Məhkəmə qərarları › İş №2-1(105)-974/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-974/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-974/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, texniki pasportun verilməsi verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-781/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xaçmaz rayon Nabaran Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarından görünür ki, İddiaçı Xaçmaz rayonu, Nabran kəndi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üçün ərizəyə əlavə o unmuş JN- 229A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.10 ha kimi göstərilsədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında 0.06 ha ölçüdə öz əksini tapmışdır. Bildiririk ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cizgisi şəhadətnamədən fərqlidir. Bundan əlavə, fərdi yaşayış evinin bir hissəsi ərizəyə əlavə olunmuş JN-229A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.10 ha torpaq sahəsinin cizgilərindən kənarda inşa olunub. Müayinə aktından görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayon Nabran bələdiyyəsinin 09 fevral 2001-ci il tarixli 03 saylı qərari ilə və DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN-229A nömrəli KOD 30216018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Nabran kəndində yerləşən 0.10 ha torpaq sahəsinə baxış keçirilmşdir. Baxış zamanı məlum olmuşdur ki, Xaçmaz rayon Nabran bələdiyyəsinin 09 fevral 2001 -ci il tarixli 03 saylı qərari ilə və DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN-229A nömrəli KOD 30216018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Nabran kəndində yerləşən 0.10 ha torpaq sahəsi DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında 0.06 ha ölçüdə öz əksini tapmışdır, İddiaçı faktiki naturada istifadəsində 0.106 ha təşkil edir, kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində yaşayış məntəqələrinin torpaqlarına aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Müayinə zamanı mübahisə qeydə alınmayıb” Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona məxsus Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0,10 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Nabran kəndi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 26 dekabbr 1998-ci il tarixli 14 saylı qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsinə Torpağın Mülkiyyətə verilməsinə dair JN2229A KOD 30216018 nömrəli şəhadətnamə verilmişdir. Bu torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********42 nömrəli cavab məktubu ilə ona imtina edilmişdir. İmtina məktubunda müraciət etdiyi 0.10 ha torpaq sahəsinə dair sənədlərin araşdırılması zamanı təqdim edilmiş sənədlərlə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar olduğu qeyd edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazım olan hüquqmüəyyənedici sənədlər - Bələdiyyənin qərarı və onun əsasında tərtib edilmiş akt, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə inzibati orqana təqdim edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur.Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üçün ərizəyə əlavə o unmuş JN- 229A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.10 ha kimi göstərilsədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında 0.06 ha ölçüdə öz əksini tapmışdır. Bildiririk ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cizgisi şəhadətnamədən fərqlidir. Bundan əlavə, fərdi yaşayış evinin bir hissəsi ərizəyə əlavə olunmuş JN-229A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.10 ha torpaq sahəsinin cizgilərindən kənarda inşa olunub.Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.Yuxanda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestr; haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktubla imtina olunmuşdur”. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qarunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda 229A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron baza kadastr xəritə materiallarında, subyektlərin adlı (DBF) siyahısında 0.06 ha ölçüdə əks olunmuşdur. İddia ərizəsində, arxiv və baza məlumatlarında olan xəritə üzərində əks olunan 0.06 ha torpaq sahəsindən əlavə tələb olunan 0.04 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-781/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Xaçmaz rayon Nabaran Bələdiyyəsinin xx.xx.2001ci il tarixli, 03 nömrəli qərarına əsasən Xaçmaz rayonu, Nabran kəndi ərazisində iddiaçıya satılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DT və XK-nin verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registrinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DTXK-nin müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq rəyin DTXK-dən alınmadan torpaq sahəsinin ayrılması ciddi qanun pozuntusu hesab olunardı. Göründüyü kimi Xaçmaz rayon Nabaran Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı qəbul edilərkən qanunvericiliyin tələbi gözlənilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən əldə edilmişdir. Bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir. Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı-satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Müvafiq məsələ ilə bağlı mütəxəssis rəyi təqdim edildiyindən həmin arqument öz əhəmiyyətini itirmiş olur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ......139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;.... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı məhz iddia tələbinin təmin edilən hissəsində yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməli, həmin hissədə iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq ünvanda yerləşən sözügedən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarış və texniki pasportun verilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, arxiv məlumatlarında uyğunsuzluq aşkar edilmiş, ərizəyə əlavə edilən müvafiq Şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,10 ha olduğu halda, təhvil verilmiş Şəhadətnamədə isə torpaq sahəsinin ölçüsünün 0,06 ha olduğu əks olunmuş, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cizgisi şəhadətnamədən fərqlidir, bir hissəsi şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgilərindən kənarda inşa edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi torpaq sahəsinə aid olan hissədə təmin edilmiş, iddia tələbi torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə təmin edilməmiş, iddiaçı tərəfindən məhkəmə qərarı mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə iddiaçının adına 0,10 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında iddiaçının adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.Bundan əlavə, iş materiallarından görünür ki, eyni torpaq sahəsi həm də müvafiq bələdiyyə qərraı ilə iddiaçının adına ayrılmışdır. İş materiallarından görünür ki, müvafiq Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə hər bir subeyktdə 0,10 ha orta torpaq payı almaq norması müəyyən edilmişdir. Həmçinin, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsi müayinə edilərək, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, müvafiq bələdiyyə qərarı və müvafiq Şəhadətnamə əsasında iddiaçının adına ayrılmış 0,10 ha torpaq sahəsi şəhadətnamələrin qeydiyyatı kitabında 0,10 ha öz əksini tapmış, faktiki naturada istifadəsində olan torpaq sahəsi 0,106 ha təşkil edir, TEKUİS-də yaşayış məntəqələri torpaqlarına aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür, müayinə zamanı mübahisə qeydə alınmamışdır. Göründüyü kimi indiki halda torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, habelə torpaq sahəsinin iddiaçının adına ayrılmasına əsas olan sənədlər yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsasdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda müvafiq şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,10 ha qeyd edilmiş, habelə həmin şəhadətnamənin verilməsinə əsas olan müvafiq Aqrar İslahat Komissiyasının qərarında da hər bir subyektdə 0,10 ha torpaq pay almaq norması müəyyən edilmişdir. Həmçinin, 0,10 ha torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, müvafiq arxiv sənədlərində məlumatların natamam qeyd edilməsi halı idiaçının mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir. Başqa sözlə desək, torpaq sahəsinin ayrılmasına əsas olmuş sənədlərin və həmin sənədlərdə olan məlumatların tamlığının təmin edilməsi məhz cavabdeh inzibati orqanın məsuliyyət daşıdığı hal qismində çıxış edir. Nəticə etibarilə cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqsiri ilə əhatə olunmayan hala istinad edilməklə, onun mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməsi ilk növbədə mütənasiblik prinsipinin tələblərinə zidd olmuşdur. Bundan əlavə, cavabdeh inzibati orqan təhvil verilmiş şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0,06 ha əks olunduğunu qeyd etsə də, ona dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi torpaq sahəsinin 0,04 ha hissəsinin yerinin məlum olmaması, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi halının müəyyən edilməməsi kimi hallara istinad etsə də, qeyd eidlən hal iş materiallarında olan müayinə aktı əsasında təkzib olunmuş, cavabdeh tərəfindən isə həmin hala dair heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassız olmuşdur. Bundan əlavə, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi hazırki iş üzrə müvafiq məhkəmə ekspertizasının keçirilməsinin zərurliyini qyed etsə də, həmin hala dair heç bir dəlilə istinad etməmiş, habelə məhkəmə araşdırması zamanı da hazırki iş üzrə işin halları baxımından xüsusi bilik tələb olunan sualların aydınlaşdıırlması zərurətinin mövcudluğu müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassız olmuşdur. Qeyd eidlən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina, etiraz və şikayətinin dəlilləri apellyasiya baxışının predmeti olan hissədə əsassız olmuş, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət vermişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin iddiaçının adına məhz müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə ayrıldığı müəyyən edilmiş, həmin qərar hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılmasına əsas olan ilkin hüquqmüəyyənedici sənəd qismində, habelə mülkiyyət hüququnun yaranması əsası qismində məhz həmin qərar çıxış etdiyindən, məhz həmin qərar əsasında ayrılmış torpaq sahəsi üzərində iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması həyata keçirilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar nəzərə alınmamış, məhz bələdiyyə qərarı əsas götürülməklə, iddia tələbi həmin hissədə təmin edilmiş, bu hal isə işin qeyd edilən hallarına uyğun olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, hazırki iş üzrə eyni torpaq sahəsinin ayrılmasına dair iki hüquqmüəyyənedici sənəd olsa da, iddiaçı tərəfindən iddia tələbində torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə istinad edilməmişdir. İndiki halda ilkin torpaqayırma sənədi məhz müvafiq Aqrar İslahat Komissiyasının qərarı olduğundan, habelə həmin qərar hazırda qüvvədə olduğundan, məhz qeyd edilən qərar əsas götürülməklə, həmin hissədə iddia təmin edilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin (müvafiq bələdiyyə qərarının) qeyd edilməsi hissəsində dəyişdirilməli, həmin hissədə iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı torpaqayırmaya dair hüquqmüəyyənedici sənədin qeyd edilməsi hissəsində dəyişdirilməli, həmin hissədə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-781/2024 nömrəli qərarı dəyişdirilsin. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı verilmiş 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar