha torpaq sahəsində icazəsiz tikili və ya qurğular haqqında məlumatda işarəsi /yəni yoxluğu göstərilmişdir. Yükiülüyü və ya məhdudiyyət qeydə alınmamışdır, Arayış dövlət notariat kontoruna alqı- satqı ilə rəsmləşdirmək üçün verilmişdir. Qusar rayonu Yasab Bələdiyyəsi ərazisində mülkiyyətində olan 0 ,24 ha və 0,12 ha torpaq sahələri ilə bağlı vergi borcu yoxdur. Əlavə olaraq xx.xx.2003-cü ildə təsis etdiyi “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyinin sədridir. Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrlə 2003-cü ildən başlayaraq bu günə kimi ictimai fəaliyyət aparırıq. 2010-2017-ci il ərzində X10 tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli D y/sahəsində inşa olunmuş Reabilitasiya Mərkəzinin fəaliyyətini tam təşkil etmiş, X10 əlil uşaqların daşınmasının təşkilinə köməklik göstərərək “Oriqami” QHT-yə H-1 markalı HYUNDAİ mikroavtobusu hədiyyə etmişdir. Həmin nəqliyyat vasitəsindən istifadə edərək 2010-2019-cu il ərzində Qusar rayonu Yasab kəndində yay mövsümündə Yay sağlamlıq düşərgəsi təşkil edir və əlil uşaqların saf havalı, mənzərəli məkanda səmərəli istirahətinə çalışmışdır. Əlil uşaqların istirahətini daha əhatəli və fiziki şəxslərləkənd camaatı ilə - icarə davamlı, əsaslı halda təşkil etmək məqsədi və Yay düşərgəsini yaratmaq arzusu ilə direktiv orqanlarla məsləhətləşmələr apardıq, planlar qurduq yanaşı 2 torpaq sahəsi almışdır. “X3" inşaat firmasına Qusar rayonu, Yasab kəndində inşası nəzərdə tutulan Yay sağlamlıq düşərgəsinin layihəsini sifariş etmişdir. Bu gün də inşaat işlərinə başlamaq üçün hazırlıqlar davam edir, təşkilat fandrayzinq keçirir, qəbullarda olur. Ötən 12 il ərzində o Yasab kəndində əlil uşaqların yay düşərgəsini təşkil etdiyindən, mütəmadi olaraq, həmin torpaq sahələrində dəstə-dəstə uşaq və yeniyetmələrlə, inşaatçılarla, iş adamları ilə, hətta 1 dəfə Litvadan gəlmiş xarici QHT nümayəndələri ilə olmuş, Qusarda, Yasab kəndində, əlil uşaqlar üçün düşərgənin tikintisinə köməklik göstərilməsinə yardım istəmişdir. Onların fəaliyyəti bu olmuşdur. Mülkiyyətində olan torpaq sahələri barədə deyə bilər ki, bir tərəfi mailli, boş düzəngahdan ibarətdir, heç vaxt burada nə bir ağac əkilməyib , nə bir tikili olmayıb. Buna sübut olaraq torpaq koordinatları müəyyən edilərkən kartoqrafik çəkiliş görüntüləri mövcuddur. Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinine-2-1(118)-397/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Qusar rayonu keçmiş Telman adına sovxozun 318 saylı xx.xx.1994-cü il tarixli əmri ilə ayrılmış 0.12 hektar torpaq sahəsi naturada mövcuddur,lakin bələdiyyənin yerquruluşu xəritəsində torpaq sahəsinin ölçüləri (döngə nöqtələri arasında olan məsafələri) qeyd olunmamışdır. İddiaçının faktiki iddia elədiyi torpaq sahəsi naturada 0.12 hektar ölçüdə müəyyən olunmuşdur. İddiaçının faktiki iddia elədiyi torpaq sahəsinin faktiki koordinatlarını elektron xəritə məlumatlarında dəqiqləşdirildikdə, 0.12 hektar torpaq sahəsinin 0.0514 ha hissəsi X2 mülkiyyətindəki **********38 reyestr nömrəli 0.12 ha torpaq sahəsi ilə və 0.038 hektar hissəsi də X2 müikiyyətindəki **********42 reyestr nömrəli 0.24 hektar torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının faktiki iddia elədiyi 0.12 hektar torpaq sahəsinə tərtib edilmiş yerquruluşu xəritəsinə (torpaq islahatı zamanı texniki qüsurla hazırlanmış, naturaya uyğun gəlməyən DWG xəritəsi) əsasən tərtib edildiyi üçün bələdiyyənin mülkiyyətinə aldığı və sonradan N.Nəcəfova satdığı torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd: iddiçı tərəfindən mübahisələndirilən torpaq sahəsində tikinti altı sahəsi 170 kv.m olan yarımçıq tikili inşa edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyə hüququna əsas verən sənəd üzrə iddia etdiyi torpaq sahəsinin koordinatları olmadığından, həmin torpaq sahəsinin X2 mülkiyyətindəki torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi mümükün olmamışdır. Belə olan halda ləğv edilməsi nəzərdə tutulan bələdiyyə qərarı ləğv edilsə, X2 qanunla qorunan mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi həmin qərarın ləğv edilməsi üçün iddiaçı tərəfindən əsaslı sübut məhkəməyə təqdim olunmadı. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, əvvəla məhkəmə tərəfindən əldə olunmuş DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi özü ziddiyyətli və şübhəlidir. Belə ki, bir tərəfdən həmin rəydə göstərilmişdir ki, ona Qusar rayonu keçmiş Telman adma sovxozun 318 saylı xx.xx.1994-cü il tarixli əmri ilə ayrılmış 0.12 hektar torpaq sahəsi naturada mövcuddur. Digər tərəfdən isə qeyd olunmuşdur ki, onun koordinatlarını müəyyən etmək mümkün deyil. Eyni zamanda mütəxəssis rəyində əvvəlki DWG xəritəsi qüsurlu adlandırılmış, halbuki, həmin xəritə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı elektron xəritə DWG xəritəsinin məlumatları əsasnda hazırlanmışdır. Belə olan halda, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi hər iki xəritə üzrə müqayisəli təhlil aparmaqla mənə məxsus torpaq sahəsinin koordinatlarını dəqiqləşdirməli və bundan sonra rəy verməli idi. Bundan başqa, mütəxəssis rəyində hazırkı elektron xəritə məlumatlarına əsasən ona məxsus torpaq sahəsinin 0.0514 ha hissəsinin X2 mülkiyyətindəki **********38 reyestr nömrəli 0.12 ha torpaq sahəsi ilə və 0.038 hektar hissəsi də X2 mülkiyyətindəki **********42 reyestr nömrəli 0.24 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Lakin, ona məxsus torpaq sahəsinin qalan hissəsinin harada olması qeyd olunmamışdır. Bu baxımdan rəy ziddiyyətli və qeyri-dolğun olduğundan həmin rəyin sübut kimi qəbul edilməsi qanuni və əsaslı olmamışdır. Bundan əlavə cavabdeh Hil Bələdiyyəsinin sədri məhkəmə iclasında izahat verərək həqiqətən də, Qusar rayonu keçmiş Telman adma sovxozu tərəfindən 318 saylı xx.xx.1994-cü il tarixli əmri ilə ona 12 hektar torpaq sahəsinin ayrıldığını və həmin torpaq sahəsinin qeyd edilən mübahisəli torpaq sahəsi olamaqla ona məxsus olduğunu təsdiq etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X6 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi Qusar rayonu Yasab Bələdiyyəsinin 16 avqust 2010-cu il tarixli, 09 nömrəli qərarının ləğv edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh bələdiyyənin 16 avqust 2010-cu il tarixli qərarı ilə 1200 kv.m. olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışıdır. İş materiallarından görünür ki, müvafiq daşınmaz əmlakın dövlət kadastr və reyestri xidmətinin idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmununda sözgüedən torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə cavabdeh bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, daha sonra üçüncü şəxsin adına özgəninkiləşdirilməsi qeyd edilmişdir, hazırda sözügedən əmlak üçüncü şəxsin mülkiyyətindədir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, həmin torpaq sahəsinə dair 2010-cu ildə bələdiyyə mülkiyyəti dövlət qeydiyyatına alınmış, daha sonra alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, sonuncu mülkiyyətçi qismində məhz üçüncü şəxs çıxış etmişdir. İş materiallarından görünür ki, Qusar rayonu XDS-nin 30 avqust 1994-cü il tarixli 45 nömrli qərarı ilə Qusar rayonu Yasab sovxozunun işçisi qismində iddiaçının adına 0,12 ha torpaq sahəsinin ayrılması qeyd edilmiş, adlı siyahıda adı əks olunmuş, torpaq sahəsinin yerləşə yerini, koordinatlarını müəyyən edən sənəd mövcud olmamışdır. İndiki halda iddiaçı məhz müvafiq XDS-in 1994-cü il tarixli qərarı əsasında onun adına ayrılmış 0,12 ha torpaq sahəsinin cavabdeh bələdiyyənin müvafiq 2010-cu il tarixli qərarı ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başladığını, daha sonra üçüncü şəxsə satıldığını bildirir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının istinad etdiyi sovxoz tərəfindən onun adına ayrılmış torpaq sahəsinin yerquruluşu sxemində koordinatları əks olunmadığından, iddiaçının iddia etdiyi torpaq sahəsinin onun adına ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi müəyyən edilməmiş, iddiaçının iddia etdiyi torpaq sahəsinin 0,0514 ha hissəsi mübahisə predmeti olan qərarla mülkiyyət hüququ qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı həmin rəylə bağlı mütəxəssisin dindirilməsi təmin edilmiş, mütəxəssisin verdiyi izahatı əsasında iddiaçının adına ayrılmış torpaq sahəsinin həmin qərara əlavə edilmiş sxemdə döngə koordinatları,texniki göstəricilər əks olunmadığından, xəritə texniki qüsurla tərtib edilmiş xəritə kimi dəyərləndirildiyi müəyyən edilmişdir. Göründüyü kimi indiki halda iddiaçının adına müvafiq qərar əsasında 0,12 ha torpaq sahəsi ayrılması qərar alınsa da, həmin torpaq sahəsinin yerini, koordinatlarını müəyyən edən sənəd mövcud olmadığından, müvafiq qərar əsasında iddiaçının adına arılmış torpaq sahəsinin məhz onun iddia etdiyi torpaq sahəsi olması halının müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya hesab edir ki, iddianın mümkünlüyü baxımından indiki mərhələdə ilk növbədə müəyyən edilməli olan hal məhz cavabdeh bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq qərarın iddiaçının hansı qanunla qorunan hüquq və maraqlarını pozub-pozmaması ilə bağlı olan haldır. Bununla bağlı, kollegiya qeyd edir ki, iddiaçı cavabdeh bələdiyyə tərəfindən qəbul edilmiş qərarı mübahisələndirməklə bağlı subyektiv hüququnun mövcud olması üçün həmin sənəddə əks olunmuş torpaq sahəsinin iddiaçının adına ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi (tam və ya müəyyən hissədə üst-üstə düşməsi halı mövcud olmalı), nəticə etibarilə iddiaçının həmin torpaq sahələri ilə hüquqi bağlılığını müəyyən edən sənədlər təqdim edilməli, qanuni sahib qismində çıxış etməsi halı müəyyən edilməlidir. Başqa sözlə desək, iddiaçının qeyd edilən iddia tələbini irəli sürməsi ilə bağlı subyektiv hüquqa o halda malik ola bilər ki, müvafiq bələdiyyə qərarının mövcudluğu onun qanunla qorunan hüquq və maraqlarına toxunmuş olsun. Yəni mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının hər hansı hüquqmüəyyənedici sənəd əsasında qanuni sahibliyində və ya qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud olduğu halda iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud olardı. İndiki halda iddiaçı müvafiq qərara istinad edərək, onun adına torpaq sahəsinin ayrıldığını bildirsə də, həmin torpaqayıran qurum tərəfindən tərtib edilmiş sənədin məzmununda və ya ona əlavə sənəd kimi torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını, texniki göstəricilərini müəyyən edən heç bir sənəd mövcud olmamış, habelə indiki halda da bu hala dair heç bir sənəd təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi qərar əsasında qeyd edilmiş torpaq sahəsinin məhz bələdiyyə mülkiyyəti qeydiyyata alınmış və üçüncü şəxsə satılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi halını müəyyən etmək mümkün olmamışdır. Nəticə etibarilə hazırki mübahisə predmeti olan torpaq sahəsinin məhz iddiaçının istinad etdiyi qərar əsasında onun adına ayrılmış torpaq sahəsi olması halını müəyyən edən heç bir sübut mövcud olmamışdır. Həmçinin, sözügedən torpaq sahəsi faktiki olaraq da üçüncü şəxsin istifadəsində olmuşdur. İndiki halda iddiaçının özünün veridyi izahatından aydın olur ki, iddiaçı 1994-cü ildə ailə həyatı quraraq, Bakı şəhərinə köçdüyünü, torpaq sahəsindən əkin işləri üçün istifadə etdiyini, 2021-ci ildə qardaşına tikinti işlərini tapşırdığını, tikinti işlərini görməyə başlayanda bu barədə məlumat əldə etdiyini qeyd etmişdir. İddiaçı tərəfindən həmin hala dair hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının onun adına ayrıldığı vaxtdan əmlaka faktiki sahiblik və istifadə etməsi (ev və ya digər tikili inşa edilməsi və ya digər formda faktiki sahiblik) halı da mövcud olmadığından, həmin hal da özlüyündə məhz müvafiq qərar əsasında ayrılmış torpaq sahəsinin hazırki mübahisə predmeti olan torpaq sahəsi ilə eynilik təşkil etməsi halını müəyyən etməyə imkan verməmişdir. Başqa sözlə desək, kollegiya hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair cavabdeh bələdiyyə tərəfindən qəbul edilmiş qərarı mübahisələndirmək üçün həmin torpaq sahəsi ilə hüquqi bağlılığının (qanuni istifadəsində və ya sahibliyində olması və ya digər əmlak hüququnun mövcudluğu) mövcudluğuna dair hər hansı sübut mövcud olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinə dair qəbul edilmiş müvafiq bələdiyyə qərarını mübahisələndirmək üçün subyektiv hüququ mövcud olmamışdır. Nəticə etibarilə iddia tələbində qeyd edilmiş hüquqmüəyyənedici sənədin tərtib edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin iddiaçının hansı hüquq və qanunla qorunan maraq və mənafelərinin pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırki iddia tələbinin irəli sürməsinə dair iddiaçının subeyktiv hüququnun olması halı müəyyən edilmədiyindən, prosessual qanunvericiliyin tələbinə əsasən bu hal iddianın mümkün sayılmaması üçün əsas hesab edildiyindən, iddia mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almamış, iddiaçının hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüququnun mövcudluğunu araşdırmamış, iddianın mümkün sayılmaması üçün əsaslar mövcud olduğu halda, işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, bununla da iş üzrə yanlış nəticəyə gəlmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin edilməli, qalan hissədə isə işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib olunduğundan, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-397/2025 nömrəli, xx.xx.2025-ci il il tarixli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar